"YJ-62" sözünə uyğun 15 nəticə tapıldı!

Böyük gözləntilər: Müdafiə naziri Zakir Həsənovun Çin səfəri – HƏRBİ EKSPERT

2018/05/1_1525516914.jpg
Oxunub: 9047     18:32     05 May 2018    
Ölkəmizin Müdafiə naziri Zakir Həsənovun Çinə işgüzar səfəri artıq başa çatıb. Onu bu səfərdə Silahlı Qüvvələrimizin ayrı-ayrı qoşun növlərinin komandanları və məsul şəxsləri müşayət edirdilər ki, bu da ordumuzun rəhbərliyinin Çin səfərinə çox diqqətli və məsuliyyətli yanaşmasını göstərir. Əlbəttə, hansı memorandumların bağlanması haqqında hələlik bir məlumat yoxdur. Müqavilələr haqqında danışmaq isə bu mərhələdə çox tezdir. Lakin bizim nümayəndə heyətinin dəvət olunub getdiyi hərbi müəssisələrin istehsal etdiyi məhsul nomenklaturundan təxmini başa düşmək olur ki, onları hansı sahələr və hansı məhsullar daha çox maraqlandırır.

Çin şirkətlərində keçirilən görüşlər, Müdafiə nazirinin səfərindən öncə yazdığımız “Çindən 6 sistemin təqdimatı" yazımızdakı ehtimalları daha da gücləndirir. Məsələn, birinci ehtimalımız informasiya texnologiyaları, onların emalı və ötürülməsinin qorunması, cəbhə kəşfiyyatı və radioelektron mübarizəsi üçün avadanlıqlara marağımız nazirin “Çin Elektron texnologiyaları korporasiyası"na getməsi (China Electronics Technology Company – CETC ) dolayı yolla təsdiq olunur.


2002-ci ildə ayrı-ayrı müəssisələrdən və elmi-texniki layihə-istehsalat birliklərinin cəmindən yaradılmış bu korporasiya çox geniş çeşidli elektron məhsullar istehsal edir:

Yerdə, gəmidə, təyyarədə quraşdırılan ikikoordinatlı, üçkoordinatlı, metrlik, desimetrlik, santimetrlik, millimetrlik dalğa uzunluğu diapazonunda işləyən, müxtəlif rakurslu müşahidə, atəş idarəedici, kartoqrafik, sintezləşdirilmiş aperturlu müxtəlif radiolokatorlar;
Düşmənin geniş çeşidli radikelektron sistemlərinə yönəldilmiş və ya sferik yayımlı geniş spektrli aktiv maneələri təşkil edən sistemlər;
Düşmənin hər bir elektromaqnit şüalandırıcısının yerini təyin edib, həmin siqnalları analiz edə bilən sistemlər, çoxfunksiyalı təyyarə radarları, müxtəlif qoşun birləşmələrinin ayrıca və ya ümumi komandanlıqla inteqrallaşdırılmış Avtomatik İdarəetmə sistemləri;
Gəmilər və gəmi birləşmələri üçün döyüş informasiya-idarəedici sistemləri, fərdi və birləşmə üçün rabitə avadanlıqları;
Zenit-raket sistemləri;
Optik-elektron və televiziya sistemləri;
Öz istehsal etdiyi avadanlıqlar üçün element bazası, ikroprosessorlar və s.


Bu şirkət müxtəlif nəzarət-ölçü cihazları, tibb avadanlığı, mülki sahə üçün keniş çeşidli məhsullar da istehsal edir. Korporasiyanın 55 kompaniyasında 80 mindən çox işçi fəaliyyət göstərir. Bunların içərisində çoxlu rəqəm nömrəli “poçt qutuları" mövcuddur ki, onlar da müxtəlif elmi təqdiqat sınaq konstruktor layihələri və istehsal istiqamətlərində çalışırlar.


