MILEX 2019: Şərqi Avropanın nəhəng sərgisində kim nə təqdim etdi? - YEKUN (HƏRBİ EKSPERT)

2019/05/uploa-3116878520.jpg
Oxunub: 3680     15:22     21 May 2019    
Mayın 15-dən 18-nə qədər Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatçılığı ilə Minsk şəhərində MILEX 2019 sərgisi keçirildi. Sərginin rəsmi açılış mərasimi açıq səma altındakı "Stalin Xətti" tarixi mədəni kompleksinin ərazisində keçirildi.

IX Beynəlxalq Silah və Hərbi Texnika Sərgisinin məqsədi müdafiə sənayesi müəssisələrinin və ikili təyinatlı avadanlıqlar istehsal edən müəssisələrin məhsul nümunələrinin nümayiş etdirilməsindən, müdafiə sənayesinin istehsalçıları və istehlakçıları arasında qarşılıqlı faydalı əlaqələrin qurulması üçün əlverişli şəraitin yaradılmasından, istehsal edilən silah və avadanlıqların modernləşdirilməsi sahəsində müqavilələrin bağlanmasına imkan yaratmaqdan ibarət idi.

MILEX hər iki ildən bir, tək illərin may ayında "Belexpo" Sərgi Mərkəzində keçirilir. Sərgi mərkəzinin yenidən qurulması səbəbindən 2013-cü ildə sərgi keçirilməyib.

İki il əvvəl keçirilən MILEX 2017 sərgisini dünyanın 30 ölkəsindən 47 rəsmi nümayəndə heyəti, 48 ölkədən 200-dən çox işgüzar nümayəndə heyəti və 55000 insan, o cümlədən bu sahədə çalışan 12000 mütəxəssis ziyarət edib. Sərgini Belarus, Belçika, Böyük Britaniya, Almaniya, Qazaxıstan, Çin, Rusiya, Slovakiya, ABŞ və Fransadan olan 47 televiziya və radio şirkəti, informasiya agentliklərini təmsil edən 167 jurnalist işıqlandırıb. Sərgiyə 6 ölkədən 150-ə yaxın şirkət qatıldı.

Belarus Dövlət Hərbi Sənaye Komitəsinin təşkilatlarının ixrac coğrafiyasının davamlı olaraq genişləndiyini, 2016-cı ildə hərbi məhsulların 60, 2017-ci ildə 69, 2018-ci ildə isə artıq 76 ölkəyə çatdırıldığını nəzərə alsaq, bu sərginin ölkə üçün əhəmiyyətini daha da aydın şəkildə təsəvvür etmək olar.

Əsas iştirakçılardan biri Belarusla yanaşı Rusiya idi. "Rosoboronexport"un himayəsi altında 17 təşkilat və müəssisə 35 tammiqyaslı nümunə daxil olmaqla 411 eksponat təqdim etdi. Stend 27 ölkədən 55 rəsmi nümayəndə heyəti tərəfindən ziyarət edildi.

Ənənəvi olaraq sərginin əsas bölmələri silah, hərbi texnika, aerokosmik texnologiyalardan ibarət oldu. 2019-cu ildə keçiriləcək sərginin ekspozisiyası obyektlərinin terror əleyhinə müdafiəsi, polis avadanlıqları, hüquq-mühafizə orqanlarının xüsusi texniki vasitələri, qəza və fəlakətlərin qarşısının alınması kimi yeni bölmələr hesabına bir qədər də genişləndi.

Sərginin ümumi sahəsi qapalı pavilyonda - 8 min kvadratmetr, açıq ərazidə - 10000 kvadratmetr oldu. Şəhər mərkəzindən nisbətən kənarda keçirilən sərgidə müdafiə sənayesi şirkətləri aşağıdakı profillər üzrə məhsullar təqdim etdilər:

- Zirehli nəqliyyat vasitələri;
- Raket, artilleriya, atıcı silah və sursatları;
- Qısa və orta mənzilli hava hücumundan müdafiə sistemləri;
- Yüksək texnologiyalı avadanlıqlar;
- Optik-elektron avadanlıqlar və sistemlər;
- Qoşunların təmin edilməsi üçün texniki vasitələr və sistemlər;
- İnformasiya sistemləri və informasiya təhlükəsizliyi sistemləri;
- Nəqliyyat vasitələri;
- Uçuş naviqasiya sistemləri və avtomatik idarəetmə sistemləri;
- İkili məqsədli avadanlıq və texnologiyalar;
- Yol, tikinti, qaldırıcı maşın və mexanizmlər;
- Hərbi texnika və silahların modernləşdirilməsi və təmiri;
- Ali hərbi təhsil və təlim mərkəzləri;
- Fövqəladə vəziyyətlərdə və fəlakətlərdə yanğınsöndürmə texnika və avadanlıqları;
- Hərbi elmi araşdırma bazası;
- Hərbi tibb;
- Geyim və xüsusi ləvazimatlar;
- Fərdi zirehli avadanlıqlar.

Ənənəvi olaraq Azərbaycan və Belarus hər iki ölkədə keçirilən Beynəlxalq Silah və Hərbi Texnika sərgilərində geniş tərkibdə və qarşılıqlı şəkildə aktiv iştirak edir. Dörd gün davam edəcək sərgi çərçivəsində IX Müdafiə və Təhlükəsizlik Sahəsində Hərbi-Texniki Əməkdaşlıq məsələləri üzrə Beynəlxalq Elmi Konfras da keçirildi. Tədbirdə Azərbaycan Respublikasını Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində olan müəssisələr təmsil etdi.

Azərbaycandan və Belarusdan başqa, Qazaxıstan, Çin, Rusiya, Serbiya və Cənubi Afrika Respublikasının müdafiə sənaye istehsalçıları "Minsk-arena" kompleksinin sərgi meydançasında öz məhsullarını stenddə nümayiş etdirdilər. Ermənistanın Belarus sərgisində nə stendlə, nə də nümayəndə heyətilə təmsil olunmaması da gözdən qaçmadı.

Ən geniş tərkibli aparıcı müdafiə sənayesi və istehsal şirkətləri ilə Belarus (68), Rusiya (40-dan çox), Qazaxıstan (7) və Çin (3) təmsil olundu.

