"Tarix" sözünə uyğun 1585 nəticə tapıldı!

Sarkisyandan Paşinyana ötürülən çarx: Ac qarınlar diplomatik vədlərə aldanacaqmı? – YEKUN ANALİZ

2018/12/pas-12355594328.jpg
Oxunub: 1291     17:36     10 Dekabr 2018    
Nikol Paşinyan 1975-ci il iyunun 1-də İcevan şəhərində anadan olub. Təhsili barədə özünün də dəqiq məlumatı olmayan Paşinyan 1995-ci ildə buraxılış imtahanından iki həftə əvvəl İrəvan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika bölməsindən qovulub. Buna rəsmi olaraq səbəb kimi davamiyyətsizlik göstərilib.

Qeyri-rəsmi olaraq isə universitetdə korrupsiya və ölkə rəhbərliyi ilə bağlı tənqidi yazılarına görə qovulduğu deyilir. Sonralar Paşinyan əlaçı (?) bir tələbə olduğunu göstərmək üçün "Facebook" səhifəsində qiymət kitabçasının skan edilən fotolarını paylaşdı.

Bir neçə il ərzində müxtəlif mətbuat orqanlarında işlən Paşinyan, 1998-ci ildə "Oraqir" qəzetini yaratdı. Günü məhkəmələrdə keçən Paşinyan həbs edilsə də cəzası təxirə salınır və ya cəzaçəkmə müəssisəsinə göndərilmirdi. Təbii ki, burada qısamüddətli saxlanılmalar nəzərə alınmır.


Sonralar məhkəmə "Mika Ermənistan" şirkətinin nüfuzuna xələl gətirdiyi üçün qəzeti 25 min dollar civarında cərimə etdi. Onun hesabları dondurulur, avadanlıqları müsadirə edilir və qəzeti qadağan edilir. "Oraqir" əvəzinə Paşinyan 2012-ci ilədək Baş redaktoru olduğu "Haykakan Jamanak" jurnalını təsis edir və deputat seçildikdən sonra isə onu vətəndaş nigahında olduğu Anna Hakopyan əvəz edir.

Hakim elitanın nümayəndələri, ailəsi və yaxınları istisna olmaqla, Ermənistanın bütün sakinləri Sarkisyana qarşı güclü nifrət bəsləyirdi. 2017-ci ildə keçirilən parlament seçkilərində Sarkisyan artıq heç vaxt prezident olmayacağına söz versə də, onun Baş nazirliyə namizəd kimi irəli sürülməsi Paşinyanın fiqur kimi siyasi səhnədə daha aktiv fəaliyyət göstərməsinə səbəb oldu. Yəni Sarkisyanın bir il sonra xalıqını aldatması, kütləvi narazılıqların artmasına səbəb oldu.
Ermənilər Karen Karapetyanın 2016-cı ilin sentyabrından nazirlər kabinetinə rəhbərlik etməsinə etiraz etmirdilər. Lakin Sarkisyanın davranışları artıq adı hamını qıcıqlandırırdı. Cəbhədə erməni ordusunun uğursuqları da hadisələrin gedişatını sürətləndirdi.


Paşinyanın əsas üstün cəhəti, onun küçə aksiyalarının ustası olmasındadır. O bəlkə də təşkilatçı kimi zəif deyil, lakin siyasət meydanında kifayət qədər sadəlövh və təcrübəsizdir. İqtisadiyyat və xarici siyasətlə məşğul ola biləcək fiqur deyil və ona mütləq real idarəetmədə kadrlar ehtiyacdır. Seçkiqabağı hazırlıqlara görə, xarici siyasət və hərbi məsələlər ikinci plana keçdi. Rusiya isə vəziyyətin nəzarətdən çıxmaması üçün əlindən gələni edir. Moskvanın əsas səhvlərindən biri Sarkisyan hakimiyyətinin uzunmüddətli olacağını düşünərək ona lazım olduğundan daha çox etibar etməsində idi.

