Erməni əsgər postda intihar edib, təqsirləndirilən əsgər yoldaşına isə bəraət verilib

2019/11/Untit-1573720305.jpg
Oxunub: 1577     20:31     14 Noyabr 2019    
Ermənistanın Tavuş vilayət məhkəməsində B.Armenin işi üzrə verilən apellyasiya şikayətinə baxılıb. Məhkəmədə bəraət hökmü verilib.

Qeyd olunur ki, hadisə baş verən vaxtda əsgər B.Armen müddətli xidmət hərbi qulluqçusu olub. Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü bəndi üzrə ittiham irəli sürülüb.

İttihama görə, B.Armen 13-27 yanvar 2017-ci il tarixlərində döyüş növbətçiliyi tərkibinə müşahidəçi kimi cəlb edilib. Aralarınada tabeçilik münasibətləri olmadığı halda hərbi qulluqçu B.Armen daxili xidmət nizamnaməsi tələblərini pozaraq, ağır nəticələrə səbəb olan həmin hərbi hissənin əsgəri Q. Şavarşı təqib edib. Cinayət materiallarına görə, əsgər B.Armen hərbi qulluqçu Q.Şavarşın qarşısında öz üstünlüyünü ifadə edərək, ondan daim istifadə edib, şəxsi ehtiyacları və işlərini görməyə, çay hazırlamaq, hazır çay və qəhvəni qazmadan gətirmək, onun əvəzinə çirkli qabları yumağa vadar edib.

İttihama əsasən, 22 yanvar tarixində saat 02:00 radələrində müşahidəçi olaraq vəzifə borclarını yerinə yetirərkən yatdığına görə, Armen əsgər Şavarşa irad bildirib, onu aldatmasına görə təhqir edib və çiyninə zərbə endirib.

Daha sonra 25 yanvar tarixində gecə saat 03:30 radələrində Armen əsgər Şavarşı qazmada yatmış halda aşkar etdikdən və irad bildirdikdən sonra, saat 04:40 radələrində çöldə olan və soyuqdan üşüyən Şavarşın isinmək üçün içəri daxil olmasına icazə verməyib.

Saat 07:00 radələrində B.Armen hərbi qulluqçu Şavarşı yenidən yatmış halda aşkar edib. Onun geyimin yaxasından tutaraq, silkələyib və onun ünvanına təhqirlər səsləndirib. Ayaqla onun ayağına zərbə endirib, onu təhqir etməyə davam edib və mənliyinin, özünə hörmətinin olmadığını bildirib.

Nəticədə Q.Şavarş depressiyaya düşüb, yaranmış psixoloji gərginlik vəziyyətindən çıxış yolu tapmayan əsgər 25 yanvar saat 07:40-08:30 radələrində özünə təhkim edilmiş avtomatla alt çənə nahiyyəsindən özünə xəsarət yetirərək intihar edib.

İrəli sürülən ittiham işi üzrə əsgər B.Armen özünü günahkar hesab etmədiyini bildirib. O bildirib ki, Q.Şavarşla eyni hərbi hissənin ayrı-ayrı taqımlarında xidmət ediblər. Aralarındakı münasibətlər normal olub. Birlikdə bir neçə dəfə döyüş növbətçiliyi həyata keçiriblər. Şavarş onların postuna hadisədən cəmi bir neçə gün öncə yeni köçürülüb.

Armenin sözlərinə görə, çay, qəhvə məsələsi olub, ancaq bu məcburi yox könüllü şəkildə olub.

O, Şavarşın olduqca sakit təbiətli və azdanışan olduğunu qeyd edib. Hamının, o cümlədən Q.Savarşın da çay, qəhvə hazırladığını, lakin buna məcbur edilmədiyini qeyd edib.

Əsgər Armen bildirib ki, əsgər Şavarşla söhbətlərindən məlum olub ki, atası infakt keçirdiyinə görə ölüb, anası tək yaşayır.

Hadisə günü siqaret çəkmək istədiklərini, lakin kibritlərinin olmadığını qeyd edib. Qazmaya kibrit dalınca getdiyini, tapıb gətirərək, Şavarşı səsləndiyini, lakin cavab almadığını vurğulayıb. Plaşçadırı çəkdikdən sonra avtomat silahın Şavarşın ayaqları arasında olduğunu və intihar etdiyini gördüyünü bildirib.

Onu heç vaxt yatmış halda görmədiyini, təhqir etmədiyini və vurmadığını qeyd edib.

Zərərçəkənin varisi olan Şavarşın anası oğlunun intihar etdiyinə inanmadığını bildirib. Anası hesab edir ki, Şavarşı öldürüblər, amma qətlə yetirilməsinin səbəbini bilmədiyini qeyd edib.

Məhkəmə işin istintaqı nəticəsində belə qənaətə gəlib ki, baş vermiş cinayətdə B.Armenin təqsirli bilinməsi dəlillərlə sübut edilməyib. Yeni dəlillərin əldə edilməsi imkanları isə məhdudlaşıb. Məhkəmə tibbi ekspertizanın təqdim etdiyi sübutları təqsirləndirmək üçün kifayət hesab etməyib.

Məhkəmə, işin ibtidai istintaqı zamanı qanun pozuntularına yol verildiyi qənaətinə gəlib. Təqsirləndirilən şəxsin ittiham edilməsi üzrə bütün sübut edilməmiş dəlillər, təqsirəndirilən şəxsin lehinə şərh edilib. Məhkəmə təqsirləndirilən əsgər B.Armenə ittiham üzrə bəraət hökmü verib.

Bu hökmə qarşı ittihamçı prokuror və zərərçəkənin varisinin nümayəndəsi vəkil A.Safaryan apellyasiya şikayəti veriblər.

Hər ikisi bəraət verilməsi barədə məhkəmənin qərarının ləğv edilməsini tələb ediblər.

Zərərçəkənin varisinin nümayəndəsi tələb edib ki, tətbiq edilən Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə ən ağır cəza verilsin. İttihamçı tərəfi təmsil edən prokuror isə təqsirləndirilən hərbi qulluqçu əsgər B.Armeni 7 il müddətinə azadlıqdan mərhum etməyi tələb edib.

Məhkəmə iclasında ittihamçı prokuror öz ittiham tələbini əsaslandırıb. O qeyd edib ki, ümumi yurisdiksiya məhkəməsi səhv qənaətə gəlib.

Zərərçəkənin varisinin nümayəndəsi vəkil A.Safaryan qeyd edib ki, iş üzrə şahid qismində ifadə verən əsgərlər də bildirib ki, Q.Şavarş əvvəlki xidmət yerində heç bir problemlə üzləşməyib. Lakin yeni xidmət yerinə gəldikdən sonra Şavarş hərbi qulluqçu B.Armen tərəfindən daim alçaldılıb və təhqir olunub. Post başçısı tərəfindən himayədarlıq edilən B.Armenin bu qanunsuz hərəkətlərinin qarşısını isə alan olmayıb. Onun sözlərinə görə, postda hökm sürən cəzasızlıq və özbaşınalıq mühiti faciənin baş verməsinə yol açıb.

Zərərçəkənin hüquqi varisinin nümayəndəsi və zərərçəkənin hüquqi varisi şikayətlərinin əsaslandırılmasını 18 noyabr tarixinə təyin edilən növbəti məhkəmə iclasında davam etdirəcək. Daha sonra müdafiə tərəfi Apellyasiya məhkəməsinə edilən şikayətlərlə bağlı öz mövqeyini açıqlayacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   İntihar   Bəraət  


Bizi "telegram"da izləyin