Rusiya və Qərb ölkələrinin HHQ imkanlarının müqayisəsi - HƏRBİ EKSPERT (ANALİZ) - II YAZI

2020/02/56-1582527468.jpg
Oxunub: 2344     12:15     24 Fevral 2020    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Paralel layihələr

1975-ci ildə istehsal edilən 4-cü nəsil “MiQ-31” qırıcısı Qərb analoqları ilə müqayisədə tam həcmli manevrlə hava döyüşü apara bilmirdi. Çünki bu təyyarənin dizaynı aktiv manevr zamanı qaçılmaz olan ciddi yüklənmələr üçün nəzərdə tutulmurdu. İstismar yüklənməsi 9G-yə çatan 4-cü nəsillərdən fərqli olaraq, “MiQ-31” yalnız 5G-yə tab gətirirdi. F-15-dən 5 il sonra, 1981-ci ildə kütləvi istehsalına başlanan “MiQ-31” qırıcı kimi tələblərə tam cavab vermirdi, lakin ələkeçirici kimi səmərəli idi. Onun raketləri uzun məsafədə effektiv idi, lakin F-15 və ya F-16 kimi yüksək manevrli və havada üstünlüyü əldə saxlayan hədəfləri məhv etməkdə çətinlik çəkirdi. Nəticə etibarilə SSRİ 1980-ci illərdə Qərb qırıcılarına qarşı effektiv vasitəyə malik deyildi. Lakin bu istiqamətdə ciddi layihələr üzərində iş gedirdi.

“Su-27” və “MiQ-29” ilk sınaqlarına 1977-ci ildə başladı. Bu zaman ABŞ-ın F-15 qırıcıları artıq kütləvi istehsal edilirdi. “Su-27” F-15 qarşısında zəif görünməli deyildi, lakin yeni “Su” ilə işlər elə də yaxşı getmirdi. İlk uçuşda məlum oldu ki, qanadların yalnış konstruksiyası təyyarənin korpusunda güclü titrəyişlər yaradır. Nəticədə “Su-27” TSAQİ tərəfindən “MiQ-29” üçün hazırlanan qanaddan istifadə etdilər. Buna görə “MiQ-29” qırıcısı 1983-cü ildə, “Su-27” isə 1985-ci ildə silahlanmaya daxil oldu.

“Su-27” seriya istehsalına başlayanda artıq 9 il idi ki, F-15 istismar edilirdi. 4-cü nəsil maşınların meydana gəlməsi ilə bütün qüvvələr 5-ci nəsilin istehsalına istiqamətləndi. 80-ci illərin əvvəllərində Soyuq Müharibə şəraitində olan qlobal güclər arasında xüsusi istiləşmə mövcud deyildi, buna görə də heç bir tərəf qırıcı təyyarələrdə mövqelərini itirmək istəmirdi. 90-cı illərin əvvəlində bir neçə yeni nəsil qırıcı proqramları hazırlanırdı. Daha əvvəl 4-cü nəsil təyyarələri əldə edən ABŞ təbii ki, bəlli bir üstünlüyünə sahib idi. 1990-cı ildə əsas rəqib olan SSRİ-nin tam dağılmasından az əvvəl, ABŞ-da 5-ci nəsil YF-22-qırıcısının prototipi ilk uçuşunu gerçəkləşdirdi.

Onun seriyalı istehsalına 1994-cü ildə başlanmalı idi, lakin bu tarixə müəyyən düzəlişlər edildi. SSRİ dağıldı və ABŞ-ın əsas rəqibi bir anda hərbi siyasi səhnədən yox oldu. ABŞ yaxşı anlayırdı ki, 90-cı illərin Rusiyası nəinki 5-ci nəsil təyyarə yarada bilməyəcək, hətta 4+ nəslin təyyarələrini belə kütləvi istehsal edə bilməyəcək.

Buna görə F-22 dizaynının istehsal versiyasına gətiririlməsi tempi kəskin şəkildə azaldı. Satınalmaların həcmi 750 maşından 648-ə qədər azaldıldı. 1997-ci ildə kütləvi istehsal başladı. Zavod 2003-cü ildə 21 ədəd F-22 istehsal etməklə nominal gücünü əldə etdi. 2011-ci ildə isə son “Raptor” ABŞ HHQ-sinə təslim edildi.

F-35 qırıcısı da 5-ci nəsilə aiddir, onu ABŞ və Böyük Britaniya müştərək istehsal edib. Bu qırıcı radara görünməyən stels texnologiyalı, təkpilotlu və təkmühərrikli hərbi döyüş təyyarəsidir. Bu qırıcı təyyarə yerüstü hədəfləri məhv etmək və hava döyüşü aparmaq üçün inkişaf etdirilib. F-35 təyyarəsinin hazırda 3 əsas növü istismar edilir: F-35A - ənənəvi qalxma və enmə variantı, F-35B - sürətli qalxma və şaquli enmə variantı və F35C - aviadaşıyıcılar üçün hazırlanan və katapultla qısa zamanda qalxa bilən variantı. F-35 2015-ci ildə silahlanmaya qəbul edilib.

F-35 qırıcıları F-16, A-10, F/A-18, AV-8B qırıcılarını əvəz etmək və onları tamamlamaq üçün nəzərdə tutulur. F-35 dünyanın ən böyük və ən bahalı hərbi təyyarə layihəsidir. “Lockheed Martin”in F-35 “Joint Strike Fighter” proqramının dəyəri 2018-ci ildə təxminən 406 milyard dollara çatdı. Hazırda F-35 ailəsinin aid qırıcılarının seriya istehsalı davam edir. Sifarişçilərin kifayət qədər uzun müddət əldə etməyə çalışdığı qırıcılar Əfqanıstan və Suriyada keçirilən döyüş əməliyyatlarında iştirak edib.

Böyük Britaniya Hərbi Hava Qüvvələri

Böyük Britaniya Silahlı Qüvvələrinin qoşun növlərindən biri Kral Hərbi Hava Qüvvələridir. Kral HHQ-nin tərkibi 1 saylı döyüş, 2 saylı təminat, 11 saylı kosmik, 22 saylı təlim, 38 saylı döyüş və arxa cəbhə təminatı, həmçinin ölkədən kənarda, əsasən Qətərin Əl-Üdeyd bazasında dislokasiya olunan 83 saylı ekspedisiya qrupundan ibarətdir. 1918-ci ildə yaranan Kral HHQ-si hazırda 33000 nəfərə yaxın şəxsi heyətə malikdir. Zərbə aviasiya eskadrilyalarının əksəriyyəti Avropanın birgə istehsalı olan “Eurofighter Typhoon”, az bir hissəsi isə ABŞ-ın F-35 qırıcıları ilə silahlanıb. Ümumilikdə Kral HHQ-də 4-cü nəsil qırıcıların sayı 500-dən çoxdur, 5-ci nəsil qırıcıların sayı isə 30-dan azdır. Davam edən təchizat müqaviləsi 138 ədəd son nəsil qırıcının HHQ-yə təslim edilməsini nəzərdə tutur. Onların bir hissəsinin İngiltərədə istehsalı istisna edilmir. Kral HHQ-nin hərbi pilot korpusu və aviasiya parkı yüksək döyüş hazırlığına malikdir.

Böyük Britaniya HHQ-sinin döyüş tətbiqi və itkiləri

Böyük Britaniya HHQ-si II Dünya müharibəsindən sonra Körfəz, Kosovo, Əfqanıstan və İraq müharibələrində, həmçinin NATO-nun əksər sülhməramlı əməliyyatlarında yaxından iştirak edib.

3 aya yaxın davam edən Balkan müharibəsində Qərbi və Mərkəzi Avropanın 25 aviabazasından NATO döyüş vasitələrinin endirdiyi 1200 aviazərbədən təxminən 60 ədədi Böyük Britaniyanın 9 ədəd qırıcısının payına düşdü. Birləşmiş Krallığın Hərbi Hava Qüvvələrinin İraqda 1 ədəd “Jaguar” və 4 ədəd “Tornado” qırıcısı itirdiyi iddia edilsə də, ingilislər bunu qətiyyən qəbul etmir.

