"Su-34" sözünə uyğun 1464 nəticə tapıldı!

"Spike", "Typhoon", EL/M...| Dövlət Sərhəd Xidmətinin Xəzərdəki “Tufan”ı - HƏRBİ EKSPERT

2019/08/23874-3131013498.jpg
Oxunub: 1802     12:42     14 Avqust 2019    
Daim dövlət sərhədinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirlərini uğurla davam etdirən Azərbaycan Respublikasının Dövlət Sərhəd Mühafizəsinin yaranmasının 100 illiyi ərəfəsindəyik. Bütün ölkə vətəndaşları, xüsusilə də qürur yerimiz olan sərhədçilərimiz üçün böyük bir əhəmiyyət kəsb edən tarixi hadisə öncəsi DSX-nin silahlanmasında mövcud olan dəniz vasitələri ilə daha ətraflı tanış olmağa qərar verdik. Bu dəfə hazırlanan analiz “Tufan” sərhəd patrul gəmilərini əhatə edəcək.

2011-ci ildə Azərbaycan Respublikasının ehtiyac duyduğu müasir dəniz vasitələrinin yerli istehsalını təşkil etmək mədsədilə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmilərinin tikintisi və təmiri Mərkəzinin inşasına hökumət tərəfindən vəsait ayrıldı və bu Mərkəz 2014-ci il iyulun 18-də istifadəyə verildi. DSX Sahil Mühafizəsinin silahlanması üçün bu Mərkəzdə indiyə qədər “Tufan” və “Şahdağ” tipli 2-ci dərəcəli sərhəd gözətçi gəmilərinin hər birindən 6 ədəd inşa edilib.


Bu gəmilərin inşası 2011-ci ildə Azərbaycan ilə İsrail Müdafiə Nazirliyinin Hərbi ixracat idarəsi (SİBAT) ilə imzalanan müqavilə əsasında həyata keçirildi. Sənədə əsasən, “Israel Shipyards” tərəfindən Azərbaycanın sahil müdafiəsi xidməti üçün 6 ədəd “Shaldag Mk V” (yerli adı “Şahdağ”) itisürətli katerləri və 6 ədəd OPV 62 (“Saar 62”, yerli adı “Tufan”) tipli patrul gəmiləri yerli şirkətlə birgə hazırlanmalı idi. Türkanda yerləşən Mərkəzdə gəmi və qayıqların yığılması, “Israel Shipyards” və Azərbaycanın “Caspian Ship Building Company” (CSBC) şirkətinin mütəxəssisləri tərəfindən İsraildən çatdırılan silah, texnika, ehtiyat hissələr və avadanlıqların köməyi ilə həyata keçirildi.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin OPV 62 layihəli “Tufan” tipli S-201 Baş patrul gəmisi 2015-ci il sentyabrın 9-da, ikinci S-202 gəmisi 2016-cı il iyunun 17-də, üçüncü S-203 gəmisi 2017-ci il yanvarın 13-də, dördüncü S-204 gəmisi 2017-ci il avqustun 28-də, beşinci S-206 gəmisi 2018-ci ilin mayın 10-da, sonuncu altıncı S-206 gəmisı isə 2019-cu il yanvarın 23-də Xəzər dənizinə endirilib. Bu layihənin sonuncu gəmisinin inşası 7 aydan da qısa müddətə başa çatdırılıb.


450 ton sututumuna və 62 metr uzunluğa malik “Tufan” tipli gəmilər mükəmməl naviqasiya, rabitə, radiotexnika avadanlıqları, müasir silahlar, o cümlədən raketlər və raket əleyhinə mübarizə kompleksləri, gecə-gündüz fəaliyyət göstərən nişangahlar, müşahidə sistemləri və hidroakustik qurğular ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən, itisürətli qayıqla təchiz edilən sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi də mümkündür.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin tələblərinin ödənilməsi üçün hazırlanan “Saar 62” layihəli 6 gəmidən ikisinin 72 metrlik ”Saar 72” layihəsi üzrə inşa edildiyi ehtimal olunur. Yuxarıda, 2015-ci il sentyabrın 9-da suya buraxılan ilk gəminin Baş gəmi olaraq təyin edildiyini qeyd etdik. Deməli, 10 metr daha uzun iki böyük gəmidən biri S-201 gəmisidir. Sonuncu gəminin təqdimatı zamanı kadrlarda itisürətli katerlərin də nümayiş etdirilməsi S-206 gəmisinin də 72 metrlik “Saar 72” layihəsi üzrə inşa edildiyini iddia etməyə əsas verir. “Tufan” gəmilərinin “Saar 72” layihəli iki daha böyük modellərinin S-13, S-16, S-18 tipli kiçik katerlərlə təchiz edildiyi ehtimal edilir.


Azərbaycanın yeni “Tufan” gəmiləri standart versiyada kifayət qədər güclü silahlara malikdir. Bunun əsasını 30 km məsafədə hədəfləri “atdım unutdum” texnologiyası ilə məhv edə bilən, 8 raketli İsrailin “Rafael Advanced Defence Systems Ltd” şirkətinin “Spike-NLOS” (gəmi raketlərin ümumi ehtiyatı 20 ədəddir) idarəolunan raketləri ilə təhciz olunan “Rafael MLS NLOS” kompleksi təşkil edir. Azərbaycan Respublikası “Rafael MLS NLOS” kompleksinin ilk xarici müştərisidir, bu kompleksin gəmi raketlərinin ümumi ehtiyatı 20 ədəddir.

Azərbaycan layihəsində gəminin arxa hissəsində kiçik helikopter meydançası da yer alır. IAI istehsalı “Elta SGRS EL/M-2228X” müasir atəşi idarəetmə və hədəf aşkaretmə sistemini birləşdirən RLS ilə bərabər, gəmilər yeni “Rafael Toplite” elektro-optik avadanlıqla təchiz olunub.



Bu gəmilərdə istifadə edilən digər silahlar arasında “Rafael” şirkətinin istehsalı olan, 23 mm-lik 2A14 “Typhoon” (ZU-23-2 zenit qurğusunun toplarından istifadə olunur) avtomatik topu və iki ədəd 12.7 mm-lik M2NV “Mini Typhoon” pulemyotu yer alır. Bu silahlar gəminin yan tərəflərində quraşdırılaraq məsafədən idarə olunur. İki ədəd 12.7 mm və iki ədəd 7.62 mm pulemyotlar isə əllə idarəolunan turelə yerləşdirilib.

Üstəlik katerlərdə 23 mm-lik ZU-23 zenit topları ilə təmin edilmiş “Rafael Typhoon” qurğuları da var. Gəmiqayırma layihələri bununla bitmir.


2016-cı ildə Azərbaycanın “Israel Shipyards” şirkəti ilə 2 ədəd 72 metrlik “Saar-72” tipli raket korvetlərinin hazırlanması üçün də razılaşma imzaladığı məlum oldu. Detallar məlum olmasa da, bu gəmilərin əlavə olaraq İsrail istehsalı olan “Gabriel MK5 ANAM” gəmi əleyhinə raket kompleksləri ilə təhciz edildiyi ehtimal edilir. “Saar 72” layihəli “Tufan” gəmilərində korpusun 10 metrə qədər uzadılması gəminin 450 t olan su tutumunu təxminən iki dəfəyə yaxın, 800 tona qədər artırılmasına imkan verib. Bu isə əlavə helikopter anqarı ilə yanaşı, digər HHM və RƏM silah sistemlərinin, müxtəlif REM vasitələrinin, kəşfiyyat, mühəndis və rabitə avadanlıqlarının yerləşdirilməsinə şərait yaradıb.

Əlavə avadanlıqlar arasında yerüstü və suüstü hədəflərə qarşı mübarizə aparacaq "Spike-NLOS" TƏİRK ilə bərabər 76 mm artilleriya qurğusu da yerləşdirilib. İki ədəd vintə sahib olan iki ədəd MTU 16V 1163M94 dizel mühərrikləri 30 dəniz mili (55 km/s) sürət toplamağa imkan verir. 50 nəfərdən ibarət ekipaja sahib olan korvet 18 dəniz mili sürəti ilə 5500 km məsafədə 21 gün avtonom fəaliyyət göstərə bilir. Əlavə olaraq göyərtədə 20 nəfərdən ibarət xüsusi təyinatlı bölmə də yerləşdirilə bilər.


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin silahlanmasına daxil edilən “Tufan” patrul gəmilərinin hamısı hazırda xidməti-döyüş fəaliyyətlərini yerinə yetirir. Onların döyüş növbətçiliyinə cəlb edilməsi sayəsində Xəzər dənizində Azərbaycanın dövlət maraqlarının qorunması imkanlarının xeyli genişlənməsi ilə bərabər dəniz sərhədlərimizin etibarlı mühafizəsi, sərhəd sularında təhlükəsizlik rejiminin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun mühafizəsi də təmin edilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmilərinin tikintisi və təmiri Mərkəzində “Savalan” tipli müasir sərhəd gözətçi gəmisinin, həmçinin “Milli Boat” proqramı çərçivəsində yeni itisürətli üzmə vasitələrinin və yedək gəmilərin layihəsi üzrə çalışmalar davam etdirilir.




Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Saar-72   DSX   Tufan