15 Sentyabr: Qazilərimizin gözlərindən öpür, şəhidlərimizin ruhuna fatihə ithaf edirəm

2018/09/Baku_az_vs_13833059130.jpg
Oxunub: 1346     19:12     15 Sentyabr 2018    
"Böyük Turan İmperiyasının Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin fəthi xəbərini böyük şadlıqla qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaq. Qazilərimizin gözlərindən öpür, şəhidlərimizin ruhuna fatihə ithaf edirəm."

- Ənvər paşa

Sentyabrın 13-də Azərbaycan zirehli qatarı 5-ci firqəyə tabe edildi, hücum istiqamətlərinin sərhədləri müəyyənləşdirildi. Belə ki, Cənub qrupu ilə 5-ci firqə arasında təmas xətti Puta körfəzindən, 283 №-li təpədən və Puta stansiyasından, 5-ci firqə ilə 15-ci firqə arasında isə Yanardağ-Biləcəri-Ermənikənd xəttindən keçməli idi. Bakı üzərinə həlledici hücum sentyabrın 14-nə, şəhər üzərinə ilk hücumdan keçən 40-cı günə təyin edildi.

Əvvəlcədən şimal istiqamətinə cəmləşdirən qoşunlar sonra gizlin şəraitdə qərb istiqamətinə aparıldı. General Denstervil yazırdı ki, Bakının müdafiə xəttində, sol cinahda, Bibi-Heybət mədənləri önündəki təpələrdə Şimali Stafford alayının 60 nəfərlik "A" bölüyü, onun arxasında 100 nəfərlik erməni dəstəsi və Şimali Stafford alayının 100 nəfərlik dəstəsi dayanırdı. Qurd qapısı təpəsində rus dəstəsi, ondan şimalda Şimali Stafford alayının "B" bölüyü, onun yanında Hacı Həsən kəndi ilə üzbəüz erməni dəstəsi möhkəmləndi. Döyüş xəttində bir qaubitsa batareyası və 1 ədəd üçdüymlük top dayanır, sol qanadda 2 ədəd üçdüymlük top qurulmuşdu. 1,5 mil aralı Ağ ev adlanan evdə sol cinah qərargahı (başda polkovnik Veqsuraba) və bir erməni taboru yerləşirdi. Sağ cinahın (başda polkovnik Qazarov) sol qanadını Biçeraxovun 600 nəfərlik qüvvəsi qoruyurdu.

Biləcəri stansiyasında Uoçester taborunun 2 bölüyü dayanırdı. Biləcəridən Dərnəgülə qədər olan sahədə Uoçester taborunun 1 bölüyü durmuşdu. Dərnəgül gölünün cənub tərəfində erməni taboru, şərq tərəfində ingilis qoşunlarının pulemyot komandası (4 pulemyot) yerləşirdi. Sağ cinahın ehtiyatı Şimali Stafford alayının 60 nəfərlik dəstəsi idi. 39-cu briqadanın qərargahı yerləşən binada Varvik taborunun 100 nəfərlik bölüyü saxlanılmış, burada 8-ci səhra topçu batareyası və bir qaybitsa var idi. 2 ədəd ingilis zirehli avtomobili Biləcəridə, bir zirehli avtomobil isə ehtiyyatda saxlanılmışdı. Sağ cinahın sağ qanadını 500 nəfərlik erməni dəstəsi, üstəlik üç düymlük top batareyası, 3 rus zirehli avtomobili təşkil edirdi. QİO komandanlığı düşmən barəsində məlumat toplamaq üçün daim kəşfiyyat dəstələri göndərilməsini tələb edirdi. Bu sahədə ən böyük uğur sentyabrın 13-də qazanıldı.
Həmin gün Zığ istiqamətində kəşfiyyata göndərilən Tatar süvari alayının Qasımov soyadlı döyüşçüsü düşmən tərəfdən vacib "dil" gətirdi: Odinsov soyadlı zabit mühəndis-istehkam sahəsi üzrə mütəxəssis idi və Bakı ətrafında istehkamların yaradılmasında iştirak etmişdi. Onun dindirilməsi ilə düşmənin müdafiə xətti barəsində vacib məlumatlar əldə olundu. İngilis zabiti Raulinson sentyabrın 13-də təxribat qrupu ilə Lənkərana yollanmalı, daha sonra Muğandan QİO-nun arxasına keçməli və körpülər, dəmir yolları, anbarları partlatmalı idi; QİO-nun cəbhədəkı fəallığı və son hücuma hazırlaşmağı buna imkan vermədi, üstəlik hücumun sentyabrın 14-də olması müəyyən ediləndən sonra Denstervil Raulinsonun tapşırığını ləğv etdi.

Sentyabrın 13-də saat 17:11-də Hacı Həsən kəndinin qərbindəki müşahidə məntəqəsində Nuru paşa Bakı üzərinə həlledici hücum əmrini imzaladı. Əmrə əsasən: hücum sentyabrın 14-də gecə başlamalıdır; 5-ci Qafqaz firqəsinin piyada hissələri saat 2-də Hacı Həsən kəndinin cənubundan Sarıhacılı kilsəsi istiqamətində hərəkətə keçərək, süngü və əl qumbaralarından istifadə etməklə düşmənin 1-ci müdafiə xəttini, sonra isə 2-ci xəttini tutmalıdır; tutulan 1-cə xəttə pulemyotlar yer-ləşdirilməli, hücum istiqamətində ərazi top atəşinə tutulmalıdır; düşmən döyüş xəttinə ehtiyat qüvvəsini gətirə bilməsin deyə, onun arxa yolları top atəşinə tutulmalıdır, eyni zamanda kiçikçaplı toplar piyadalarla birlikdə hərəkət etməyə hazır olmalıdırlar; 106-cı və 107-ci alaylar firqənin ehtiyatı hesab olunaraq hər an hərəkətə keçməyə hazır olmalıdırlar; zirehli qatar Heybət stansiyasına irəliləyərək Qurd qapısında qurulan topların atəşini özünə cəlb etməli və firqənin sağ cinahını qorumalıdır.

15-ci firqə gecə yarı hərəkətə başlayaraq Biləcəri, Balaxanı, Suraxanı və Əhmədli istiqamətlərində kəşfiyyat aparandan sonra hücüma keçərək Əhmədlini tutmalıdır. 5-ci firqənin hərəkətlərini 11 qüdrətli, 3 rus səhra, Şnayder, 5 rus dağ topları, 8 qaubitsa dəstəkləməli idi. Ön xəttdə 9-cu və 56-cı alaylar getməli, daha sonra 13-cü və nəhayət 10-cu alaylar hücuma qoşulmalı idilər. Alayların qarşısında ağır vəzifə qoyuldu: gecə ikən Şubanı yüksəkliklərindən enərək dəmir yolunu keçmək, Qurd qapısının sərt təpəliklərinə qalxmaq və bütün hərəkət zamanı səssizliyə riayyat etmək. Müdafiə xətti yarıldıqdan sonra 56-cı alay Sallaxananın şimal hissəsi ilə, 9-cu alay isə Sallaxana ilə Maşatlıq arasında irəliləməli idilər. Şəhərə hakim olan yüksəkliklər tutulandan sonra alaylar mövqelərində möhkəmlənib növbəti əmri gözləməli idi.

Firqənin topları üç qrupa bölündü: 1-ci və 2-ci qruplar Bayıl və Bibi-Heybət istiqamətindən ehtimal edilən düşmən hücumunu dəf etməli, 3-cü qrup cəbhənin sol cinahını nəzarət altına almalı idi. 15-ci firqənin 38-ci alayının tərkibindən hər birində 40 nəfər olan iki kəşfiyyat qrupu Biləcəri istiqamətinə göndərilməli idi. 38-ci alayın iki taboru Binəqədinin cənubundakı Yanardağın ətəklərindən Biləcəri istiqamətində hücuma keçməli, 3-cü tabor ehtiyatda qalmalı idi. Azərbaycan taborları Balaxanı üzərinə hücuma keçməli və Suraxanının cənubundan hücumu davam etdirməli, türk və Azərbaycan süvari alayları Əhmədli istiqamətində hücuma qoşulmalı idilər.

Hücum 9-cu və 56- cı piyada alayların Qurd qapısı istiqamətində hərəkəti ilə başladı. Saat 01:00-da Şubanı-Bakı yolunun şimalından 56-cı, cənubundan isə 9-cu piyada alayları hərəkətə keçərək səssizlik şəraitində dəmir yoluna tərəf enməyə başladılar. Daha sonra onlar dəmir yolundan üzü yuxarı, Qurd qapısı təpəsi istiqamətində qalxmağa başladılar. Buradakı yeganə yolun düşmənin nəzarəti altında olması məlum olduğundan alaylar sərt yamaclarla üzüyuxarı qalxırdılar. Artıq saat 3-də 56-cı alay yüksəkliyə qalxaraq qəfil zərbə ilə düşmənin 1-ci müdafiə xəttinə hücum etdi. 9-cu alay onun qarşısında olan düşmənin 1-ci müdafiə xəttini saat 3:30-da tutdu. 13-cü alay 3 ədəd, 56-cı alay 5 ədəd pulemyotu qənimət kimi ələ keçirdi. İngilis raportlarından aydın olur ki, Qurd qapısına edilən hücum onlar üçün tam gözlənilməz oldu: saat 4:30-da Qurd Qapısı tərəfdən güclü atışma səsi gəldi, lakin tezliklə sakitləşdi və saat 5:30-da yenidən gücləndi. İngilis qərargahı Qurd qapısında dayanan qoşunlarla əlaqəni tam itirmişdi və nəyin baş verdiyini yalnız ehtimal edə bilərdi. Təpəyə əlavə dəstə göndərmək təklifi qəbul olunmadı, çünki havanın qaranlıq olması və təpənin dumanla örtülməsi səbəbindən qoşunlar özləri bir-birinə atəşə aça bilərdi. Üstəlik türklərin Qurd qapısı istiqamətində hücumu heç gözlənilmir, olsa-olsa burada yayındırıcı həmlə ehtimal edilirdi. Sentrokaspi qoşunlarının komandanlığı da vəziyyətdən bixəbər idi. Təxminən 6:35-də vəziyyəti öyrənmək üçün göndərilən rabitə zabiti mayor Dayrell xəbər verdi ki, onun ehtimallarına görə təpədə döyüş gedir. Havaya qaldırılmış təyyarə heç nəyi ayırd edə bilmədi, çünki təpəni örtən duman hələ də çəkilmirdi.

Şəhərin şimal tərəfindən, Binəqədi, Biləcəri istiqamətindən gələn şiddətli atışma səsləri və komandirlərin türklərin hücuma keçməsi barəsində xəbərləri ingilis komandanlığını əmin etdi ki, Qurd qapısında baş verənlər yayındırıcı həmlədir. Nəhayət təpədə müdafiə olunan əsgərlər xəbər çatdırdılar ki, bütün müdafiə xəttləri tutulub, ingilis qoşunları təpədən şəhərə doğru geri çəkilmiş və yeni müdafiə xətti yaratmağa çalışırlar.

Hücumun sürətli və gözlənilməz şəraitdə həyata keçirilməsi haqqında general Denstervil yazırdı: "İnanılması mümkün deyil ki, cəbhəmizin ən güclü sahəsi düşmən tərəfindən belə asanlıqla ələ keçirilsin. Bütün üstünlüklərin bizim tərəfdə olmasına baxmayaraq, hücumun elə ilk anlarından başlayaraq darmadağın edilən belə qoşunlarla uğur əldə etmək üçün heç nəyə ümid etmək mümkün deyildi...".

9-cu Osmanlı alayının sağında arxada 13-cü, 56-cu alayın solunda arxada 10-cu alay hərəkət edirdi. Qurd qapısı təpəsi ilə dəniz arasında olan ərazi düşməndən təmizləndi. 1-ci müdafiə xətti tutulan kimi bura topların qaldırılması başlandı. Qırmızı Qışlada dəstələri toplayıb əkshücuma keçmək istəyən düşmənə top atəşi açıldı və o, itkilər verərək şəhərə doğru çəkilməyə məcbur oldu.

Bayıl ilə Qurd qapısı arasında düşmənin bir hərbi hissəsi sahilə yaxınlaşmış gəmilərə minməyə cəhd göstərdi, lakin top atəşi ilə bunun qarşısı alındı. Səhər saat 4:00-da hücuma başlayan 15-ci firqə də öz hücum istiqamətində düşmənin ilk müdafiə xəttini ələ keçirdi, səhər 6-da düşmən döyüş bölgəsinə əlavə qüvvə yeritməsin deyə arxa yollar top atəşinə tutuldu. Bu istiqamətdə düşmənin əsas qüvvələri dayanırdı. Əsirlərdən öyrənildi ki, burada 100 ingilis, 700 rus, 800 erməni döyüşçüsü var, 16 pulemyot, 12 top ərazi üzrə maskalanaraq gizlədilmişdi. Biləcəri istiqamətində irəliləyən 38-ci alay həmin gizlədilmiş silahların atəşinə məruz qaldı. Buna baxmayaraq 38-ci alay irəliləyirdi. Süleyman İzzət bəy əlavə piyada qüvvələr və toplarla dəstəklənməsini istəyirdi.

9-cu və 56-cı alaylar geniş sahəyə çıxdıqca əlavə hissələrlə gücləndirilidi, sonra 56-cı alaydan solda döyüşə 10-cu alay yeridildi. Səhər saat 6-da qərb istiqamətində 2-ci müdafiə xətti tam olaraq ələ keçirildi. QİO-nun hissələri döyüşdə fasilə yaratdılar. Səhər saat 9:00- da artıq dənizin bəzi yerlərində şəhərdən qaçan gəmilər görsəndi, eyni zamanda şəhərin bir neçə yerindən havaya qalxan tüstülər düşmənin şəhərdə yanğınlar törətməsindən xəbər verirdi.

Düşmən qüvvələri çaşqınlıq içində idi və hücumun davamını gözləyirdi, lakin türk-Azərbaycan hissələri tutduqları mövqelərdə möhkəmlənirdilər. Bu fasilə əmrlə nəzərdə tutulurdu, çünki Qurd qapısına topları qaldırmaq çətin məsələ idi, onlar olmasa, şəhəri və limanı nəzarət altında saxlamaq, hərəkət edən düşmən qüvvələrinə atəş açmaq olmazdı və ümumiyyətlə, Qurd qapısı təpəsinin tutulması əhəmiyyətini itirərdi. Nuru paşa təkcə yüngül topları deyil, bir ağır batareyanı da təpəyə qaldırmağı, 5-ci firqənin qərargahını da ora keçirməyi əmr etdi.

Düşmən fasilədən istifadə edərək qərb istiqamətinə yeni qüvvələr göndərir, lakin əhəmiyyətli dəyişikilik edə bilmirdi. Saat 9:45 Qurd qapısı istiqamətində əks-hücum baş verdi, burada ingilis qoşunları və biçeraxovçular vuruşur, ermənilərdən ibarət 3 bölük hücuma qalxsa da, ilk top səsləri gələn kimi geri, şəhərə doğru qaçdılar.

Şimaldan təzyiqi artıran 15-ci firqə buradan qoşunların götürülüb 5-ci firqəyə qarşı atılmasına imkan vermirdi. Qurd qapısına qaldırılmış toplar 9-cu alayın sağ cinahında əkshücum üçün toplaşan düşmən hissəsini atəşə tutaraq dağıtdı. 56-cı alay sol cinahda yüksəklikləri tutdu, 3 pulemyotu qənimət kimi götürdü. Düşmən arasında vahiməni artırmaq üçün təpələrdə qurulan toplar ara-sıra şəhərdəki qoşun birləşmələrinə və limandakı gəmilərə atəş açırdılar. Düşmənin Salxana və Salyan kazarmasında qurduğu top batareyaları ilk atəş açan kimi mövqelərini bildirmiş və dərhal türk artilleriyası tərəfindən dəf edilmişdilər. Qırmızı Qışla adlanan yerdə (Maşatlıq adlanan xristian qəbristanlığı yaxınlığında) möhkəmlənmək və 56-cı alaya hücum etmək istəyən düşmənin piyada hissələri və 3 zirehli avtomobil top atəşinə məruz qalaraq qışlanı tərk etdilər. Sağ cinahda 13-cü alay Maşatlıq məntəqəsi və Bayıl yüksəkliklərini ələ keçirdi. Saat 11:45 Putadakı zirehli qatar hərəkətə keçərək Heybət stansiyası istiqamətində irəlilədi. Qatar top atəşi ilə irəliləyən hissələri dəstəkləyirdi. Beləliklə, sentyabrın 14-də günortaya yaxın qərb cəbhəsində əsas mövqelər ələ keçirildi.

Sentyabrın 14-də Bakıya həlledici hücum zamanı ingilisləri iki aero-plan dəstəkləyirdi. Denstervil yazır ki, "iki aeroplan hücum edən türkləri pulemyotlardan atəşə tutur və bombalar atırdı". Sentrokaspi Diktaturasının və ingilislərin 6 zirehli avtomobili sentyabrın 14-də baş verən döyüşdə geniş istifadə edildi. General Denstervilin qeydlərinə görə, "hərəkətdə altı zirehli avtomobil - üç ingilis və üç rus var idi. Onlar markiz d Albissinin rəhbərliyi altında idi və hamısı öz işini gözəl bilirdi." Şimal istiqamətində döyüşlər genişlənirdi. Belə ki, polkovnik Favielin rəhbərlik etdiyi ingilis-Sentrokaspi qoşunları 6 zirehli avtomobillə himayə olunur və bir aeroplan mütəmadi olaraq 15-ci firqəyə bombalar atırdı. Nuru paşanın əmri ilə 107-ci alay Biləcəriyə doğru göndərildi və o, 5-ci firqə ilə 15-ci firqə arasında əmələ gəlmiş boşluğu doldurdu. Lakin onun qarşısında ingilis və biçeraxovçuların dayanması, zirehli avtomobillərin fəaliyyəti alayın hücuma keçməsinə imkan vermədi. Yalnız günortadan sonra gətirilmiş topların Biləcəri təpələrini atəşə tutması 38-ci və 107-ci alayların hücumlarını təşkil etməyə imkan verdi. Azərbaycan taborlarından təşkil edilmiş Maştağa dəstəsi Tofik bəyin rəhbərliyi ilə Sabunçunu aldı, sonra isə Hövsanda düşmənin iri dəstəsi ilə üz-üzə gələrək onu geri atmağa müvəffəq oldu. Zehni bəyin dəstəsi tərkibində vuruşan Azərbaycan süvari dəstələri, о cümlədən Tatar süvari alayı və Ləzgi süvari alayının döyüşçüləri onların qarşısında olan düşmən süvarilərini geri atdılar.

Saat 13:30-da ingilislər Ermənikənd aerodromunda salamat qalmış 2 aeroplanı sıradan çıxardılar. Günortadan sonra 38-ci alay yeni hücuma başladı və saat 15:00-da Biləcərinin bütün ətraflarını nəzarət altına aldı. Döyüşdə çoxlu sayda əsir götürüldü. 107-ci alay da irəliləyərək 38-ci alayın sağ cinahında hərəkət edirdi. 38-ci alayın sol cinahında ingilis Sentrokaspi qoşunları əks-hücuma keçdilər və Süleyman İzzət bəy şəxsən bu istiqamətə gəldi. Azərbaycan könüllülərindən ibarət piyada tabor düşməni geri ataraq Sabunçunu tutdu, Azərbaycan süvariləri isə Zığdan Əhmədliyə doğru əhəmiyyətli dərəcədə irəlilədi.

Beləliklə, günün axırına şimal cəbhəsində də düşmən müqavimət göstərmək üçün bütün əlverişli mövqeləri itirmişdi. Gün ərzində baş vermiş döyüş göstərdi ki, əsas çatışmazlıq hərbi hissələrin bir-biri və rəhbərliklə əlaqələrinin zəif olmasındadır, ordu komandanlığı da firqələrdən gec məlumat aldığından onlara gec reaksiya verir. Həddindən artıq gücləndirilmiş 5-ci Qafqaz firqəsi Qurd qapısı təpəsini ələ keçirəndən sonra hücumu genişləndirməli idi ki, 15-ci firqə üzərinə yönələn zərbəni zəiflətsin, lakin bu əməliyyat planında nəzərdə tutulmadığından həyata keçirilmədi. 5-ci və 15-ci firqələr arasında mövcud olan boşluq düşmənə 15-ci firqənin tərkibində irəliləyən 38-ci alayın cinahına maskalanmış və gizlədilmiş top və pulemyotlardan zərbə endirməyə imkan verdi, onun qarşısını almaq üçün 15-ci firqə komandirinin qüvvəsi yox idi. Vəziyyəti düzəltməyə göndərilən 107-ci alayı elə döyüşün əvvəlində 15-ci firqəyə tabe etmək lazım idi.

Sentyabrın 14-ü saat 15:00-da şəhər istiqamətində sürətli hücum imkanı yarandı, lakin QİO komandanlığı bu imkandan istifadə etmədi. Belə ki, 5-ci firqənin ehtiyatı olan 10-cu və 13-cü alaylar, QİO-nun ehtiyatı olan 106-cı və 107-ci alaylar kiçik toqquşmalar nəzərə alınmasa, döyüşə yeridilmədilər. Onlar yalnız kiçik epizodlara cəlb olundular. Əməliyyat tapşırığını yerinə yetirmək üçün 5-ci firqəyə tələb olunan toplardan daha çox top verildi, halbuki 15-ci firqədə top çatışmazlığı döyüşün ilk anlarından özünü göstərirdi. Komandanlıq bütün şəhərə nəzarət etməyə imkan verən Qurd qapısı təpəsi, sonra Bayıl burnunu ələ keçirsə də, düşmən gəmilərinin şəhərdən çıxmasının qarşısını ala bilmədi.

Axşam saat 20:00-da müqavimətin mənasız olmasını görən general Denstervil ingilis qoşunlarına geri çəkilmək əmri verdi. Artıq saat 22:00-da bütün ingilis qüvvələri və Biçeraxovun döyüşçüləri gəmilərə yüklənmişdilər. Sentrokaspi nümayəndələri Denstervili şəhərdən buraxmayacaqları ilə hədələsələr də, general "16 saat atəş altında qalan əsgərlərin döyüşü davam etdirməsi fiziki cəhətdən mümkün deyil. Belə bir əmri mən verməyəcəyəm və təcili olaraq yola düşürəm” dedi.

Sentyabrın 14-də ingilislər aşağıdakı itkiləri verdilər: Şimali Staffordşir alayı 50 nəfər, Uoçester alayı 40 nəfər, Varvik alayı 26 nəfər itirdilər. Sentyabrın 14-də axşam 5-ci firqənin hissələri aşağıdakı qayda ilə cəbhə xəttində idilər: sağdan sola 13-cü, 9-cu, 56-cı, 10-cu alaylar Maşatlıq-Sallxana Qırmızı Qışla-Bəyaz Qışla xəttində dayandılar. Sentyabrın 14-dən 15-nə keçən gecə ingilis qoşunları Bakını tərk etdilər.

Gecə əsasən tüfəng-pulemyot atəşləri səslənir, ara-sıra toplar atəş açırdılar. Həmin gecə Nuru paşa sentyabrın 14-nün nəticələrinə həsr olunmuş döyüş əmrini imzaladı. 56-cı alayda gün ərzində 1 zabit, 16 əsgər həlak olmuş, 2 zabit, 74 əsgər yaralandı; 38-ci alayda 1 zabit həlak oldu, 1 zabit və 116 əsgər yaralandı; 107-ci alayda 8 zabit, 80 əsgər yaralandı; digər hissələrdə də itkilər var idi.

Əmrdə göstərilirdi: 13-cü alay Maşatlıq və ondan şimalda şəhərə daxil olaraq çaşqın vəziyyətdə olan düşmənlə tüfəng-pulemyot alışması aparır, 56-cı alay qarşısında olan düşmən Qırmızı və Bəyaz qışlalarında möhkəmlənməyə çalışır, Qırmızı qışladan tüfəng-pulemyot, Bəyaz qışladan isə tüfəng-pulemyot və zirehli avtomobillərdən atəş açılır. 10-cu alayın sol cinahına düşmən iki zirehli avtomobil çıxarsa da, onlar top atəşi ilə qovuldular. 9-cu, 13-cü, 56-cı, 10-cu alaylar tədricən irəliləməli, 106-cı alay ehtiyatda saxlanmalı idi. İstehkam və dəmir yolu bölükləri Puta-Biləcəri dəmir yolu xəttini təmir etməli, zirehli qatar Heybət stansiyasında qalmalı, 5-ci firqə qərargahı Zavodlarda (Qara şəhər) qərar tutmalı, top və qaubitsalar qışlaları və limanı atəş altında saxlamalı idi. Hələ də çoxsaylı düşmənin güclü hərbi texnikaya malik olmasını, türk döyüşçülərinin şəhər küçələrinə yaxşı bələd olmadığını nəzərə alaraq qoşunları şəhərə səhər yeritmək qərarı qəbul edildi.

Sentyabrın 14-ü saat 20:30-da Nuru paşa sentyabrın 15-nə döyüş əmrini imzaladı. Əmrə əsasən Bakı şəhəri tam azad edilməli idi; 5-ci Qafqaz firqəsi 56-cı alayın mövqelərindən hücuma keçərək Qara şəhərə qədər olan şəhərin qərb ərazisini tutmalı, daha sonra burada bir piyada alayı, iki dağ batareyası qoyaraq əsas qüvvələri şəhərdən çıxarmalı və Bakının şimal-şərqindəki ərazidə və Xırdalan-Bakı yolunun hər iki tərəfində yerləşməli idi; 15-ci firqə irəliləyərək Qara şəhərə qədər olan şəhərin şərq hissəsini azad etməli, burada bir piyada alayı, bir top batareyası saxlayaraq şəhərdən kənara çıxmalı idi. Hücum sahə artilleriya hazırlığından sonra başlamalı idi. Nuru paşanın əmrinə əsasən 5-ci və 15-ci firqə komandirləri müvafiq əmrlər verdilər. 38-ci alay Qara şəhərin dəniz sahilinə qədər olan ərazisini təmizləməli idi. Tevfiq bəyin rəhbərliyi ilə Azərbaycan piyada taborları Sabunçudan keçərək dəmir yolu boyunca irəliləməli və Keşləni azad etməli idi.

Əhmədli istiqamətindən şəhərə irəliləyən Zehni bəyin dəstəsi azərbaycanlı süvarilərdən ibarət idi: Qarayazı süvari dəstəsi (Nuh bəyin rəhbərliyi ilə), Ləzgi süvari alayı (Xosrov Mirzə Qacarın rəhbərliyi ilə), süvari bölüyü (Haşımbəyin rəhbərliyi ilə) və digər milli süvari hissələr. Qoşunlar arasında məsafə itdiyinə görə ayrı-ayrı firqələrin döyüşçülərinin bir-birlərinə təsadüfən atəş açmaq ehtimalı böyük idi. Bunun qarşısını almaq üçün Nuru paşanın əmri ilə 15-ci firqə 5-ci firqə komandirinin tabeçiliyinə verildi. Bütün əmrlərdə şəhərdə talançılığa qətiyyən yol verilməməsi barəsində göstərişlər var idi.