Böyük Britaniyanın son əldə etdiyi F-35 təyyarələri keçən il İraq və Suriya üzərində kəşfiyyat uçuşları həyata keçirib.

Böyük Britaniyanın aviasiya istehsal potensialı

Böyük Britaniya beynəlxalq əməkdaşlıq çərçivəsində aviasiya istehsalı sahəsində mülki və hərbi təyyarələrin inkişafı, istehsalı və yığılması, onların modernləşdirilməsi və təmiri proseslərini həyata keçirir. Ölkədə bir çox ehtiyat hissələr, mühərriklər və avadanlıqlar istehsal edilir. Hərbi təyyarələr ən böyük ingilis şirkəti “BAE Systems”in tərkibində olan müəssisələrdə hazırlanır və istehsal olunur. Təyyarə istehsalı, gəmiqayırma və silah sistemləri üçün cavabdeh olan şirkətin filialında 31 mindən çox insan var ki, bu da şirkətdəki ümumi işçilərin 41 faizini təşkil edir. Birbaşa təyyarə istehsalında 8 mindən çox insan iştirak edir.

Hərbi təyyarə istehsalı sektorunda şirkətin Uortonda yerləşən müəssisəsi məşğul olur. Burada “Typoon” çoxməqsədli qırıcılarının hissələri, “Tornado GR.4” qırıcı-bombardmançıları, “Hawk T2” təlim vasitələri və s. istehsal edilir. Prestonda yerləşən filialda “Eurofighter” birgə proqramı çərçivəsində burun və quyruq hissələri, qanad elementləri və s. istehsal edilir. Samlesburidə isə F-35 qırıcıları üçün füzelyajın quyruq hissəsi istehsal edilir. Nəqliyyat ə sərnişin təyyarələrinin istehsalında “Airbus” filialı mühüm rol oynayır.

Helikopter texnologiyasının istehsalında isə qlobal bazarda olduqca inkişaf etmiş və rəqabətədavamlı “Finmeccanica” korporasiyasına daxil olan “Agusta Westland” məşğul olur. “Agusta Westland”ın ümumi heyətinin sayı 70 mindən çoxdur, onlardan 4 min nəfəri İngiltərədəki müəssisələrdə çalışır. Hazırda şirkətin İngiltərə filialı həm AW-119K, AW-159 “Links Wildcat”, “Super Links” və AW-101 “Merlin” tipli çoxməqsədli helikopterlər istehsal edir, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində NH-90 tipli helikopterlərin yaradılması və istehsal proqramlarında yaxından iştirak edir.

Müxtəlif modifikasiyalı çoxməqsədli helikopterlər Braziliya, Danimarka, Fransa, Almaniya, Koreya Respublikası, Hollandiya, Norveç, Oman və digər ölkələrin Hərbi Hava Qüvvələri tərəfindən silahlanmaya qəbul edilib.

Təyyarə mühərrikinin istehsalı sahəsində isə dünya liderlərindən biri, 1906-cı ildə qurulan “Rolls-Royce” şirkəti məşğul olur. Sifariş portfeli 65 milyard dollara çatan şirkətdə 40 mindən çox insan çalışır. “Rolls-Royce” mühərrikləri dünyanın 100-dən çox ölkəsinin həm mülki, həm də hərbi aviasiya vasitələrində istifadə edilir.

Böyük Britaniyanın 6-cı nəsil “Tempest” layihəsi

Böyük Britaniya da Fransa-Almaniya kimi, 5-ci nəsil təyyarələrə vaxt itirmədən dərhal 6-cı nəsil qırıcı yaratmağı planlaşdırır. 6-cı nəsil ingilis döyüş təyyarəsi II Dünya Müharibəsində uğurla iştirak edən “Hawker Tempest” şərəfinə “Tempest” adlandırılıb. Gələcəkdə 6-cı nəsil “Tempest” qırıcıları Kral HHQ-nin “Eurofighter Typhoon” təyyarələrini əvəz edəcək. 2025-ci ilədək bu proqramın yerinə yetirilməsi üçün iki milyard funt sterlinq sərmayə qoyulacaq. Ayrılan vəsait 2035-ci ildə istismara veriləcək yeni təyyarənin əsasını təşkil edəcək texnologiyaların zəruri dəstini əldə etməyə kömək edəcək.

Layihələndirilən 6-cı nəsil döyüş təyyarələrinin, həm pilotların idarəetməsi, həm də pilotsuz rejimdə missiyaları həyata keçirməsi mümkün olacaq.

Bu layihənin həyata keçirilməsində iştirak edəcək konsernlər “Team Tempest” adı altında şirkətlər qrupu yaradıblar. Bu layihədə Britaniya şirkətlərindən təyyarə mühərrikləri istehsalçısı “Rolls Royce”, hərbi-sənaye nəhəngi “BAE Systems”, müxtəlif raket sistemlərinin məşhur Avropa istehsalçısı MBDA, eləcə də İtaliyanın “Leonardo” şirkəti iştirak edəcək.

Yeni qırıcı pilotlu versiyada opsional olaraq istehsal ediləcək, standart versiya isə pilotsuz versiyada nəzərdə tutulur. Bu isə qırıcının yüksək sürət göstəricilərinə malik olacağından xəbər verir. Yeni qırıcı üçün xüsusi təyyarə mühərriki yaradılacağı məlumdur. Qırıcı “yönəldilən enerji və lazer silahları”na sahib olacaq və müxtəlif PUA-ları da idarə edə biləcək. Həmçinin yeni qırıcıda ilk dəfə süni zəka ilə birgə işləyən və virtual pilot kabin funksiyası ilə təchiz olunan idarəetmə sistemi tətbiq ediləcək.

“BAE Systems” müdafiə sənaye şirkəti artıq yaxın gələcəkdə hazırlanmasına başlanması planlaşdırılan 6-cı nəsil “Tempest” perspektivli döyüş təyyarələri üçün virtual pilot kabin konsepsiyasını təqdim edib.

Fransa Hərbi Hava Qüvvələri

Fransa Hərbi Hava Qüvvələri Fransanın Müdafiə Nazirliyinə tabedir və Fransa Silahlı Qüvvələrinin tərkib hissəsidir. 41150 nəfər şəxsi heyətə malik Fransa HHQ-si 1910-cu ildə yaranıb. I və II Dünya müharibələrində iştirak edən Fransa bir çox münaqişələrdə, xüsusilə Afrika və Yaxın Şərqdəki döyüş və sülhməramlı əməliyyatlarda aktiv iştirak edib. 1943-cü ildən etibarən müasir formada mövcuddur.

Fransa Respublikasının Hərbi Hava Qüvvələrinin komandanına tabedir:

- Hərbi Hava Qüvvələrinin Baş Qərargahı;
- Hərbi Hava Qüvvələrinin Fransa və xarici ölkə ərazilərində yerləşən aviabazalar, aerodromlar, hərbi hissələr, biliklər və bölmələri;
- Hərbi Hava Qüvvələrinin Kadrlar idarəsi;
- Hərbi Hava Qüvvələrinin maddi texniki xidmətləri və idarəetmə orqanları.

Fransa Hərbi Hava Qüvvələrinin Baş Qərargahı

Hərbi Hava Qüvvələrinin Baş Qərargahı Fransa Silahlı Qüvvələrinin üç əsas qoşun növünün qərargahından biridir. Hərbi Dəniz Qüvvələrinin Baş Qərargahı Fransa Müdafiə Nazirliyinin qeyri-rəsmi olaraq “Fransa Pentaqonu” adlandırılan qərargah kompleksində yerləşir. Hərbi Hava Qüvvələrinin Baş Qərargahında əməliyyat planlaşdırması üçün təxminən 150 əməliyyat zabiti xidmət edir.

Fransa Hərbi Hava Qüvvələri Baş Qərargahının tərkibində üç operativ komandanlıq fəaliyyət göstərir:

- Strateji Aviasiya Baş İdarəsi;
- Hava Qüvvələri Baş İdarəsi;
- Əməliyyat planlaşdırma idarəsi.

Strateji Aviasiya Baş İdarəsi

Strateji Aviasiya Baş İdarəsinə tərkibində bütün strateji nüvə daşıyıcılarının (“Dassault Mirage 2000” və “Dassault Rafale”) və hava yanacaq dolduranlarının (“Boeing C-135 Stratolifter”, “Boeing KC-135 Stratotanker”) olduğu aviasiya alayları daxildir. Strateji aviasiya bölmələrinin döyüş istifadəsinə dair qərarı şəxsən Respublika Prezidenti qəbul edir.

Hərbi Hava Qüvvələrinin Baş İdarəsinə 6 aviasiya və bir neçə təminat briqadası tabedir:

Qırıcı aviasiya briqadaları “Rafale”, “Mirage 2000-5F”, “Mirage 2000B/C/D” qırıcıları və “Transall”, “Gabriel” və s. kimi hava kəşfiyyat təyyarələri ilə təchiz edilir;

- Hərbi-nəqliyyat briqadası “Transal C-160”, “Hercules C-130”, “Airbus 310/319”, “Falcon 50/900”, “Puma SA330”, “Fenech AS550 / 555”, “Cougar AS332”, TBM-700 və digər təyyarə növlərinə malikdir;

- Radiolokasiya və tuşlama briqadası E-3F aşkarlama təyyarələrindən, yerüstü HHM komplekslərindən, DIRISI xəbərdarlıq və rabitə sistemindən istifadə edir;

- Bunlardan əlavə Hərbi Hava Qüvvələrinin Baş İdarəsinə tərkibində Xüsusi Təyinatlı Qüvvələr briqadası, 10-cu paraşüt-desant alayı, maddi texniki təminat briqadası və digər təminat hissə və bölmələri daxildir.

Əməliyyat planlaşdırma idarəsi

Əməliyyat-planlaşdırma idarəsi Hərbi Hava Qüvvələrinin Parisdə yerləşən 117 saylı hərbi hissəsinin ərazisində fəaliyyət göstərir. Onun vəzifələrinə Hərbi Hava Qüvvələrinin həm bütün cari əməliyyatlarını, həm də ön hərbi əməliyyat teatrında bütün hissə və birliklərinin qarşılıqlı əlaqələrini planlaşdırmaq daxildir.

Silahlanması

Fransa beynəlxalq müqaviləyə görə silahlanmasında 800 ədədə qədər döyüş təyyarəsi və 374 ədəd zərbə helikopteri saxlaya bilər. Fransa HHQ-nin tərkibində 250 ədəd “Dassault Aviation Rafale B” və “Dassault Aviation Rafale C” qırıcıları, “Dassault Aviation Mirage 2000-5/2000С” çoxməqsədli qırıcıları, “Dassault Aviation Mirage 2000B” təlim qırıcıları, “Dassault Aviation Mirage 2000D” qırıcı-bombardmançıları və “Dassault Aviation Mirage 2000N” nüvə silahı daşıya bilən bombardmançıları mövcuddur.

Ümumi sayı 20 ədəd olan “Boeing E-3F Sentry”, “Boeing KC-135 Stratotanker”, “Boeing C-135FR”, “Transall C-160G Gabriel” nəqliyyat təyarələri isə erkən aşkarlama, yanacaqdolduran və kəşfiyyat təyyarələri kimi istifadə edilir.

Bundan başqa Fransa HHQ-nin tərkibində 130 ədəd “Airbus A400M”, “Lockheed C-130H/H-30”, “Transall C-160R”, CASA CN-235M-100, CASA CN-235M-200, CASA CN-235M-300, “Embraer EMB-121”, “Socata TBM-700”, “Airbus A310-300”, F-RADA, “Airbus A340-200”, F-RAJB “Airbus A330-200”, “Dassault Falcon 7X”, “Dassault Aviasiya Falcon 900”, “Dassault Falcon 2000” və “Dassault Falcon 2000EX” tipli nəqliyyat, sərnişin və ümumi təyinatlı təyyarələr də yer alır. Burada nəqliyyat təyyarələrinin geniş çeşidi diqqəti cəlb edir.

Fransa HHQ-nin helikopter parkında isə 80 ədəd “Aerospatiale SA330B Puma”, “Eurocopter AS332C Super Puma”, “Eurocopter AS332L Super Puma”, “Eurocopter AS532UL Cougar”, AS555 “Fennec” və H225M “Caracal” tipli çoxmədsədli və nəqliyyat hava vasitələri yer alır.

Təlim məqsədilə 107 ədəd “Dassault/Dornier Alpha Jet”, “Socata TB-30” və “Grob G 120A-F” təyyarələrindən istifadə edilir.

Fransa HHQ-nin aviasiya vasitələrinin döyüşə hazırlıq göstəricisinin 80%-dən yuxarı olduğu ehtimal edilir. Belə bir yüksək göstərici, əsasən yerli və birgə istehsal məhsullarından istifadə hesabına əldə olunur.

Fransa HHQ-nin döyüşlərdə tətbiqi və itkiləri

Fransa Silahlı Qüvvələri II Dünya müharibəsindən sonra Əlcəzairdə hərbi əməliyyatlar keçirsə də, HHQ-dən geniş miqyasda istifadə etməyib. Vyetnamda gedən əməliyyatlarda Fransa ciddi itkilərə məruz qalıb, lakin bu itkilərin HHQ-yə aid olması barədə məlumatlar yoxdur.

Fransızlar Vyetnamdan sonra 1977-ci ildə Fransa-Əlcəzair tərəfindən dəstəklənən POLISARIO Qərbi Saxara cəbhəsindən Mavritaniyanı xilas etmək üçün bu ölkəyə qoşun göndərdi. 6 ay davam edən döyüşlərdə Fransa Quru Qoşunlarının sayı məhdud idi, HHQ isə 3 ədəd “Jaguar” hücum təyyarəsini itirməklə yadda qaldı. Mavritaniyadakı hərbi çevrilişdən sonra fransızlar ölkəni tərk etdilər.

Fransa ordusu 1978-1980, 1983-1984 və 1986-1987-ci illərdə Liviya lideri Muammər Qəddafi tərəfindən dəstəklənən yerli üsyançılara qarşı hökumət qoşunları tərəfindən Çadda gedən hərbi əməliyyatlarda iştirak etdi. Fransa HHQ-si bu döyüşlərdə 6 ədəd “Jaguar” hücum təyyarəsini itirdi. Legionerlərin fəaliyyətləri liviyalıların məğlubiyyətinə səbəb oldu.

XXI əsrin əvvəllərində Fransa ordusu Kot D-İvuarda keçmiş Prezident Qbaqbo tərəfində çıxış etdi. Daha doğrusu, fransızlar özlərini sülhməramlılar kimi göstərməyə çalışdılar, çünki bu ölkədə yerləşən BMT qoşunları vəzifələrini tam yerinə yetirmirdi. Burada HHQ itkisi qeydə alınmayıb.

Əlcəzairdən sonra Fransanın Afrikadakı ən böyük hərbi əməliyyatı Malidə keçirilən “Serval” əməliyyatı oldu. 2012-ci ilin birinci yarısında separatçılar ölkənin ərazisinin yarıdan çoxunu ələ keçirərək Azavad dövlətini elan etdilər. İlin ikinci yarısında radikal silahlılar hakimiyyəti ələ keçirdilər və Malinin qalan hissəsini zəbt etmək üçün cənub-qərbdən hücuma başladılar. Malinin silahlı qüvvələri tamamilə aciz idi və buna görə Fransa onları xilas etməli idi. Fransızlar Cadın paytaxtı Ndjamendə 6 ədəd “Rafal” qırıcı bombardmançılarından, 6 ədəd müasir “Mirage-2000D” qırıcısından, 2 ədəd “Mirage-F1CR” kəşfiyyat təyyarəsindən və 5 ədəd KS-135 yanacaqdoldurandan ibarət böyük bir Hərbi Hava Qüvvələri qruplaşması və Quru Qoşun hissələrindən ibarət zərbə birləşməsini yaratdı.

Əməliyyatlar 11 yanvar 2013-cü ildə başladı. Faktiki olaraq maskalanmanın mümkün olmadığı səhrada havada üstünlüyün əldə edilməsi çox vacib idi. Kampaniyanın ilk günündə fransızlar SA342 “Gazelle” helikopterini itirdilər, bu onların son aviasiya itkisi oldu. Fevral ayının əvvəlində Fransa-Afrika qüvvələri Əlcəzair sərhədlərinə çatdı, çünki silahlılar praktiki olaraq müqavimət göstərə bilmirdilər.

Afrikada həyata keçirilən əməliyyatlardan başqa Fransa HHQ-si Körfəz, Kosovo, Əfqanıstan, İraq müharibələrində və NATO-nun əksər sülhməramlı əməliyyatlarında yaxından iştirak edib.

Yuqoslaviyada 3 aya yaxın davam edən hərbi əməliyyatlarda NATO döyüş vasitələrinin Avropanın 25 aviabazasından endirdiyi 1200 aviazərbədən təxminən 132 ədədi Fransanın 40 ədəd döyüş vasitələrinin pilotları tərəfindən reallaşdırıldı. Serblər əməliyyatlar zamanı Fransanın 1 ədəd “Jaquar” və 2 ədəd “Mirage-2000” aviasiya vasitəsini məhv etdiyini iddia etsə də, fransızlar bunu inkar etdilər.

Fransa HHQ-si ABŞ və Böyük Britaniya ilə koalisiya təşkil edərək 2014-cü ildən Suriyada keçirilən hava əməliyyatlarında iştirak edir. Son kütləvi zərbələrini 2018-ci ilin aprelində həyata keçiriblər. Fransız aviasiya vasitələrinin Suriyada itkiləri qeydə alınmayıb.

Fransanın aviasiya istehsal potensialı

Fransanın aviasiya sənayesi hərbi-sənaye kompleksi strukturunda aparıcı sahələrdən biridir. İstehsal bazasının əsasını 40 mindən çox insanın çalışdığı 50-yə yaxın iri müəssisə təşkil edir. Sənayenin tədqiqat bazasına eksperimental dizayn işləri ilə məşğul olan 10-a yaxın təşkilat və laboratoriya daxildir. Təyyarə istehsalı üçün uzunmüddətli planların hazırlanması, hərbi-texniki əməkdaşlığın təşkili, habelə milli hava qüvvələri üçün silah əldə etmə proqramlarının icrasına rəhbərlik və nəzarət Fransa Baş Silahlanma İdarəsinə həvalə edilib.

Müəssisələrarası əməkdaşlıq əlaqələrinin yaradılması və müəssisələrdə istehsal proqramlarının həyata keçirilməsinin monitorinqi Fransa Aerokosmik Sənaye Birliyi (Groupeman des Indyustri Francaise Aeronique və Spasial) tərəfindən həyata keçirilir.

Fransadakı hərbi aviasiya vasitələrinin əsas aparıcı istehsalçılarına çoxməqsədli qırıcılar istehsal edən “Dassault Aviation” korporasiyası və köməkçi təyyarələr, müxtəlif növ helikopter və pilotsuz uçuş aparatlarının istehsalçısı “Airbus Group” korporasiyası aiddir. Hər növ təyyarə mühərriklərinin layihələndirilməsi və istehsalı “Safran” korporasiyasında həyata keçirilir.

“Dassault Aviation” korporasiyası müəssisələrində və tədqiqat mərkəzlərində hərbi və mülki təyyarələrin inkişafı, yığılması, maddi-texniki təchizatı və təmiri həyata keçirilir. Hazırda istehsal olunan hərbi məhsulların çeşidinə “Rafale” qırıcıları daxildir. Eyni korporasiya milli HHQ-nin silahlanmasında yer alan “Mirage” qırıcılarının təmiri və modernləşdirilməsi ilə bərabər “Atlantik” patrul təyyarələrinin istehsalı ilə də məşğul olur. Korporasiyanın Merignac şəhərində yerləşən filialında “Rafale F3” qırıcılarının son yığımı həyata keçirilir.

İstehsalat proqramı ölkənin HHQ və HDQ-si üçün 286 qırıcının istehsalını başa çatdırmaq üzrədir. Korporasiyanın son sifarişləri Misir Hərbi Hava Qüvvələrinə 24 ədəd, Hindistana 36 ədəd, Qətərə 24 ədəd və Fransa Müdafiə Nazirliyi üçün əlavə 42 ədəd qırıcının çatdırılmasını nəzərdə tutur.

Bundan əlavə, korporasiya keçən il Fransa Hərbi Dəniz Qüvvələrinin 10 ədəd “Rafale F1” qırıcısının “Rafale F3” səviyyəsinə qədər modernləşdirilməsi üzrə işlərini başa çatdırmaq üzrədir.

Almaniya Hərbi Hava Qüvvələri

Almaniya Federativ Respublikası Avropada ən güclü Hərbi Hava Qüvvələrindən birinə sahibdir. Almanların “Luftvaffe” adlandırdıqları HHQ sülh dövründə NATO ittifaqına daxil olan digər ölkələrin aviasiyası ilə birgə Avropanın havadan müdafiəsində iştirak edir.

Almaniya Federativ Respublikasının Hərbi Hava Qüvvələri Bundesverin Baş inspektoruna tabe olan HHQ komandanı tərəfindən idarə olunur.

HHQ-nin təşkilati quruluşu aşağıdakı kimidir:

- Baş Qərargah;
- Operativ komandanlıq qərargahı;
- Dəstək komandanlığı qərargahı;
- Mərkəzi idarəetmə.

Baş Qərargah

Hərbi Hava Qüvvələrinin Baş Qərargahı əməliyyat nəzarəti orqanıdır. Onun vəzifələrinə Hərbi Hava Qüvvələrinin operativ istifadəsi, döyüş hazırlığı, hissələrin, bölmələrin və birləşmələrin yerləşdirilməsini təyin etmək daxildir. Baş Qərargaha operativ komandanlıq qərargahı, dəstək komandanlığı qərargahı və mərkəzi idarəetmə orqanları tabedir.

Operativ komandanlıq qərargahı

Almaniya Hərbi Hava Qüvvələrinin operativ komandanlığı 1994-cü ildə yaradılıb. O, döyüş və sülh vaxtlarında HHQ-nin vasitə və qüvvələrini idarə etmək üçün nəzərdə tutulur. Tərkibinə “Cənub” və “Şimal” regional komandanlıqları, idarəetmə xidmətləri komandanlığı və aviasiya nəqliyyatı komandanlığı daxildir.

Mərkəzi idarəetmə idarəsi

Hərbi Hava Qüvvələrinin mərkəzi idarəetmə idarəsi təhsil müəssisələrində kadr hazırlığının təşkili, geofiziki və tibbi təminat, Hərbi Hava Qüvvələrinin bölmələrinin təlim tədris prosesinin planlaşdırması və nəzarət funksiyalarını yerinə yetirir.

Dəstək komandanlığı qərargahı

Alman HHQ-sinin Dəstək komandanlığı qərargahının tabeliyində hər birinin müəyyən bir məsuliyyət sahəsi olan 6 təminat alayı fəaliyyət göstərir. Maddi-texniki təminat ehtiyatları “Luftvaffe” döyüş aviadəstələrinə 30 gün davamlı döyüş aparmağa imkan verir.
Silahlanması

Almaniya beynəlxalq müqaviləyə görə silahlanmasında 765 ədədə qədər döyüş təyyarəsi və 280 ədəd zərbə helikopteri saxlaya bilər. Almaniya Hərbi Hava Qüvvələrinin şəxsi heyətini 28300 nəfər təşkil edir. “Luftvaffe” tərkibinə ümumilikdə 1040 döyüş vasitəsinə malik 25 eskadrilya daxildir.

Onlardan 108 ədədi nüvə daşıyıcı, 165 ədədi qırıcı-bombardmançı, 170 ədədi qırıcı, 144 ədədi hava hücumundan müdafiə, 157 ədədi isə həqliyyat təyyarəsidir. 100 ədəd helikopter isə 5 eskadrilya arasında paylanıb. Bundan əlavə 94 ədəd təyyarə təlim məqsədilə istifadə olunur, 102 ədəd müxtəlif təyinatlı təyyarə isə ehtiyatdadır. HHQ-nin 85%-i vasitəsi döyüşə hazır hesab edilir.

Bütün hava hücumundan müdafiə vasitə və qüvvələri qırıcı təyyarələrlə birlikdə HHQ-nin “Cənub” və “Şimal” regional komandanlığının dörd aviasiya diviziyası arasında paylanıb.

Almaniya HHQ-nin tərkibində aşağıdakı aviasiya vasitələrindən geniş istifadə olunur:

- “Eurofighter Typhoon”; “Panavia Tornado ECR” və “Panavia Tornado IDS” qırıcıları;
- “Transall C-160”, “Airbus A310”, “Airbus A319”, “Airbus A340” və “Bombardier Global 5000” nəqliyyat təyyarələri (bəziləri xüsusi funksiyalara malikdir);
- “Eurocopter AS 532”, CH-53 “Stallion”, H145M, “Sikorsky CH-53G/GA” və “Sikorsky CH-53GS/GE” helikopterləri;
- “Raytheon T-6 Texan II” və “Northrop T-38 TalonT-6A” təlim təyyarələri.

Almaniyanın hərbi aviasiya istehsalı

I Dünya müharibəsi başa çatdıqdan sonra Versal müqaviləsi Almaniyaya hərbi aviasiya vasitələrinin istehsalını qadağan etdi. Bundan əlavə, qadağalar istənilən ehtiyat hissələrinin istehsalına və 6 ay müddətinə satışına da şamil edildi. 1922-ci ildə qadağaların bir hissəsi ləğv edilsə də, yerdə qalan məhdudiyyətlər hərbi aviasiyanın inkişafına imkan vermədi. Sonradan bütün məhdudiyyətlər qaldırıldı və bu Hitlerə hakimiyyətə gəldikdən sonra istehsal olunan təyyarələrin sayını əhəmiyyətli dərəcədə artırmağa imkan verdi. II Dunya müharibəsinin əvvəlində Almaniya təyyarə və mühərrik istehsal edən 150-dən çox fabrikə malik idi. Müharibənin sonunda isə - bəlli səbəblərdən - aviasiya istehsal sektoru tam çökdürüldü.

Sonradan zaman keçdikcə bu sənaye tədricən canlandı. 90-cı illərin əvvəlləri aviasiya sənayesində geriləmə ilə yadda qaldı, lakin bundan sonra kəskin yüksəliş başladı və bu günə qədər onu dayandırmaq mümkün olmayıb.

2002-ci ildə Almaniya aviasiya sənayesi dövriyyəsi 15 milyard avroya yaxınlaşdı, bu sahənin yaratdığı iş yerlərinin sayı 70 mindən çox oldu. Almaniya aviasiya sənayesinin 68%-ni mülki təyyarə sənayesi, təxminən 23%-ni hərbi aviasiya istehsalı, təxminən 9%-ni isə kosmik sənaye təşkil edir.

Bu gün Almaniya avasiya sənayesi inkişafının zirvəsindədir. Aviasiya sahəsində beynəlxalq əməkdaşlığın uğurlu nümunələri mövcuddur. İstehsal olunan təyyarələrin 70% -dən çoxu ixrac edilir. Bunların arasında ən məşhurları “Airbus” və EADS korporasiyalarıdır. Son illərdə “Airbus” əbədi rəqibi “Boeing”lə müqayisədə istehsal olunan vasitələrin sayında onu keçib. Hazırda Almaniya şirkəti bir ildə 15000 təyyarə istehsalı dünyanın ən böyük mülki aviasiya istehsalçısıdır.

Hamburq şəhəri isə ölkənin aviasiya sənayesinin mərkəzi adlandırılır. Bu şəhərdə və onun ətrafındakı ərazilərdə təyyarələrin istehsalı, texniki xidməti və istismarına aid müəssisələr cəmləşib. Burada “Airbus”, “Lufthansa” və onlardan başqa təxminən 300 orta və kiçik aviasiya müəssisələri mövcuddur.

1986-cı ildə “Alenia Aeronautica”, “BAE Systems” və EADS konsorsiumu tərəfindən “Eurofighter GmbH” kompaniyası yaradıldı. Yeni şirkət tərəfindən inkişafına başlanan “Eurofighter Typhoon” qırıcısı Avropanın ortaq vasitəsi hesab olunsa da, əsas podratçı şirkətdə ən çox paya almanlar sahib oldu.

Elə həmin ildə mühərrik istehsalı üçün “Rolls-Royce” (Böyük Britaniya), “FiatAvio” (İtaliya), ITP (İspaniya) və MTU “Aero Engines” (Almaniya) konsorsiumu Almaniyanın Münhen şəhəri ətrafındakı Hallbergmoos rayonu ərazisində yerləşəcək “Eurojet Turbo GmbH” korporasiyasını yaratdılar. 1988-ci ildə mühərrikin inkişafı üçün müqavilə imzalandı, 1994-ci ildə isə “Eurofighter”in ilk uçuşu baş tutdu və kütləvi istehsala başlandı. Hazırda kütləvi istehsalı davam edən qırıcılar Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Avstriya, Səudiyyə Ərəbistanı, Oman, Küveyt və Qətər HHQ-nin silahlanmasında döyüş vəzifələrini yerinə yetirirlər.

Almaniya HHQ-nin döyüş tətbiqi və itkiləri

Almaniya HHQ 1995-ci ildə Bosniyada keçirilən “Qərarlı Güc”, 1999-cu ildə Yuqoslaviyada (Kosovoda) keçirilən “İttifaq Gücü”, 2001-2014-cü illərdə Əfqanıstanda keçirilən “Sarsılmaz Güc” döyüş əməliyyatlarında iştirak edib. Suriya vətəndaş müharibəsində isə döyüş vəzifələrində deyil, texniki dəstək göstərməklə iştirak etdiyi bildirilir. İŞİD-ə qarşı hərbi əməliyyatlara kəşfiyyat dəstəyi verdiyi ehtimal olunur.

78 gün Yuqoslaviyada davam edən hərbi əməliyyatlarda Qərbi və Mərkəzi Avropanın 25 aviabazasından NATO döyüş vasitələrinin endirdiyi 1200 aviazərbənin 2,1%-i Almaniyanın 16 ədəd döyüş təyyarəsinin payına düşüb. Almaniya bu əməliyyatlarda əsasən “Tornado” qırıcıları ilə kəşfiyyat xarakterli uçuşların həyata keçirilməsi vəzifələrini daşıyıb. Almaniyanın itkiləri barədə nə serb, nə də özləri tərəfindən məlumat verilmir.

Avropanın qırıcı parkı

Almaniya və Fransa aviasiya layihələrini daha öncə Böyük Britaniya ilə, sonradan isə “Brexit” məsələsinə görə ikilikdə həyata keçirirlər, buna görə də məqalənin bu hissəsində alman-fransız istehsal potensialı birlikdə dəyərləndiriləcək. 1980-ci ildə vahid Avropa qırıcısının yaradılması layihəsi, Fransanın transmilli layihədən çıxması ilə fransızların milli “Dassault Rafale” və Avropanın “Eurofighter Typhoon” qırıcılarının yaranmasına səbəb oldu. Nəticədə Avropa bir qırıcı əvəzinə, eyni vaxtda iki yeni qırıcı əldə etdi. Konsorsiumun üzvlərinin sayı azaldı, layihə müddət məsələsində bir az geri qaldı, lakin yenə də Avropa SSRİ-ni eyni nəsil qırıcıların istehsalında 5 ilə qədər qabaqlaya bildi.