Nəticədə əlində bütün hakimiyyət mexanizmlərini cəmləyən Sarkisyanın istefası ilə bağlı siyasi tələblər irəli sürən irimiqyaslı etiraz aksiyaları başlandı. Küçə aksiyalarının məhşur ustası Paşinyan çıxışlarına Avropa İttifaqı və NATO "rəngləri" qataraq 2018-ci ilin aprelin 23-də polis və ordunun bir hissəsinin yardımı ilə hakimiyyəti ələ keçirdi. İşğalçı dövlətdə bir güllə atılmadan demək olar ki, tam itkisiz və dağınıtısız hakimiyyət dəyişikliyinə necə nail olunması, hələ də cavabı tapılmayan suallar arasındadır.

Paşinyan siyasətdə zəif olsa da, yüksələn daxili narazılıqları parlaq şəkildə öz siyasi maraqlarında istifadə edə bildi. Paşinyan bütün dünyada olduğu kimi, Ermənistanda da universitet tələbələrinin və sülhməramlıların potensialından istifadə etməyi bacardı.

Paşinyan, artıq müxalifətdə olan Sarkisyan və onun respublikaçı ətrafının iqtisadi böhrana, korrupsiyaya, uğursuz islahatlara və yalan vədlərə imza atdığını bildirsə də, özünün bu vəziyyətlə bağlı konkret proqramını hələ də səsləndirməyib. Paşinyan Ermənistanın işğalçı ordusunun ac olduğunu, əsgərlikdə olan oğlunun evdən yemək istədiyini açıqlasa da, bunu necə aradan qaldıracağını bildirmir və ya bilmir. Bəlkə də heç vaxt problemlərin aradan qaldırılması yollarını səsləndirə də bilməyəcək. Kimisə hansısa çatışmazlıqlara görə təndiq etmək, bu çatışmazlıqları aradan qaldırmaqdan daha asandır. Yəni Ermənistanda Paşinyanı kimsə başa sala bilmir ki, Su-30 qırıcısında selfi çəkdirməkdən, onun və ya sualtı qayıqların alınması barədə sərsəm bəyanatlardan öncə ordunu ərzaq, geyim və məişət şəraiti ilə təmin etmək lazımdır?


Ermənistanda yeni Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında fəaliyyət göstərən yeni hökumət, qısa zamanda ciddi hərbi və iqtisadi nailiyyətlərə imza atacaqları ilə bağlı verdiyi vədlərin yerinə yetirilməsində yaranan problemlərin, sətiraltı da olsa ölkə daxilində və onun sərhədlərindəki mövcud münaqişələrlə əlaqədar olduğunu bidirir.

Hazırda Ermənistan Baş nazirinin Düşənbədə Azərbaycan prezidenti ilə görüşündən sonra cəbhə bölgəsində nisbətən sakitlikdir. Bu isə Paşinyanın seçkilərdən sonra danışıqlar masasına əyləşəcəyi barədə vəd verməsini deməyə əsas verir. Lakin Paşinyanın daxili audiotoriyaya hesablanan bəyanatlarını, Xocalı aeroportunda qırıcıların təlimləri keçirməsini Azərbaycan tərəfinin rahat həzm edəcəyini və unutduğunu düşünmək sadəlövhlük olardı.

Avropaya inteqrasiya mövzusunu çıxışlarında əsas şüara çevirən Paşinyan həm Rusiya ilə, həm AİƏT, həm də KTMT üzvləri ilə kifayət qədər gərgin münasibətlərə nail ola bilib. KTMT katibinin vəzifədən azad edilməsi isə üzv dövlətlərin, xüsusilə Belarus və Qazaxstanın ciddi etirazlarına səbəb olub. Əslində bunu etiraz deyil, danlaq adlandırmaq daha düzgün olardı. Yəqin ki, küskün və qəmgin Paşinyanın fizionomiyası uzun müddət yaddaşlardan çıxmayacaq. Əlacı olsaydı, ən azından Rusiyanın silah yardımına ehtiyacı olmasaydı, KTMT-dən birdəfəlik qapını çırpıb gedərdi. Lakin bu "mühtəşəm" və Ermənistan üçün artıq formal xarakter daşıyan təşkilatdan çıxmaq, ora daxil olmaqdan dəfələrlə baha başa gələ bilər.


Paşinyanın "Aravot" qəzetinə veriyi müsahibəyə diqqət edin: “Son 20-25 ildə Rusiya müxtəlif müqavilərlə bizim suverenliyimizi bizdən yavaş-yavaş geri alır. Və biz nə görürük: bəli, bu beynəlxalq təcrübədə belə qəbul edilib. Nə qəbul edilib? Bu razılaşmalar nədən ibarətdir? Rusiya gəlib bizə verdiyi "İsgəndər" raketlərinin yerində olub-olmadığını, onların nəzərdə tutulan məqsəd üçün istifadə edilib-edilmədiyini yoxlamalıdır? Bu nəzarət mexanizminə görə biz "İsgəndər"dən istifadə edərkən, bizə icazə verilib-verilmədiyini dəqiqləşdirməliyik".

Belə bir bəyanatı həmin silahları öz vəsaiti hesabına və bir neçə mənbədən əldə edə bilən ölkə rəhbərləri belə səsləndirmir. Əgər Rusiya silahı olmasaydı, Ermənistanın harada və necə olacağı barədə heç kim zəmanətli proqnoz verə bilməzdi.

Əgər Köçəryan hakimiyyəti dövründə öz rəqiblərini rahatlıqla əzirdisə, Sarkisyan isə əlavə düşmən qazanmamaq üçün onların vəzifələrini və ya mövqelərini dəyişdirməklə (bəlkə də Şahmat Federasiyanın prezidenti olması ilə əlaqəli idi, ona hərdən "Şahmatçı" da deyirdilər) kifayətlənirdisə, Paşinyan fərqli olaraq rəqiblərindən də yararlanmağa, onları öz tərəfinə çəkməyə çalışır.

Paşinyanın rəhbərlik etdiyi "Mənim Adımım" ittifaqının parlament seçkilərində qalib gələcəyi və yenidən Baş nazir postunu əldə edəcəyi şübhə doğurmurdu. Çünki kütlə onun ağzından məhz eşitmək istədiyini eşidir. Lakin seçildikdən sonra verdiyi vədləri yerinə yetirmək, xüsusilə maliyyə baxımından ciddi çətinliklərlə üzləşə bilər. O, NATO və Avropaya inteqrasiyaya üstünlük verib, maliyyə dəstəyi də əldə edə bilər. Lakin bu da Rusiyanı qıcıqlandıracaq. Ermənistan hakimiyyətinin iki tərəfi razı salması, bir qadının hər iki ərini eyni vaxtda qane etməsindən daha çətin olacaq. Artıq Rusiya Paşinyandan bir qədər məsafədə dayanmağa üstünlük verir. Paşinyan əslində Rusiyanın qıcıqlandırılmasının ziyanlı olduğunu, atdığı addımlarda özünü demokrat, digər KTMT liderlərini diktator kimi təqdim etmək cəhdlərinin təhlükəli olduğunu anladı. Xaçaturovu vəzifədən azad etməkdə səbirsizlik edən Paşinyan, burnuna ilk çırtmanı da KTMT rəhbərləri tərəfindən aldı. Sonradan isə öz namizədini həmin vəzifəyə gərirə bilməyəcəyini görüb, müxtəlif variantlarla dekabrın 6-na təyin edilən KTMT-yə sədr seçkisini, Ermənistan parlament seçkilərindən sonraya təyin edilməsinə nail oldu. Əvvəlcə Paşinyan bu barədə ona Rusiya prezidentinin müraciət etdiyini bildirdi. Rusiya tərəfi isə məlumatı dərhal təkzib etdi. Əslində KTMT seçkisinin təxirə salınması yalnız Paşinyanın maraqlarına uyğun gəlirdi. Rusiyanı hələ də tam qane etməyən Paşinyanın maraqlarını qoruyacağı isə inandırıcı deyil.


Dekabrrın 7-də Belarus prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində jurnalistlərə verdiyi müsahibəsində KTMT-nin vaxtından əvvəl vəzifəsindən kənarlaşdırılan erməni Baş katibi Yuri Xaçaturovun yerinə Belarus nümayəndəsinin təyin olunacağını bildirdi.

