" Təyinat " sözünə uyğun nəticə tapıldı!

"Təyinat" - (134 )

Ordumuzun zirehli atəş gücünün əsasını təşkil edən T- 90 tankları - HƏRBİ EKSPERT (ARAŞDIRMA) - III YAZI

2019/12/600i-1576308248.jpg
Oxunub: 2425     15:17     16 Dekabr 2019    
(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)

Rabitə vasitələri və naviqasiya

T-90 tankının döyüş idarəetməsi bir sıra radio avadanlıqların quraşdırılması ilə təmin olunur: R-163-50U radiostansiyası və R-163UP qəbuledicisi abonentlər arasında radioəlaqələrin yüksək səmərəliliyini və toxunulmazlığını təmin edir. Bu, iki müstəqil, eyni vaxtda cüt tezlikli simpleks rejimdə çalışan rabitə kanalının mövcudluğu ilə əlaqədardır. Bu rejim radiostansiyanın eyni vaxtda ötürmə üçün işləməsi və radioqəbuledici tərəfindən fərqli tezliklərdə məlumat qəbul etməsi ilə paralel həyata keçirilir. Dəstin qurulması və idarəedilməsi çox sadədir və bütün əməliyyatlar avtomatlaşdırılıb.


R-163-50U radiostansiyası: telefon simpleks rejimli və səs modulyasiyasına malik ultraqısa qəbuledici-ötürücü cihazdır. Səs-küy basdırıcısının passiv vəziyyətində, 2 metrlik antena ilə orta kobudluqda, ərazidə eyni tipli radiostansiya ilə radiorabitənin radiusu 20 km-dən az deyil.
Radiostansiya əlavə nizamlama olmadan keçid üçün əvvəlcədən hazırlanan 10 tezliyə malikdir. Onlara keçid, düymələrdən birini basmaqla həyata keçirilir.

Tezlik modulyasiyasına malik ultraqısa dalğalı R-163UP radioqəbuledicisi telefon məlumatlarının qəbulunu təmin edir. Radioqəbuledicinin fəaliyyət radiusu ən azı 20 km-dir. Radiostansiya kimi, onun da əvvəlcədən qurulan 10 tezliyi var. Radiostansiyanın və radioqəbuledicinin fəaliyyət diapazonu 1 kHz quraşdırma addımı ilə 30.025-dən 79.975 MHz-ə qədərdir. Başqa sözlə, tankın rabitə avadanlığı 49,950 işləmə tezliyinə malikdir. Nasazlıqlar arasındakı orta vaxt ən azı 3200 saatdır. T-90 rabitə qurğularının fasiləsiz, o cümlədən ötürmə rejimində işləmə müddəti məhdud deyil. Ekipaj üzvləri arasında daxili əlaqə və desantla ünsiyyət, R-174 rabitə və kommutasiya avadanlığı tərəfindən təmin edilir.

Komandir tanklarında standart avadanlıqlara əlavə olaraq aşağıdakılar daxildir:

- qısa dalğalı (QD) R-163-50K radiostansiya, 11 metrlik teleskopik maçtaya quraşdırılan qısa dalğalı radiostansiyasının antenlər dəsti;
- TNA-4-3 tank naviqasiya avadanlığı;
- PAB-2M artilleriya bussolu.



QD radiostansiya dayanacaqda və hərəkətdə 2 ilə 30 MHz arasındakı tezlik diapazonunda komandanlığın şəbəkələrində radioəlaqələri təmin etmək üçün nəzərdə tutulur. O, 4 metr yüksəklikdə dönən bir anten ilə 50-80 km məsafədə siqnalların qəbul edilməsini, ikitərəfli telefon və teleqraf rabitəsini, səsli və tonal səs siqnallarının səsləndirilməsini və avtomatik qəbulunu təmin edir.

