"Xaçaturov" sözünə uyğun 169 nəticə tapıldı!

İflasa uğramış kəşfiyyatçı, 0038 nörməli əmr! Azərbaycan kəşfiyyatının hədəfi?| Paşinyanın yeni müşaviri (FAKTLAR)

2018/12/Nikol-1545465751.jpg
Oxunub: 6881     11:35     22 Dekabr 2018    
Genral-mayor Arşak Karapetyanın Ermənistan Baş naziri vəzifəsinin icraçısı Nikol Paşinyanın məsləhətçisi vəzifəsinə təyinatı ictimaiyyət içərisində geniş müzakirə mövzusuna çevrilib. Buna səbəb isə general-mayor Karapetyanın 2016-cı ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi vəzifəsini tutması və həmin vəzifədən aprel döyüşlərindən demək olar ki, dərhal sonra, 26 aprel 2016-cı ildə Ermənistan prezidenti Serj Sarkisyanın əmri ilə azad edilməsidir.

Həmin gün verilən digər əmrlərlə tutduqları vəzifələrdən Silahlı Qüvvələrin Rabitə Qoşunları rəisi – Rabitə və Avtomatlaşdırılmış İdarəetmə Sistemləri rəisi general-mayor Komitas Muradyan və Müdafiə nazirinin müavini – Maddi Texniki Təminat departamentinin rəisi Alik Mirzabekyan azad edilib.


Aprel döyüşlərindən sonra, xüsusilə, Ermənistan Silahlı Qüvvələrinin bu 3 qurumu ictimai-siyasi dairələrdə hədəfə alınıb. Çünki döyüşlərdən sonra niyə silahlı qüvvələr üçün Azərbaycan ordusunun əks-hücumu gözlənilməz olub, niyə yanacaq çatışmazlığı və niyə cəbhənin müəyyən hissələrində rabitə əlaqəsi poblemləri yaranıb kimi böyük səs-küy yaradan kütləvi suallara məhz bu 3 qurum cavab verməli idi.

2016-ci ildə bu istefaların səbəbləri rəsmi olaraq açıqlanmadı. Lakin həmin ilin may ayında Ermənistanın sabiq Müdafiə naziri olan Seyran Ohanyan Ermənistan parlamentində jurnalistlərlə görüşündə istefalara toxunub: “Orduda əmr və qərarlar, müvafiq müzakirələr və təkliflər əsasında qəbul olunmasına baxmayaraq, müzakirə edilmir və yerinə yetirilir. Əlbəttə, sual həmin kadr dəyişiklikləri haqqındadırsa, o zaman bir kəlmə ilə deməliyəm ki, bəli həmin məqamla, şübhəsiz ki, əlaqəsi var və bizim idarəetmə sistemimizin yaxşılaşdırılmasına və lazımi səviyyəyə qaldırılmasına yönəlib”.

Onun bu sözləri “Armenpress” agentliyi tərəfindən yayılmışdı. Diqqətçəkən məqam bundan ibarətdir ki, Arşak Karapetyanın adı daha bir neçə qalmaqallı hadisələrdə hallanıb.

Xüsusilə hələ 2013-cu ildə onun Azərbaycan kəşfiyyatının hədəfində peyda olduğu qeyd olunur. O, ölkə mətbuatında yer alan “Azərbaycan kəşfiyyatı İrəvanda” məqaləsinin qəhrəmanı idi və bu işlə bağlı bir neçə dəfə Ermənistan Milli Təhlükəsizlik Xidmətinə dəvət olunub.

Həmin məqalədə guya Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat rəisi Arşak Karapetyanın iştirakı ilə qəza baş verib və Karapetyan içkili olduğuna görə qəzanı gizlədib. Həmin məlumatda Karapetyanın şəxsi həyatı ilə bağlı informasiyalar da yer alıb.

Sonradan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən keçmiş polis əməkdaşı, Ermənistan vətəndaşı Xaçik Martirosyan həbs edilib. Ermənistan MTX-nin yaydığı məlumata görə, Xaçik Martirosyan guya Azərbaycanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəhd edib.

2016-cı ilin 26 aprel tarixində Arşak Karapetyanın istefaya göndərildiyi gün, “Nyut.am” saytı bu hadisəni yada salaraq qeyd edib ki, Xaçik Martirosyan məhz Arşak Karapetyanı təqib edib və bunun nəticəsində əldə edilən məlumatları ötürmək üçün Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.


“Xaçik Martirosyan azərbaycanlılardan aldığı tapşırığa əsasən Ermənistanın konkret vəzifəli şəxsini təqib edərək məlumatları ötürüb. Söhbət Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi general-mayor Arşak Karapetyandan gedir. Bu məlumat üçün yayılan şayiələrə görə, Martirosyan 700 ABŞ dolları alıb. Bəs bizim kəşfiyyat rəisi barədə hansı məlumatlar ötürülüb, bu, gülməlidir”, - deyə “Nyut.am” saytı qeyd edib.

