Rusiyadan "Dodik" kartı| Bosniya-Hersoqovinada çatların genişlənməsi Balkan müharibəsinə səbəb ola bilərmi?

2022/01/56756-1643284143.jpg
Oxunub: 962     16:03     27 Yanvar 2022    
Bosniya-Herseqovinada Moskva və Belqraddan cəsarət alan Bosniya serblərinin lideri Milorad Dodik oktyabr ayında Serb Respublikasının ordu, məhkəmə, vergi sistemi və təhlükəsizlik xidmətləri də daxil olmaqla, ortaq dövlət qurumlarından çıxmağa başlayacağını elan etdi. Dekabrın 10-da Serb qurumunun milli assambleyası prosesin başlamasına razılıq verdi və bu prosesin davam etdirilməsinə icazə verilərsə, bu, təkcə Bosniya-Hersoqovinanın dövlət olaraq parçalanması ilə nəticələnməyəcək, həm də yeni Balkan müharibəsi başlayacaq.

Dodik Moskvaya səfər edib və Kremlin Serb Respublikasının ayrılmasına siyasi dəstəyini təmin etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Rusiyanın Bosniya-Hersoqovinadakı səfiri İqor Kalabuxov keçən ay Milorad Dodikin Bosniya-Hersoqovina tərkibində müstəqil Serp Respublikası ideyası ilə bağlı problem görmədiyini söyləyib.

Hadisələr Rusiyanın Ukrayna ilə sərhəddə qoşun toplamaqla bu ölkəyə hücuma hazırlaşdığı bir vaxtda cərəyan edir. Balkanlarda yeni bir münaqişə Kremli Ukraynaya növbəti hücum planından yayındıracaq, çünki bu, ABŞ və Avropanın diqqətini və gərginliyin qarşısını almaq üçün səylərini istiqamətləndirmək üçün ikinci cəbhə olacaq.

Dodik illərdir ki, serb qurumunun Bosniya-Herseqovinadan ayrılmasını təşviq edir. O, xüsusilə qonşu Serbiya ölkəsinin rəsmilərinin “Serb dünyası” ideyasını – Balkanlarda müxtəlif dövlətlərdə yaşayan serb əhalisinin formal siyasi və institusional birləşməsi ideyasını təbliğ etməyə başlayandan sonra xüsusilə diqqət çəkib. Konsepsiya Rusiya prezidenti Vladimir Putinin 2014-cü ildə Ukrayna ərazilərinin ilhaqına haqq qazandırmağa xidmət edən “Rus dünyası” (“Russkiy mir”) doktrinasının eynisidir.

Rusiya Bosniya-Hersoqovinadakı etnik parçalanmalardan sui-istifadə edib və Serb Respublikasının rəhbərliyini enerji sövdələşmələri və yerli təhlükəsizlik qüvvələrinə kömək etməklə şirnikləndirib. Serb qurumu 1995-ci il Deyton Razılaşmalarına əsasən öz ordusunu saxlaya bilmədiyi üçün Rusiya ilə əməkdaşlıq əsasən polisin təlimi və silahlanmasına yönəlib, bu da qurumun hərbiləşdirilmiş qüvvələrinin yaradılmasına bənzəyir. Banya Luka (Bosniya və Herseqovinanın ikinci ən iri şəhəri və Serb Respublikasının paytaxtı – red.) Rusiya təbii qazının aşağı qiymətlərindən faydalandı və Dodik Putini Serb Respublikası üçün qazın min kubmetri üçün 290 dollar olan cari qiyməti saxlamağa inandıra bildi. Halbuki bu payızda Avropa bazarında qiymətlər 1000 dolları keçmişdi. Bosniya serblərinin lideri həmçinin bəyan edib ki, Rusiya prezidenti Serbiyadan Serb Respublikasına qədər “Türk axını-2” qaz kəmərinin tikintisini dəstəkləyir.

Moskva Birləşmiş Millətlər Təşkilatının Bosniya-Hersoqovina üzrə Ali Nümayəndəsinin missiyasına etiraz edərək və 700 nəfərlik Avropa İttifaqı Qüvvələrinin (EUFOR) genişləndirilməsinə qarşı çıxmaqda Serb Respublikası ilə həmrəy olub. BMT Təhlükəsizlik Şurası (BMT TŞ) noyabr ayında EUFOR-un burada qalma müddətini uzatsa da, bunu Rusiyanın təzyiqi altında BMT-nin yeni təyin olunmuş Ali Komissarı Kristian Şmidtin tənqidi hesabatını gizlətmək bahasına etdi. Keçmiş alman diplomatı xəbərdarlıq edib ki, əgər Serb Respublikası öz ordusunu yaratsa, Bosniya-Hersoqovina ordusu ikiyə bölünsə, Balkanlarda yeni müharibəni dayandırmaq üçün əlavə beynəlxalq sülhməramlılara ehtiyac olacaq. Şmidtin BMT Təhlükəsizlik Şurasına Bosniya-Hersoqovinanın “müharibədən sonrakı dövrün ən böyük ekzistensial təhlükəsi” ilə üzləşdiyi barədə hesabat verməsinin qarşısı alınıb.

Bosniya serblərinin lideri kimi Rusiya da avqustun 1-də vəzifəyə başlayan, lakin Rusiyanın təkid etdiyi kimi BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilməyən yeni yüksək nümayəndəni tanımır. Moskva yüksək nümayəndə postunu “ölkənin inkişafına tormoz” kimi qiymətləndirir. Yenə də Rusiyanın əsas tələbi Deyton razılaşmalarına, xüsusən də Serb Respublikasının bərabərliyi və müstəqilliyinə ciddi riayət edilməsidir. Bundan əlavə, Moskva Bosniya-Hersoqovinanın bir dövlət kimi funksionallığını artırmaq üçün Deytona yenidən baxılması cəhdlərini narahatlıqla qarşılayır.

Dodik, öz növbəsində, BMT-nin əvvəlki ali nümayəndəsi Valentin İnzkonun irəli sürdüyü Balkan müharibələri zamanı soyqırımın inkarını qadağan edən qanuna xüsusilə həssaslıqla yanaşaraq ölkəsinin qanunlarının əcnəbilər tərəfindən həll olunduğundan şikayətlənir. Dekabrın 16-da genişlənmə üzrə Avropa komissarı Oliver Varhelci ilə görüşən Dodik qanunun ləğv ediləcəyini gözlədiyini bildirib və Serb qurumunun BMT-nin ali nümayəndəsini tanımadığını təkrarlayıb. O, parlamentin ayrılmağa yol açan qərarlarını da diqqətə çatdırıb.

Bu baxımdan Banya Luka Moskva üçün xüsusilə faydalı ola bilər, çünki Bosniya-Hersoqovinanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) və Aİ-yə inteqrasiyası Serb Respublikası rəhbərliyinin razılığı olmadan mümkün deyil. Balkanlarda yenidən başlayan münaqişə, şübhəsiz ki, gələcək onilliklər üçün istənilən inteqrasiya perspektivlərini dayandıracaq. Vaşinqton və Avropa paytaxtları Banya Lukanın Bosniya-Herseqovinadan ayrılma qərarlarına reaksiya verib. ABŞ dövlət katibi Entoni Blinken Serb Respublikasına qarşı sanksiyalar barədə xəbərdarlıq edib və bəziləri artıq qüvvəyə minib. Almaniyanın yeni xarici işlər naziri Annalena Berbok Aİ-ni Bosniya-Hersoqovinada serblərin çoxluq təşkil etdiyi əraziləri qoparmağa cəhd etdiyi üçün Milorad Dodikə qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Türkiyə də Bosniya-Hersoqovinanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib.

Bundan əlavə, Serb qurumunda potensial referendum Serb rəhbərliyinin arzuladığı nəticəni verə bilməz. Dodik daha çox Qərb sanksiyalarına məruz qalmağı vecinə almasa da, Serb Respublikasında biznes sahibləri onların dolanışıqlarını və bölgəni sıradan çıxara biləcək daha geniş sanksiyalardan narahatdırlar. Bir çox serblər millətçi ritorikaya qapılsalar da, onların əksəriyyəti üfüqdə gözlənilən növbəti qanlı və mənasız müharibədən ehtiyatlanır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bosniya-Herseqovina   Dodik   Rusiya  


Bizi "telegram"da izləyin