TAPI Boru Kəməri Layihəsində tərəflər və "Taliban": Biznes, geosiyasət, yoxsa hər ikisi?

2022/01/56756-1643007937.jpg
Oxunub: 1101     10:57     24 Yanvar 2022    
Ötən ilin noyabrın 1-də Əfqanıstan Müdafiə naziri, “Taliban”ın yüksək səviyyəli lideri Məhəmməd Yaqub Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) təbii qaz kəməri layihəsinin təhlükəsizliyi, fiziki təhlükəsizliyi və yekun icrası üçün xüsusi məsuliyyət daşıdığını bəyan edib.

“Biz bu layihənin həyata keçirilməsi üçün hər cür fədakarlığa hazırıq”, - deyə o qeyd edib.

“Taliban”ın Qətərdəki rəsmisi Süheyl Şahin də boru kəmərinin təhlükəsizliyi ilə bağlı daha öncəki bəyanata bənzər fikirlər səsləndirib.

Həqiqətən də, “Taliban” üçün TAPI potensial həlledici əhəmiyyətə malik strateji məna daşıyır. Bəzi hesablamalara görə, layihə Əfqanıstana illik 1 milyard dollara qədər gəlir gətirə bilər (boru kəmərinin istismarı üçün) və ölkədə ən azı 12 000 yeni iş yeri yarada bilər. Müharibədən parçalanmış və yoxsul ölkə üçün bu rəqəmlər “Taliban”ın populyarlığına əhəmiyyətli təkan verə bilər.

TAPI boru kəmərinin tarixi 2008-ci ildə Aşqabadda ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə ilk Türkmənistan-Əfqanıstan hökumətlərarası komissiyasının keçirildiyi vaxtdan başlayır. Görüşdə iki tərəf Türkmənistanın nəhəng təbii qaz yataqlarını Əfqanıstandakı aşağı axın istehlakçıları ilə birləşdirən boru kəmərinin tikintisinin zəruriliyini bildiriblər. Layihə tezliklə Pakistan və Hindistanın diqqətini çəkdi və 2010-cu ildə dörd tərəf TAPI-nin tikintisi ilə bağlı ilkin saziş imzaladı. Sonrakı çoxsaylı müzakirələrə, bəyannamələrə və hətta imzalanmış sənədlərə baxmayaraq, həmçinin layihə üzrə Əfqanıstan ərazisində tikinti başlasa da, bu proses 2018-ci ilə qədər uzanmadı. Yalnız 2020-ci ilin fevral ayında Dubayda “Türkmən Nefti və Qazı – 2020” beynəlxalq konfransı çərçivəsində layihənin yekun planı rəsmi olaraq geniş ictimaiyyətə təqdim olundu.

Bununla belə, regionda qeyri-sabitliyin davam etməsi konkret nəticələrin qarşısını alıb. Vəziyyət “Taliban”ın hakimiyyətə qayıdışından sonra dəyişə bilər: “Taliban” Kabili geri almasına baxmayaraq, daxili düşmənlərlə mübarizəni davam etdirir, yerli iqtisadiyyat isə pisləşir. Təşkilatın liderləri bu problemləri aradan qaldırmaq üçün hər hansı iqtisadi və biznes perspektivləri axtarır və TAPI belə böyük imkanlardan birini təmsil edə bilər.

Bu strateji enerji meqa-layihəsinin (təxminən uzunluğu 1735 kilometrdir) Türkmənistan (200 km), Əfqanıstan (735 km) və Pakistandan (800 km) keçərək, Hindistanın Pəncab əyalətinin Fazilka şəhərində yekunlaşacağı gözlənilir. Boru kəməri üçün nəzərdə tutulmuş qaz ehtiyatları Türkmənistanın cənubunda yerləşən Qalkinış yatağıdır. Bu, dünyanın ikinci ən böyük tək karbohidrogen yatağıdır, təxmini tutumu (2013-cü ildə hesablamalar aparılıb) 14 trilyon kubmetrdən çox təbii qaz (təxminlər dəyişir) və 300 milyon tona qədər neftdir. 10 milyard dollara qədər böyük sərmayələr və iştirak edən bütün tərəflər arasında razılıq tələb edən bu boru kəməri layihəsinin tikintisi və istismarı həm TAPI-nin tranzit ölkələri üçün səmərəli iqtisadi dividendlərə, həm də təbii qaz istehlakçıları üçün enerji təhlükəsizliyinə töhfə verən mühüm amil ola bilər.

