Artilleriyaçımızla REPORTAJ: “Hədəflər dəqiq vurulurdu”

2022/01/7c28e-1641634624.jpg
Oxunub: 1271     15:20     15 Yanvar 2022    
Vətən müharibəsində artilleriyaçılarımız da böyük hünər və qəhrəmanlıqlar göstərərək Ermənistan ordusunun mövqelərinə dəqiq və sarsıdıcı zərbələr vurdular. Bu zərbələr nəticəsində düşmən darmadağın edildi və 30 ilə yaxın əsarətdə olan torpaqlarımız 44 gün ərzində azad edildi.

Artilleriyaçılarımızın sıralarında olanlardan biri də mayor Ayaz Baxışovdur. Zabit Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlib. İşğalçı düşmənin müşahidə məntəqələrinin, mövqelərinin, zirehli texnikalarının vurulmasında, dağıdılmasında və canlı qüvvəsinin məhv edilməsində şücaət və igidlik göstərib. Vətənin cəsur oğlu olaraq yurdumuzun erməni qəsbkarlarından azad olunması naminə biliyini, bacarığını əsirgəməyib. Daim əsgərləri qələbəyə, zəfərə ruhlandırıb.

“N” hərbi hissəsində mayor Ayaz Baxışovla görüşüb söhbət etdik, onun keçdiyi ömür və döyüş yollarını vərəqlədik. Zabit Ayaz Baxışov 1985-ci ildə Quba rayonunun Suduq kəndində anadan olub. Gələcəyin zabiti 1992-ci ildə şəhid Ümid Mikayılovun adını daşıyan kənd orta məktəbinin birinci sinfinə gedib. Orta təhsilini başa vurduqdan sona Ayaz Baxışov 2003-cü ildə zabit olmaq arzusu ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, artilleriya ixtisasının sirlərinə dərindən yiyələnib. İlk günlərdən başlayaraq dərslərdə və təlimlərdə fəal iştirak edib. 2007-ci ildə ali hərbi təhsilini başa vuraraq "leytenant" hərbi rütbəsinə layiq görülüb. 2008-ci ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ixtisasartırma kursunu bitirərək "N" hərbi hissəsində artilleriya taqım komandiri kimi xidmətə başlayıb. Növbəti illərdə xidmətini müxtəlif hərbi hissə və birləşmələrdə uğurla davam etdirib.

Mayor Ayaz Baxışov ordumuz üçün böyük uğurlarla başa çatan 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. İxtisasının bilicisi olan təcrübəli zabit həmin günlərdə Goranboy rayonunun Tapqaraqoyunlu və Tərtər rayonunun Talış kəndləri istiqamətində vuruşub.

Zabit Vətən müharibəsində də iştirak edib. Döyüş yolu Ağdamdan başlayıb. Sonralar Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə yüksək bacarıq və cəsarət göstərən A.Baxışovun komandiri olduğu artilleriyaçılar düşmən mövqelərinə toplardan dəqiq zərbələr yağdırıblar.

- Ağdam istiqamətində üç gün döyüşdük, - deyə zabit keçdiyi şərəfli döyüş yolundan qısaca söhbət açdı. - Bu istiqamətdə düşmən hücumlarının qarşısı alındıqdan sonra bizi Füzuli rayonuna göndərdilər. Artilleriyaçılarımız təyin olunmuş ərazilərdə döyüşlərə atıldılar. Qısa müddət ərzində verilmiş koordinatlar üzrə dəqiq icra olunmuş artilleriya atışları döyüşlərdə uğurların qazanılmasını təmin etdi. Çünki atılan mərmilərin hamısı düşmən hədəflərinə dəqiq dəyirdi. Qısa müddət ərzində işğalçıların neçə-neçə zirehli texnikasının, artilleriya qurğularının, müşahidə məntəqələrinin külü göyə sovruldu, onlarla canlı qüvvəsi məhv edildi. Bu döyüşlərdə Azərbaycan zabitinin, əsgərinin gücünü, qüdrətini görən düşmən geri çəkildi. Beləcə, işğalçılar üzərində uğurlu döyüşlərimiz başladı. Əks-hücum əməliyyatlarında artilleriyaçılarımız üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəldilər.

Füzuli rayonu erməni qəsbkarlarından azad olunduqdan sonra mayor A.Baxışovun komandiri olduğu artilleriyaçılar Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarının kəndləri uğrunda mərdliklə döyüşdülər.

Vətən müharibəsində göstərdiyi igidlik və şücaətə görə mayor Baxışov Ayaz Bəhram oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medallarına layiq görülüb.

Mayor Ayaz Baxışov iki uşaq atasıdır. Övladları atalarının qəhrəmanlığı və igidliyi ilə fəxr edirlər. Zabiti tanıyanların hamısı onunla öyünəcək və adını həmişə qürurla çəkəcəklər.

Vahid Məhərrəmov "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin