Görüşdən əvvəl Ermənistan Xarici İşlər naziri Mnatsakanyan bildirib ki, erməni tərəfi öz prioritetləri istiqamətində işləyəcək.
“Əgər biz Zöhrab Mnatsakanyanın görüşdən öncə verdiyi açıqlamaya diqqət yetirsək görərik ki, o da görüş zamanı hər hansı konkret sənədin, prinsiplərin müzakirə olunub-olunmayacağı haqqında danışmaqdan çəkindi. Sadəcə qeyd etdi ki, biz danışıqlar prosesinin daha səmərəli və faydalı olmasına çalışırıq”,- deyə erməni politoloq Qarik Keryan bildirib.
Erməni politoloqun sözlərinə görə, tərəflər ya hələki kəşfiyyat mövqelərindədir ya da sənəd ətrafında razılığa gələ bilmirlər.
“Ya biz müəyyən sənəd ətrafında razılığa gələ bilmirik, ya da tərəflər hələki “kəşfiyyat” mövqelərindədirlər. Unutmayaq ki, Ermənistanda yeni hakimiyyət, yeni siyasi elita formalaşıb. Təbii ki, son 25 ildə, 1998-ci ildən sonrakı köhnə ənənəvi yanaşmalar indi fəaliyyət göstərmir. İstisna olunmur ki, Azərbaycan tərəfi bu cür görüşlərdə tədricən Ermənistanın yeni rəhbərliyinə, Ermənistan diplomatiyasının yeni manevrlərinin mahiyyətinə təsir etməyə çalışır”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az