Prezidentdən Ermənistandakı revanşist qüvvələrə yeni müharibə anonsu

2022/01/6655-1642005466.jpg
Oxunub: 7302     15:56     14 Yanvar 2022    
“Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq”.

Bu, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla Türkiyə arasında ilk rəsmi danışıqlardan iki gün əvvəl səsləndirdiyi fikirlərdir.

İrəvanda deyirlər ki, Paşinyanın hakimiyyəti dövründə İlham Əliyev Ermənistana qarşı müharibəyə başlamamaq şərtlərini açıqlayır, Paşinyan isə Azərbaycanla “sülh erası”nın açılmasından danışır.

Üstəlik, Prezident açıq şəkildə bəyan etdi ki, Bakı Qarabağ münaqişəsi həll edildiyindən ATƏT-in Minsk qrupunun bundan sonrakı fəaliyyətini qəbul etməyəcək.

“Minsk qrupu 1992-ci ildə yaradılmışdır və bu il 30 illiyidir. Yəqin ki, bu tədbirlərin hazırlanması onları məşğul edir. Amma əgər bu zarafatları kənara qoysaq, hesab edirəm ki, onlar özləri üçün bir gündəlik formalaşdırmalıdırlar. Bu, bizim işimiz deyil. Halbuki, mənim təsəvvürüm var ki, onlar nə ilə məşğul olmalıdırlar və nə ilə məşğul olmamalıdırlar. Nə ilə məşğul olmamalıdırlar, mən deyə bilərəm. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik. Onların görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik. Biz bu münaqişənin bir tərəfi idik. Əgər bir tərəf deyir ki, bu münaqişə həll olunub, deməli, burada vasitəçiliyə yer qalmır və bizim mövqeyimiz onlara çatdırılıbdır”.

Yəni Azərbaycan ATƏT-in Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsinin qəti əleyhinədir. Bakı ATƏT-in Minsk Qrupu əsasında danışıqların aparılmasını istəmir.

İlham Əliyev ötən günlərdə sərhəddə qeydə alınan toqquşmalara görə erməni tərəfinin bir neçə dəfə çox itki verdiyini bildirib: “Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüblər və bu gün müdafiə nazirindən aldığım məlumata görə düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb. Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başladı”.

Prezident yenidən Ermənistana xəbərdarlıq etdi: “Biz Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyirik. Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir”

Dövlət başçısı qeyd etdi ki, Bakı ordunun döyüş hazırlığını artırmaq üçün müasir silah və sursat almağa davam edəcək.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin