"Uşaq" sözünə uyğun 597 nəticə tapıldı!

Əlvida uşaqlıq... Kişilik məktəbinə birinci addım... İlk xidmət günü...

2019/07/62474-1562934912.jpg
Oxunub: 1266     10:32     15 İyul 2019    
Səhərin açılması ilə hərbi hissənin daxilindəki canlanma sanki onun hüdudlarından kənara da sirayət edir. Yaxınlıqda yaşayan insanlar mal-qaranı örüşə ötürür, təsərrüfat işlərinə tələsirlər, mülki maşınlar o yan-bu yana şütüyür. Yolboyu hərəkətdə olan avtomobillərin və otlağa aparılan heyvanların səs-küyünü nəzərə almasaq, ətrafda sakit bir həyat axarı var.

Qonağı olduğumuz hərbi hissənin nəzarət buraxılış məntəqəsininin yaxınlığında təxminən 5-6 nəfər zabit dayanıb söhbətləşir. Mövzularından bilinir ki, hərbi hissəyə gənc əsgərləri gətirən avtomobil karvanını gözləyirlər.

Çox keçmir ki, bortunun çadır örtüyündə “Adamlar” yazılmış bir neçə hərbi maşın nəzarət buraxılış məntəqəsinə tərəf yön alır. NBM-də dayanan avtomobillərdən hərbi geyimli adamlar düşüb onları gözləyən zabitlərə yaxınlaşır. Əsgəri Salamla başlayan məruzədən sonra xidmətə qəbul üçün gətirilmiş gənc əsgərlər göstərişə əsasən maşınlardan enir, cərgə ilə düzülürlər.

Tanış gəlməyən mühit, bir cavablıq 100 sual...

Artıq, onlar üçün yeni həyat tərzi, başqa vərdişlər, təzə biliklər, bir sözlə, ömürlük unutmayacaqları xatirələrlə dolu hərbi xidmət başlayır.

Adlar siyahısı ilə yoxlandıqdan sonra, gənclər hərbi tibb məntəqəsinə aparılır, müayinədən keçirilirlər. Hər şey qaydasındadır. Aralarında, çəlimsiz uşaq kimi görünəni də var. Amma baxışlarından, davranışlarından görünür ki, çevik və diribaşdırlar. Sıranın qarşısında dayanan mayor ali təhsil alanların əlini qaldırmasını göstəriş verir. Əllər yuxarı qalxır. Yeni gələn əsgərlərin say hesabı ilə, 50 faizdən çoxu ali məktəb bitirənlərdir. Mühit nə qədər yad olsa da, gənclərin üz-gözündən təbəssüm əskilmir. Maraq dolu suallar yağdırırlar. Sanki, xidmət dövrü nəylə rastlaşacaqlarına dair düşüncələrinə hakim kəsilmiş suallara bircə cümlə ilə cavab almağa çalışırlar.

İlk əmr... 50 saniyəyə dəyişən gənclik...

- Sağa dön! - əmr dağınıq formada icra edilir.

Olmadı! Hamı əvvəlki vəziyyətə qayıdır. Zabit gənc əsgərlərə sırada necə davranmaq haqda qısa təlimat verib əmri təkrarlayır...

Sıradakılar sağa döndükdən sonra başqa bir əmr gəlir: - İrəli addımla marş!

...Yuyunma otaqlarından əksəriyyəti bir-birini ömründə birinci dəfə görən həmyaşıdları ilə zarafatlaşan, deyib-gülən gənclərin şən səsləri eşidilir. Ardınca isə gizir və çavuşların xəbərdarlıq dolu göstərişi:

- Vaxt bitdi... Cəmi 50 saniyə vaxtınız var. Geyinib çöldə düzülürsünüz.

Deyilən müddət başa çatıb. Sırada dayananları daha bir-birindən seçmək mümkün deyil. Bir neçə dəqiqə mülki geyimdə şad-şalayın əhvalda xosunlaşıb zarafatlaşanlardan əsər-əlamət qalmayıb. Hamı ciddi görkəmdə növbəti əmri və ya göstərişi gözləyir.

- Düzlən!.. Farağat! İrəli addımla marş! Tam alınmasa da, yeni əsgərlər sırada əsgəri qaydada addımlamağa çalışırlar.

Xidmətə qəbul, müayinədən keçmə, əsgəri xidmət haqda ilkin təlimat alma prosesləri günorta saatlarına qədər çəkir. Artıq nahar vaxtıdır...

Ətri gələn “Üçbacı”, dadına doyulmayan “Kişmişli plov”, yeməklə bitməyən əsgər payı

Əsgər yeməkxanasının qarşısında dayanan taqımların əsgərləri sağdan və soldan bir-bir içəriyə doğru addımlayır.

Hələ hərbi xidmətə gəlməmişdən əvvəl dost-tanışlardan, ordu sıralarından tərxis olunub qayıtmış qohum-əqrəbadan ordudakı yeməklər haqda eşitdiklərinin nə qədər doğru olub-olmadığına əmin olmağa tələsənlər də var. Əsgər yeməkxanasına ilk qədəmində dayandığı sıranın başında aşpazların yemək payladığı yerə diqqətlə baxır əsgərlər: “Görəsən, yeməklər necədir?” sualı baxışlarından oxunur... Yemək almaq növbəsi onlara çatır... Yeni gələn əsgərlər əldə tutduqları kombinəolunmuş yemək qabını (üzərində iki cür yemək, salat və stəkan yeri olan əsgər qabı) yemək paylayan qadına tərəf uzadırlar. Mənzərə onlar üçün inanılmazdır: sulu ət yeməyi, kişmişli plov və üzərində, mülki həyatdan “Üçbacı” kimi tanıdıqları badımcan, pomidor və bibər dolması... Qaynar meyvə kiseli.

Yeməkxananın bütün masaları sıra ilə dolur. Gənc əsgərlər naharda verilən yeməkləri ləzzətlə yeyirlər.

Yeməyin dadını soruşuruq. Bir ağızdan “çox dadlıdır” deyirlər. İki gün əvvəl xidmətə gələn əsgərlərdən biri deyir ki, qidalar doyumludur deyə, bəzən bir əsgər öz yemək normasını yeyib başa çatdıra bilmir...

Kondisionerli kazarma, hərbi xidmət haqda təlimat, Qələbə gününə hazırlıq

Nahar başa çatır. Havalar həddindən artıq isti keçdiyindən istirahət müddəti xeyli uzadılıb... Kazarmalarda irihəcmli kondisionerlər var. Sərin otaqlarda əsgərlərə nəzəri biliklər verilir, onlarla hərbi-vətənpərvəlik, mənəvi hazırlıq mövzularında söhbətlər aparılır...

İstirahət müddəti başa çatır. Bölüklər düzülüşə çıxır. Yeni gələnlərdən başqa hamı sıra hazırlığına və digər məşqlərə başlayır. Yerdə qalanlar isə yenidən hərbi xidmətin tələbləri, əsgərin vəzifə borcları, davranış qaydaları ilə tanış edilir, onlara hərbi rütbələr, vəzifələr, subordinasiya qaydaları öyrədilir.

Şam yeməyinə qədər gənc əsgərlərə xeyli bilik verilir. Növbəti yemək vaxtı çatıb. Yenə yeməkxanada sıra ilə yemək alan əsgərlər. Axşam yeməyinin də dadı yeni gələn əsgərlər üçün inanılmazdır. Bütün yeməklər bir-birindən dadlıdır...

Əsgər yeməkxanasından çıxan taqımlar oxuduqları sıra mahnılarının sədaları altında kazarmalara tərəf addımlayırlar.

Sabaha hazırlıq işlərini görəcək hamı. Geyimlərini sahmana salacaqlar, təzə paltarlarına fərqlənmə nişanları tikəcəklər.

Artıq saat 9-dur. Axşam düzülüşündən sonra görüləcək növbəti iş yatmaq, dincəlməkdir. Növbəti xidmət gününə gümrah oyanmaq lazımdır.

Qələbəyə gedən yolda büdrəməmək üçün öyrənilməsi vacib olan hələ çox şey var...

Teymur Zahidoğlu
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ordu   Əsgər