Lakin Ermənistanın Baş nazirinin mətbuat katibi Armen Yeğoyanın öz "Facebook" səhifəsindən etdiyi açıqlamada KTMT-nin Baş katibi məsələsinin həll edilmədiyi qeyd edildi. Onun sözlərinə görə, ümumiyyətlə sammit çərçivəsində KTMT barədə müzakirə aparılmayıb.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib ki, KTMT-nin Baş katibi məsələsi konsensus yolu ilə həll ediləcək. Belə alınır ki, ya Lukaşenko, ya da Paşinyan yalan danışır. Mən 30 ilə yaxındır ki, Lukaşenkonu uzaqdan tanıyır, onu sərt, lakin düzgün bir şəxs kimi xarakterizə edirəm. İrəvan hakimiyyəti haqqında isə belə bir ifadə işlədə bilməyəcəyəm. Ən azından bir aya sular durulacaq, kimin düz, kimin yan olduğu bilinəcək.

İrəvanın iştirakı ilə son zamanlar KTMT nüfuzuna bəlkə də bilərəkdən kifayət qədət ciddi ziyan dəyib. Digər tərəfdən Paşinyan dekabrın 7-də Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirakdan sonra, Rusiyanın ən etibarlı kadrı hesab edilən, əli yüzlərlə azərbaycanlıların qanına bulaşan, 1998-2008-ci illərdə Ermənistanın prezidenti olan Robert Köçəryanı, 2008-ci ilin mart 1-də nümayişlərin dağıdılması zamanı dövlətin konstitutsiya quruluşunu dəyişməkdə ittiham edərək Appelyasiya Məhkəməsinin qərarı ilə həbs etdirdi. Bütün bu baş verənlərə baxmayaraq Kreml, dişlərini qıcayaraq İrəvandan imtina etmir və ya edə bilmir, lakin Paşinyan və onun komandasından məmnuniyyətlə canını qurtarmağa çalışır. Əks halda Ermənistan da Gürcüstanın getdiyi yolu təkrarlayacaq.


Ermənistan coğrafi mövqeyinə görə - Türkiyə, Azərbaycan, İran və Gürcüstan sərhədində yerləşdiyi üçün Moskvaya vacib lazımdır, onun lakin kimin rəhbərliyi altında və hansı istiqamətə yönəlməsi başqa bir mövzudur. Rusiyanın mövcud xarici siyasəti Ermənistandansa, Paşinyanı dəyişməyi uyğun hesab edir. Kreml hadisələri tələsdirmədən seçkilərin nəticələrindən sonra Paşinyanın verdiyi vədlərlə davranışlarının mütənasibliyinə diqqət edəcək. Əgər Avropaya və NATO-ya ciddi meyllik müşahidə olunacaqsa, o zaman Rusiya Azərbaycanın bəzi əraziləri işğaldan azad etməsinə etinasız yanaşacaq. Təxminən aprel variantı başqa bir istiqamətdə təkrar ediləcək. Lakin bu zaman Bakı Avropanın təzyiqlərini neytrallaşdırmağa da hazır olmalıdır. Yəni hadisələrin Bakı üçün ən əlverişli şəraitdə, razılaşdırılan formada inkişaf etməsi, yaxın bir ildə daha çox ərazinin işğaldan azad edilməsinə imkan verəcəyini düşünmürəm. Lakin digər alternativ kimi, heç kimi və heç nəyi saymadan, torpaqların filan tarixə qədər azad edilməməsi halında əməliyyatların başlanacağı tarixi dünyaya elan edərək, öndə Ali Baş Komandanımız və Müdafiə nazirimiz olmaqla tam heyətlə son savaşa başlaya bilərik. Bu Azadlıq Savaşı adlanır və dünya hərb elminin şanlı tarixinə qızıl hərflərlə yazılır.

Məqalənin sonuna yaxın erməni deputat Artaşes Qeqamyanın sözlərini xatırlatmaq istəyirəm: "Sizdən (Paşinyandan) xahiş edirəm, ehtiyac üzündən iradəsini itirən insanlara inqilab və əks-inqilab haqqında isterik çıxışlarınızla əzab verməyi dayandırın. Bəlkə də Siz hələ də Ermənistanın milli təhlükəsizliyinə təhdid olduğunuzu başa düşmürsünüz".

Deməli düşmən siyasi elitası ilə birgə deputatlar da, artıq Azərbaycanın səbr kasasının daşacağına inanırlar. Bizə isə sadəcə bunu sübut etmək, yəni səbr kasasımızın daşacağına özümüzün inanmağımız qalır.


Bu 6 ay ərzində Paşinyan Azərbaycan haqqında ağlına və ağzına gələni sərsəmlədi, kimi istədi tənqid etdi, kimi istədi təhqir etdi, ardınca bunu sübut edirmiş kimi hava məkanımızı dəfələrlə qırıcılarla pozulmasına imkan verdi, sosial şəbəkədə istədiyini yazdı. İnanırıq ki, Azərbaycan Ordusu bu hərəkətlərə yaxınlarda adekvat cavab verəcək. Yəqin ki, əldə edəcəyimiz JF-17 qırıcıları Xocalı aeroportunu Yevlaxdan atəş nəzarətində saxlaya biləcək.

Hazırda erməni seçicilərin mütləq dəstəyi də mövcud Baş nazirin tərəfindədir: Ermənistanda keçirilən meriya seçkilərinin nəticələrinə görə, Paşinyanın bloku yerlərin 81%-ni əldə edib. İrəvanın meri vəzifəsinə seçkiləri də Paşinyanın tərəfdarı qazanıb, deməli parlament seçkilərində də Paşinyanın qazanmasını görmək elə də təəccüblü olmamalıdır. Lakin seçkilərdən sonra Paşinyanın konstruktiv danışıqlar aparmaq üçün masaya əyləşəcəyi ən azından real görünmür. Masaya otursa belə, sülh yolu ilə torpaq qaytarılmasından söhbət getməyəcək. Çünki bu, onu hakimiyyətə gətirən kütlənin maraqlarına cavab vermir. Lakin onun danışıqlardan təmamilə imtina etməsi də mümkün deyil, çünki belə olan halda Azərbaycanın digər variantlara üstünlük verə biləcəyi qaçılmaz ola bilər. Əslində Paşinyan bununla bizə ayrı yol da qoymur.

Real olaraq danışıqlar prosesində Paşinyan sələflərinin ənənələrinə sadiq qalaraq status-kvonun saxlanılmasına, münaqişənin dondurulmasına çalışacaq. Kimsə seçki bitən kimi Paşinyanın torpaq qaytaracağına inana bilər. Mən şəxsən inanmıram.

Ermənistanda növbədənkənar seçkilər artıq başa çatdı. Nikol Paşinyanın bütün seçki məntəqələrində səsvermənin nəticələrinə əsasən səslərin 70 faizindən çoxunu qazandığı elan olundu. Bu seçkidə baş verən qanun pozuntuları isə miqyasına görə liderlərdən hesab edilə bilər.


Seçkidə iştirak edən iki blok və 9 partiyadan parlamentdə Paşinyan blokundan başqa 8,37% səslə "Çiçəklənən Ermənistan" və 6,37% səslə "İşıqlı Ermənistan" partiyaları təmsil olunacaq. Qanuna görə parlamentə keçmək üçün partiya 5%, blok isə 7%-dən çox səs toplamalıdır. Əvvəlki iqtidar, indi isə atıq müxalifətdə olan Respublikaçılar Partiyası ilk dəfə olaraq Ermənistan parlamentində təmsil olunmayacaq. Partiya parlamentdə 1995-ci ildən, yəni parlament qurulduğundan etibarən orada təmsil olunurdu. Nikol Paşinyan Ermənistanda keçirilən parlament seçkilərində səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırdı.

KTMT Baş katibi postuna Ermənistan nümayəndəsinin əvəzinə Belarus nümayəndəsinin təyin olunmasına təkrar münasibət bildirən "gülü burnunda" Baş nazir Paşinyanın sözlərinə görə, KTMT Baş katibinin təyin edilməsi barədə qərar hələ qəbul edilməyib. Belarus prezidentinin yeni Baş katibin ilin sonuna qədər təyin ediləcəyi bəyanatını şərh edən Paşinyan qısa, lakin birmənalı olmayan, bir az da aşağı səviyyəli hədələyici tərzdə "Baxarıq" deyə cavab verib.

Jurnalistlərin biri isə Belarus prezidentinin Baş katibin təyin edilməsi barədə qərarın artıq qəbul edildiyi barədə bəyanatını Paşinyana xatırlatdıqda Paşinyan bir az da əsəbi halda "Harda qəbul edilib? KTMT-də bütün qərarlar konsensus əsasında qəbul edilir. AİƏT Ali İqtisadi Şurasının iclası keçirilib, lakin KTMT-nin heç bir iclası olmayıb" deyə cavablayıb.

Paşinyan qeyd edib ki, KTMT Baş katibinin təyin edilməsi ən vacib məsələ deyil, AİƏT Şurasının iclasında müzakirə olunan və müzakirə olunacaq daha ciddi problemlər mövcuddur.


Artıq Ermənistanın KTMT daxilində parçalanmaya yol açdığı aşkardır. Üzv ölkələrin bir-birinə əks istiqamətli açıqlamalar verməsinin, qərarların qəbul edilməsində ortaq məxrəcin tapılmasında ciddi problemlərin yaranmasına səbəb olacağı şübhəsizdir. Lakin Paşinyan hələlik KTMT-yə üzv olan ölkələrə qarşı çıxmaq imkanlarından məhrumdur. Bir az sağdan, bir az soldan "dürtmələyib" ona acı taleyi ilə barışmaqdan başqa çarəsi olmadığını başa salaçaqlar. Paşinyan indiki vəziyyətində güzəştə getməyə məcburdur.

Seçkidən iki ay öncə Respublikaçılar tərəfindən yayıldığı ehtimal edilən səs yazısında Ermənistan milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyan Xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryana Rusiyanı qəzəbləndurməmək üçün KTMT Baş katibi Yuri Xaçaturovun əvəzinə, Ermənistanın sabiq Müdafiə naziri Ohanyanı həbs etməyi, həmçinin Xaçaturovun müavini general-leytenant Haykaz Bağmanyanın da işinə baxılmasını təklif edir. Tərəflərin səs yazısında hətta Seyran Ohanyana qarşı da ciddi ittihamların olduğu və onun da həbs ediləcəyi barədə fikir mübadiləsi aparılır.

Detallarına varmadan, Paşinyanın bunu təsdiq etməsi, hələ də Ermənistanın Rusiyanın forpostu kimi idarə olunmasından xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" sosial şəbəkəsində canlı yayımı zamanı Ermənistanın xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryan və milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyan arasında Ermənistanın 2-ci prezidenti Robert Köçəryan və KTMT-nin Baş katibi Yuri Xaçaturovun həbsi barədə səs yazısını təsdiqləməyə məcbur olub.


Səs yazısının Pespublikaçılar partiyası tərəfindən yayılmasını iddia edən Paşinyan, onları partiya deyil, konstitutsiyaya zidd bir qruplaşma adlandıraraq respublikaçıları nasistlərlə müqayisə edib. Zatən Azərbaycan da 20 ildən çoxdur ku, dünya ictimaiyyətinə eyni fikirləri çatdırmaq istəyib.

Paşinyan 2008-ci ilin martın 1-də baş verən hadisələrə görə Xaçaturovdan başqa keçmiş eks-prezident Köçəryanın istintaqa cəlb edilməsinə nail olub. Birbaşa Sarkisyanın özünə qarşı ittihamlar səslənməsə də, onun sədrlik etdiyi partiya tənqid edilir, bəzi qohumları və yaxınları isə həbs edilib. Dünən yaxın qohumu Narek Sarkisyan Çexiyada Franklin Qonsales adına saxta pasportla həbs edilib. Zəncirin bir ucunun sonunda Sarkisyana gedib çıxacağı şübhəsizdir. Halqa getdikcə daralır.

Paşinyanın "səmimiyyəti"nə inanmaq üçün, həbs edilən şəxslərin cinayət işlərinə Xocalı, Qaradağlı, Malıbəyli və s. soyqırımlarına görə də məsuliyyətin əlavə edilməsi yetərlidir. Əks halda, bu şounun sadəcə rəqiblərin seçkiqabağı siyasi səhnədən uzaqlaşdırılmasından ibarət olduğu təsdiqlənəcək.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az


Teqlər: Ermənistan   Paşinyan   KTMT   Seçki