"Musa XTQ-nin ən gənc döyüşçülərindən biri idi" - Şəhid atası

2021/12/113c3-1638423311.jpg
Oxunub: 1618     17:21     24 Yanvar 2022    
Vətənini, torpağını canından artıq sevən oğullardan biri də Musa Rövşən oğlu Əsgərov idi. Erməni faşistlərinin Gəncəyə raket hücumları, törətdikləri terror aktları onun düşmənə olan nifrətini daha da artırırdı. Gəncənin vurulması xəbərindən hiddətlənən Musanın qəlbi qisas hissi ilə alışıb yanırdı. "Axı o dinc insanların, süd qoxulu körpələrin nə idi günahı", - deyə düşünürdü Musa...

Vətən müharibəsində yüksək döyüş bacarığı ilə seçilən Xüsusi Təyinatlı Qüvvələrin cəsur döyüşçüsü əsgər Musa Rövşən oğlu Əsgərov 16 iyun 2000-ci ildə Daşkəsən rayonunun Muşavaq kəndində anadan olub. 40 ildən artıq həmin məktəbdə ibtidai sinif müəllimi işləyən babası Qəzənfər Əsgərov nəvəsinə milli-mənəvi dəyərlərimizi, Vətənə, torpağa sevgini, elə, obaya bağlılığı aşılayıb. Musa ibtidai təhsilini də elə babası Qəzənfər müəllimin sinfində alır. Valideynləri Gəncə şəhərinə köçəndən sonra o, təhsilini Gəncə şəhər 12 nömrəli tam orta məktəbində davam etdirir. Daim idmanla məşğul olur, savadı, zəkası, əməksevərliyi, qorxmazlığı ilə yaşıdlarından fərqlənir. Vətənpərvər ruhlu Musanın tarixə, ədəbiyyata böyük marağı olub. Hələ orta məktəbdə oxuyan zaman şeirlər də yazıb. İndi anası Hüsniyyə xanım onun yazdığı əlyazmaları gözbəbəyi kimi qoruyur.

İki oğul, bir qız övladı olan ailənin böyüyü Musa idi. O, 18 yaşında hərbi xidmətə getdi, əsgər formasını əyninə geyindiyi ilk gündən ömrünü hərb peşəsinə bağlamaq qərarı verdi. Ön xətt bölmələrimizdə, düşmənlə təmas xəttində Vətənin keşiyində əzmlə dayandı. Silahların taktiki-texniki xüsusiyyətlərini böyük həvəslə öyrəndi. Atıcı silahlardan istifadə qaydalarını mənimsədi. Həqiqi hərbi xidmətini başa vuran Musa cəmi bir neçə ay sonra orduya geri döndü, Xüsusi Təyinatlı Qüvvələrdə hərbi qulluqçu kimi xidmətə başladı. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu özünə örnək bilən və güclü, iradəli bir gənc olan Musa xidmətə başladığı ilk gündən xüsusi hazırlıq kursu keçərək əsl döyüşçüyə çevrildi...

20 yaşlı mahir atıcı Musa Əsgərov Vətən müharibəsi başladığı ilk gündən torpaqlarımızın azadlığı, Azərbaycanımızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir. Cəsur döyüşçümüz ötən il oktyabrın 27-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən ağır döyüşlərdə şəhadətə ucalır və 2020-ci il noyabrın 9-da Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilir. Vətənə sonsuz sevgi, düşmənə hədsiz nifrət bəsləyən Musa Füzuli rayonundan başlayaraq Şuşa ətrafında gedən döyüşlərə qədər üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi və şərəfli döyüş yolu keçdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə və "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Vətən, bayraq sevdalısı olan Musanın böyüyüb boya-başa çatdığı evdə indi onun xatirəsinə yaradılan guşədə əşyaları, fotoşəkilləri səliqə ilə düzülüb, çox sevdiyi, əyninə geydiyi zaman qürur duyduğu XTQ-nin hərbi forması asılıb.