Layihə bir neçə güclü oyunçunun strateji maraqlarına cavab verir. Bu gün dünyanın üçüncü ən böyük enerji istehlakçısı olan Hindistan üçün TAPI boru kəməri onun enerji resurslarının idxalından böyük asılılığının qarşısını almağa kömək edəcək. Üstəlik, bir tərəfdən Hindistanın sənaye potensialının sürətli artımını, digər tərəfdən isə Yeni Dehlinin kömürdən istifadəni azaltmaq əzmini nəzərə alsaq, Türkmənistandan təbii qazın tədarükü Cənubi Asiya ölkəsinin enerji təhlükəsizliyi strategiyasında daha mühüm yeni amil ola bilər. Bununla belə, Hindistanın Əfqanıstan “Taliban”ına qarşı açıq skeptik mövqeyi, eləcə də Pakistanla xroniki olaraq zəif münasibətləri TAPI-nı tənqid edən hind müxaliflər üçün əsas arqumentlədir. Lakin bu, Pakistandakı əks tendensiyalar sayəsində dəyişə bilər. Əslində, mövcud tendensiyaları nəzərə alaraq, 2030-cu ilə qədər İslamabad Pakistanın enerji təhlükəsizliyinə fəlakətli təsir göstərə biləcək illik 40 milyard kubmetr təbii qaz defisiti ilə üzləşə bilər. Belə ki, ölkəsinin Hindistanla çətin münasibətlərinə baxmayaraq, Pakistan diplomatiyasının rəhbəri Şah Mahmud Hüseyn Qureyşi bu ilin əvvəlində TAPI layihəsinin bütün makroregion üçün strateji əhəmiyyət kəsb etdiyini və başlanmasının vacibliyini bildirmişdi.

Bu iki birbaşa iştirak edən dövlətdən başqa, layihə dolayısı ilə bir neçə başqa aktoru da cəlb edir. Onlardan biri də Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun hələ 2015-ci ildə layihəyə qoşulmağa dəvət etdiyi Türkiyədir. Berdiməhəmmədov Ankaranın TAPI layihəsinə qoşulmasını görmək arzusunu təkrarladı və Şərqlə Qərb arasında nəqliyyat və enerji “körpüsü” yaratmağa çağırdı. Hələlik Ankaranın bu dəvətlərə reaksiyası kifayət qədər məhdud olsa da, bu, gələcəkdə dəyişə bilər.

Digər maraqlı tərəf isə layihəyə artıq iki dəfə sərmayə qoyan Səudiyyə Ərəbistanıdır.

Nəhayət, Hindistana qaz tədarükünü artırmaqda strateji cəhətdən maraqlı olan Rusiya da zahirən ona rəqib olan enerji layihəsinə dəstəyini ifadə etdi. Daşkənddə çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin boru kəmərinin tikintisində iştirak etməkdə maraqlı olduğunu açıqlamışdı. Digər məqamlar arasında Lavrov bildirib ki, Rusiya Mərkəzi və Cənubi Asiyanın enerji infrastrukturunun əlaqələndirilməsində rol oynamaq istəyir.

Moskvanın Avrasiya boru kəməri layihəsinə qarşı dəstək mövqeyinin arxasında iki əsas motiv dayana bilər. Birincisi, onun iştirakı Rusiyanın “Taliban”la əlaqələri normallaşdırmaq məqsədini asanlaşdıra bilər, beləliklə, qonşu Mərkəzi Asiya və onun Əfqanıstandan çıxan radikallaşmaya həssas olan bəzi regionlarında sabitliyin pozulmasının qarşısını ala bilər. İkincisi, Türkmənistan qazının Cənubi Asiyaya axmasına icazə verməklə, Türkmənistanın öz resurslarını Avropaya (uzun müddətdir təklif olunan Transxəzər Boru Kəməri vasitəsilə) göndərməsinin hər hansı yaxın və ya orta müddətli ehtimalını pozmağa cəhd edə bilər. Beləliklə, TAPI-ni dəstəkləməklə Rusiya Avropa qaz bazarında öz dominant mövqeyini effektiv şəkildə qoruyur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TAPI   Taliban   Türkmənistan  


Bizi "telegram"da izləyin