CETC teknoloji başqa Çin hərbi-sənaye nəhəngləri ilə müqayisədə, qeyri-dövlət kommersiya şirkətləri ilə daha dərin və sıx əməkdaşlıq edir. Korporasiya, öz layihələrinə aktiv olaraq dünyada tanınmış “Huawei Technologies”, “Great Dragon Telecommunications Equipment Company”, “Zhongxonh Telecommunications Equipment”, “Datang Telecom Technology Company” şirkətlərini cəlb edir. Mətbuatda yayılan məlumatlara görə, dövlətin “nömrəli poçt qutularından" bu kommersiya şirkətlərinə elmi, mühəndis-texniki və inzibati kadrların ikitərəfli “miqrasiyası” adi hal alıb. Bu da Çin dövlətinin məxfilik və ideoloji sahədə lüzumsuz şablonları qət edərək daha effektiv tətbiq modeli yaratmağa çalışmasını göstərir.

Korporasiya böyük məbləğdə mülki proqram məhsulları da ixrac edir. Hələ 10 il bundan əvvəlin hesabatlarına görə korporasiyanın proqram məhsulları sahəsində ixracatı 1,2 milyard dollar təşkil edirdi. Korporasiyanın mülki və ikili xarakter daşıyan məhsullarının xarici ölkələrə ixracatını onun tərkib hissəsi olan “CETC international” ticarət-investisiya kompaniyası həyata keçirir. Korporasiyanın hərbi yönlü məhsullarını isə müstəqil təsisli ticarət şirkəti “China National Electronics Import & Export Corporation” – CEIEC həyata keçirir. Hal-hazırda adı çəkilən şirkət böyük dövlət ticarət korporasiyasına çevrilib ki, elektron sənayesi məhsulları ixracı onun ümumi ixracatının bir hissəsini təşkil edir. Bu şirkət mülki məhsullar ixracatından əlavə, xarici ölkələrdə aktiv olaraq texnoloji-injinirinq layihələri həyata keçirir, gəmiqayırma sənayesi məhsulları satır.


CETC korporasiyasının müştəriləri içərisində qonşumuz və qardaş ölkə olan Türkmənistanı da misal gətirmək olar. 2016-cı ildə bu toplumun şirkətlərindən biri “Cənub Qərb elektron məhsulları Elmi-təqdiqat institutu"nun (əvvəlki, sovet sisteminə oxşar təsnifatlarına görə - 29 nömrəli institut, indiki, müasir təsnifata görə “Southwest China Research Institute of Electronic Equipment”, SWIEE), istehsalı olan DWL002 passiv antenna-faza müstəvili kəşfiyyat sisteminin alınması haqqında müqavilə bağlanıb. 2017-ci ilin sentyabrında çinli mütəxəssislər Türkmənistana gələrək texnikanın quraşdırılmasına və köklənməsinə başlayıblar. Belə işlər təxminən 2-3 ay çəkdiyindən, belə ehtimal etmək olar ki, artıq yarım ildir ki, sistem Türkmənistanda döyüş növbəsində durub. Adından göründüyü kimi, bu sistemin antennaları heç bir siqnal şüalandırmayaraq, başqa mənbələrin şüalandırdığı elektromaqnit şüalarını öz həssas antennaları ilə qəbul edərək onun istiqamətini və aşkarlama məntəqəsindən məsafəsini müəyyənləşdirirlər. Bu sistemin üçüncü koordinatı müəyyənləşdirən hissələrinin Türkmənistana ixracatı haqqında məlumat yoxdur. Lakin həmin komponentsiz də bu sistem kafi işləyərsə belə, ölkənin HHM və sahil müdafiə qüvvələrini, dövlət mühafizə orqanlarını möhkəmləndirə biləcək bir sistem olacaq.


