Ağdaşda iki şəhid qardaşın adına ev muzeyi – “Başını dik tut, ata! Sən oğlunla qürur duyacaqsan” (FOTOLAR)

2019/11/77398-3149321598.jpg
Oxunub: 5724     09:38     25 Noyabr 2019    
Aktiv döyüş meydanlarında düşmən gülləsinə tuş gələn hər bir Vətən övladının keçdiyi xidmət yolu gələcək nəsillər üçün örnək olmalıdır.

Ağdaşda iki şəhid qardaşın adına ev muzeyi açılıb. Muzey şəhidlərin atasının şəxsi vəsaiti hesabına başa gəlib. Muzeydə şəhid qardaşların əşyaları saxlanılır. Ordu.az-ın əməkdaşı bu məsələni də diqqətdən qaçırmayıb.


Xasay Süleyman oğlu Məmmədov əslən Ağdaş rayonundandır. Onun dediyinə görə, 3 oğul atasıdır. Oğlanlarından biri, 1974-cü il təvəllüdlü Məmmədov Çingiz Xasay oğlu 1993-cü ildə həqiqi hərbi xidmətə çağrılıb. O, hərbi xidmətinin ilk aylarını Giləzidə keçirdikdən sonra birbaşa cəbhənin Füzuli istiqamətinə göndərilir.

“Oğlum hərbi xidmətə gedəndə ona dedim ki, Qarabağa gətirsələr və düşmən qarşısından qaçsan, sənə haqqımı halal etmərəm. O, gülüb mənə dedi ki, “məndən nigaran qalma, atacan”. Oğlum Çingiz hərbi xidmətə gedəndən sonra Giləziyə düşdüyünü eşitdim. Bunun müvəqqəti olduğunu da bilirdim. Bilirdim ki, onları Qarabağa gətirmək üçün hazırlayırlar. Sonralar mənə xəbər çatdı ki, onlar artıq bir neçə gündür ki, Füzuli istiqamətində döyüşlərdə iştirak edirlər. Bir dəfə yanına getdim. Birbaşa döyüşlərin getdiyi vaxta təsadüf etdi. Bir gün gözlədim çətinliklə də olsa, görüşə bildim. Cəmi bir neçə dəqiqə söhbətimiz oldu. Görüşəndə əlini çiynimə qoyub dedi ki, “başını dik tut, ata! Sən oğlunla qürur duyacaqsan”. Yanından qayıtdığım bir həftə olmazdı, mənə xəbər gəldi ki, Füzuli döyüşlərində oğlum Məmmədov Çingiz şəhid oldu. Şəhid olandan sonra gətirib öz qəbiristanlığımızda dəfn elədik”, - deyə X. Məmmədov qeyd etdi.


O, sözünə ara verib əlində tutduğu əsanı çənəsinə dayayaraq bir neçə saniyə fikirə getdi. Hiss edirdim ki, oğlundan danışdıqca onu boğan göz yaşlarını zorla saxlayır. Dərindən köks ötürüb söhbətinə davam etdi.

“Çingizin şəhadətindən bir müddət sonra onun böyük qardaşı Gündüz də ordu sıralarına yazılmaq üçün müraciət etdi. Kiçik qardaşı şəhid olandan sonra özündə deyildi. Elə bil onu nəsə çəkirdi. Düzü, hiss edirdim ki, o da gedəcək. Amma “bəlkə getməyəcək”, deyə özümü aldatmaq istədim. Dedim birdən ona deyərəm, yadına salaram gedər, mənə bu da bir dərd olar. Amma hisslərim mənim yanıltmadı. Böyük oğlum məndən icazəsiz döyüş bölgələrinə getdi. İlk döyüş yolu Ağdərə istiqamətində oldu. Sonralar onları Murovdağda gedən döyüşlərə apardılar. Aradan 3-4 ay keçdi, bir gün oğlumun yaralandığı xəbərini eşitdim. Yanına getdim, mənə dedilər ki, mədəsindən güllə dəyib. Həmin gülləylə əlaqədar onu Bakıdakı hospitala apardıq. Əvvəl müalicə olundu. Bir müddət keçəndən sonra, yaxşılaşdığına həkimlər qərar verib evə buraxdılar. Tədricən güllənin fəsadı bədənində yenidən baş qaldırdı. Sən demə güllə infeksiya yaradan mərmi olub. Ondan sonra nə qədər müalicə olunsa da xeyri olmadı”, - deyə şəhid atası bildirdi.


Yenidən baxışlarını üzümdən yayındırıb, divarda asdığı stendə baxdı. Sanki, yeni görürmüş kimi lövhəni sağdan sola, soldan sağa süzürdü.

“Haqqınızı halal edin, sizdən çox xahiş edirəm. Sizi də çox incitdim. Oğlum dünyasını dəyişəndə mənə vəsiyyət etdi. Onun vəsiyyətinə əməl etmək istəyirəm. Son günlərini yaşayırdı. Mənə dedi ki, “ata, mənə söz ver ki, heç bir zaman bizim üçün ağlamayacaqsan. Çünki sənin övladların VƏTƏN üçün canını fəda edənlərdən olub. VƏTƏN üçün övladın verən bir ata ağlamaz. İndi nə qədər kövrəlirəmsə də oğlumun vəsiyyətindən keçə bilmirəm. Göz yaşlarım içimə axır”, - deyə X. Məmmədov qeyd etdi.

Artıq hamı bilməlidir ki, bu VƏTƏN var olduqca, bu millət yaşadıqca bizim şəhidlərimiz də ölməzdir, ürəklərdə, ruhlarda yaşardır, çünki onların əməlləri daim bizə yağı düşməndən qisas almaq üçün yanan bir mayakdır.






























Daşqın Güneyli, Ağdaş
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Şəhid   Vətən   Müzey  


Bizi "telegram"da izləyin