Şəhidin atası Rövşən Əsgərov bildirdi ki, Muşavaq kəndi Birinci Qarabağ müharibəsində üç şəhid verib: "Vətən müharibəsində də Musa şəhid oldu. Musa hər dəfə kəndə yolu düşəndə şəhidləri yad etmək üçün onların xatirəsinə tikilən bulağa gedərdi. Deyirdi ki, döyüş əmri verilərsə, onların qisasını yerdə qoymayacaq. O, verdiyi sözə əməl etdi. Şəhidlərimizin, erməni terrorunun qurbanı olan dinc insanlarımızın qisasını düşməndən aldı. Elin, obanın qeyrətini çəkən oğul idi. O mənə həm oğul, həm də ən yaxın dost idi. Bacı və qardaşının sevimlisi idi. Musa komandirlərinin, döyüşçü yoldaşlarının da sevgisini, hörmətini qazanmışdı. O, XTQ-nin ən gənc döyüşçülərindən biri idi. Döyüş yoldaşlarının onun haqqında söylədikləri, dəfələrlə yaralı yoldaşlarının həyatını xilas etməsi, qəhrəmanlıqları ilə qürur duyuram. Bu söhbətləri böyük fərəh hissi ilə dinləyirəm. Musa Vətənini o qədər sevirdi ki, onun uğrunda gözünü qırpmadan ölümə getdi... Nə qədər ki, Azərbaycanımız var, xalqımız, dövlətimiz var, Musa kimi igidlər də daim yaşayacaq".

Musanın kiçik qardaşı Famil Azərbaycan Ordusunun əsgəridir. O da qardaşı Musa kimi Vətənin keşiyində əzmlə dayanıb. Bacısı Səkinə isə dördüncü sinifdə oxuyur. Şəhid bacısı Musanın 20 Yanvar faciəsi, Xocalı soyqırımı və Aprel döyüşləri haqqında söylədiklərini heç vaxt unutmayacağını bildirdi.

Anası Hüsniyyə Əsgərova oğlunun əşyalarını toplayaraq evdə guşəsini özü yaratdığını dedi: "Musada Vətən sevgisi, hərbçi olmaq istəyi hələ məktəb vaxtlarından yaranmışdı. Qətiyyətli idi, elə ona görə də istəyinə nail oldu. Müharibə başladığı ilk gündən narahat olmayaq deyə, döyüş zonasından kənarda olduğunu deyirdi. Lakin sonradan döyüşçü yoldaşları bizə Musanın ən qızğın ərazilərdə, mövqelərdə dəfələrlə qəhrəmanlıqlar göstərdiyindən, öz vəzifə borcunu ləyaqətlə yerinə yetirdiyindən danışdılar. Bir şəhid anası kimi çox qürurluyam. Bu gün Musa tək mənim deyil, bütün Azərbaycan xalqının övladıdır. Ən böyük arzum övladımın adının əbədiləşdirilməsi və evdə yaratdığımız guşəni genişləndirərək, xatirəsinə muzey təşkil etməkdir".

İgid döyüşçümüzün valideynləri göstərilən diqqət və qayğıya, adının daima uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Komandirləri, döyüşçü yoldaşları şəhidimizin yüksək hazırlıqlı, vətənpərvər bir əsgər olduğunu dedilər.

Zabit Gündüz Səfərli bildirdi ki, Musa Əsgərovun Cocuq Mərcanlıdan başlanan döyüş yolu Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd rayonunun Qırmızı Bazar ərazisinədək davam edib. “Musanın müşahidə etmək bacarığı çox güclü idi. O, döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirdi. Musanın adı qəlbimizdə daim yaşayacaq, xatirəsi hər zaman əziz tutulacaq", - zabit dedi.

Vətən müharibəsi qazisi Füzuli Zeynalov yetirmələrinin sırasında ən gəncin Musa olduğunu söylədi: "Musa gənc olmasına baxmayaraq çox bacarıqlı, fiziki cəhətdən möhkəm, hazırlıqlı idi. O, sərrast atıcı olub. Öz üzərində daim çalışan əsgər idi. İstəyirdi ki, kursda ən yüksək nəticələri o qazansın və buna da nail olurdu. Döyüşlərə gəlincə isə, düşmənə qarşı amansız idi. Hər qarış torpağımız uğrunda igidliklə vuruşdu. Onun xatirəsini həmişə yad edəcəyik".

Döyüşçü yoldaşı gizir Elnur Xanızadə Musa kimi Vətənin mərd oğulları ilə hər zaman fəxr etdiyini dedi.

Vətənin igid oğlu Musa ilə bütün el-oba fəxr edir. Onun dastanlara dönən şərəfli ömrü və döyüş yolu haqqında hələ çox yazılacaq, çox danışılacaq.

Lalə Hüseynova "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cəsur-döyüşçü   Musa-Xanızadə  


Bizi "telegram"da izləyin