Sentyabrın 15-də saat 4:30-da döyüş 15-ci firqənin top hazırlığı ilə başladı, saat 5:30-da 5-ci firqə toplardan atəş açdı (5-ci firqənin gecikməsi bütün ağır topları hələ də Qurd qapısı təpəsinə qaldırılmaması ilə bağlı idi). Qoşunlar 1 saatlıq top hazırlığı bitəndən sonra hücuma keçməli idilər, lakin 56-cı alayın komandiri Fəhmi bəy düşmənin çaşqınlığını nəzərə alaraq top hazırlığı bitməmiş döyüşçüləri hücuma qaldırdı. Ona 9-cu və 13-cü alaylar qoşuldu. Topçular atəşi şəhərin dərinliklərinə keçirdilər. 9-cu, 13-cü və 56-cı alaylar ayrı-ayrı düşmən dəstələrini məhv edərək şəhərin mərkəzinə doğru gedirdilər. Bu zaman Qara şəhərdə bir neçə neft çəni yanmağa başladı. 15-ci firqənin hissələri saat 5:20-də hücuma keçdilər. 38-ci alay Ermənikənddə 2 ədəd uzunməsafəli, 8 səhra, 2 dağ topu və 2 sıradan çıxmış təyyarə ələ keçirdi. Saat 8:30-da 38-ci alay Qara şəhərin kənarında idi. Əhmədli istiqamətində irəliləyən milli Azərbaycan hissələrinə düşmən binalarda quraşdırdığı pulemyot və tüfəng atəşləri ilə müqavimət göstərdi. Evlərin pəncərələri və damlarından açılan atəşlə 2 zabit, 23 əsgər həlak oldu, 2 zabit, 27 əsgər isə yaralandı.

107-ci alayın 3-cü taboru vəziyyəti dəyişə bilmədi və Süleyman İzzət bəy 38-ci alaydan ən təcrübəli əsgərlərdən təşkil edilmiş bölüyü döyüşə göndərdi. O, düşmən pulemyotları qurulan evlərə toplardan atəş açmağı əmr etdi. Düşmənin müqaviməti qırıldı. Saat 7:30-da Malakankənd adlanan ərazi tutuldu. Azərbaycan könüllülərindən ibarət taborlar Keşləni azad etdilər, Zehni bəyin azərbaycanlı süvariləri Zığ dağını ələ keçirdilər, saat 08:30-da Əhmədli və Qara Şəhər ətrafındakı təpələr tutuldu. Saat 10:30-da üzərində İran bayrağı ilə böyük ağ bayraq olan avtomobil şəhərdən çıxıb 13-cı alayın mövqelərinə yaxınlaşdı. İran konsulu və Sentrokaspi qüvvələrinin qərb cəbhəsinin mənşəcə erməni olan komandanı şəhəri təslim etməyə hazır olduqlarını bildirdilər. Təslim şərtlərinin müzakirəsi üçün bir ingilis nümayəndəsi, İran, Amerika, İsveç, Danimarka konsullarının iştirakı ilə nümayəndə heyətinin qəbulunu xahiş etdilər. Bu təklif barəsində komandanlığa xəbər veriləndə 5-ci firqənin Ərkani-Hərb rəisi Rüşdü bəy avtomobillə şəhərə göndərildi ki, nümayəndə heyətini gətirsin.

Rüşdü bəyin yazdığına görə məğlubiyyətin qaçılmaz olmasını hiss edən ermənilər müsəlmanlara divan tuturdular. Köməyin yaxın olmasından ruhlanan azərbaycanlılar müqavimət göstərir və nəticədə küçə döyüşləri baş verirdi. Danimarka konsulluğunda toplanan bütün nümayəndə heyəti 5-ci firqənin qərargahına yollandı. Müzakirə nəticəsində aşağıdakılar qərara alındı: şəhər qeyd-şərtsiz təslim olur; bütün qüvvələr silahları təhvil verir; Nargin adasındakı türk, alman və avstriyalı əsirlər geri qaytarılır; silah anbarları, ərzaq, avtomobillər, zirehli avtomobillər, təyyarələr və digər hərbi mülkiyyət təslim edilir. Əhalini sakitliyə çağıran vərəqələr nümayəndə heyətinə verildi ki, şəhərdə paylanılsın. 15-ci firqənin döyüş xəttinə də üç nəfər ağ bayraqla gələrək təslim olmaqlarını bildirdilər. Saat 15:00-da 38-ci alay Qara şəhərdə əsirləri və silahları toplamağa başladı. Sentyabrın 14-ü Sentrokaspi Diktaturasının 1647 əsgər və 30 zabiti əsir götürüldü.