Bildirilir ki, bu məsələ ilə əlaqədar keçmiş Kəşfiyyat İdarəsinin rəisi bir neçə dəfə Milli Təhlükəsizlik Xidmətinə dəvət edilib. Bunun nəticəsində məlum olub ki, Azərbaycan mətbuatında yayılan şəkillərdəki maşınla onun heç bir əlaqəsi yoxdur.

“Əslində Xaçik Martirosyan general-mayor Arşak Karapetyan haqqında gizli məlumatlar toplamaqla ötürmək barədə göstəriş alıb. Lakin ona yaxınlaşa bilmədikdə Xaçik Martirosyan azərbaycanlıları aldadaraq Karapetyan əvəzinə öz qonşusu barədə məlumatları ötürüb”, - deyə “News.am” xəbər saytı məlumat yayıb.

Diqqətçəkən digər bir məqam ondan ibarətdir ki, general-mayor Arşak Karapetyanın adı “1 Mart” cinayət işi çərçivəsində hallanıb. Xüsusilə, “Haykakan Jamanak” qəzetinin məlumatına görə o, məlum 0038 nömrəli əmrlə yaradılan “İrəvan Qarnizonu Rəsinin İnzibati Heyəti”nin üzvü və həmin qarnizon rəisinin xüsusi tapşırıqlar üzrə müavini olub.

“Maraqlıdır ki, çevriliş etməyə hazırlaşan silahlı qruplaşmanın idarəetmə mərkəzi, yəni “İrəvan Qarnizonu Rəsinin İnzibati Heyəti” olaraq necə adlandırılıb. Həmin mərkəzin idarəetmə rəhbərliyi həmin dövrdə Müdafiə nazirinin müavini və qarnizon rəisi olan Yuri Xaçaturova həvalə edilib“, - deyə “Hərbi çevriliş əmri” başlıqlı məqaləsində “Haykakan Jamanak” qəzeti yazıb.


Qeyd edək ki, aprel döyüşlərindən sonra istefaya göndərilən Kəşfiyyat İdarəsi rəisini 2018-ci ilin fevral ayında Rusiyadakı Ermənistan səfirliyinin hərbi attaşesi vəzifəsinə təyin ediblər. Bu təyinat Arşak Karapetyanla bağlı tarixi hadisələri ortaya çıxarıb.

“Aprel döyüşlərindən sonra bir sıra məsələlər cavabsız qaldı. Xüsusilə Karapetyanı və bir sıra digər vəzifəliləri vəzifədən niyə azad etdilər, o nə edib? Xidməti araşdırma aparılmışdırmı? Heç kim bilmir, çünki bütün bu proses əvvəlcədən şəffaf olmayıb”, - deyə bu ilin fevral ayında “Sputnik Armenia” agentliyinə verdiyi müsahibədə Ermənistan Müdafiə nazirinin keçmiş müavini Andranik Koçaryan deyib.

O əlavə edib ki, indiki məqamda vəzifədən çıxarılan generalın hansı vəzifəyə təyin olunmasından asılı olmayaraq, hərbi siyasi rəhbərlik vəziyyəti tam aydınlaşdırmalıdır, bu və ya digər yüksək vəzifəli hərbçinin təyinatı və ya azad edilməsinin izahı olmalıdır. O cümlədən, Arşak Karapetyanın Ermənistanın Baş nazirinin müşaviri təyin edilməsinin səbəbi açıqlanmalıdır. Hər hansı şəkildə general-mayorun günahsızlıq hüququnu pozmadan, bundan başqa onu hər hansı bir işdə ittiham etmədən vəzifəyə təyinatının izahatı mütləq verilməlidir. Ona görə ki, Paşinyan özü dəfələrlə aprel döyüşləri və “1 Mart” cinayət işinə aidiyyatı olan şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini qeyd edib. Xüsusilə, vaxtilə kəşfiyyat idarəsinin keçmiş rəisi olan şəxsin yeni vəzifəyə təyinatı elə məhz Paşinyanın komandasında təəccüb doğurub.

Sosial şəbəkədə yayılan videoda Paşinyanın hazırkı müavini vəzifəsini icra edən Tiqran Avinyan və Elm və Təhsil naziri Arayik Harutunyanın Arşak Karapetyan haqqında danışarkən aprel döyüşləri zamanı onun iflasa uğradığı qeyd ediblər.


“Facebook” istifadəçiləri, həmçinin Karapetyanın təyinatına görə narahatlıq keçirib və təəssüf ediblər.


“Silahlı Qüvvələrin Baş Qərargahının Kəşfiyyat idarəsinin keçmiş rəisi Arşak Karapetyan Nikol Paşinyanın məsləhətçisi təyin edilib. 2016-cı ilin aprel döyüşlərinin bu qədər itkilərinin bir nömrəli cavabdehi olan hərbçidir. O, cəzalandırılmalı idi. Onu isə yalnız vəzifədən azad etdilər. O, müxtəlif istiqamətlərdə Azərbaycan Silahlı Qüvvələrinin hücum planlaşdırması barədə heç bir kəşfiyyat məlumatı verməyib. İndi isə yenidən at üzərindədir, adam dəli olur”, - deyə öz “Facebook” səhifəsində Edik Bağdasaryan yazıb.

Öz növbəsində informasiya məsələləri üzrə ekspert Samvel Martirosyan “Facebook” səhifəsində yazıb ki, 2016-cı ilin aprel ayında kəşfiyyatın Azərbaycanın İsraildən kamikadze dronlar almasından xəbəri olmadığından hərbçilər bunun tətbiqi ehtimalından xəbərdar deyildilər və bu da erməni tərəfinin ciddi itkilərə məruz qalmasına səbəb olub.

“Ancaq aylarla öncədən mətbuatdan məlum idi ki, İsrail bunu 2 ölkəyə satıb. Zərbə dronlarının tədarük edildiyi ölkələrin siyahısı çox olmadığından İsrailin bu dronları kimə satdığını kəşfiyyat rəisi olmadan da bilmək mümkün idi”, - deyə Martirosyan qeyd edib.

Narek Samsonyan öz növbəsində bildirib ki, aprel döyüşləri ərzində Baş Qərargahın kəşfiyyat rəisi Arşak Karapetyan tərəfindən öz vəzifə borclarının yerinə yetirilməməsi nəticəsində torpaq və insan itkisinə məruz qalıblar.


“Arşak Karapetyan dərhal müharibədən sonra vəzifədən azad edildi. Lakin hərbi tribunala verilmədi və həmin adam bu gün ağrılı və qaytarılmaz itkilərə səbəb olub. Təsəvvür edin ki, bu adam bu gün Baş nazirin müavini təyin edilib. Dövlət xəyanətinə bərabər sayılan cinayətkar və fəaliyyətsizlik nümayiş etdirmiş şəxs Nikol Paşinyanın məsləhətçisi təyin edilir. Bu isə Levon Mnatsakayanın, Oqanovskinin və digər müharibə generallarını işdən azad edilməsi ərəfəsində baş verir. Bu böyük fəlakətin başlanğıcı deyilsə, bəs nədir? Bu dövlət xəyanətinə bərabər Ermənistan və Qarabağa qarşı diversiya deyilmi?”, - deyə o əlavə edib.


Styopa Safaryan yazıb ki, İrəvanın kadr siyasəti artıq anlaşılıb. Kimlər Nikol Paşinyana müxtəlif vəzifələr üçün namizədlər irəli sürürsə, maraqlı olur. Hayk Babayanın sözlərinə görə isə, ən azı belə iflasa uğramağa görə insan vəzifəyə qoyulmalı deyil, mühakimə edilməlidir.

Robert Hayrapetyan isə bildirib: “Nikolun yeni müşaviri var. Bu Kəşfiyyat İdarəsinin rəisi olan Arşak Karapetyandır. O Serj Sarkisyan tərəfindən vəzifədən 2016-cı ilin aprel müharibəsindən sonra azad edilmişdi. Digər bir nəfər isə tabeliyində olanların fərariliyini həvəsləndirdiyinə görə ordudan təxris edilən hazırda isə Müdafiə Nazirliyində general ştatına təyin olunan Vağinak Sarkisyandır. Qiymət verməyi sizin ixtiyarınıza buraxıram”.


“Aşot Asatryan Baş Qərargahın kəşfiyyat rəisi 3-cü və ya 4-cü kalibrli vəzifə deyil və onu vəzifədən azad edirlərsə, o zaman bunun altında mütləq əsaslı bir iş var. Xüsusilə 2016-cı ilin aprel döyüşlərindən sonra istefaların baş tutması maraqlıdır. Əlbəttə siz deyəcəksiniz ki, əgər günahkar idisə, qoy mühakimə edərdilər. Mən də əlbəttə ki, cavab verərəm, qoy mühakimə etməyənləri də mühakimə etsinlər. Günahkarları da onların üzərinə əlavə mühakimə etsinlər. Lakin bu mövzu ideal təmizlənmiş vəziyyətə gətirilməyənədək, mənim fikrimcə, həmin şəxs dövlət strukturunda, xüsusilə, Ermənistan Baş nazirinin məsləhətçisi təyin edilməməlidir. Əgər insanı səhv yerə uzaqlaşdırıblarsa, qoy uzaqlaşdıranlar cəzalandırılsın. Lakin bu iş prosesi nəticəsində ordudan general Levon Mnatsakanyan uzaqlaşdırılıb”, - deyə o əlavə edib.


Tiqran Koçaryan hesab edir ki, insan sakit yata bilmədən gözlərini bağlayır daha sonra açaraq eşidir ki, kəşfiyyatın Arşakı Baş nazirin məsləhətçisi təyin edilib: “Yalnız Madagiz və Cəbrayılın aprel komandirlərini yenidən təyin etmək və bu ölkəni bağlamaq qalıb. Deyin ki, bu yuxudur çox xahiş edirəm”.


Gevorq Tosunyan isə qeyd edib ki, Arşak Karapetyanın adı həmçinin 2008-ci ilin 23 fevral Müdafiə nazirinin verdiyi məxfi 0038 nömrəli əmrində hallanır. Həmin əmrə əsasən xüsusi istintaq xidmətinin rəyinə görə silahlı qüvvələr siyasi proseslərin içərisinə cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Aprel-döyüşləri   Karapetyan