Rusiyanı təmsil edən şirkətlər arasında "Rosoboronexport" ASC-nin (Rusiyanın kollektiv təşkilatçısı) tərkibinə daxil olan "Uralvagonzavod" Tədqiqat və İstehsalat Birliyi, "Almaz-Antey" Aerokosmik Müdafiə Konserni, "Texmaş" ASC-və KBP konserni kimi iri şirkətlər yer aldı.

Qazaxıstanı "Paramount Engineering", "Qərbi Qazaxıstan Maşınqayırma Şirkəti", "Alma DK", "Tınıs" ASC, "Qazaxıstan Aselsan Engineering" (KAE) və "Kazspesexport" Dövlət müəssisələri təmsil etdilər.

Çinin "Aerospace Long-March International Trade" (ALIT- aerokosmik beynəlxalq ticarət şirkəti) və Serbiyanın "Yugoimport-SDPR" dövlət müdafiə şirkəti də sərgidə iştirak etdi.

Bu il keçirilən sərgidə əlavə olaraq hərbi tibb və farmakologiya sahəsində mövcud tendensiyalar, kiber təhlükəsizliyə müasir yanaşmalar və fərdi məlumatların qorunması, biometriya, robot sistemləri və süni intellekt, təhdidlər, problemlər, onların həll perspektivləri; "Gələcəyin əsgəri"nin şəxsi qorunma sistemləri və ekzoskeletlər mövzusunda müzakirələr keçirildi.

İştirakçı sayına və infrastrukturuna görə Şərqi Avropanın böyük sərgilərindən biri hesab olunan bu sərgidə Serbiya və Cənubi Afrika Respublikası ilk dəfə təmsil olundu.

Azərbaycan

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilk dəfə milli stendlə təmsil olunaraq müdafiə məhsullarını mümayiş etdirdilər.

Hərbi təyinatlı məhsulların istehsalında daxili tələbatın qarşılanması ilə yanaşı, ixrac imkanlarının genişləndirilməsini nəzərə alan Müdafiə Sənayesi Nazirliyi MILEX 2019 sərgisində də əsasən ixrac yönümlü məhsullarını nümayiş etdirdi. Bu məhsullardan snayper tüfənglərini, avtomatları, hücum pulemyotlarını, qumbaraatanları, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və s. göstərmək olar.

MILEX 2019 sərgisində müvafiq qurumlarla hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparıldı.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Belarusun dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də keçirildi.

Qazaxıstan

Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, Müdafiə və Aerokosmik Sənaye Nazirliyi də ilk dəfə MILEX-də milli stendlə çıxış etdi. Qazaxıstanın "Paramount Engineering", "Qərbi Qazaxıstan Maşınqayırma Şirkəti", "Alma DK", "Tınıs" ASC, "Qazaxıstan Aselsan Engineering" (KAE) və "Kazspesexport" Dövlət müəssisələri öz məhsullarını təqdim etdilər.

Sərgi komponentlərindən MRAP texnologiyasından (minaya qarşı dayanıqlı qorunma) istifadə edilərək hazırlanan zirehli və təkərli "Arlan", "Alan" və "Barys" modelləri iştirakçılarının xüsusi marağına səbəb oldu. Unikal MRAP texnologiyası zirehli vasitəni ordu və xüsusi bölmələrin ehtiyacları üçün üstün mina qorunması ilə təchiz etməyə imkan verir.

"Qazaxıstan Paramount Engineering" şirkətinin zavodunda ildə 120-dən çox sayda istehsal edilən bu tip zirehli vasitənin ilk ixrac müqaviləsinin bağlanması bu il üçün nəzərdə tutulub. Sərgidə digər Qazaxıstan şirktləri də məhsulları, məsələn "Tınıs" ASC - şəxsi qoruyucu vasitələrini (zirehli gödəkcələri), "Qazaxıstan Aselsan Engineering" şirkəti daşınan, mobil və stasionar radiostansiyalarını, optik elektron sistemlərini, "Qərbi Qazaxıstan Maşınqayırma Şirkəti" ASC ərazi nəqliyyat vasitələrinə silah yerləşdirməyə imkan verən universal bir dönən dayaq mexanizmlərini, iriçaplı atıcı silahları və snayper tüfənglərini, "Alma DK" qeyri- letal (öldürücü olmayan) silahlarını təqdim etdi.

Rusiya

Belarus paytaxtında Rusiya gözlənildiyi kimi ev sahibindən sonra, ikinci geniş tərkiblə təqdim olundu. Rusiya müdafiə sənayesinin ən böyük 8 şirkəti, o cümlədən "Almaz-Antey" və KBP konserni, "Uralvagonzavod" və "Texmaş" ASC-ləri öz məhsullarını vahid "Rosoboronexport" stendində təqdim etdi.

"Rosoboronexport" stendində, "Yak-130" təlim-döyüş təyyarəsinin, T-90S döyüş tankının, BMPT tank dəstəyi döyüş maşını, "Pantsir-S1", "Buk-M2E" və "Tor-M2KM" zenit raket sistemlərini, idarəolunan "yer-yer", "yer-hava", "hava-yer" yüksək dəqiqlikli raketlərini, zirehli nəqliyyat vasitələri üçün silah platformalarını, minaatan və artilleriya üçün idarəolunan sursatlarının geniş spektrini, ümumilikdə maketlərlə birlikdə 220-dən çox hərbi məhsul nümunəsini təqdim etdi.

Diqqəti cəlb edən digər əvvəlki nümunələr arasında Mi-171Ş hərbi nəqliyyat helikopterlərini, T-90MS tankını, BTR-82A zirehli personal daşıyıcılarını, "Xrizantema-S" özüyeriyən və "Kornet-EM" TƏİRK-lərini, "Tayfun-K" və "Tigr-M" ailəsinin avtomodillərini, "Smerç" YARS-ı və "İskəndər-E" əməliyyat-taktiki raket kompleksini və müxtəlif modifikasiyalardan olan "Kalaşnikov" tüfənglərini qeyd etmək olar.

Bu dəfəki sərgidə KBP konserni öz məhsulları ilə diqqət mərkəzində oldu. Bir çox münaqişələrdə və döyüş əməliyyatlarında, o cümlədən Suriyada tətbiq edilən "Pantsir-S1" ZRK, "Kornet-EM" uzaqmənzilli tank əleyhinə raket kompleksi, 120 mm-lik idarəolunan KM-8 "Qran" minaatan kompleksi, 152 və 155 mm-lik idarəolunan artilleriya sursatları ziyarətçilərin marağına səbəb oldu.

Çin

Çin müdafiə sənayesi bu sərgidə nisbətən məhdud, cəmi 3 şirkətlə təmsil olunurdu. Minskdə müdafiə təyinatlı məhsulların, aerokosmik avadanlıqların, terrorizmlə mübarizə vasitələrinin istehsalı, idxalı və ixracı ilə məşğul olan "Aerospace Long-March International Trade" (ALIT) şirkəti öz stendi ilə daha aktiv iştirakçı təəssüratı yaradırdı.

"China Aerospace Science and Technology Corporation" (CASC) korporasiyasının tərkibinə daxil olan şirkət müştərilərin diqqətini əsasən "yer-yer", "yer-hava" və "hava-yer" raket sistemləri, RYAS üçün raketlər, dəqiq tuşlamalı PGB bombaları, PUA-lar, terrorla mübarizə vasitələri, sərhəd və sahilyanı ərazilərin müşahidə və nəzarət sistemləri, aerokosmik avadanlıqları ilə təchizatına, həmçinin Çinin aerokosmik sənayesinin sifarişlərinin böyük bir hissəsinin yerinə yetirilməsinə yönəltdi. Sərgidə təqdim edilən məhsullar da əsasən "Aerospace Long-March International Trade" (ALIT) şirkətinə aid idi.

Belarus

Sərgidə ən geniş miqyaslı ekspozisiya ev sahibi Belarus oldu. Dövlət Hərbi Sənaye Komitəsinin tabeliyində olan müəssisə və şirkətlər maketlərdən əlavə 300-ə yaxın eksponat təqdim etdilər, onlardan 70 ədədi yeni olmaqla, 240 ədədi qapalı salonda, 30 ədədi yeni olmaqla 65 ədəd texnika isə açıq ərazidə nümayiş etdirildi.

Buk-MB3K

MILEX 2019 beynəlxalq müdafiə texnologiyası sərgisində ən böyük heyətlə təmsil edilən Belarus, yeni "Buk-MB3K" havadan müdafiə raket sistemini də ziyarətçilərə təqdim etdi. Sistemin kəşfiyyat, atəş gücü və manevr etmə parametrləri müasir orta mənzilli havadan müdafiə raket sistemləri ilə rəqabətə girəcək səviyyədədir.

Yeni sistemin əsas üstünlükləri yüksək etibarlılığı və təkmilləşdirilən əməliyyat qabiliyyətindən ibarətdir. O, hər növ, hərəkətdə olan aerodinamik hədəfləri aşkarlaya və zərərsizləşdirə bilir.

MILEX 2019 sərgisində ilk dəfə olaraq yeni "Buk-MB3K" zenit raket kompleksi nümayiş etdirildi. Bu sovet zenit kompleksinin modernləşdirilməsi deyil. "Buk-MB3K" Belarus mühəndisləri tərəfindən yaradılan, yeni bir elektronikaya, alqoritmlərə və ən başlıcası, yeni orta mənzilli 9M319MB zenit raketlərinə malik təmamilə yeni bir kompleksdir.

Özüyeriyən "Buk-MB3K" hava hücumundan müdafiə kompleksi həm avtonom, həm də hədəf göstərilməklə batareyanın tərkibində fəaliyyət göstərə bilər.

"Buk-MB3K" ZRK xüsusi hazırlanan dörd oxlu və 8×8 təkər formulasına malik MZKT-69225 şassisi üzərində qurulub. Yeni kompleks 130 km məsafədə MiQ-29 qırıcısını aşkarlayır və onu 70 km məsafədə məhv edə bilir. Sistemin döyüş mövqeyinə yerləşdirilməsi 5 dəqiqədən çox deyil. Zenit raket kompleksi eyni zamanda 6-ya qədər hədəfə atəş aça bilər.

Atıcı doldurucu maşın (TZM) həm kompleksi raketlərlə yükləyə, həm də atəş aça bilər. Nəqletmə dayaqlarının və istiqamətli atıcılarının hər birində 4 ədəd raket mövcuddur. Zəruri hallarda TZM özünü raketlə yükləməyə qadirdir. Atıcı qurğunun doldurulması 13 dəqiqə, TZM-in özünün doldurulması isə 15 dəqiqə zaman tələb edir.

Belarus Dövlət Hərbi Sənaye Komitəsinin rəhbərinin sərgidə təqdim olunan "Buk" kompleksini ZRK deyil, zenit raket sistemi adlandırması da marağa səbəb olub. Onun sözlərinə görə, yeni sistemdə sələfindən yalnız adı qalıb və əslində, bu təmamilə milli, Belarus istehsalı zenit raket sistemidir. Yeni ZRS yerli idarəolunan başlıqlı, manevr edə bilən sürətli raket ilə təchiz edilib.

"Polonez"in operativ taktiki raketi

https://42.tut.by/637795

MILEX 2019 sərgisində əsas hadisələrdən biri "Polonez" kompleksi üçün yeni bir raketin nümayişi oldu. Görünüş və xüsusiyyətləri ilə bu, Rusiyanın "İsgəndər" kompleksinin raketinə çox bənzəyir.

"Polonez" atıcı qurğusuna konteynerdə olan 2 raket yerləşdirilə bilər. Onların birlikdə kütləsi, kompleksin 300 mm-lik 8 ədəd raketin standart atıcı blokunun kütləsindən daha azdır.

Yeni raketin döyüş başlığı 480 kiloqram ağırlığındadır, onun qəlpəli fuqas, kasset və betona nüfuz edən versiyaları da mövcuddur.

Atəş məsafəsi, təxminən 300 km olan raket kvaziballistik traektoriya boyunca uçur və mühərrik çalışdığı müddətdə manevr edə bilir. Raketin uçuş yüksəkliyi 50 km-dir.

9A33-B "Osa"

MILEX-2019 sərgisində 9A33-B "Osa" modernləşdirilən orta mənzilli hava hücumundan müdafiə sistemi də ilk dəfə nümayiş etdirildi. Kompleks Belarus istehsalı elektronikaya malik olub və alqoritmləri yenilənib. Konstruktorlar modernləşdirmə sayəsində MAZ şassisi üzərində yerləşdirdikləri kompleksin hədəf koordinatlarının müəyyən edilməsi dəqiqliyini və atəş məsafəsini artırmağa nail olublar.

Müasir tendensiyaları nəzərə alaraq modernləşdirilən vasitədə radioelektron sistemlərin maneələrə qarşı qorunması, hədəf müşayiət etmə və tuşlama vasitələrinin imkanları gücləndirilib, nəticədə kiçikölçülü hədəflərin, o cümlədən PUA-ların aşkarlanması, müşayiəti və məhv edilməsi yaxşılaşdırılıb.

Təkmilləşdirmə, döyüş vasitəsinin müntəzəm elektron avadanlıqlarının təxminən 70%-ni əhatə edib.

"Osa" ZRK-nın əsas elementlərinin müasirləşdirilməsi yalnız istifadə səmərəliliyinin artırılmasını deyil, həm də kompleksin etibarlılığını, ömrünü artırmağa, istismar xərclərini azaltmağa və operatorların fəaliyyətinin səmərəliliyini yaxşılaşdırmağa imkan verdi.

Bütün bunların sayəsində gizli texnologiyadan istifadə edən hədəfləri aşkar etmək, koordinatların təyin olunma dəqiqliyini və hədəf aşkarlama məsafəsini 52 km-ə qədər artırmaq mümkün olub.

Kompleksin yerli istehsal şassisi üzərində yerləşdirilməsi yanacaq istehlakını azaltmağa imkan verib. Əvvəlki BAZ-5937 şassisində 100 km-ə 67 l olan yanacaq istehlakı göstəricisi, yeni MAZ-6317 bazasında 100 km-ə 46 l qədər azaldı. Bundan əlavə, müasir ZRK-ya quraşdırılan stimulyator heyətin təlimini də tam sadələşdirib. Kompleksin potensialını nəzərə alan mütəxəssislər gələcəkdə də müasirləşdirmə və təkmilləşdirmə tədbirlərinin davam edəcəyini bildirirlər.

R-185 "Epoxa"

MILEX 2019 beynəlxalq sərgisində təqdim olunan yeni avadanlıqlardan biri də R-185 "Epoxa" komanda qərargah maşını (KQM) oldu. 2016-cı ildə "AGAT-SİSTEM" ASC-də hərbi hissələrin nümayəndələrinin iştirakı ilə KQM-in yaradılmasına başlandı, bir ildən sonra isə Belarus Respublikasının və Rusiya Federasiyasının Silahlı Qüvvələrinin "Qərb 2017" birgə təlimləri zamanı qoşun sınaqlarından keçirildi və mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi.

R-185 "Epoxa" rabitə vasitələri və vəzifəli şəxslərin iş yerləri ilə təchiz edilən, döyüş aparan, sülh dövründə vəzifələrini yerinə yetirərən və ya fövqəladə halların aradan qaldırılmasını təmin edən bölmələrin taktiki səviyyədə idarəedilməsi üçün nəzərdə tutulan və təkərli zirehli üzən şassi bazasında yerüstü mobil obyektdir.

Şassi bazası olaraq Belarus müəssisələri tərəfindən modernləşdirilən, şossedə 80 km/saat maksimal sürətini inkişaf etdirən, suda isə 9 km/saat sürətlə üzən BTR-60MB2 zirehli vasitələrindən istifadə edilir. Ehtiyat gediş məsafəsi 500 km-dir.

Zirehli vasitənin geniş zirehli daxili həcmi çox sayda yeni və müasir rabitə və digər avadanlıqlarını yerləşdirməyə imkan verir.

R-185 KQM daxilində 3 ədəd simpleks və ya 1 ədəd dupleks və 1 ədəd simpleks ultraqısa dalğalı R-181-50VU-2, R-181-50TU radiostansiyalarını (hərəkətdə rabitə məsafəsi - 25 km-ə qədər, dayanacaqda isə (maçta ilə) 50 km), həmçinin 1 ədəd qısa dalğalı R-181-100BK radiostansiyasını (hərəkətdə 75 km-ə qədər, dayanacaqda 350 km-ə qədər rabitə məsafəsi) və 1 ədəd DMR radiokanalından istifadə edən "Klen" radiostansiyasını yerləşdirə bilir.

P-185, həmçinin 120 km rabitə məsafəsinə malik 1 ədəd simpleks ultraqısa dalğalı radio kanalını və uçan aparatlarla 450 km-ə qədər məsafədə 1 ədəd simpleks qısa dalğalı radio kanalını yarada bilir.

Məlumatın qəbulu, emalı, saxlanması və nümayişi vəzifəli şəxslərin avtomatlaşdırılan 4 sabit və 1 daşınan iş yerindən həyata keçirilə bilər.

Bundan əlavə, "Epoxa" sabit və uzaq iş yerlərindən, daxili xidməti və xarici telefon rabitəsindən, həmçinin şifrəli avadanlıqdan istifadə edərək simli, qısa və ultraqısa dalğalı radio kanalları üzərində məlumatların qəbulunun və ötürülməsini, həmçinin şifrələmə avadanlıqlarından məxfi məlumatların mübadiləsini təmin edir.

Belarus dizaynerləri məhsulda vahid enerji təchizatı sistemini uğurla həyata keçiriblər. Avadanlıq 380V dəyişən cərəyana malik sənaye şəbəkəsindən, AD-2-P/28.5-1VM1 dizel generator dəstindən, GX12-100 zəmanətli gərginliyə malik iki ardıcıl birləşən batareyadan ibarətdir. Güc istehlakı 2000 vatt-dan artıq deyil.

Belarus modelinin üstünlüyü onun texnoloji rahatlığında və müasirləşmənin qeyri-məhdud imkanlarındadır.

AGAT-SYSTEM ASC mütəxəssisləri KQM-i demək olar ki, istənilən müştərinin tələblərinə uyğunlaşdıra bilir.

Yeni zirehli maşınlar

MILEX 2019 sərgisində MZKT-490 100/V1 zirehli avtomobili bazasında hazırlanan xüsusi nəqliyyat vasitələri də nümayiş etdirilib. Onların hazırlanmasında konstruktorlar universal modul prinsipini tətbiq ediblər. V1-də müxtəlif mühərrik, sürətlər qutusu və ya asqı variantlarının tətbiqi mümkündür. Buna görə də zirehli avtomobil müştərinin tələblərinə uyğun olaraq müxtəlif komplektasiyanın istənilən birinə uyğun yığıla bilər.

Hazırda bu zirehli vasitənin TƏİRK-dən REM-ə qədər 7 müxtəlif modul versiyası mövcuddur. Onların bəziləri əvvəlki sərgidə nümayiş olunub. Bu sərgidə isə V-1 ailəsinin digər üzvləri - məsafədən idarə edilən "Rubon" döyüş modulu, "Boqatır-2" kombinə edilən radiostansiyası (bu barədə aşağıda geniş məlumat veriləcək) və BRDM-4B modulu ilə kəşfiyyat atəş maşını da nümayiş etdirildi.

Sərgidə təqdim edilən digər zirehli vasitələr arasında 140-cı təmir müəssisəsində üzən "Kayman" şassisi üzərində istehsal edilən və taktiki səviyyəli bölmələr üçün nəzərdə tutulan "Kayman KAS" rabitə kompleksidir. Bu kompleks "140-cı Təmir Zavodu" ASC və "AGAT İdarəetmə Sistemləri" ASC-nin birgə inkişafının nəticəsidir.

Sərgidə ilk dəfə olaraq "Zaşitnik" (Defender- Müdafiəçi) döyüş vasitəsinin eksperimental modeli də nümayiş olundu.

"Zaşitnik" döyüş vasitəsi 6x6 təkər formulasına sahibdir və MRAP sinfinə aiddir. Çoxməqsədli qoruyucu vasitənin ümumi çəkisi 19,8 ton təşkil edir. Avtomobil YMZ-239 sürətlər qutusuna birləşən 400 a.g-nə (294 kVt) malik YAMZ-7511 mühərriki ilə təchiz edilib.

2 nəfər öndə və 12 nəfər desant bölməsində olmaqla, 14 nəfər döyüşçü yerləşdirən "Zaşitnik" döyüş vasitəsi yan və arxadan 4-cü dərəcəli, öndən isə 5-ci dərəcəli zireh qorunma səviyyəsinə malikdir.

https://milex.belexpo.by/media-tsentr/novosti/oao-agat-sistemy-upravleniya-predstavit-na-mezhdunarodnoy-vystavke-milex-2019-sovremennye-i-perspekt.html

R-186 "Boqatır-2"

"Geoinformasiya İdarəetmə Sistemləri" holdinqinin idarəedici şirkəti olan "AGAT - İdarəetmə Sistemləri" ASC MILEX-2019-da müasir və perspektivli mobil rabitə vasitələrini və onların yüngül zirehli vasitələr bazasındakı modellərini təqdim etdi.

2017-ci ildə şirkət yeni rabitə sistemləri və qurğuları yaratmaq üçün işə başlayıb. Şirkətin məhsulları arasında yerli troposfer rabitə stansiyalarına, "Kayman" və V1 yüngül zirehli avtomobillərinin bazasında taktiki idarəetmə üçün idarəetmə cihazlarına rast gəlmək mümkündür.

R-186 "Boqatır-2" radiostansiyası, MZKT ASC-nin istehsalı olan MZKT-490100/V-1 təkərli zirehli şassisi bazasında, rabitə vasitələri və vəzifəli şəxslərin iş yerləri ilə təchiz olunan mobil qurğudur.

R-186 müxtəlif növ döyüşlərin aparılması, müxtəlif səviyyələrdə sülhməramlı və fövqəladə vəziyyətlərin vəzifələrini yerinə yetirərkən rabitə yaratmaq üçün nəzərdə tutulub. İlk dəfə Belarus Respublikasının və Rusiya Federasiyasının silahlı qüvvələrinin birgə "Qərb 2017" strateji təlimləri zamanı MZKT-490100/V-1 zirehli avtomobili bazasındakı "Boqatır-2" regional qoşun komandanının mobil idarəetmə məntəqəsi kimi fəaliyyət göstərib və Belarus Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib.

"Qorizont" troposfer stansiyası

Şirkətin ekspozisiyasında, "140-cı Təmir Zavodu" ASC tərəfindən istehsal olunan və rabitə vasitələri və iş yerləri ilə təchiz edilən "Kayman" təkərli zirehli üzən şassisinə quraşdırılan başqa bir mobil obyekt də təqdim edilib.

Mobil rabitə vasitələri xəttində digər perspektivli model "Qorizont" troposfer stansiyasıdır. Rəqəmsal rabitə xətlərinin yerləşdirilməsi, istifadəsi, köçürülməsi və bu kanalların marşrutlara ayrılması üçün yaradılan "Qorizont", Silahlı Qüvvələrin operativ, operativ-strateji və strateji səviyyədə vəzifəli şəxslərinin səhra idarəetmə məntəqələrində müxtəlif növ rabitə növləri və kanalları ilə təmin edilməsi üçün nəzərdə tutulur.

R-414MBP "Sosna-2"

MILEX-2019 sərgisində ilk dəfə olaraq nümayiş etdiriləcək mobil və sürətli yerləşdirilə bilən platformaya malik R-414MBP "Sosna-2" radio-rele stansiyası 2018-ci ilin dekabr ayının sonunda Belarus Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilib.

Bu radio-rele stansiyasının hazırlanmasında konstruktorlar əvvəlki P-434 "Sitrus" stansiyasının inkişafı zamanı əldə etdikləri beş illik təcrübənin nəticələrindən istifadə ediblər.

Radiostansiyanın yaradılması zamanı yeni prinsiplər, qabaqcıl texniki və mühəndis qərarları tətbiq edilib, nəticədə stansiyanın hərəkətliliyi və davamlılığı, eləcə də təşkil edilən radio-rele rabitə kanallarının sayı yeddiyə qədər artırılıb. "Impressa-Engineering" şirkətinin universal dönmə-dayaq cihazları və qurğularından istifadə edilən maçtada müxtəlif növ antenaların yerləşdirilməsi mümkündür.

R-414MBRP "Sosna-2" radio-rele stansiyası Silahlı Qüvvələrin idarəetmə məntəqələrinin rabitə qovşaqlarının və ərazi rabitə dayaq mərkəzlərinin bir hissəsi kimi radio-rele və kabel (mis-kabel və fiber-optik) rabitəsinin, simsiz genişzolaqlı giriş zonalarının və DMR standartlı radio rabitənin təşkili, həmçinin onların ictimai telekommunikasiya şəbəkəsinə bağlanmasını təmin etmək üçün nəzərdə tutulur.

Bu gün "AGAT - İdarəetmə Sistemləri" ASC ölkədə ümumi və xüsusi məqsədlər üçün avtomatlaşdırılan idarəetmə sistemləri, kommunikasiya və ötürmə qurğuları daxil olmaqla proqram təminatı sistemləri və avadanlıqları yaradan çoxprofilli aparıcı şirkətə çevrilib.

Robot döyüşə girir

Ən qabaqcıl ordular artıq döyüş missiyalarını həyata keçirən şəxsi heyətin təhlükəsizliyini təmin etmək məqsədilə insansız döyüş vasitələrinin inkişaf yoluna qədəm qoyur. Belə bir universal Belarus istehsalı olan müasir vasitə MILEX 2019-da təqdim edildi.

"Berserk" robot atəş kompleksi "BSVT - Yeni Texnologiyalar" şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb. Güclü elektrik mühərrikləri sayəsində kompleks yüksək manevr və keçicilik qabiliyyəti əldə edir və bu da ona istənilən hava şəraitində, istənilən çətin ərazi şəraitində vəzifələrini yerinə yetirməyə imkan verir.

"Berserk" cütlənən dörd lüləlii aviasiya topu ilə təchiz edilir və düşmənin hava və yer hədəflərini vurmağa qadirdir.

Atəş dəqiqliyi çox yüksəkdir. 400 metr məsafədə atılan 100 mərminin hamısı diametri 50 santimetr olan bir dairəyə yerləşir.

"Qroza-P2"

"Radar" dizayn bürosu, "Qroza-P2" dron əleyhinə yeni bir elektron silah hazırlayaraq ilk dəfə təqdim etdi. Əvvəlki analoqla müqayisədə bu silah daha kompaktdır və təxminən üç dəfə daha yüngüldür.

"Qroza-P2" mühafizə edilən obyektlərin ərazisini multikopterlərin daxil olmasına qarşı qorumaqla bərabər, GPS və GLONASS peyk naviqasiya sistemlərinin avadanlıqlarını da basdıra bilər. Əsas üstünlüklər arasında silahın hədəfdə dəqiq tuşlanmasının tələb edilməməsi də yer alır. Şüalanma istiqamətinin eni 30 dərəcədir.

"Qroza-O"

"Radar Dizayn Bürosu"nun sərgidə təqdim etdiyi digər bir yenilik "Qroza-O" dronlarına qarşı radioelektron müharibə kompleksidir. Professional kvadrokopter bazasında hazırlanan hava platformasıdır.

Onun üzərində bir ədəd radiopelenqator və bir videokamera, yerdə isə idarəetmə və məlumatların qəbulu məntəqəsi mövcuddur.

Artıq buludlar aviasiyaya maneə deyil

"Baranoviç" şəhərində təyyarə təmir zavodu, Su-25 hücum təyyarələrinin modernləşdirilməsində imza atdığı bir sıra yenilikləri də MILEX 2019 beynəlxalq müdafiə texnologiyası sərgisində təqdim etdi.

Təyyarə üzərindəki bütün analoq radio-elektron avadanlıqlar müasir rəqəmsal sistemlərlə əvəz edilir. Əsas GPS qəbuledicisi əvəzinə peyk hədəf və naviqasiya kompleksi quraşdırılır. Əvvəllər, dəqiq bombardman üçün pilot hədəfləri vizual olaraq görməli idisə, indi onların koordinatları və bütün parametrləri nəzərə alınır, avtomatik hesablama aparılır və bombanın sursatı buraxma zamanı pilotun önündəki kompüter sistemində əks olunur. Bu isə hücum təyyarələrinə yüksək hündürlükdən və sıx buludlu hava şəraitində bomba atmağa imkan verir.

Bundan əlavə, təyyarənin yeni nəsil "Satellite-M2" radiotexniki mühafizə avadanlıqları ilə təchiz edilməsi onun döyüş davamlılığını da artırıb. Bunun sayəsində təyyarə düşmənin hava hücumundan müdafiə sistemlərinin yüksək dəqiqlikli idarəedilən raket hücumlarından da qorunur.

"Qraç"

"Dəqiq Elektromexanika Zavodu"nun mütəxəssisləri sərgidə çoxməqsədli, çoxrotorlu "Qraç" tipli pilotsuz hava vasitəsini təqdim etdi.

Zərbə versiyasında "Qraç" düşmənin canlı qüvvəsi və yüngül zirehli obyektləri ilə mübarizə apara bilir. "Kamikadze" rejimində PUA idarəolunmayan S-8KOM aviasiya raketi ilə təchiz edilir. Bir müddət havada "gəzən" sursat aşkar edilən hədəfə zərbə endirir.

Onun digər zərbə PUA-larından fərqi, hədəfə gizlin yaxınlaşmağındadır. "Qraç"ın mühərriki yalnız 20 metr yüksəklikdən eşidilir. 2020-ci ilə qədər PUA-nın tam sınaqdan keçirilməsi planlaşdırılır. Bu PUA-lardan mülki məqsədlər üçün, məsələn, axtarış və xilasetmə işlərində də istifadə edilə bilər.