Elektron sistemlər sahəsində bu müqavilə Çinlə Türkmənistan arasında yeganə müqavilə deyil. Bir neçə il əvvəl Türkmənistan bu ölkənin CETC qrupunun istehsalı olan üçkoordinatlı aşağı yüksəkliklərə nəzarət edən YLC-18 radiolokasiya stansiyasını, yüksək hündürlüklərə nəzarət edən üçkoordinatlı YLC-2V radiolokasiya stansiyasını və üç müxtəlif tipli zenit-raket komplekslərini alıb. Bunlar FM-90, KS-1A və FD-2000 zenit-raket kompleksləridir. FM-90 zenit-raket kompleksi Fransanın “Krotal" quru qoşunları kompleksinin reversiv təqdiqatı (loru dildə söküb, öyrənib, öz sənayesinin gücü ilə istehsalı) nəticəsində yaranmış bir sistemdir. KS-1A ZRK-sı köhnəlmiş S-75 sovet komplekslərinin 80-ci illərin əvvəlindən Çinin başladığı modernizasiyanın nəticəsidir. Çin sənayesinin imkanları artdıqca, bu sistemin ayrı-ayrı komponentlərini modernizasiya edərək gəlib elə nəticəyə çıxıblar ki, artıq bu ZRK-nın “həyat yolunun" haradan başladığını heç bir əlamət və işarə ilə təyin etmək mümkün deyil. Artıq heç kim bu stansiyanın mexaniki hərəkət edən detalları olmayan müasir aktiv faza müstəvili antenasını S-75 stansiyasının elektrik mühərriki vasitəsilə impedans dalğaötürən borusunu titrədərək, elektromaqnit şüasını fəzaya yayan “şıltaq xarakterli" antenasına oxşada bilməz. Bir atəş kanalı olan S-75 kompleksindən fərqli olaraq, bu kompleks eyni zamanda 6 hədəfi müşayət edərək, onların üçünə, hərəsinə iki raketlə (3 hədəf atəş kanalı, 6 raket kanalı) atəş aça bilir.

Bu kompleksin yalnız müasir görünməyən atəş-buraxıcı qurğusu insanda 80-ci illərin nostaljisini yaradır. Lakin yeni reklam bukletlərində həmin sistemin raket atəşi müasir atəş-nəqliyyat konteynerlərindən həyata keçirilir. Bu da sistemin xarici görünüşünü tam müasir edir. FD-2000 Çin sistemi HQ-9 ixrac adıdır. Xarici görünüşünə və döyüş xüsusiyyətlərinə görə rusların S-300 sistemini xatırladır. Lakin çinli mütəxəssislərin dediyinə görə bu sistem daha müasir və imkanlıdır.

Hərbi dəniz qüvvələri sahəsində Çinlə Türkmənistanın, Qazaxıstanın və İranın əlaqələrini nəzərə alsaq, görərik ki, bu böyük dövlət Xəzər regionu ordularının təşkil olunmasında yaxından iştirak edir.


Keçən dəfəki yazımızda göstərmişdik ki, bizim HHQ üçün CETC şirkətlərinin istehsalı olan KJ-500 uzaq radiolokasiya müşahidəsi və aviasiyanın idarəsi təyyarəsi çox maraqlı ola bilər. Bu “uçan radar" CETC korporasiyasının 38 nömrəli zavodunun konstruktor bürosu tərəfindən dördmühərrikli Y-9 hərbi-nəqliyyat təyyarəsi bazasında inşa olunub. Təyyarənin radiosiqlallar üçün şəffaf göbələkvari örtüyü altında faza burucu seksiyalardan təşkil olunmuş aktiv faza müstəvili antenası yerləşir. Faza ilə idarə olunan elektromaqnit şüası təyyarə ilə münasibətdə horizontal müstəvidə müşahidə üçün “kor zonalar", “ağ ləkələr" yaranmasına imkan vermir. Nankin şəhərində yerləşən elektron təqdiqatlar laboratoriyası tərəfindən layihələndirilən bu təyyarənin taktiki-texniki imkanları haqqında məlumat elə də çox olmasa da, onun haqqında verilən ümumi məlumatlar mütəxəssisə imkan verir ki, təyyarənin ən müasir beynəlxalq nümunələr səviyyəsində olmasını anlasın.