Ümumilikdə sentyabrın 16-na qədər 9 rus, 10 gürcü, 17 erməni zabit, 4 ingilis, 3838 rus, 1151 erməni və 113 digər millətlərdən olan əsgər əsir gotürüldü. Əsirlərin gözləniləndən az olması düşmən qüvvələri tərkibindəki Denstervil və Biçeraxovun hissələrinin, həmçinin 5 minədək erməninin gəmilərlə Krasnovodsk, Dərbənd və Maxaçqalaya qaçması, bir qism erməninin cild dəyişib əhali arasında gizlənməsi ilə bağlı idi.

Xəlil paşanın xatirələrinə görə, şəhərdən 50-yə yaxın gəmi, 100 pulemyot və 20 top çıxarılıb. Ümumilikdə, avqustun 1-dən sentyabrın 15-dək baş vermiş döyüşlərdə 5-ci Qafqaz piyada firqəsi 1130 nəfər şəhid (onlardan 30 nəfəri zabit idi) verdi, sentyabrın 14-15-də döyüşlərdə iştirak edən 15-ci piyada firqəsindən 5 zabit, 84 əsgər həlak oldu, 11 zabit, 347 əsgər yaralandı, 73 nəfər itkin düşdü. Azərbaycan könüllü hissələrində kargüzarlıq işi lazımi səviyyədə olmadığına görə onların itkiləri barədə dəqiq məlumat yoxdur. Amma hər halda onlar arasında da itki az deyildi.

Belə ki, təkcə Keşlə uğrunda Maştağa dəstəsindən 11 nəfər həlak oldu, 44 nəfər yaralandı. Bakı uğrunda döyüşlərdə həlak olan türk və azərbaycanlı əsgərlərin qəbirləri xalqımız tərəfindən göz bəbəyi kimi qorunur. Novxanı şəhidliyində hal-hazırda bir türk əsgərinin qəbri mövcuddur. Novxanı-Masazır yaxınlığında döyüşlərdə həlak olmuş türk və azərbaycanlı əsgərlər Novxanı kəndi yaxınlığında dəfn edilib, lakin sovet hakimiyyəti illərində qəbirlər olan ərazi kənd təsərrüfatı sahələri kimi istifadəyə verilib və aparılan işlər nəticəsində itib. Yalnız bir qəbir 1964-cü ildə əhali tərəfindən aşkarlanaraq, əsgərin qalıqları gizli şəkildə kənd təsərrüfatı sahəsindən çıxarılıb qəbiristanlıqda dəfn edilib.

Mərdəkan şəhidliyində Abşeron kəndlərini düşməndən qoruyarkən döyüşlərdə həlak olan igidlər dəfn olunub. Bakı şəhidliyi Çəmbərəkənd qəbiristanlığında salındı. Şəhidliklər sırasında ən böyük şəhidlik olan Çəmbərəkənd qəbiristanlığını Azərbaycan hökuməti xalqın and yerinə çevirməyi planlaşdırırdı. 1919-cu il sentyabrın 15-də şəhidlikdə xalqın topladığı vəsaitlə Bakının azad edilməsi zamanı həlak olmuş döyüşçülərin şərəfinə abidə ucaldılmağa başladı, lakin 1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal ediləndə abidənin tikintisi dayandırıldı, 30-cu illərdə isə Çəmbərəkənd qəbiristanlığı tamamilə dağıdıldı. 1990-cı ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş 20 yanvar gecəsinin qəhrəmanları məhz burada dəfn edildi. Tarixin hökmü ilə XX əsrin əvvəli və sonunda xalqın azadlığı uğrunda canlarını fəda edən insanlar bir yerdə torpağa tapşırıldı. Təsadüfi deyil ki, Qafqaz İslam Ordusunun şəhidlərinin şərəfinə ucaldılmış xatirə abidəsi 20 yanvar və Qarabağ döyüşləri şəhidlərinin xatirəsinə ucaldılmış abidə ilə yan-yanadır.

Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə "Qan ilə qazandıq zəfəri, verməyiz əldən" şüarı ilə vuruşmuş türk və azərbaycanlı döyüşçülərin xatirasinə ithaf olunur.

Yusif Ağayev
Səbuhi Əhmədov
Ordu.az

Teqlər: QİO   Azərbaycan   Bakı  

15 Sentyabr: Qazilərimizin gözlərindən öpür, şəhidlərimizin ruhuna fatihə ithaf edirəm

2018/09/Baku_az_vs_13833059130.jpg
Oxunub: 1347     19:12     15 Sentyabr 2018    