Tank naviqasiya avadanlığı TNA-4-3:

- tankın koordinatlarının avtomatik müəyyənləşdirilməsinə;
- tankın yön bucağının avtomatik müəyyənləşdirilməsinə;
- təyinat məntəqəsi istiqamətinə yönləndirmə bucağının avtomatik müəyyənləşdirilməsinə;
- tankın yerinin topoqrafik xəritədə göstərilməsinə;
- tankın yerləşdiyi yerin koordinatları ilə təyinat məntəqəsinin koordinatları arasındakı fərqlərin avtomatik müəyyənləşdirilməsinə imkan verir.


Maşının dəstinə daxil olan PAB-2M artilleriya bussolu isə zəif görünmə və ya görünən oriyentirlərin (nişanların) olmaması şəraitində istiqamət bucaqlarını müəyyənləşdirmək üçün istifadə olunur.

Bütün tankların fiber-optik giroskop əsasında hazırlanan yeni TNA-M “Qamma” topoqrafik və naviqasiya avadanlığı ilə təchiz edilməsi planlaşdırılır. Bu avadanlıq GLONASS və (və ya) NAVSTAR qlobal peyk naviqasiya sisteminin qəbuledici-göstərici avadanlığı ilə birləşdirilməli idi. Lakin bu barədə tam dəqiq məlumatlar yoxdur.

Dəstək sistemləri və avadanlıqları

Start-generator qurğusu

T-90 tankının ektrik avadanlıqları, qəza dövrəsi istisna olmaqla, bir naqilli daimi cərəyanla çalışır. Bort şəbəkəsinin gərginliyi 22-29 voltdur. Start dövrəsində başlanğıc gərginlik isə 48 voltdur. Şəbəkə üçün enerji təchizatının mənbəsi təkrar doldurula bilən akkumlyator batareyaları və start-generator dəstidir.


T-90 tankında qurğuşun-turşu batareyalarından istifadə edilir. Maşında müvafiq olaraq ümumi elektrik tutumu 340, 280 və 280 A*saat olan 12ST-85R, 6ST-140M və ya 6ST-140R markalı batareyalardan 4 ədəd quraşdırıla bilər. Start-generator qurğusu daimi cərəyanla şalışır, qorunan dizayna malikdir, qarışıq SQ-18-1C həyəcanlanma sarğısına malikdir.

Generator rejimində onun gücü 18 kVt, nominal gərginliyi 26.5-28.5 V, start rejimində isə gücü 21.3 kVt, gərginliyi 48 V təşkil edir.

Komandir tankları əlavə olaraq AB-1-P/28.5-V-U elektrik qurğusu ilə təchiz edilir. AB-1-P/28.5-V-U karbüratorlu mühərrik tərəfindən idarə olunan köməkçi bir generatordur. Elektrik aqreqatı ümumi gücü 1 kVt-a qədər olan istehlakçıları: rabitə vasitələrini, yanğınsöndürmə vasitələrini, batareyaların doldurma avadanlıqlarını və digərlərini əsas mühərrikin çalışmadığı müddətdə elektriklə qidalandırmaq üçün nəzərdə tutulur.

Tankların sualtı sürücülük avadanlıqları (OPVT)

Çıxarıla bilən bu avadanlıqların quraşdırılması ilə bərabər koprusun və qüllənin germetikləşdirilməsi, eni 1000 m-ə və dərinliyi 5 m-ə qədər olan su maneələrinin dibi boyunca ilk sürət pilləsində, giropolukompas və radiorabitə ilə hərəkəti təmin edilir. Tankın suyun xaric edilməsi sistemi 0.4 kq/sm2 əks təzyiq altında dəqiqədə 100 l suyu kənarlaşdıra bilir. Avadanlığın quraşdırılması və sökülməsi müddəti 15 dəqiqədən çox deyil. Su səddini aşdıqdan sonra atəşə hazırlaşmaq üçün zaman tələb olunmur.

Qazma avadanlığı


T-90 atəş mövqelərini hazırlamaq üçün tanka buldozer avadanlığı quraşdırılır. Onun bıçağının eni 2148 mm-dir. Avadanlıq 20-30 dəqiqə ərzində donmayan torpaqda tank səngərini hazırlamağa imkan verir. Daha ciddi torpaq işləri üçün tank TBS-86 tank buldozer-qar təmizləyən qurğu ilə də təchiz edilə bilər.

Kondisioner sistemi

SSRİ/Rusiya istehsalı tanklarda ilk dəfə isti iqlim şəraitində ekipajın səmərəli işini təmin etmək, döyüş bölməsində komfortlu temperatur və rütubət şəraitini təmin etmək üçün T-90-larda SKS-3 kondisioner sisteminin quraşdırılması təmin edilib. SKS-3 ekipajının işçi yerlərində havanın soyudulmasını, havalandırılmasını və qismən qurudulmasını təmin edir. Kondisioner sisteminin hissə və komponentləri mühərrik transmissiya bölməsində və qüllədə yerləşir.

Kondisioner sistemi borularla qapalı soyuducu dövrədə birləşdirilən kompressordan, kondensatordan, qəbuledicidən, hava təmizləmə qurğusundan, maye ayırıcıdan, habelə hava kanallarından, idarəetmə qurğusundan, güc kommutatorundan və elektrik kabellərindən ibarətdir.

Ətraf mühitin temperaturu + 50 ° C və nisbi rütubət 45% olduqda sistemin soyutma gücü 2900 Vt-dan aşağı olmur.

Texniki Xidmət xüsusiyyətləri


Tank üçün aşağıdakı texniki xidmət (TX) növləri nəzərdə tutulur:

1. Ekipaj tərəfindən keçirilən nəzarət baxışı. Bu baxış avtomobil parkdan çıxmazdan əvvəl, marş zamanı dayanacaqlarda və atəş açmadan əvvəl həyata keçirilir. Onun müddəti 15 dəqiqədən çox deyil.

2. ТX №1 tankın 2500-2700 km məsafə qət etməsindən sonra, həm də onu saxlamaya qoymazdan əvvəl və ya digər istismar mövsümünə keçdikdə yerinə yetirilir. Onun keçirilməsi üçün ekipaja 12 saatdan az müddət tələb olunur.

3. ТX №2 isə maşının 5000-5200 km məsafə qət etməsindən, həm də onu uzun müddətli saxlanmaya qoymazdan əvvəl həyata keçirilir. Onun keçirilməsi üçün ekipaja 30 saatdan az müddət tələb olunur.

4. T-90 üçün cari və əsaslı təmir də nəzərdə tutulur. Cari təmir tələbata əsasən aparılır. Cari təmir zamanı orta bərpa müddəti 2 saatdan artıq deyil. Əsaslı təmir işləri isə nəqliyyat vasitəsinin 11000 km yürüşündən sonra aparılır.

Tankın istismarını hər bir maşında mövcud olan ehtiyat hissələri dəsti təmin edir. Buraya onu saz vəziyyətdə saxlamaq, istismar sənədlərində müəyyən edilən təmir işlərini yerinə yetirmək, həmçinin tankın istismar müddətində ekipaj tərəfindən nasazlıqların aradan qaldırılması üçün lazım olan bütün alətlər daxildir.


30 tankdan ibarət qrup üçün “ehtiyat hissələrin qrup dəsti” də mövcuddur. Onun tərkibində istismar sənədlərində müəyyən edilən tələblərə uyğun olaraq, bölmələr tərəfindən eyni növ tankların qrupunun saxlanması və cari təmiri üçün hər şey mövcuddur.

T-90 tankının döyüş hazırlığı, nəqliyyat vasitəsinin “həyəcan” siqnalı verildikdən 12 dəqiqədən çox olmayan bir müddət ərzində döyüş maşınları parkınından çıxışını təmin etməlidir. Cəmləşmə rayonunda isə ekipaj tərəfindən tankın tam döyüş istifadəsi üçün hazırlanmasına əlavə 30 dəqiqəyə qədər zaman sərf edilir.

T-90 tankları üçün tənzimlənən texniki xidmət şərtlərinin yerinə yetirilməsi çərçivəsində, göstərilən nəqliyyat vasitəsinin istismarı üçün müəyyən edilən tankın bütün əsas texniki və əməliyyat xüsusiyyətlərinin qorunma müddəti 15 il təyin edilir, əsaslı təmir olunana qədər nəqliyyat vasitəsinin təyin olunan xidmət resursu 11000 km-dir, tırtıl lenti və aparıcı təkərlər üçün isə bu göstərici 6000 km-dən bir az çoxdur.

Taktiki Texniki Xüsusiyyətləri


Ekipaj: 3 nəfər
Kütləsi: 46.5 ton
Uzunluğu: 6.86 m
Lülə daxil olmaqla: 9.53 m
Lülənin uzunluğu: 6.38 m
Eni: 3.78 m
Hündürlüyü: 2.23 m
Klirens: 0.495 m
Zireh qalınlığı: 830 mm
82 mm-lik 902B tüstü bombaları
Dinamik müdafiə: Kontakt-5
Lazer şüalarının optik elektron basdırıma sistemi: “Ştora1-7М”
Açılan xəndək eni: 2.8 m
Aşılan divar yüksəkliyi: 0.91 m
Dırmanma bucağı: 30º
Mühərrik: 840 a.g malik V-84MS və ya 1000 a.g malik V-92S2;
Maksimal sürət: 65 km/s
Ehtiyat məsafə: 550 km
Yanacaq çəninin tutumu: 1200 litr


Silahları:


Əsas silah: 125 mm-lik “2A46M-4/5” yivsiz top
Lülənin qalxma bucağı: –15º... +20º
Üfüqi tuşlama bucağı: 360º
Mərminin başlanğıc sürəti: 1800 m/s
Atəş tezliyi: 8 atış/dəq
Effektiv atəş məsafəsi: 5–6 km
Maksimum atəş məsafəsi: 10 km
Mərmi sayı: 42 ədəd
12.7 mm NSVT pulemyotu
Mərmisi: 12.7x108 mm
Atəş tezliyi: dəqiqədə 800 dəfə
Güllənin başlanğıc sürəti: 845 m/saniyə
Atəş məsafəsi: 1.5-2 kilometr
Maksimum atəş məsafəsi: 6 km
Döyüş dəsti: 300 ədəd
7.62 mm-lik PKTM pulemyotu
Atəş tezliyi: dəqiqə 750 dəfə
Güllənin başlanğıc sürəti: 855 m/s
Effektiv atəş məsafəsi: 1.5 km
Maksimal atəş məsafəsi: 4 km
Mərmi sayı: 2000 ədəd


İstifadəçiləri


İstehsalçı Rusiyadan başqa T-90S tankları Azərbaycana, Əlcəzairə, Hindistana, Suriyaya, Türkmənistana, Uqandaya, Misirə, İraqa, Küveytə və Vyetnama ixrac edilib. Azərbaycan ilə müqayisədə daha məhdud maliyyə imkanlarına malik olan Ermənistan zirehli texnika baxımından həm keyfiyyətcə, həm də kəmiyyətcə geri qalır.

Ermənistanın zirehli texnika arsenalında 1 ədəd “Tank Biatlonu”nda qazanılan T-90 tankı mövcud olduğu halda, Azərbaycanda bu say 100 ədədir. Ermənistanın hazırda ən zəif və həssas nöqtəsi zirehli texnikalardır. İndiyə qədər İrəvan artıq istismar müddətini başa vurmağa hazırlaşan T-72 tanklarının modernizasiya məsələsini hələ də həll edə bilməyib.

Mənfi və müsbət cəhətləri

Yeni tank yaratmaq elə asan vəzifə deyil. Bu bəzən on illərlə zaman tələb edə bilər. Hər bir yaradılan yeni zirehli vasitə konkret texniki tələblər konsepsiyasına uyğun hazırlandığına görə heç də bütün istifadəçilərin hər bir tələbinə cavab verə bilməz.


T-90 tankları da bu mənada istisna deyil. Yeni “Armata” tanklarının 5 il əvvəl Hərbi Paradda biabırçı təqdimatından sonra onlar barədə real yeniliklərin yoxa çıxdığını nəzərə alsaq, T-90M tanklarının bütün müsbət və mənfi cəhətləri ilə birgə Rusiyanın təklif edə biləcəyi ən yaxşı tank olduğunu deyə bilərik.

Əvvəlki Rusiya tanklarına nisbətən T- 90S tanklarında erqonomika yaxşılaşdırılmasını qeyd etmək vacibdir. Ekipajın fəaliyyət göstərdiyi bölmələrin yeni kondisionerlərlə təmin edilməsi xüsusi qeyd edilməlidir. İdarəetmə bölməsinin sürücü- mexanikin rahatlığını artırmaq üçün modernləşdirilməsi, öyrənilməsi kifayət qədər mürəkkəb olan ənənəvi rus tanklarının idarəetmə mexanizminin kompakt sükan avadanlığı ilə əvəz olunması, T-90M versiyasında özünün tam diaqnostika funksiyalı yeni nəzarət sistemi və təkmilləşdirilən radiostansiyaları da diqqəti cəlb edir.

T-90 tanklarının mənfi cəhətlərinə sursat dəstinin və yanacaq çənlərinin ekipajın yanında yer almasını, dinamik mühafizənin tandem sursatlara qarşı səmərəsiz olmasını, atəşi idarəetmə sisteminin mükəmməl olmadığını və arxa tərəfə hərəkətin çox aşağı sürətini qeyd etmək olar.

Ekipajın 3 nəfərdən ibarət olması bir tərəfdən müsbət, digər tərəfdən isə mənfi cəhətdir. Burada doldurucununun ixtisar edilməsi daha az sayda şəxsi heyətlə eyni atəş gücünü əldə etməyə imkan verir, daha kiçik daxili məkan, deməli daha az zireh (nəticədə daha kiçik ölçü və az kütlə), daha münasib təlim və təchizat xərcləri və s. tələb edir. Lakin həm döyüşdə, həm də texniki xidmət zamanı hər ekipaj üzvünə daha çox yük düşür. Döyüşdə bir nəfər ekipaj üzvünün yaralanma və həlak olma nəticəsində sıradan çıxması vəziyyətində onun əvəz edilməsi imkanı kifayət qədər azalır.


Çatışmazlıqlar barədə digər iki mənfi məqamı qeyd etmək yerinə düşər. Bunlardan birincisi, əsas topun mərmilərinin xüsusiyyətlərdə göstərilən nüfuz etməyə malik olmamasından, ikincisi isə mühərrikin generator hissəsinin qorunmasının zəif olmasından ibarətdir.

Suriya ordusundakı 30 ədəd (bəzi mənbələrdə 40 ədəd) T-90 tankından ən az 5 və ya 6-sının TOW-2A raketləri ilə tamamilə məhv edilməsi aktiv mühafizə sisteminə qarşı bir sıra iradlar bildirməyə imkan verir. Digər 4 ədədi isə yenə də TƏİR tərəfindən vurulub, lakin onlara nə dərəcədə zərər dəydiyi məlum deyil. Bundan əlavə, terrorçular da T-90 tanklarının ən azı ikisini ələ keçiriblər və onlardan istifadə etdikləri ehtimal edilir.

İstehsalçı tankın “Arena-E” tipli aktiv mühafizə kompleksi, TŞU-1-2M optik lazer şüalanmasının xəbərdarlıq sistemi, SPMZ-2E elektromaqnit qorunma sistemi (SEMZ) və “Relikt” dinamik mühafizə kompleksi ilə təchizatı tankın imkanlarına müsbət təsir göstərdiyini iddia etsə də, Suriya müharibəsində TOW-2A raketlərinə qarşı aktiv mühafizə sisteminin kifayət qədər etibarlı olmadığı təsdiqləndi. Bəzi nüanslarda ekipajlar da qeyri-peşəkar davranırdılar, lakin aktiv mühafizə avtomatik rejimdə çalışdığı üçün burada ciddi dəyişikliklərə ehtiyac yaranıb.

T-90 aktiv mühafizə komplekslərinin əvəz edilməsi üçün İsrailin “Trophy”, Türkiyənin “Pulat” və ya Ukraynanın “Şit” və “Zaslon” kompleksinin imkanları və tətbiq təcrübəsinin öyrənilməsi faydalı ola bilər.

Nəticə

Rusiya Ordusu 2011-ci ildən T-90 tanklarını almır, böyük ehtimalla hələ də “Armata”nı gözləyirlər, lakin “Vladimir”in xarici ölkələrə ixracatı davam edir. 2017-ci ildə T-90S/SK versiyaları İraqa göndərildi, həmin ilin sonunda isə T-90 tankları Suriyada görüntüləndi.


T-90MS modeli ixrac üçün hazırlanan ən son və daha üstün versiya hesab edilir. T-90MS, ilk növbədə xaricə satış üçün hazırlanan modernləşdirilmiş son ixrac modelidir. Yeni T-90M əvvəlki Rusiya tanklarından fərqli olaraq, müasir xarici texnologiyaya xas olan bir çox xüsusiyyətlərə malikdir. Əvvəlki modellərdə maşınların gündüz/gecə komandir nişangahları mövcud idi, gecə rejimi isə ayrılıqda bir sistem kimi mövcud deyildi. İndi tank komandirinin özünə aid PK-PAN nişangahından istifadə etməsi təklif olunur. Tuşlayıcının sərəncamında isə ayrıca gecə kanalı olan “Sosna-U” nişangahı mövcuddur. Bu ilin aprelində Hindistan Rusiyadan sözügedən tanklardan 464 ədəd almaq qərarına gəlib.

2001-ci ildən 2010-cu ilə qədər olan dövrdə T-90 tankı dünyanın ən çox satılan əsas döyüş tankı olub. 2019-cu ildə yeni T-90-nın qiyməti 2.5-3.5 milyon dollar, T-90MS-in qiyməti isə 4.5 milyon dollar təşkil edib.

Rusiya zirehli texnikaları arasında ən son “Armata” tanklarının qoşunlarda real silahlanmaya qəbuldan hələ uzaq olması, Ordumuzun əsas zirehli parkının isə rus tanklarından ibarət olması, yaxın və orta perspektivdə istehsalçını və ya tank modelini dəyişmək ideyasının mümkünlüyünü istisna edir. Əslində isə buna ciddi ehtiyac da yoxdur. Çunki T-72 tanklarımız artıq modernləşdirilib, T-90S tankları isə ən müasir olmasa da, köhnə də hesab oluna bilməz. Digər tərəfdən isə Ermənistanın hələ də T-72 tankının baza versiyasında ilişib qalması, hazırda Azərbaycanın bu sahəyə vəsait axıtmasını tələb etmir. Lakin T-90S tanklarının elektron idarəetmə sistemlərinə və aktiv mühafizə komplekslərinə diqqət yetirilməlidir. Silahlanmamızda mövcud olan T-90S tanklarının sursat arsenalında istifadə etdiyimiz LAHAT raketlərinin tətbiqi araşdırılmalıdır. Bu, tankların atəş gücünü artırmağa imkan verə bilər.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: T-90   Azərbaycan-ordusu