Güllələnmiş generallar: Murad Gəray bəy Tlexas və ya onun faciəli taleyi

2020/08/Murad-1598355546.jpg
Oxunub: 9131     15:06     25 Avqust 2020    
Doğrusu bilirəm ki, mənim məzarım bir vaxt gül dəstələrilə bəzənməyə layiqdir ya yox. Lakin siz, mənim məzarım üzərinə qılınc qoymalısınız. Çünki mən, bəşəriyyətin azadlığı uğrunda mübarizədə cəsur bir əsgər olmuşam.
Henrix Heyne, məşhur Alman şairi (1797-1856)

Milliyyətcə çərkəz olan general-mayor Murad Gəray bəy Tlexas Heynenin dediyi kimi, bəşəriyyətin azadlığı uğrunda yox, Azərbaycanın müstəqilliyi uğrunda 1918-1920-ci illərdə mübarizədə cəsur bir sərkərdə kimi vuruşub. Azərbaycanlı olmasa da, din qardaşımız kimi həmin illərdə milli ordumuzun formalaşmasında onun danılmaz fəaliyyəti olub. Uzun illərdən sonra da olsa, general Tlexası biz bu gün Azərbaycan xalqının qəhrəman övladı kimi xatırlamalıyıq. Xalqımıza təmənnasız və sədaqətlə xidmət edən belə bir sərkərdə unudulmağa layiq şəxsiyyət deyil. İnanıram ki, gələcək nəsil hərb tariximizdə onun şərəfli adı və fəaliyyəti ilə fəxr edəcək.

1920-ci il mayın 29-da güllələnən general Murad Gəray bəy Tlexasın nəinki ideya silahdaşları, hətta onunla əks cəbhədə dayanan bolşevik müasirləri Həmid Sultanov, Ağababa Yusifzadə və başqaları otuzuncu illərdə belə onun sərkərdə vüqarmı, zəhimli görkəmini yada salıb yazırdılar: "General Tlexasın xarici görkəmi çox təsiredicidir. Ucaboy, enli kürəkli, gözləri od saçır, çiyinlərində böyük epoletlər. Enli yazı stolu arxasında oturur. Stolun üstündə isə müxtəlif dəftərxana alətləri parıldayır. Bir sözlə yaşıl örtüyün üstü müxtəlif fiqurlarla doludur. Ən başlıcası isə sağ tərəfdə naqan, sol tərəfdə isə qamçı yerləşir. O, qorxu bilməz bir şəxsiyyət idi".

* * *

Etiraf edirəm ki, istər mətbuatda, istərsə də televiziya və radiodakı çıxışlarımdan sonra mən nəsə yeni bir şey "qazanıram". Qazanıram o mənada ki, bu çıxışlarımın əks sədası həmişə mənim xeyrimə olur. Xüsusilə, indi yaşı ötmüş adamlar vaxtilə ata-babalarından eşitdiyini, bəziləri də sərkərdələrimiz haqda bildiyi məlumatları mənə çatdırırlar.

Televiziyada "Hərb tariximizdən" verilişindəki çıxışımdan sonra da bir ağbirçək ana köməyimə çatdı.

- Sizin çıxışınıza baxdım, dedi, bir kövrək qadın səsi. - General Tlexas haqqında niyə ötəri danışdınız?
- Olan-qalan faktım bunlar idi. - Cavabını verdim.
- Mən uzun illər arxivdə işləmişəm, - dedi, General Murad Gəray bəy Tlexasın məhkəmə qovluğunun yerini sizə demək istəyirəm. Qırxıncı illərdə tale elə gətirdi ki, mən xeyirxah bir adamın köməyi ilə Daxili İşlər Nazirliyinin Arxiv İdarəsində işə düzəldim. Bir neçə dəfə "etibarsız nəslin nümayəndəsi, türk qarışıqlı casus" kimi məni işdən çıxarmaq istədilər. Orada işləyənlərin əksəriyyəti rus, erməni və cuhud idi. Amma işgüzarlığım və altı dil bilməyim köməyimə çatdı. Nəsil-nəcabətimdə türklük olduğunu bildiklərinə görə bəzi sənədlərlə məşğul olmağa mənə icazə vermirdilər.

Bir gün Əli Bayramovun öldürülməsi və məhkəməsi barədə sənədləri sahmana salmağı mənə tapşırdılar. Dünənki verilişdə etiraf etdiniz ki, general Tlexas haqqında çox az məlumatınız var. Generalın ömür yolunu oradan təfsilatı ilə öyrənə bilərsiniz. Orada hər şey var: məhkəmə sorğu-sualları, şahid dindirilmələri, güllələnmə haqqında hökm...

Səhv etmirəmsə, səkkiz, ya da on qovluq olmalıdır. İndi həmin sənədlər Mərkəzi Dövlət arxivində saxlanılır.

Neçə il axtardığım sənədlərin yerini nişan verən ağbirçək ana Fatma xanım Məcid ağa qızı Yusifzadə idi. 1922-ci ildə Batumi şəhərində dünyaya gəlib. Atası Məcid bəy Yusif oğlu Şəkinin Zunut kəndindəndir. Aprel çevrilişindən əvvəl onun Batumda mülkü, dəri-yun zavodu olub. Bu varlı və səxavətli kişini bolşeviklərin fıtvası ilə 1927-ci ilin avqust ayında şəkili nökəri Əli bir Acarın köməyi ilə öldürüb. Bolşeviklər Məcid bəyi öldürənləri cinayətkar kimi həbs edib, Sibirə sürgün ediblər. Mülkə və var-dövlətə isə sahib olublar. Beş yaşlı balaca Fatmanı da Beşumi dağının ətəyində yerləşən yetimxanaya veriblər.

1930-cu ildə uşaq evinin müəllimi Makilyovski soyadlı rus ziyalısı xeyirxahlıq edib Fatmanı Batumdakı türk məktəbinə oxumağa qoyur. Fatma burda yeddi illik təhsil alır.

Fatma xanım deyir ki, anam Ayişə xanım Mustafa qızı türk idi, daha doğrusu, milliyətcə Laz idi. Lazlar gürcü dinindən müsəlmanlığa keçiblər. Anamın ulu babası İslam dinini qəbul etmək üçün ilk dəfə bayraq qaldırıb lazları türkləşməyə çağırıb. Ona görə də ana tərəfim Bayraqdar, bəzi sənədlərdə isə Bayraqdarşi soyadını daşıyırlar. Babam Həccə getdiyinə görə ona Hacı Bayraqdar titulunu veriblər. İndi Türkiyədə bizim nəslin bir qolu Albayraq soyadını daşıyır...

Tarixdə özünü igid tayfa kimi tanıdan Lazlar haqqında altıncı əsrin Vizantiya tarixçisi Aqatiya yazırdı: "Lazlar qüdrətli və məğrur tayfadır. Onlar digər gürcü tayfalarına da hökm edirlər. Lazlar kolxların qədim adı ilə fəxr edirlər. Başqa dövlətlər içində öz sərvətinin bolluğu, təbəələrinin çoxluğu, torpaqlarının böyüklüyü, məhsuldarlığı və xasiyyətlərinin gözəlliyi ilə fərqlənən lazlara bərabər elə bir tayfa tanımıram..."

* * *

Fatma xanım Yusifzadənin məsləhəti ilə Mərkəzi Dövlət Arxivinə gedib general Murad Gəray bəy Tlexas haqqında araşdırmalar apardım.

Arxivdə rast gəldiyim sənəd Bakıda iğtişaş törətmək istəyənlərə qarşı görüləcək tədbirlər haqqındadır. Bakı ərazisinin Hərbi general-qubernatorluğu üzrə verilmiş həmin elanı Bakı möhkəmləndirilmiş rayonun hərbi general-qubernatoru, general-mayor Murad Gəray bəy Tlexasdır.

Elanda deyilir:

"Mənə məlumatlar çatır ki, şəhərdə əhali arasında yaxın günlərdə tətillərin, talanların və ictimai asayişi poza biləcək buna bənzər hadisələrin baş verə biləcəyi haqqında şayiələr gəzir.

Bu məlumatların bəd niyyətli adamlar tərəfindən şəhərin rəvan ictimai həyatmı açıq-aşkar pozmaq və əhalinin səbatsız ünsürlərini hökumət əleyhinə qaldırmaq məqsədilə yazıldığını nəzərə alaraq, bununla bəyan edirəm ki, mən heç bir vəchlə heç bir talana, yaxud hər hansı digər zorakılıq hərəkətlərinə yol verməyəcək, istənilən hökumət əleyhinə çıxış mənim tərəfimdən sərəncamımdakı ixtiyaratın bütün ciddiliyi ilə beşiyindəcə boğulacaq və təxribatçı şayiələr yayan şəxslərə qarşı onların müharibə dövrünün qoşunları ilə mühakimə olunmaqdan ötrü hərbi məhkəmələrə verilmələrinədək tərəfimdən ən qətiyyətli tədbirlər görüləcək.

Bunu nəzərə alaraq, Bakı şəhəri və onun rayonunun dinc vətəndaşlarından buna bənzər şayiələrə uymamağı və məndən asılı olan bütün tədbirlərə zəmanət verdiyim adi həyat tərzlərini, sakitliyi davam etdirmələrini rica edirəm.

Bununla birlikdə vətəndaşların nəzər-diqqətinə çatdırıram ki, hal-hazırda ağır ərzaq böhranı keçirməyimizi nəzərə alaraq az təminatlı və digər əhaliyə ucuz qiymətlərlə ilk tələbat mallarını almaq imkanı yaratmaqla, həmişə böhranı səngitməkdən ötrü hökumət tərəfindən bir sıra təcili tədbirlər görülmüş və beləliklə yaxın günlərdə böhran əhali üçün əlverişli tərzdə həll olunmalıdır.

Bakı möhkəmləndirilmiş rayonunun Hərbi general-qubernatoru, general-mayor Murad Gəraybəy Tlexas"

İkinci sənəd isə çox qısadır.

O da general Murad Gəray bəy Tlexasa aiddir:

"1920-ci ilin aprelin 27-də Bakıda silahlı çevrilişin həyata keçməsində və hazırlığında Türk kommunistləri Süleyman Nuru, Məmməd Tahir, Fuad Sabit fəal çalışıb. Ona görə də bunların gücü və fəaliyyəti ilə Bakının hərbi qubernatoru, general Murad Gəray bəy Tlexas həbs edildi (MK - yanında MLİ MPAF, fondu 456, siy.18, iş 38, vərəq 16)

Üçüncii sənəd:

"1920-ci il aprelin 28-də Bakının general-qubernatoru Murad Gəray bəy Tlexas satqınları, qorxaqları ifşa edərək söz verirdi ki, bolşeviklərin hücumunu və daxildən olan üsyanları yatırdacaq. O, müdafiə istehkamlarını möhkəmlətdi və tələb etdi ki, ona vəzifəsində qeyri-məhdud səlahiyyət verilsin. General-qubernator Tlexas deyirdi:

- Mənim ordum da var, donanmam da. "Qars", "Ərdahan", "Astarabad" hərbi gəmilərimizlə sahil istehkamlarından Bakının dəniz istiqamətini müdafiə edə bilərik".
Bəs Tlexas kim idi, onu bolşeviklər niyə güllələdilər?

General-mayor Murad Gəray bəy Tlexas (1874, Kuban vil. 1920-ci il, 29 may, Bakı ş.).

Milliyətcə çərkəzdir. 1874-cü ildə Kuban vilayətinin Yekaterinodar şəhərində (indiki Krasnodar – Ş.N.) hərbçi ailəsində anadan olub. İlk təhsilini Maykop şəhərində alıb. Sankt-Peterburqdakı Mixaylovsk artilleriya məktəbini bitirib. 1912-13-cü illərdə 51-ci Artilleriya briqadasında kapitan rütbəsində xidmət edib. Port-Artur və Birinci Dünya müharibəsində iştirak edib. Hər iki müharibədə nümunəvi döyüşən zabit kimi şöhrət qazanıb. Tlexas zabitlərə məxsus iki dəfə "Müqəddəs Georgi" ordeni ilə təltif olunub. 1918-ci ilin payızında ağqvardiyaçılar Kuban və Adigeyanı tutdular. Tlexas ondan sonra din qardaşı kimi bizə pənah gətirib. General Əli ağa Şıxlinski onu Əlahiddə Azərbaycan korpusunun tərkibində olan ikinci nişançı topçu briqadasının komandiri təyin edib. Bir az sonra Baş Qərargahda Baş Artilleriya idarəsinin rəisi təyin olunub. 1919-cu il dekabrın 4-dən Bakı möhkəmləndirilmiş rayonunun general-qubernatoru. Azərbaycan Milli hərəkatında və ordu quruculuğunda önəmli yeri var. Onun ilyarımlıq Azərbaycan ordusundakı əla fəaliyyəti hərb nazirinin və Baş Qərargah rəisinin iki əmrində öz əksini tapır. 1919-cu il sentyabr və dekabr aylarında verilən 421 və 559 saylı əmrlər Azərbaycan Yeni Tarix Mərkəzi Dövlət Arxivində "tamamilə məxfidir" qrifi ilə saxlanılır.

"Bizim üçün böyük əhəmiyyətə malik olan müxtəlif predmetlər, silahlar və başqa hərbi əmlak əldə etmək üçün mən Gürcüstan Respublikasının Tiflis şəhərinə Baş Artilleriya idarəsi rəisi, general-mayor Murad Gəray bəy Tlexasın rəhbərliyi altında komissiya göndərmişdim.

Bir sıra ciddi çətinliklərə baxmayaraq, qısa müddət ərzində olduqca sərfəli qiymətlərlə Bakıda və Gəncədə qiymətli əmlak kütləsi quraşdırılıb və gətirilib. Əldə edilmiş predmetlərin əksəriyyəti təzə, istifadə olunmuşları isə tam yararlı haldadır.

Mənim komissiyaya verdiyim tapşırığın bu cür əla yerinə yetirilməsini, ona general-mayor Murad Gəray bəy Tlexas kimi qeyrətli, təcrübəli və vicdanlı şəxsin rəhbərliyində görürəm və ona xidməti şəxslər tərəfindən səmimi minnətdarlığımı bildirirəm.

Eləcə də alınmış malların baxılmasında, qəbulunda və yola salınmasında iştirak etmiş komissiyanın bütün üzvlərinə minnətdarlığımı bildirirəm.

Hərb naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarov,
Baş Qərargah rəisi, general-mayor
Həbib bəy Səlimov

"Hərb nazirliyi təşkil edilərkən, ordunun özü kimi, mərkəzi idarələrinin və müəssisələrinin də, demək olar ki, heç nədən yarandığı zaman general-mayor Murad Gəray bəy Tlexas Baş Artilleriya İdarəsinin rəisi vəzifəsini icra etməyə başlayıb. General-mayor Tlexas doğma ordumuzun təşkil edilməsi işlərində mənim ən yaxın əməkdaşlarımdan biri olmuşdur. Cəngavər insan və yorulmaz təcrübəli hərbi xadim olan Murad Gəray bəy Tlexas ordunun silahlanması, bütün Azərbaycan boyu səpələnmiş artilleriya əmlakının toplanması, artilleriya anbarlarının və emalatxanalarının qurulması işlərində böyük əmək sərf edib.

İndi həmin general respublikanın müdafiə olunması üzrə yüksək dərəcədə mühüm hərbi vəzifələrin həvalə edilməsi ilə əlaqədar olaraq, ümumi işin xatirinə onun Baş Artilleriya İdarəsi rəisi vəzifəsindən azad edilməsini daha faydalı bilirəm.

Bu vəzifənin bir illik yerinə yetirilməsi müddətində göstərdiyi nümunəvi iş, səy və görkəmli nailiyyətlər üçün hörmətli Murad Gəray bəy Tlexasa xidməti şəxslər tərəfindən səmimi təşəkkürümü bildirirəm.

Baş Qərargah rəisi general-mayor
Həbib bəy Səlimov

1919-cu il sentyabrın 13-də Dövlət Müdafiə Komitəsinin əmri ilə Bakı Hərbiyyə General-qubernatoru vəzifəsini qəbul edən Murad Gəray bəy Tlexas deyib:

“Mənə göstərilən etimad və ümidi həqiqətə çıxarmaqdan ötrü bütün var qüvvəmi ədalətli və bitərəfanə bir surətdə işə başlayıram.

Yerli bolşeviklər ermənilərlə birləşərək əhali arasında antiazərbaycan təbliğatı aparır, həyəcan və şayiələr yayırdılar. Bunlardan narahat olan general-qubernator Murad Gəray bəy Tlexas 1920-ci il yanvarın 25-də "Azərbaycan" qəzetinə verdiyi müsahibədə demişdir: Son günlərdə şəhərdə şayiələr yayılır ki, bolşeviklər çıxış edib bazar-dükanı talan edəcəklər. Əhali həyəcana gəlmişdi. Boş laqqırtılar böyük meydan alır. Belə hərəkətlər olmayacaqdır. Əgər baş verərsə, rəhmsizcəsinə basılacaq, hökumətin lazımı miqdarda qüvvəsi vardır. Heç kəsə şəhərə daxil olmağa müsaidə edilmir. Körpülərə vaporlar vürud edir. Sərnişinlərin yalnız bəzilərinə şəhərə girməyə icazə verilir. Üç gündə Ənzəli, Petrovski və Təzə şəhərdən (Krasnovodski) yeddi vaporda beş yüz nəfər gəlmişdir. Qismən şəhərə buraxılıblar. Lakin tezliklə də şəhərdən çıxarılıblar. Bəziləri Tiflisə gedir. Ermənilər Ermənistana, iranlılar isə İrana qaytarılır. Əcnəbilər müməsillərinə verilir. Vaporlarda səpmə yatalaq və sair misri xəstəlikləri müşahidə olunur. Onlar tez təcrid olunub. Radio ilə vaporlara bildirilir ki, Bakıya gəlsələr dərhal qaytarılacaq. Lakin əcnəbi heyətlərə, siyasi nümayəndələrə və dövləti işlər üçün gələnlərə icazə veriləcək.

Köhnə rus pasportları etibardan düşmüş elan edilir, bir aya bütün vətəndaşlar türk pasportu almalıdırlar”.

General Murad Gəray bəy Tlexas 1920-ci ildə bolşeviklərin istilasından sonra inqilabçı Əli Bayramovun qatillərindən biri kimi həbs edilib. Mayın 21-dən 29- dək Ali İnqilab Tribunalının məhkəməsində şahid kimi dindirilmişdir:

Sədr Viktor Naneyşvili: - General Murad Gəray bəy Tlexas! Siz özünüzü bolşevik Əli Bayramovun qətli haqqında işdə müqəssir bilirsinizmi? Siz Bakı Möhkəmləndirilmiş rayonunun hərbi general-qubernatoru olanda cinayətkar fəaliyyətsizlik göstərmisiniz, nəticədə belə dəhşətli cinayət baş verib.

General Tlexas: - Qətiyyən yox! Hərbi vəzifəmə gəldikdə isə, həmişə hər yerdə vicdanla xidmət etmişəm. Cinayətkarlığa yol verməmişəm.

Sədr: - Tribunala deyin, görək, Denikin könüllülərinin komandanlığı ilə siz Bakıda nə danışmısınız?

Tlexas: - Könüllülərin komandanlığı ilə heç bir danışığım olmayıb.

Naneyşvili: - Bizə çatan məlumata görə sizin ağqvardiyaçı könüllülərinin nümayəndələri ilə danışığınız olub.

Tlexas: - Könüllülərin ayrı-ayrı nümayəndələri ilə də mənim heç bir gizli danışığım olmayıb. Könüllülər və başqaları haqqında isə "soldat" kimi deməliyəm ki, yıxılana balta çalmazlar. Mən heç vaxt, müharibədə bir-birimizin üstünə qışqıranda da, silahı tullayanda da hərbi kompaniyada – rus-yapon və alman cəbhəsində də olmuşam. Onlar silahı təhvil verəndə mən sonuncu çörək tikəmi və qəndi vermişəm.

Sədr: - Tribunala son sözünüz ?

Tlexas: - Ali tribunal, burada deyəcəyim sözlər özümü müdafiə etmək xatirinə deyilməyəcək. Mən ucadan elan edirəm ki, bolşevik Əli Bayramovun qətlində mən qətiyyən iştirak etməmişəm. Məni müttəhimlər kürsüsünə gətirən qətiyyən tanış olmayan mühitə düşməyim və rəislərimin əmrlərini yerinə yetirməkdə "soldat" mənəviyyatı ilə tərbiyə olmağım oldu. Mən kasıb praporşik oğluyam, demək olar ki, yoxsul təbəqədən çıxmışam. İndi mənə elə gəlir ki, burjuaziya rütbəsi olan hərbi general-qubernatorluq mənim üçün rüsvayçılıq idi.

Əgər məndən soruşsanız ki, Bakıdakı fəaliyyətim dövründə kimləri özümə düşmən hesab edirdim. Cavab verərdim: ancaq və ancaq Azərbaycanın müstəqilliyinə qəsd etmək istəyən könüllülər mənim qatı düşmənimdir. Mən heç vaxt siyasi partiyaların işinə qoşulmazdım. Mənim məqsədim milli ordu yaratmaq, milli qırğının qarşısını almaq idi.
Qırx altı yaşım var. Ömrümün yarıdan çoxunu hərbi xidmətdə keçirmişəm. Atam evdəki yeganə samovarı satıb məni atın sağrısında Yekaterinardan oxumağa göndərib...

O ki qaldı ağqvardiyaçı general Denikinə qoşulmağım, onun könüllülərilə işləməyim, bu heç cür mümkün deyil. Çünki bütün il boyu mən denikinçilərə qarşı mübarizə aparmışam. Onun kəşfiyyatçıları mənim əməkdaşlarımdan və şəxsən məndən oddan qorxan kimi qorxurlar. Əgər siz bolşeviklər yox, Denikin Bakıya girməli olsaydı birinci məni güllələyərdi. Boynuma alıram ki, Azərbaycanda caynağımıza keçən Denikin kəşfiyyatçılarına qarşı çox amansız olmuşam.

Arxiv sənədlərindən məlum olur ki, bolşeviklər cəhd edirlər ki, general Murad Gəray bəy Tlexası Azərbaycan xalqının gözündən salmaq üçün ağqvardiyaçıların xəfiyyəsi kimi güllələsinlər. İndiki M.F.Axundov adına Akademik Opera və Balet teatrının binasında keçən səkkiz günlük, açıq məhkəmədə, generalın alovlu yekun sözündən sonra bu qarayaxına alınmayıb.

Bolşevik Əli Bayramovun ölümündə də günahı sübut olunmadığına baxmayaraq, Murad Gəray bəy Tlexası əksinqilabçı və Müsavat generalı kimi mayın 29-da gecə saat ikidə güllələdilər.

Həmin gecə inqilab etmiş "xalqın adından" general Tlexasla birgə bolşevik Əli Bayramovun qətli ilə bağlı Bakıda müsavatın polis rəisi olmuş Rüstəmbəy Mirzəyevi, dördüncü polis sahəsinin rəisi Nurəddin Seyidovu, onun müavini Süleyman bəy Sübhanverdixanovu, baş qorodovoy Məşədi İbrahim Babayevi, polis agenturasının rəhbəri Eyvaz Cəbrayılovu, polis xəfiyyəsi Levon Ter-Arutyunovu, məşhur Bakı qoçusu Nəcəfqulu Rzayevi, qorodovoy Həbib Nəzər oğlunu, Əbdürrəhman Qurban oğlunu və qoçu Mir Rəhim Mir Mövsüm oğlunu da güllələyiblər.

Xaricə qaçmış Daxili İşlər Nazirinin müavini Şəfı bəy Rüstəmbəyova, qoçu Əjdər Eminova, Hüseyn Qədir oğluna, qorodovoy Vəli Məşədi Hüseyn oğluna və Aleksandr Koberidzeyə isə İnqilabi məhkəmə qiyabi ölüm hökmü kəsdi. 1921-ci ilin iyun ayında onlardan biri – qoçu Hüseyn Qədir oğlu satqmlıqla ələ keçdi. Ali İnqilabi məhkəmə dərhal ona ölüm hökmü kəsib güllələdi.

XI bolşevik ordusu Xaçmazı, Dəvəçini keçib Xırdalana yaxınlaşanda «Yardım alayı» deyilən əldəqayırma bir qrup namərdlik edib dərhal bolşeviklərə təslim olub onların tərəfinə keçdilər.

Alayın əsgərləri Bakıdakı əsas obyektləri – teleqrafı, dövlət bankını və vağzalı tutdular. Gecə saat ikidə Bakıdakı bütün hökumət binalarını bolşeviklər aldılar.
Hələ kabinetini tərk etməyən qorxubilməz hərbi general-qubernator Murad Gəray bəy Tlexas şəhər komendantına təcili məktub göndərdi:

«Həbs etdiyiniz Bakının polis rəisi Rüstəm bəy Mirzəyevi təcili olaraq azad etmənizi xahiş edirəm.

Bakı möhkəmləndirilmiş rayonun hərbi general-qubernatoru, general-mayor Gəray bəy Tlexas.
27 aprel 1920-ci il.

Həmin gecə Tlexasın özünü həbs etdilər. Məhkəmədə müsavat polis rəisinin azad olunmasını tələb etdiyini də ona irad tutdular.

Arxiv sənədləri onu da göstərir ki, adını çəkdiyimiz şəxslərin əksəriyyətinin bolşevik Əli Bayramovun öldürülməsindən doğrudan da xəbərləri olmayıb. Onu 1920-ci il martın 22-dən 23-nə keçən gecə polis xəfiyyələrinin tapşırığı ilə Bakı qoçuları öldürmüşdülər.

Müsavat parlamentində makinaçı-kargüzar vəzifəsində işləyən Əli Bayramovun arvadı Ceyran Bayramova sonralar "Xatirələrim"də yazırdı: "Məktəbli rəfiqəm Zeynəb Rizvanova ilə böyük cəldlik, çeviklik və fərasətlik göstərərək müsavatçıların hərbi planlarını öyrənir, gizli sənədləri ələ keçirib partiya komitəmizə çatdırırdıq. Əli son vaxtlar evə gəlmir, başqa yerlərdə gecələməli olurdu. Mən onunla əlaqə saxlamaq, məlumat vermək üçün Georgiyevski küçəsindəki Zərbəli Nəzərovun evində görüşürdük".

Şübhələnən polis işçiləri Əli Bayramovun evində axtarış aparırlar. Məlum olur ki, evdə iki telefon var: biri açıqda, digəri isə pərdə arxasında gizlədilmişdir. Ceyran gizli telefonla hər gün parlamentdə olanlardan bolşeviklərə məlumat verir. Qadına qıyıb əl qaldırmayan qoçular əvəzində onun əri Əli Bayramovu qətlə yetirirlər.

Arxiv sənədləri arasında çox qısa və çox təsirli bir məktub da var. Onu general Murad Gəray bəy Tlexasın həyat yoldaşı Əminət xanım Tlexas 1920-ci il iyunun 6-da yazıb:

"Azərbaycan Sovet Sosialist Respublikasının Ali İnqilab tribunalının sədrinə ərizə.
1920-ci il mayın 29-da Ali İnqilab məhkəməsinin qərarı ilə ərim Murad Gəray bəy Tlexas güllələnmişdir. Ərim həbs olunan günü evimizdən sizin əməkdaşlar ailəmizə məxsus olan qızıl və gümüş əşyalarını da aparıblar. Acizanə surətdə xahiş edirəm, həmin qızıl və gümüş əşyalarının qaytarılması barədə sərəncam verəsiniz.

Həmin əşyalar yenicə həddi-bulağa çatmış iki qızıma və şəxsən mənə məxsusdur. İmza: Əminət xanım Tlexas.
İyunun 6-da ərizənin üstünə dərkənar qoyan bolşevik rəhbəri katibliyə tapşırır ki, vətəndaş Əminət xanım Tlexasa məlumat verin ki, sizə heç nə qaytarılmayacaq.

İki şahidin dedikləri

Dünən təkəbbürlü, beli silahlı gəzən qoçular oturduqları müttəhim kürsüsündə büzülüb yumağa dönmüşdülər. Yazıq, qorxaq nəzərlərlə məhkəmənin gedişini izləyir, gözləri ilə aman diləyirdilər. Yalnız Bakının general-qubernatoru Murad Gəray bəy Tlexas məğrur oturub zəhmli gözləri ilə salona baxırdı. Bu comərd generalın varlığında qorxudan əsər-əlamət yox idi.

1920-ci il, 29 may tarixli Ali İnqilab Tribunalının sənədindən

Həmin məhkəmənin iştirakçılarından bizim günlərimizə qədər yaşayan yalnız iki nəfər qalmışdı. Ötən əsrin doxsanıncı illərində Üzeyir bəy Hacıbəylinin ev muzeyinin direktoru mərhum Ramazan Xəlilovla çoxsaylı görüşlərimiz olardı. Güclü hafizəli, zəngin xatirəli bu ziyalı insanın söhbətindən doymaq olmazdı. 1918-1920-ci illərdə Ramazan müəllim general Əli ağa Şıxlinskinin kiçik yavəri olmuşdu.

1998-ci ilin oktyabr günlərində telefonla danışırdıq. Söhbət arası dedim ki, Ramazan müəllim, arxivdən bir foto-şəklin surətini çıxartdırmışam. Şəkildə on doqquz nəfər yüksək rütbəli müsavat ordusunun zabit heyəti təsvir olunub. Onlardan yalnız altı nəfərinin adı və soyadı göstərilib. Foto-şəkli gətirim, baxın, bəlkə, orada kimisə tanıdınız...

Dərhal durub muzeyə onun görüşünə getdim. Foto-şəkli göstərməmiş dedim ki, bunlar arasında general Tlexas olsa tanıyarsınızmı, onu yaxından görmüşdünüzmü?

- Əlbəttə, tanıyaram, əgər varsa. Onun elə zəhmli, əsl hərbçi vüqarı vardı ki, indi də gözümün qabağındadır.

İri ölçülü şəkli onun qarşısına qoydum. O, titrək əllərilə qalın şüşəli eynəyini gözünə taxıb diqqətlə baxdı. İkinci cərgədə sağdan üçüncü oturan vüqarlı şəxsi göstərib:

- Budur – dedi, general Murad Gəray bəy Tlexas. Sağ yanında oturan isə polkovnik Şirin bəy Kəsəmənlidir. Şirin bəy 1919-cu ildə səpmə yatalaq xəstəliyindən vəfat etdi.
İgid generalın indiyədək bizə məlum olmayan yeganə foto-şəklini Azərbaycan hərb tarixinə bəxş edən doxsan səkkiz yaşlı qocanı qucaqlayıb öpdüm. İstər-istəməz o məşum günlərə qayıdan Ramazan müəllim söhbətinə davam etdi:

- Məhkəmə zalına giriş azad olduğuna görə bir neçə dəfə mən də getdim. Bu bolşeviklərin Ali İnqilab tribunalının ilk yığıncağı idi.

Məhkəmənin son iclası daha yaxşı yadımda qalıb. Çünki general Tlexasın mərdliyi hamını heyrətdə qoydu. Güllələnmək haqqında qərar oxunanda Tlexasa qol çəkməyi təklif etdilər. O, vüqarla irəli gəlib, düz qamətini azca əyib qol çəkdi və hökmlə dedi:

- Yenə və yenə də təkrar edirəm, mən bolşevik Əli Bayramovun öldürülməsində, bu çirkin işdə iştirak etməmişəm.

Növbə Bakı qoçularına çatanda onlar özlərini çox ləyaqətsiz apardılar. Qoçu Nəcəfqulu ucaboy, iri bədənli, göyçək adam idi. Əynində bənövşəyi rəngli jilet, ayağında uzunboğaz çəkmə vardı.

O da yadımdadır ki, general Tlexas və bütün dustaqlar Bayıl həbsxanasında saxlanırdı. Hər gün onları mühafizə ilə gətirib bulvarı süpürtdürərdilər. Bununla şura hökuməti fəhlə və kəndlilərə göstərirdi ki, görün, "cinayətkarlara" necə əzab veririk.

- Ramazan müəllim, general Murad Gəray bəy Tlexasm ailəsinin son taleyi necə oldu?

- Generalla atam Həmzət bəyin dostluğu vardı. Onun həyat yoldaşı Əminət xanım 1920-ci ildə atamdan İrana getmək üçün kömək istədi. Atam rəsmi icazə ilə onu yola saldı.

Onun böyük qızı Cənnət xanım Müsavat dövründə Bakıdakı İran konsuluna ərə getmişdi. Kiçik qızının adını unutmuşam. General Tlexasın evi Parapet bağı ilə üzbəüz olan dörd mərtəbəli binada idi. İndiki "Araz" kino teatrı olan binada yaşayırdı.

* * *

Xalqın bir məqsədi var idi: öz doğma torpağını işğaldan azad etmək.
Lev Tolstoy

General Murad Gəray bəy Tlexasın son günlərinin şahidi olanlardan biri də istiqlal mücahidi Əziz Alpout olmuşdur. O, «Həyatının hekayətləri» kitabının 177 və 178-ci səhifələrində yazır:

«Məscid küçəsindən rus hərbi dəstələri keçirdi. Əsgər kimi deyil çapovulçu sürüsü kimi: at, dəvə, qatır, ac, səfil, cır-cındır içində və tüfənglərində qayış yerinə ip… Ac çəyirtkə sürüsünü xatırladırdı bu «ordu»..

Bu əsgərlər, bu hərbi birləşmələrdirmi yurdumuzu işğal edənlər?! – deyə düşündüm.

Zavalı general Tlexas! Allah qəni-qəni rəhmət eləsin bu böyük şahidə; Quzey Qafqazlı qardaşımıza!..

Çaşqınlıq göstərən hökumətə Milli Məclisdə: «Mənə səlahiyyət verin, bircə həmləyə bu oğru, quldur sürüsünü darmadağın edim!» - demişdi.

Bu sözləri də onun başını yedi. İşğaldan az müddət sonra rus çapoulçuları Bakı Opera Teatrı binasında məhkəmə qurdular və general Tlexası edama-güllələnməyə məhkum etdilər.

Rus kölələri, satılmışlar, rus «hakimləri» ilə birlikdə:

- Sən, fəhlə-kəndli düşməni, burjuysan! – deyə ittiham irəli sürəndə general Murad Gərəy bəy Tlexas qamətini dikəldi. Ucaboylu, başında qəhvəyi rəngli qaragül papaq, əlini «hakim»lərə doğru uzatdı və qürurla hayqırdı:

- Mən nə fəhlə, nə də kəndli düşməniyəm! Burjuy da deyiləm. Bütün var- dövlətim, namusum bu şərəfli Azərbaycan əsgərinin hərbi paltarıdır!

Əvvəlcədən hazırlanmış edam qərarı oxundu. Bu mərd əsgərin tükü də tərpənmədi. Bu alçaqlara qartal kimi yuxarıdan aşağı baxırdı. O anda bizimlə bərabər, iki qız uşağının da göz yaşı axdı. Onlar general Tlexasın qızları idi… Atalarının məhkəməsinə gəlmişdi balaları… Rus əsgərini görəndə, nifrətim də artdı. Onlara əsgər, ordu deməyə şahid lazım idi. General Tlexas haqlıymış. Bu çəyirtkə sürüsünün qarşısı zorla alınıb, süpürülərək, çölə tökülə bilərdi. Amma nə etməli? Olan olmuşdu…

Bunlardan indi necə yaxa qurtarmalı. Bu tələyə qarşı hansı tələ qurulmalıydı? O anda öz-özümə cavab tapa bildim: gizli bir təşkilat qurmalıyıq! Ruslar hələ yaxşı dincəlib, neftimizlə qüvvətlənməmişdən qabaq, vətənimizdən süpürülüb atılmalıdır! Təşkilat!..

Birinci qurtuluşumuz yaxşı bir təşkilata bağıdır. Əvvəlcə canını belə düşünmədən fəda edə biləcək dostlar tapmaq lazımdır.

Qurduğum ilk əlaqələr məni çox sevindirmişdi. Sən demə, məndən əvvəl də hərəkətə keçənlər varmış. Lakin bir şey bizləri çox üzmüşdü: bir neçə türmədən çıxmış, saxtakar, hətta qumarbazlar da, xalqımızın həyəcanından faydalanaraq, ianə toplamağa başlamışdılar. Amma rus ajanları xəbər tutduqda, bu hoqqabazları izləyərək, qısa bir vaxtda «üsyançılar»dı deyə yaxalayıb güllələnmişdilər. Bu zaman bəhanə axtaran rus səlahiyyətliləri, üsyana hazırlıq görürlər deyə, generallarımızı, yüksək çinli zabitlərimizi və ölkənin bir çox üzdə olan adamlarını güllədən keçirməyə başladılar. Gecənin səssizliyində uzaqdan gələn makinalı tüfəng səsləri, baş verən bu cinayətlərin xəbərçiləriydi. Artıq, ruslar bəhanə də axtarmırdılar. Gözlərinə deyən varlıların, mal-mülk sahiblərinin zorla evlərinə soxulur, orada məskunlaşır və evdə olan hər şeyə sahiblənirdilər. Azacıq bir etirazla qarşılaşanda da elə yerindəcə güllə ilə dəlik-deşik edirdilər və «inqilab düşməni» adıyla adamı günahkar çıxarırdılar.

Eyni şeyi Əlibəygilin qonşusu milyonçu Murtuza Muxtarova da tətbiq etmək istədikdə, o tapançasını çıxarmış və gələn rus əsgərlərindən üçünü yerə sərmiş, sonra da özünü güllələmişdi: «Bu evə ancaq mənim cəsədimin üstündən keçib, girə bilərsiniz!» - demişdi…».

Müdafiə Nazirliyi Hərbi Elmi Mərkəzin Baş Elmi əməkdaşı polkovnik-leytenant Şəmistan Nəzirli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: General   Tlexas  

Güllələnmiş generallar: Murad Gəray bəy Tlexas və ya onun faciəli taleyi

2020/08/Murad-1598355546.jpg
Oxunub: 9132     15:06     25 Avqust 2020    