TRİO zenit raket kompleksi

Sərgidə təqdim edilən və daha az maraqlı olmayan başqa bir perspektivli inkişaf TRİO zenit raket kompleksi oldu. Bu kompleksin istehsalı, mövcud hava hücumundan müdafiə sistemlərinin effektiv mübarizə apara bilmədiyi və ya mübarizə aparması məqsədəuyğun olmayan kiçik ölçülü PUA-ların sürətli inkişafı ilə əlaqələndirilir. TRİO ZRK hərbi və sənaye obyektlərinin, quru qoşunlarının hərbi hissə və birliklərinin hava hücumundan müdafiə edilməsi və qanadlı raketlərin, kiçik hava hədəflərinin, o cümlədən mini PUA-ların məhv edilməsi üçün nəzərdə tutulduğu iddia edilir.

Kompleksin tərkibinə kəşfiyyat avadanlıqları olan mobil komanda və idarəetmə məntəqəsi, qısa mənzilli döyüş vasitəsi, ZSU-23-4 "Şilka" özüyeriyən zenit qurğusu və "Berserk" robotlaşdırılan modulu daxildir. Bütün atəş vasitələri, onların fərqli və kobud ərazilərdə inamla hərəkət etməsinə imkan verən tırtıllı şassidə quraşdırılır. Belaruslu mütəxəssislərin iddialarına görə, TRİO yüksək döyüş potensialına malik nisbətən ucuz bir kompleksdir.

PUA-lar

Belarus Milli Elmlər Akademiyasının stendində "Aviasiya Texnologiyaları və Kompleksləri" QSC-nin yeni uçuş aparatları nümayiş etdirildi.

Pilotsuz hava vasitəsi son illərdə istənilən beynəlxalq silah və hərbi texnika sərgisinin ekspozisiyasının ən geniş tədqiq edilən vacib hissələrindən birinə çevrilib. MILEX sərgisi də bu sahədəki yeniliklərin nümayişi ilə istisna təşkil etmədi.

"Aviasiya Texnologiyaları və Kompleksləri" QSC aviasiya texnikası və onun komponentlərinin istehsalında, eləcə də əldə edilən məlumatların sonrakı rəqəmsallaşdırılmasında ixtisaslaşır. MILEX 2019 beynəlxalq sərgisində bu şirkətin Belarus Milli Elmlər Akademiyası ilə birgə təşkil olunan stendində müasir məhsulları ilə bərabər bir neçə yeni pilotsuz vasitələri də təqdim edildi.

Onların arasında ən çox diqqət çəkən iki məhsuldur. Birincisi kombinə edilən güc qurğusuna malik iki tipdə (qalxma kütləsi 30 və 65 kq) pilotsuz uçan aparatdır. Bu PUA-ların əsas xüsusiyyəti 160 km/saat sürətlə təyyarə rejimində uçuş həyata keçirməsi ilə şaquli enmə və qalxma həyata keçirməsidir. Beləliklə, bu PUA-lara aerodrom tələb olunmur, onlar demək olar ki, istənilən ərazi şəraitində kiçik meydançalardan qalxa və ya oraya enə bilirlər. Bundan əlavə, təsvir edilən aparatların artan uçuş müddəti 4 ilə 12 saat arasında dəyişir. Bu sinifin PUA-larından geniş ərazilərin monitorinqindən təhlükəsizlik orqanlarının maraqlarında xüsusi vəzifələrin yerinə yetirilməsinə qədər bir çox tapşırıqların yerinə yetirilməsində effektiv şəkildə istifadə edilə bilər.

"Aviasiya Texnologiyaları və Kompleksləri" QSC tərəfindən təqdim edilən stentdə bu PUA-lar üçün yüksək imkanlara malik kiçik ölçülü hədəf yükləri də yer aldı. Bunlara əsasən sabit asqılarda yerləşən lazer məsafəölçəni, optik-elektron və infraqırmızı kameralar aiddir. Faydalı yükləri kompakt ölçülərə malikdir, hədəfləri 4 kilometrədək məsafədə aşkarlaya, tanıya və müşayiət edə bilir.

MiQ-29 qırıcılarının yenilənməsi

Serbiyanın hərbi texniki yardımı çərçivəsində Belarusdan əldə etdiyi 4 ədəd çoxməqsədli MiQ-29 qırıcılarının təmiri və yenilənməsinin həyata keçirilməsi barədə sərgi çərçivəsində rəsmi Minsklə razılaşma imzalandı. Qırıcıların naviqasiya, radioelektron mübarizə və silah sistemlərinin modernləşdiriləcəyi ehtimal edilir.

İnformasiya texnologiyası bölüyü

MILEX 2019 sərgisində təqdim edilən digər maraqlı bir yenilik Belarus Hərbi Akademiyasının nəzdində proqramlaşdırma üzrə ali təhsilə malik çağırışçılardan "informasiya texnologiyası bölüyü"nün formalaşdırılmasından ibarət oldu. Bu bölmənin şəxsi heyəti təyin edilən qaydalara uyğun olaraq müddətli hərbi xidməti dövründə öz ixtisaslarına uyğun olaraq hazırlanaraq mütəxəssis kimi yetişir və Baş qərargahın, qoşun növü və birlik komandanlarının, müxtəlif hərbi idarəetmə orqanlarının, Hərbi Akademiya rəhbərliyinin verdiyi tapşırıqları yerinə yetirirlər.

Bu, model olaraq hər bir ordu üçün, xüsusilə də müharibə şəraitində olan Azərbaycan Ordusu üçün də çox aktual məsələdir və tətbiqi zəruridir. Belarusda keçən ilin sonunda tətbiq edilən bu metodun 4-5 ay ərzində maraqlı və müsbət effekt verməsi bizim üçün də fundamental baza yarada bilər. Digər tərəfdən isə hərbi məktəblərin, Ali hərbi təhsil müəssisələrinin, Hərbi Akademiyanın müəllim-professor heyəti üçün müvafiq şərait yaradılmaqla müasir texnologiyaların yaradılması prosesinə cəlb edilməsi də vacibdir. Hər bir güc strukturunun ilkin mərhələdə əldə etmək istədiyi müasir avadanlıqların heç olmasa bir hissəsinin elmi-texniki əsaslandırılmasını, layihəsini və sənaye şirkətləri ilə birgə istehsalını həyata keçirməsi, ölkəmizdə yerli istehsalın canlanması ilə bərabər dünyanın yaradıcı qüvvəsi olan mühəndis peşəsinin prestijinin sürətlə artmasına da səbəb ola bilər.