Ordumuzun maraq göstərdiyi Thander JF-17 (Çin təsnifatı ilə FC-1) təyyarəsinin atəş-naviqasiya radarı KLJ-7A və silahların idarəolunması sistemi də bu korporasiya tərəfindən istehsal olunur. Bu radarın müxtəlif modifikasiyaları çox geniş universal vəzifələr dairəsini əhatə edir. Bu atəş-radar sistemi özünün yüksək aşkaretmə və maneələrə davamlılıq qabiliyyətindən başqa, müxtəlif ölkələrdə istehsal olunmuş idarəolunan yükşək dəqiqlikli döyüş sursatlarını təyyarənin atəş sisteminə kommutasiya edə bilir. Bunların içərisində “hava-hava” tipli döyüş raketləri “Aspid” (İtaliya), PL-12 (Çin), MİKA-IR/M (Fransa), Cənubi Afrika-Braziliya birgə istehsalı olan V3E “A-Darter” raketlərini misal gətirmək olar. Bundan əlavə bir çox ölkələrin istehsalı olan “hava-gəmi/yer” tipli çoxsaylı raketlər tətbiq etmək olur ki, bunların içində AM-39 “Exoset”, 3M sürətli YJ-18 gəmi əleyhinə raketlər və çoxsaylı radiolokator əleyhinə raketlər də var.

Ölkəmizin HHQ silahlanmasında olan MiQ-29 təyyarələrinin modernizasiya olunub universal döyüş maşınlarına çevrilməsi vəzifəsini də bu qrupun köməyi ilə həyata keçirmək olar. SSRİ/Rusiya təyyarələrinin lisenziyalı və lisenziyasız istehsalının elektron komponentlərini hazırlayan bu korporasiya sovet təyyarə-döyüş sistemlərinin reversiv təhlili nəticəsində, istehsalı və təkmilləşdirilməsi sahəsində böyük təcrübəsi var.


Ordu rəhbərliyimizin məhz bu korporasiyada görüşlər keçirmək istəyini bir mütəxəssis kimi düzgün qərar hesab edirəm. Bütün bunlarla yanaşı, Çin şirkətlərinin müqavilə öhdəlikləri ilə bağlı problemləri olması faktları da var ki, bizim nümayəndə heyətinin o haqda məlumatlı olmasına ümidvaram. Məsələn, CETC korporasiyasının 2009-cu ildə Ekvadorla bağladığı 60 milyon dollarlıq müqaviləyə görə Еkvador respublikası üçün 4 radiolokasiya məntəqəsi və ya 4 ədəd radiolokator (bir neçə ölkəni istisna etməklə, dünya mətbuatında bu haqda yazanların hərbi sahədə zəif ixtisası olduğundan bu faktı ayırd etmək mümkün olmur) inşa etməli idi. Lakin Çin tərəfi hansı səbəblərdənsə müqaviləni vaxtında yerinə yetirmədiyindən, Ekvador müqaviləni birtərəfli qaydada ləğv etmişdi. Pulunu geri və 15,3 milyon dollar cərimə tələb edirdi. Cavab iddiası ilə Ekvadoru arbitraj məhkəməsinə verən Çin şirkətinin tələbləri daha böyükdür. O bu ölkədən 280 milyon dollarlıq cərimə ödənişi tələb edir. Kimin haqlı, kimin haqsız olmasını mətbuatda gedən zəif ixtisaslı yazılarla bilmək çətindir. Lakin Ekvadorda quraşdırılacaq avadanlıq Türkmənistanda istismar olunan, yuxarıda qeyd etdiyimiz YLC-2V və YLC-18 radarlarıdır. Türkmənistanda onlarla problem yaranması haqqında bir məlumat yoxdur. Düzdür, Türkmənistan informasiya cəhətdən bağlı ölkə olduğundan, belə müqavilə şərtləri haqqında mübahisələrin olması barədə qəti fikir söyləmək mümkün deyil.


Müdafiə naziri Zakir Həsənov daha bir Çin hərbi sənaye nəhəngi “Poly Grup” korporasiyasının baş idarəsində olaraq, onun rəhbərliyi ilə görüşlər keçirib. “China Poly Group Corporation” – ÇXR-nın baş dövlət orqanı olan Dövlət Şurasının nəzdində olan “Dövlət aktivlərinin yerləşdirilməsi və idarə olunması komissiyası”nın (SASAC) rəhbərliyi altında fəaliyyət göstərən böyük dövlət şirkətidir.

Kompaniya hərbi və mülki funksiyaları həyata keçirir. Həmçinin mülki və hərbi dəniz limanları, tərsanələri, hospitallar və yaşayış binaları tikir, təbii fəlakətlər nəticəsində sıradan çıxmış infrastrukturu və yaşayış sahələrini bərpa edir.

1992-ci ilin fevralında Poly Technologies inc. şirkətinin bazasında yaradılmış “Poly group” da öz strukturunda 102 dövlət şirkətini və “nömrəli” institutları birləşdirir. Mətbuatın verdiyi xəbərə görə, şirkət “Çin iqtisadi möcüzəsinin atası" Den Syaopinin ailə üzvlərinin rəhbərliyi altında idarə olunur.


Bu korporasiyanın hərbi sahədə müqavilələrinin ümumi həcmində hərbi dəniz sistemləri və gəmilər mühüm rol oynayır. Məsələn, 2017-ci ildə korporasiyanın Malayziya ilə bağladığı 300 milyon dollarlıq müqaviləyə əsasən Çin şirkətləri bu ölkə üçün 4 sahil zonası gəmisi (LMS – “Littoral Mission Ships”) inşa edəcək. Müqavilənin şərtləri elədir ki, 4 gəmidən ikisi Malayziya tərsanələrində lisenziya razılaşması əsasında inşa olunacaq. Uzunluğu 68 metr olan bu gəminin subasımı 700 ton, silahlandırılmasından asılı olaraq bir ədədinin qiyməti 47-71 milyon dollar arasındadır. Bu gəmi 76 mm-lik bak artilleriyası H/PJ-26 topu ilə, gəmi əleyhinə raketlərlə, müxtəlif radiolokatorlarla, dərinlik bombaları atan qurğularla və atıcı silahlarla silahlana bilər. Almaniyanın MTU dizellərinin Çin analoqu bu gəmiyə 22 dəniz düyünü (41km/saat) gedişi verir.

Çinin 056 layihəli 1300 ton subasımlı İdarəolunan Raket Silahlı (İRS) patrul gəmiləri modul prinsipi ilə layihələndirilib ki, taktiki məqsədlərdən asılı olaraq onu silahla komplektləşdirmək mümkündür.


Ümumiyyətlə, Çin və Koreyanın inkşaf etmiş gəmiqayırma sənayesinin üstünlüyü onların artıq suya buraxılmış çoxsaylı layihələrində deyil. Üstünlük onların sifarişçinin verdiyi texniki tapşırıq əsasında qısa bir zamanda inşa layihələrini və istehsal sənədlərini hazırlayaraq, gəmini qura bilmək bacarığıdır.

Ümumiyyətlə qeyd edim ki, artıq DSX-nin sahil mühafizə xidmətini yüksək texniki imkanlı mühafizə-patrul gəmiləri ilə təhciz etdikdən sonra, tələsmədən Hərbi Dəniz Qüvvələrimizin modernizə edilməsi haqqında tədbirlər görməyin vaxtı çatıb. Bu səbəbdən ordu rəhbərliyinin inkşaf etmiş hərbi gəmiqayırma sənayesi olan ölkələrlə maraqlanması, onların imkanlarının müqayisəli araşdırılması təqdirəlayiq haldır. Dövlət Sərhəd Xidmətinin sahil mühafizə qüvvələri il boyu gündəlik 24 saat ərzində döyüş tapşırığını yerinə yetirir. Ölkəmizin dəniz hüdudlarını, onun iqtisadi maraqlarını sərhəd pozucularından, brakonyerlərdən, qanunsuz iqtisadi əməliyyatlar aparan müəssisələrdən qoruyur.

Bundan fərqli olaraq, Xəzər dənizində hər hansı bir qonşu dövlətlə hərbi əməliyyatlar aparmaq ehtimalı hələlik çox zəifdir. Bu da ölkəmizə müəyyən qədər vaxt verir ki, Hərbi Dəniz Qüvvələrimiz üçün gəmi istehsalına yararlı partnyorları daha diqqətlə götür-qoy edib seçək. Çünki Hərbi Dəniz Qüvvələrinin daha zərbəyə dözümlü, fəlakətə dayanaqlı, güclü və müasir silahlanmış gəmilərlə təhcizatı tələb olunduğundan, onun üçün çəkiləcək xərclər də daha böyük olacaq. Bundan əlavə donanmanın reyddə gözəl görünən donanma yox, döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirən donanma olması üçün, onun balanslaşdırılmış inkşafını və modernizasiyasını təmin etmək lazımdır. Həmin tələbi yerinə yetirmək üçün HDQ-lərinin bazalarını möhkəmləndirmək, onu təyyarə və raket əleyhinə ZRK-ləri ilə qorumaq, mobil sahil raket batareyaları və mobil sahil artilleriya batareyaları ilə təhciz etmək, yardımçı texniki və döyüş gəmiləri- yanğınsöndürən, sualtı təmir işləri aparan gəmi, tankerlər, texniki yardım gəmiləri, müxtəlif tralçılar, buksirlər, sualtı və suüstü kəşfiyyat gəmiləri, hidroqrafik gəmilər, tədris gəmiləri, sualtı qayıqlar, axtarış-xilasetmə gəmiləri və aviasiyası inşasını və s. təşkil etmək lazımdır. Bu işlərin hansınınsa təşkilində Çin şirkətləri də öz əməklərini ölkəmizə sata bilərlər.


Ümumən, bu işlərlə məşğul olan “Poly Group” korporasiyası ilə əyani tanışlıq bizim hərbi rəhbərliyimizə təhlil üçün geniş məlumat toplusu verib. Bu da yuxarıda deyilən şərtlərlə donanmamızın mənəvi cəhətdən yenilənməsinə və inkşafına kömək ola bilər. Bir sözlə, hansı qərarların qəbul olunmasından asılı olmayaraq, hərbi rəhbərliyimizin Çində işgüzar səfəri, ordu quruculuğumuz üçün mühüm metodik köməkdir. Müqavilələrin də olacağı ehtimalı çox böyükdür. Yaxınlarda onlar haqqında eşitməyi ümid edirik. Hansı sahədə müqavilələri görmək arzumuzu nazirin səfəri haqqında əvvəlki yazımızda göstərmişdik. Onların içərisində yalnız gəmiçilik haqqında gözlənti yox idi ki, bunu Saar-OPV (Tufan) tipli gəmilərin istismarı və mənimsənilmə təcrübəsi toplanandan sonra gözləyirdik. Lakin Çinə gedib, bu minlərlə tərsanəsi olan ölkədə gəmiçiliklə maraqlanmamaq heç də düzgün olmazdı. Çinlə bu sahədə əməkdaşlığı onun texnoloji və injinirinq şirkətlərinin köməyi ilə Azərbaycanda müasir tam istehsal dövriyyəli hərbi tərsanə quraraq, onun istehsal gücünün müəyyən hissəsini bu ölkədə yaradılmış layiqli hərbi gəmi layihələri ilə yükləmək formasında görürük.

Keçən ilin sentyabrının 4-də Ermənistan müdafiə naziri Vigen Sarkisyan Çin səfərində bu korporasiyalarda qəbul olunub, görüşlər keçirsə də, hərbi sahədə hansısa bir müqavilənin olması haqqında məlumat yoxdur. Ermənistan dövlətinin özünü sanballı geopolitik subyekt kimi qələmə verərək, regionda marağı olan dövlətlərdən müftə silah əldə etmək siyasəti hamı ilə baş tutmur. Artıq bir əsrdir ki, siyasətçilərin və sərkərdələrin stolüstü kitablarına çevrilmiş strategiya haqqında traktatlara malik olan Çin mütəfəkkirləri bu barədə min illər bundan öncə yazıblar.

Hərbi ekspert Vüqar Miraslanov
Yazı Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Zakir-Həsənov   Azərbaycan-Çin