Hazırda Avropada 3 növ 4-cü nəsil qırıcılar istehsal edilir: “Eurofighter Typhoon” (Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya), “Gripen” (İsveç) və “Rafale” (Fransa). Məlumdur ki, döyüş təyyarəsinin yeni nəslinin inkişaf və istehsalı hər bir dövlət üçün çox bahalı, lakin mövcud ABŞ təzyiqləri fonunda vacib bir layihədir. Buna görə də yeni qırıcının birgə yaradılması qərarı həm maraqlı tərəflər, həm də Avropa İttifaqı dövlətləri tərəfindən tam dəstək qazanır.

Qərb ölkələri isə hərbi aviasiya vasitələrinin yaradılması sahəsində Rusiyadan yüksək inkişaf templəri ilə fərqlənir. Hazırda dünyanın bəzi ölkələrində, o cümlədən 4+ və 5-ci nəsil qırıcılardan istifadə edilir. Göründüyü kimi, Avropanın özünün istehsal etdiyi 5-ci nəsil qırıcısı yoxdur, onların bəziləri bu qırıcıları ABŞ-dan əldə edir. Böyük Britaniya, Almaniya və Fransa mühəndisləri isə 5-ci nəsili adlayaraq, birbaşa 6-cı nəsil qırıcının hazırlanmasına başlayıblar.

Avropanın 6-cı nəsil qırıcıları

Fransa və Almaniya 6-cı nəsil qırıcı kompleksinin inkişafı çərçivəsində bir neçə müqavilə bağlayıb. Hər iki ölkənin hərbi qurumlarının rəhbərləri “Gələcək Hava Döyüş Vasitəsi” (FCAS) konsepsiyasının inkişafına başlandığını elan ediblər. Onların iştirakı ilə bu proqram çərçivəsində yeni qırıcı üçün mühərrikin yaradılması barədə müqavilə də imzalanıb.

Fransanın Gennevill şəhərində yeni aviasiya mühərriklərini istehsal edəcək “Safran” şirkətinə məxsus zavodun açılış mərasimi də keçirilib. “Safran” və Almaniyanın “MTU Aero Engines” şirkətləri yeni nəsil qırıcı (New Generation Fighter - NGF) üçün mühərriki inkişaf etdirmək və istehsal etmək üçün birgə müəssisənin yaradılmasına dair anlaşma memorandumunu da imzalayıb. 2019-cu ildən İspaniyanın FCAS komponentlərinin inkişafına qatılacağı bildirilsə də, hələlik bu barədə rəsmi məlumat yoxdur.

İlk dəfə Fransa və Almaniya tərəfindən yeni bir qırıcının birgə inkişafının başlanması barədə məlumat 2017-ci ilin əvvəlində məlum olub. Avropanın yeni döyüş təyyarələrinin 4-cü nəsil “Eurofighter Typhoon” və “Dassault Rafale” qırıcılarını əvəz edəcəyi gözlənilir.

6-cı nəsil təyyarələri əvvəlkilərdən fərqləndirəcək əsas texniki keyfiyyətlər rəsmən açıqlanmır. Lakin ehtimal olunur ki, buraya hipersəs sürət, yeni tipdə və növdə silah sistemləri (lazer döyüş sistemləri də daxil olmaqla), üstün stels texnologiya, maksimum uçuş hündürlüyü və radiusu, peyk vasitəsilə pilotsuz qırıcının idarə edilməsi, kosmik fəzada əməliyyat aparmaq imkanı və s. aid oluna bilər. Bəzi mənbələrin 6-cı nəsil qırıcıların yaratdığı fiziki yükün insan orqanizmi tərəfindən qəbul edilə bilməyəcəyi iddiasını qəbul etsək, bu vasitələrin pilotsuz versiyada hazırlanmasını gözləmək daha realdır. Qırıcının 25 km-dən yüksəklikdə 3 Max sürətdən sonra burun hissəsi və korpusunun, müvafiq olaraq təxminən 400 və 260 dərəcədən yuxarı qızmasının qarşısını almaq üçün titan qarışığı tərkibinin dəyişməsi gözlənilir. 13 km-lik yüksəklikdən sonra pilot standart oksigen maskası ilə nəfəs alaraq düşüncə tərzini və həyat fəaliyyətini saxlaya bilmir. Yəni 6-cı nəsil vasitələr ya kosmonavtların istifadə etdiyi geyim və avadanlıqlardan daha geniş istifadə etməli olacaq, ya da pilotsuz versiyaya üstünlük veriləcək. Qırıcı 2040-cı ilə qədər tam əməliyyat hazırlığı vəziyyətinə çatmalıdır. Bu qırıcını yaratmaq üçün layihəyə “Dassault Aviation”, “Safran” və “Airbus” şirkətlərindən başqa Avropanın digər əsas aviasiya sistemləri nəhəngləri olan MBDA və “Thales” də cəlb ediləcək.

Yeni nəsil qırıcının digər təyyarələr, peyklər, PUA-lar və AWACS kompleksləri ilə məlumat mübadiləsi apara biləcəyi gözlənilir.

Bu layihə həm pilotla, həm də pilotsuz versiyalarda hazırlana bilər. Bu qırıcıların əməliyyatda iştirak edən digər “döyüş şəbəkələrinə” daxil olmaq ehtimalı da böyükdür. Qırıcıların pilotsuz versiyası bəlkə də pilotun robot ilə əvəz edilməsini nəzərdə tutacaq.

Yeni nəsil qırıcıların silahlanmasında düşmən təyyarələrinin radioelektron vasitələrini məhv edəcək döyüş lazerinin və ya “istiqamətlənən lazer silahları”nın yer alması da nəzərdə tutulur. Həmçinin yeni qırıcıda ilk dəfə süni zəka ilə birgə işləyən və virtual pilot kabin funksiyası ilə təchiz olunan idarəetmə sistemi də tətbiq ediləcək.

Müasir hava müharibəsində yalnız fərdi hava döyüşləri deyil, qırıcıların imkanları və pilotun ustalığı ilə bərabər, aşkarlama, izləmə, hədəf göstərmə, REM, HHM, yerüstü radiotexniki sistemlər, hava şəraiti, infraqırmızı başlıqlara qarşı əks-təsir vasitələri, saxta istilik hədəfləri (LTTS) və s. kimi elementlərin doğru-dürüst tətbiqi də əhəmiyyətli rol oynayır.

Fransanın aviasiya sahəsində, xüsusilə də qırıcıların avionika elementlərinin - RLS-lərin, nişangahların və digər avadanlıqların istehsalında çox ciddi potensiala malik olduğunu və dünya lideri hesab edildiyini qeyd etmək də yerinə düşərdi. Odur ki, ən azı yaxın yarım əsrdə Avropada reallaşdırılacaq istər hərbi, istər döyüş, istərsə də mülki aviasiya vasitələrinin yeni nəslinin yaradılması və istehsalının Fransa şirkətlərinin iştirakı olmadan həyata keçiriləcəyi real görünmür. Almaniya isə mühərik sisteminin yaradılması sahəsində daha geniş təmsil ediləcək.

Nəticə

SSRİ-nin dünyada böyük aviasiya sənayesinə malik olması və onun potensialının yalnız ABŞ-la müqayisə edilə biləcəyi halda, Rusiya artıq bu istiqamətdə itirilməsi mümkün olan bir çox perspektivlərini əldən verib. Dinamikası mənfi olan tendensiya davam etməkdədir. Əgər 4-cü nəsil qırıcı istehsalında Qərb və SSRİ cəmi 3-5 il fərqlə paralel olaraq irəlləyirdisə, sonrakı istehsal prosesində Rusiya bu pariteti saxlaya bilmədi.