Belarus Hərbi Akademiyasının kafedrasının professor-müəllim heyəti 1RL133 radiolokasiya stansiyasını da dərin modernləşdirmədən keçiriblər. Artıq RLS aşağı yüksəklikdə uçan kiçik ölçüdə hərəkət edən hədəf və obyektləri 20 km məsafədə aşkar etməyə imkan verir. Nəticədə müxtəlif tipli PUA-ların, suüstü hədəflərin, paraşütçülərin və hərəkət edən piyada qoşunlarının aşkar edilməsi təmin edilib.

Hərbi Akademiyanın əmakdaşları tərəfindən hazırlanan pilotsuz aviasiya koplekslərinin istehsalı ciddi maliyə vasaitləri tələb etdiyi üçün digər dövlət hərbi sənaye müəssələləri ilə əməkdaşlıq edilib. Hazırda təqdim edilən pilotsuz aviasiya kompleksləri Belarus silahlanmasında xidməti funksiyalarını uğurla yerinə yetirir.

"Alyans" döyüşü idarəetmə sistemi

"Alyans" adlandırılan yeni döyüşü idarəetmə sistemi və avtomatik ölçmə cihazlarının köməyi ilə texniki vasitələrin, biometrik sensorların vasitəsi ilə şəxsi heyətin vəziyyətinə nəzarət etmək mümkündür. "Alyans"ı bu xüsusiyyətlərinə görə nə zamansa fantastika hesab edilən "Terminator" filmindəki "SkyNet" ilə müqayisə etmək də yalnış olmazdı.

Sərginin nəticələri

Göründüyü kimi, bu sərgidə ev sahibi kimi Belarus, ən geniş şəkildə təmsil edildi. Avropa ölkələri, nəhəng sənaye şirkətləri bu sərgiyə çox da ciddi maraq göstərmədilər. Rusiya və Çin kimi kimi vacib tərəfdaş da sərgidə stendlə iştirak etsə də, yeni silah nümunələrini təqdim etmədilər.

Bütün bunlara baxmayaraq, sərgidə Belarus şirkətləri tərəfindən təqdim edilən yerli nümunələr artıq yerli sənayenin raketlər, ZRK-lar, PUA-lar, rabitə vasitələri və döyüşü idarəetmə sistemləri kimi yüksək texnologiyalı silahlar sahəsində rəqabət qabiliyyətli məhsullar istehsal etdiyini göstərdi.

Sərgidə çox eksponatlar göstərildi və bir çox texnikalara baxış keçirildi. Lakin Belarusun bəzi qonşularının və müttəfiqlərinin həsəd aparmasına səbəb olacaq əsas silah sistemi, atəş məsafəsi keçən il 300 kilometrə çatdırıldığı rəsmən elan edilən "Polonez" YARS-ın yeni operativ taktiki raketləri, "Berserk" robot atəş kompleksi, "Qroza" ailəsinin PUA əleyhinə vasitələri, TRİO və yeni 8x8 təkər formulalı şassiyə quraşdırılan "Buk-MB3K" hava hücumundan müdafiə kompleksi və onun 9M319MB raketləri oldu. Bu raketlərin qanadlı raketlərə qarşı da təsirli olması nəzərə alınmaya bilməz. Bu raket ilə təchiz edilən "Buk-MB3K" ZRK-nın istismara verilməsi, Belarusun müxtəlif məsafə və yüksəkliyə görə eşalonlaşdırılan milli HHM qruplaşmasının formalaşmasını əldə etməyə imkan verdiyini də vurğulamaq yerinə düşər. Belaruslu mühəndislər "İsgəndər" raketinin prototipini yaratmaqla Ermənistana verdikləri raket kompleksini Minskə tədarük etməkdən imtina edən Rusiyaya nəyə qadir olduqlarını əyani şəkildə nümayiş etdirdilər. Belarusun Rusiyaya silah ixracının, idxalından 30-35 % çox olması da Minskin əldə etdiyi nailiyyətlərin göstəricisi hesab olunur. Detalları açıqlanmasa da ölkənin dayanmadan raket silahları sahəsində yeni layihələr üzərində çalışdığı şübhəsizdir.

Ali təhsilə malik çağırışçılardan "informasiya texnologiyası bölüyü"nün formalaşdırılmasını və "Gələcəyin əsgəri" layihələrini də ayrıca olaraq qeyd etmək vacibdir.

70 ölkənin, o cümlədən Azərbaycanın da silahlanmasında Belarus istehsalı olan məhsulların yer alması hər iki ölkə tərəfindən təbii qarşılanır. Avtomobil və traktor sahəsində əməkdaşlığı genişləndirmək, onu müdafiə sənayesi istiqamətinə transfer etməklə Belarusun təcrübəsindən yararlanmaq, qarşılıqlı təcrübə mübadiləsi aparmaq, rabitə, REM, yüksək texnologiyalar və dəqiq idarəolunan sursatların istehsalına üstünlük vermək, həmçinin Belarus Hərbi Akademiyasının nəzdində formalaşdırılan "informasiya texnologiyası bölüyü" və "Gələcəyin əsgəri" layihələrini öyrənmək, bütün güc nazirliklərinin Ali təhsil müəssisələrinin, o cümlədən Hərbi Akademiyanın müəllim-professor heyətini müvafiq şəraitdə müasir texnologiyaların yaradılması prosesinə cəlb etmək günümüzün ən aktual mövzularından biri olmalıdır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MILEX-2019  

MILEX 2019: Şərqi Avropanın nəhəng sərgisində kim nə təqdim etdi? - YEKUN (HƏRBİ EKSPERT)

2019/05/uploa-3116878520.jpg
Oxunub: 3681     15:22     21 May 2019    