Paşinyan hakimiyyətinin sirli ölümləri| Onların hamısı ciddi informasiyaya malik olub

2019/10/15544-1570702063.jpg
Oxunub: 1765     10:42     15 Yanvar 2022    
Ermənistanın Paşinyan hökumətini ölümcül adlandırmaq olar. Bunun səbəbi onun hakimiyyəti dövründə minlərlə insanın ölməsidir.

Müxtəlif hesablamalara görə, Paşinyanın təhrik etdiyi müharibədə 5000-dən çox erməni hərbi qulluqçu məhv edilib. Ermənistan hökumətinin əvvəldən ciddi qəbul etmədiyi koronavirusdan 10 minə yaxın insan ölüb.

Amma Paşinyan hökuməti təkcə bu cür kütləvi ölümlərlə deyil, həm də qəribə şəkildə, əsasən hüquq-mühafizə orqanları, xüsusən də Ermənistan MTX-nin konkret tanınmış simalarının anlaşılmaz ölümləri ilə tanınır. Paşinyan hakimiyyəti hüquq-mühafizə sahəsində ciddi informasiyalara malik olan insanların ölümləri ilə seçilir.

Hələlik kontekst axtarmadan Paşinyanın dövründə kimin öldüyünü qeyd edək.

Qriqori Hayrapetov

2022-ci il yanvarın 1-də vəfat edib. 55 yaşlı Qriqori Hayrapetov Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi olub. Hayrapetov Nikol Paşinyanın 2018-ci ildə Düşənbədə baş vermiş məşhur “lift diplomatiyası”nın yeganə şahidi olub. 2020-ci il sentyabrın 25-də, müharibədən iki gün əvvəl Prezident İlham Əliyev bilirib ki, Nikol Paşinyan ondan ölkə daxilində mövqelərini möhkəmlətməyənə, belə demək mümkünsə, müxalifətin problemlərini həll etməyənə qədər sərhəddə atəş açmamağı xahiş edib.

Qriqori Hayrapetov 2018-ci ildə Dövlət Mühafizə Xidmətinin rəisi təyin edilib. Maraqlıdır ki, Nikol Paşinyan general rütbəsi verildikdən aylar sonra Hayrapetovu vəzifəsindən azad etmək qərarına gəlib.

Rəsmi versiyaya görə, Qriqori Hayrapetov infarktdan dünyasını dəyişib.

Hraçya Harutyunyan


Hraçya Harutyunyan da Ermənistan Dövlət Mühafizə Xidmətinin rəhbəri olub, 2018-ci il inqilabından iki ay sonra istefa verib. Onu Qriqori Hayrapetov əvəzləyib. Harutyunyan 2021-ci il aprelin 15-də ölüb. Onun ölümünün rəsmi səbəbləri Hayrapetovla eynidir: qəfil ölüm - infarkt.

Georgi Kutoyan

2020-ci il yanvarın 17-də Ermənistan MTX-nin keçmiş rəhbəri Georgi Kutoyanın meyiti İrəvanın Paruyr Sevak küçəsindəki mənzildə tapılıb. Rəsmi versiya intihar olaraq təqdim edilir. Səbəbi bilinmir. Amma 2018-ci ildə Ermənistan üçün taleyüklü hadisələr baş verəndə Georgi Kutoyan MTX direktoru olub.

Aşot Karapetyan

2016-cı ildə post-patrul alayının ələ keçirilməsi və ondan sonra baş verən məlum toqquşmalardan sonra vəzifəsindən uzaqlaşdırılan İrəvanın polis rəisi Aşot Karapetyan 2018-ci il hadisələrindən sonra Rusiyada yaşayıb. 2019-cu il noyabrın 28-də Rusiyanın Pyatiqorsk şəhərində Karapetyanın ölümü ilə bağlı xəbər yayılıb. Ölümün rəsmi səbəbi pivə zavodunda baş verən partlayış olub.

Hayk Harutyunyan

2019-cu il sentyabrın 24-də 2003-2008-ci illərdə Ermənistan polis rəisi Hayk Harutyunyanın meyiti şəxsi evində başından güllə yarası ilə tapılıb. Faktla bağlı intihara səbəb olma maddəsi ilə cinayət işi başlanıb. Sonradan işə xitam verilib.

Qurgen Yeğiazaryan

Ermənistan MTX-nin keçmiş direktor müavini Qurgen Yeğiazaryan oktyabrın 28-də 44 günlük müharibə zamanı ölüb. Yeğiazaryan həmişə Paşinyan hakimiyyətini müstəsna dərəcədə sərt tənqid edirdi. Koronavirus xəstəsi Qurgen Yeğiazaryanın öldürülmək qorxusundan xəstəxanada müalicədən imtina etdiyi bildirilir.

Manvel Qriqoryan

Ermənistanın keçmiş Müdafiə nazirinin müavini, “tuşonka” generalı Manvel Qriqoryan ötən il noyabrın 19-da həbsxanada xəstəliyinin kəskinləşməsi səbəbindən ölüb.

Belə çıxır ki, Nikol Paşinyanın dönəmində hüquq-mühafizə orqanlarının, xüsusən də MTX-nin yüksək rütbəli, məlumatlı məmurları şübhəli şəkildə ölüb. Nəticədə deyə bilərik ki, 2018-ci ildən sonra Ermənistanda 1 Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, 1 Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktor müavini, 1 keçmiş Polis rəisi, 2 Dövlət Mühafizə Xidmətinin rəisi, 1 keçmiş Müdafiə nazirinin müavini, 1 İrəvanın keçmiş polis rəisi şübhəli şəraitdə ölüb.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qətllər   Ermənistan  


Bizi "telegram"da izləyin