Britaniya, Almaniya, Fransa, Yaponiya, Çin və Rusiyada yeni aviasiya vasitələrinin istehsalı istiqamətdə fəal çalışıldığı məlumdur. Nəticələr barədə nəsə demək hələ tezdir. Bu ölkələrdən yalnız ABŞ və Çin 5-10 il fərq ilə 5-ci nəsil qırıcılara sahibdir. Yaponiya bu istamətdə aktiv fəaliyyət göstərir. Britaniya, Almaniya və Fransa 5-ci nəsil qırıcını istehsal etmədən 6-cı nəsilə keçiblər. Rusiyanın məhdud texniki və maliyyə potensialı isə onilliklərdir ki, 4-cü nəsildən 5-ci nəsilə keçməyə imkan vermir.

Hazırda 4++ sinifindən 5-ci nəsilə yalnız layihə sənədlərində yüksələ bilən “Su-57” qırıcısı, artıq 12 il əvvəl seriya istehsalına başlayan F-22 və ya F-35 ilə müqayisə edilə bilmir. Ən azından biri yüzlərlə sayda istehsal edilib, dəfələrlə döyüş vəzifələri yerinə yetirib, çox sayda müştəriləri qapıda gözləyir, digəri isə yalnız 13 prototipə (3 ədədi yerüstü, 10 ədədi isə uçuş sınaqları üçün) malikdir, onun da biri sınaq uçuşlarında yerə düşüb, səbəbləri isə tam açıqlanmır, sınaq mərhələsinin bitəcəyi də qeyri-müəyyəndir. Silahlanmaya qəbulu isə iki il əvvəl başlamalı və 8 il sonra bitməli idi. Bu müddət ərzində Qərb ölkələrindən biri, məsələn ABŞ 6-cı nəsil qırıcını havaya qaldırsa və ya silahlanmaya qəbul edərsə, buna Rusiya aviasiya sənayesinin cavabı necə olacaq? Qərbi kənara qoysaq belə, əvvəllər Sovet aviasiyasının inkişafına həsədlə baxan Çin və Pakistan kimi dövlətlərlə Rusiya arasında ən azı 5, bəlkə də 10 illik bir interval formalaşıb.

Rusiya qırıcılarının stels texnologiya ilə bağlı onillərdir ki, həll edilməyən problemləri, bəzi potensial müştərilərdə “Su-57”nin 5-ci nəsil qırıcılarına aid olduğuna dair şübhələr yaratmağa başlayıb. Ciddi aviasiya və hava hücumundan müdafiə sistemlərinə malik olan düşmənə qarşı stels texnologiyasız qırıcıların tətbiqi, həmin vasitələrin təhlükəsizliyini ciddi şəkildə təhdid edə bilər.

Digər tərəfdən isə bu yaxınlarda “Su-57” qırıcısının prototipinin qəzaya uğraması faktı istehsalçıları döyüş nəqliyyat vasitəsinin idarəetmə sistemlərini və mühərriklərini yenidən yoxlamağa məcbur edəcək. Təbii ki, istehsalçı şirkət müəyyən maliyyə itkilərinə məruz qalacaq, lakin təyyarələrin təkrar yoxlanılması pilotların həyatını qorumağa və Rusiya hərbi aviasiya sənayesinin qırıcı bazarında zədələnən nüfuzunu qismən bərpa etməyə imkan verə bilər. Əslində sonradan qoşunlarda bir sıra mənfi nəticələrlə üzləşməkdənsə, çatışmazlıqları indidən həll etmək yaxşıdır. Çünki potensial rəqiblər artıq 6-cı nəsilə yaxınlaşır, Rusiyanın isə 5-ci nəsili indi və ya bir neçə il sonra əldə etməsi heç nəyi dəyişən deyil.

Digər tərəfdən isə hazır olmayan “Su-57” qırıcısının təxminən 110 milyon dollara satılacağı ehtimal olunur. Bu dəyərin ödənilməsi üçün ciddi əsasların olduğuna, bir çoxları kimi mən də şübhə ilə yanaşıram. Potensial alıcılar bu qiymətə özünü həm döyüşdə, həm də təlimlərdə təsdiq edən ABŞ və ya yarım qiymətdən bir az baha olan Çin qırıcıları əldə edə bilər. Bu məqalə dərc olunmağa hazırlanarkən Rusiyanın “Su-35” qırıcılarını almağa real müştərilərdən biri olan İndoneziya rəsmi səviyyədə Fransadan 48 ədəd “Rafale” təyyarəsi alacağını təsdiqlədi. Rusiya mətbuatının məlumatları əsasında, ABŞ-ın F-35 və F-22 qırıcılarının Rusiyanın “Su-57” və “Su-35S” aviasiya vasitələrinin taktiki uçuş xüsusiyyətləri ilə müqayisə etdikdə məlum olur ki, “Su” qırıcıları “F”lərdən stels göstəricisində 5-10 dəfə, istismar yüklənməsində 30%, mühərrik gücündə 20%, kreyser sürətində isə 15% daha zəifdir. ABŞ mətbuatı ilə müqayisə daha böyük fərqlər ortaya qoyur. Əslində istismara verilməyən bir vasitənin illərdir döyüş əməliyyatlarında istifadə edilən digər bir vasitə ilə müqayisəsi doğru hesab edilməyə də bilər, lakin müqayisə üçün əlavə seçim şansımız yoxdur.

Rusiyanın hərbi təyyarə istehsalında nəzərdə tutulan layihələrinin həyata keçirilməsi - iqtisadi sanksiyalar və büdcə vəsaitlərinin məhdudiyyətlərə görə - planlaşdırılan müddətdə yekunlaşmır. Buraya hərbi təyinatlı elektron avadanlıqların seriya istehsalında yaranan çətinlikləri, istehsal proseslərinin səmərəliliyi və əmək məhsuldarlığı ilə bağlı problemləri də əlavə etmək vacibdir. Artıq onlarla aviasiya vasitəsinin hissələrini istehsal edən Rusiya müəssisələri fəaliyyətini dondurub. Orta həcmli belə bir müəssisənin sadəcə dayanması ildə 2 milyon dollar vəsait tələb edir. Məsələn son 10 il ərzində Rusiyanın “MiQ” kompaniyası bir dənə də olsun qırıcı ixrac edə bilməyib. Nə qədər təəccüblü olsa da, burada da erməni izi aşkarlanıb. Mikayel Kazaryan adlı fırıldaqçı rieltorun ucbatından Əlcəzairlə bağlanan müqavilə, “MiQ” korporasiyasının sonuncu ixrac müqaviləsi oldu. Xatırladaq ki, 2006-cı ildə imzalanan 1,3 milyard dollarlıq hökumətlərarası müqaviləyə əsasən, Rusiya tərəfi Əlcəzair Müdafiə Nazirliyinə 28 ədəd “MiQ-29SMT” döyüş və 6 ədəd “MiQ-29UB” təlim döyüş təyyarəsi ilə bərabər onlar üçün komponentlər çatdırmalı idi. Tərəflərin razılığına görə həm təyyarə, həm də onların ehtiyat hissələri yeni olmalı idi. Lakin 15 ədəd qırıcının tədarükündən sonra məlum oldu ki, qırıcıların bir çox hissəsi nəinki 1982-1996-cı illərdə istehsal edilib, həm də bəziləri daha əvvəl digər qırıcılarda istifadə edilib.

Bundan əlavə, bu vasitələrə “yeni vasitə” görüntüsü vermək üçün onların texniki pasportları da saxtalaşdırılıb. Nəticədə Əlcəzair Moskvanın qarşısında sərt şəkildə təyyarələri qaytarılması və onlar üçün ödənilən məbləğin geri ödənilməsi məsələsini qaldırdı. Sonda 15 ədəd qırıcı Rusiyaya qaytarılaraq HHQ-nin silahlanmasına daxil edildi. Rusiyada qaldırılan cinayət işinin araşdırılması zamanı məlum oldu ki, SOS-3M-3 tipli hədəf buçağının məhdudlaşdırıcısı və s. kimi işlənmiş komponentləri “MiQ” korporasiyasına Mikayel Kazaryan adlı erməni təqdim edib. Vəziyyətin “ermənicə” olduğunu anlayan Kazaryan bir müddət Ermənistanda gizləndikdən sonra həbs edilərək Moskvaya gətirildi. Fırıldaqçı erməni çox yüngül şərti cəza ilə canını qurtarsa da, “MiQ” konserninin nüfuzunu keçən 14 ildə bərpa etmək mümkün olmadı. Nəticədə Kazaryanın acgözlüyü “MiQ” kimi nəhəng korporasiyanın ixracına birdəflik son qoydu.

Buna misal olaraq Rusiyanın keçmiş müştəriləri olan Bolqarıstan və Hindistan kimi ölkələrin silahlanmalarında mövcud olan “MiQ”ləri əvəzləmək üçün artıq ABŞ təyyarələrini seçdiyini göstərmək olar. ABŞ öz qırıcılarının müəyyən hissələrinin, məsələn qanadların Hindistanda istehsal olunmasına da razılıq verib. Hazırda Dehlidə 400 ədəd F-16 versiyaları üçün sifarişin hazırlanması prosesi gedir. Gələcəkdə isə texnologiyanın Hindistana tam transferi də mümkün ola bilər. Nəticə etibarlə Avropa ölkələri ilə bərabər ABŞ və Çin tədricən Rusiya döyüş təyyarələrini aviasiya bazarından çıxışdırıb çıxarmağa çalışır. Buna Rusiya korporasiyalarının səhlənkarlığı və Kazaryan kimi şübhəli ortaqlarla birgə fəaliyyət də müəyyən qədər şərait yaradır.

Rusiya “Su-57” sınaqlarını bitirə bilmədiyi halda, Çin bir çox parametlər, o cümlədən stels texnologiyada rus qırıcısından üstün olan 5-ci nəsil J-20 qırıcısınının ilk 28 ədədən ibarət partiyasını 2017-ci ildən silahlanmaya qəbul edib. Əksər göstəriciləri məxfi saxlanılan bu qırıcılar rəqib ölkələr tərəfindən yüksək qiymətləndirilir. J-31 tipli yeni 5-ci nəsilin isə prototiplərini isə ÇXAO sınaqlardan keçirir.

Aparılan bütün müasir müharibələrin analizi göstərir ki, hələ uzun müddət aviasiya gücü və havada üstünlüyün əldə saxlanılması gələcək müharibələrin əsas meyarlarından olacaq. ABŞ-ın 5-ci nəsil qırıcılarına və bu qırıcıların silahlandırdığı müasir aviadaşıyıcılara malik dövlətlər, ən azından yaxın 20 ildə dənizdə və havada dominantlığını qoruyacaq. Digər tərəfdən isə Yaponiya mühəndisləri 2010-cu ildən etibarən gələcək 5-ci nəsil F-3 qırıcısının parametrlərinin hazırlanması üzərində fəal şəkildə çalışırlar və 2024-cü ildə yeni döyüş təyyarəsinin ilk nümunəsinin uçuş sınaqları başlamalıdır.

Avropa və ABŞ-ın 6-cı nəsil qırıcılarının peyda olması isə həm ABŞ-Rusiya, həm Avropa-Rusiya arasındakı aviasiya vasitələrinin keyfiyyət fərqini daha da artıracaq. Rusiyanın əzəli rəqiblərindən olan İsveçin SAAB şirkətinin”Gripen” qırıcılarının da gələcək potensialını unutmaq olmaz.

Aviasiya sahəsində ABŞ və bir neçə böyük Avropa ölkəsinin dominantlıq etdiyi, həmçinin Rusiya təyyarələrinin ixrac potensialının zəiflədiyi bir dövrdə Çin və Pakistanın birbaşa 4+ və 5-ci nəsil qırıcı ilə rahatlıqla bazara girməsi, öz aviasiya parkını bu qırıcılarla yeniləməsi, onları bir neçə ölkəyə ixrac etməsi, qapıda gözləyən müştəri portfelini qazanması, üstün sistemlərlə təchiz edilməsi və s. Rusiyada narahatlıqla qarşılanmaya bilməzdi. Potensial rəqib ölkələrin mətbuatında bu qırıcıların texniki uçuş xüsusiyyətlərinin elan olunan göstəricilərə uyğun gəlmədiyi barədə davamlı yazılar dərc olunarkən Pakistanın PAC kompaniyasının istehsal etdiyi JF-17 qırıcısının ilk versiyasının Hindistan HHQ-nin Rusiya istehsalı “MiQ-21” qırıcısını Kəşmir ərazisində məhv etməsi, həm yeni qırıcının texniki uçuş xüsusiyyətləri barədə əsassız yazılara son qoydu, həm də Rusiyanın aviasiya bazarında zəifləyən mövqelərinə növbəti zərbəni vurdu. Rusiyanın 4-cü nəsil qırıcıları da sələfləri kimi, qəza sayına görə liderliyi inamla özündə saxlayır, estafetin yeni nəsilə olduğu kimi ötürüləcəyi də istisna edilmir. Bu o demək deyil ki, qəzalar yalnız Rusiya təyyarələrində baş verir, xeyr ABŞ və ya Avropa aviasiya vasitələri də uğursuzluqlarla qarşılaşırlar, lakin bu qəzaların istifadə olunan qırıcılara nisbətdə faiz göstəriciləri Rusiya təyyarələrində kifayət qədər yüksəkdir. Burada son 2-3 ildə Hindistanda baş verən qəzaların rolu kifayət qədər böyükdür. Təəccüblü olan odur ki, “Su-30” qırıcılarının son versiyalarının qəzalarının sayı da kifayət qədərdir. Rusiya və Qərb qırıcılarının qəza sayları arasında ciddi fərqin yaranması, son 30 ildə baş verən münaqişələrdə rus qırıcılarının rəqibləri üzərində ciddi nailiyyət əldə edə bilməməsi, bazardakı potensial müştərilərin kütləvi şəkildə əks tərəfə axın etməsi, Moskvanın istehsal potensialının getdikcə zəifləməsi və s. ciddi faktlar Rusiya aviasiya vasitələrinin həm ABŞ, həm Avropa, həm də Çin analoqlarından minimum 5 il, bəzi parametrlərdə isə 10 il geri qaldığını iddia etməyə əsas verir.

Mənbələr

http://nvo.ng.ru/history/2019-08-09/1_1056_avia.html
https://topwar.ru/166842-glavnyj-pljus-avarii-su-57-samolet-esche-raz-pereproverjat.html
https://hi-tech.mail.ru/news/pochemu_upal_su57/
http://army.lv/ru/mig-29/356/11450
https://ordu.az/az/news/148258/fransa-ve-almaniyanin-6-ci-nesil-qirici-layihesi-hansi-temple-irelileyir-herbi-ekspert-
https://topwar.ru/157031-krutoe-pike-rossijskoe-aviastroenie-sokraschaet-obemy-vypuska.html
https://www.kommersant.ru/doc/2206341
https://ordu.az/az/news/139524/-the-national-interest--su-35-ve-onun-gostericileri-%E2%80%93-herbi-ekspert-analiz
https://ordu.az/az/news/137495/bir-pillekan-yuxari--6-ci-nesil-tempest-,-yoxsa-fcas-perspektiv-qiricisi-%E2%80%93-analiz-herbi-ekspert
http://avia.pro/blog/voenno-vozdushnye-sily-germanii-aviaciya-germanii

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   ABŞ   HHQ   Qərb  

Rusiya və Qərb ölkələrinin HHQ imkanlarının müqayisəsi - HƏRBİ EKSPERT (ANALİZ) - II YAZI

2020/02/56-1582527468.jpg
Oxunub: 2345     12:15     24 Fevral 2020    