"Süni-peyk" sözünə uyğun 52 nəticə tapıldı!

İran 2021-ci ildə regionun aparıcı kosmik gücü ola biləcəkmi?| Azərbaycanla əməkdaşlıq nələr vəd edir...

2018/12/409d4-1544534730.jpg
Oxunub: 2777     17:11     11 Dekabr 2018    
Son on beş ildə İranın kosmik proqramı nəzərəçarpacaq dərəcədə irəliləyib. Görünür, bu proqramın inkişafı İranın nüvə proqramının intensivləşməsi kimi, bu ölkəyə tətbiq edilən sanksiyalarla düz mütənasibdir.

İslam Respublikasının sabiq prezidenti Mahmud Əhmədinejad 2004-cü ildə İran Kosmik Agentliyi tərəfindən yaradılan Kosmik Tədqiqatlar Ali Şurasına özü rəhbərlik edirdi. Hələ 2011-ci ilin fevralın 3-də Kosmik Tədqiqatlar Ali Şurasının katibi və İran Kosmik Agentliyinin prezidenti Həmid Fazili, "Ümid" adlı İran peykinin kosmosa buraxılmasının iki illik yubileyinə və İran Kosmik Texnologiyalar Gününə həsr edilən mərasimdə belə bir bəyanat verib: "İnsanı kosmosa göndərmək üçün milli layihənin ilkin mərhələsi başa çatdırıldı. Kosmosun fəthinin nəticəsi İran kosmonavtının kosmosa uçuşundan ibarət olacaq".


Daha sonra Fazili, bu nailiyyəti İslam inqilabının şirin meyvələrindən biri adlandırardı, "Ümid" milli peykinin kosmik məkanı fəth etməsinin minlərlə iranlının ürəyini sevinc hissi ilə doldurduğunu və onlar üçün yeni üfüqlər açdığını qeyd etdi.

İslam İnqilabının qələbəsinin ildönümündə (11 fevralda) səslənən bu çıxış yalnız iranlılara ünvanlanmırdı, bu çıxışda xarakterik təbliğat tonu da hiss edilirdi. İran böyük imkanlar və inkişaf edən texnologiyalar dövlətinə çevrilməyə çalışır və onlar ölkəni regionda, bütün müsəlman ölkələri arasında, sonra da kim bilir, bəlkə də bütün dünyada nəhəng və lider edəcək kosmik proqrama malik olmağı düşünürlər.

Kosmik proqram, əslində İran liderlərinin əsas strateji baxışlarından biri idi və 2017-ci ildə ilk iranlını, əlbəttə ki, müsəlman bir şəxsi yerə yaxın orbitə göndərilməsini nəzərdə tuturdu.

2003-cü ilin aprel ayında yaranan İran Kosmik Agentliyi (İKA) kosmik sənayenin inkişafı üçün beşillik bir plana əsasən, ən azı beş kommunikasiya və Yer səthini məsafədən zondlama peyklərini, eləcə də bir neçə tədqiqat mikropeykini buraxmalı idi.

Daşıyıcı raketlər


Hələ 2005-ci ildə İKA direktoru Rza Tağızadə bildirirdi ki, İran növbəti 5 il ərzində peykləri müstəqil olaraq buraxan kosmik güclərin siyahısında 8-ci yeri əldə etmək üçün 500 milyon dollar ayırıb. İran yüksək hündürlüklü raket və daşıyıcı-raket qismində KXDR-in "Tepxodon" seriyasının analoqu hesab edilən "Şahab" seriyalı balistik raketlərin modifikasiyalarından istifadə edir.

Start mövqeləri

Birinci start mövqeyi İmamşəhr şəhəri yaxınlığında (bəzən Şəhrud, İmamrud adlandırırlar) yerləşir. Buradan, ilk suborbital buraxılışlar həyata keçirilir. Bu ərazidə, həmçinin sınaqdan keçirilən hərbi raketlərin başlıqlarının enmə zonası da (36°25 'Ş; 55 ° 01' Q) yerləşir.

İkincisi isə Qum şəhəri yaxınlığında (34°29'39.34 " Ş; 51°16'38.35" Q) yerləşir. İlk uğursuz (2008-ci ilin avqust ayında) və uğurlu (2009-cu ilin fevralında) kosmik buraxılışlar eyni adlı şəhərin yaxınlığındakı Semnan kosmik mərkəzindən (35°13'19.79" Ş; 53°53'42.5" Q) həyata keçirilib və hazırda da keçirilir.

Suborbital buraxılışlar


2007-ci ilin fevralın 25-də müvəffəqiyyətlə suborbital uçuş üçün buraxılan bərk yanacaqlı raket mühərrikli İRİS ("Şahab-3") raketi bilinməyən yük daşıyıb. Orbitə çatmayan raketi 150 km yüksəkliyə çatdıqdan sonra paraşütlə endiriblər. 2008-ci il fevralın 4-də İran 250 km yüksəkliyi əldə etmək və faydalı yükü endirmək üçün 2000 milə qədər fəaliyyət radiusuna sahib "Səfir" raketinin ilk iki pilləsi əsasında yaradılan, maye yanacaqlı raket mühərrikli, 2 mərhələli "Kavoşqar-1" (Araşdırmaçı-1) raketindən istifadə etdi. "Səfir" raketi isə 150 kq-lıq yükü orbitə salmaq qabiliyyətinə malik olan "Şahab-4" döyüş raketlərinin bazasında yaradılırdı.

2008-ci ilin noyabrın 26-da İran "Kavoşqar-2" raketini buraxıb. Paketdə laboratoriya və telemetriya məlumat emal bölməsi yerləşirdi. Buraxılışdan 40 dəqiqə sonra, raketin üçüncü pilləsini təşkil edən laboratoriya xüsusi paraşütlə yerə qayıtdı.

Heyvanların kosmosa buraxılması


İran heyvanları kosmosa buraxan altıncı ölkədir. 2010-cu ilin fevralın 3-də İran "Kavoşqar-3" raketinin biokapsulasında siçan, tısbağa və qurdları uğurla suborbital uçuşa göndərdi və yerə endirdi. İran Aerokosmik Təşkilatı bu mini-ekoloji laboratoriyadan canlı yayım nümayiş etdirdi. Bu, İranın ilk təcrübəsi idi. 2011-ci ilin martın 11-də İran "Kavoşqar-4" raketinin "həyat kapsulası"nda meymunun maketində canlı orqanizmləri kosmosa buraxdı. 2011-ci ilin sentyabr ayının sonunda İran 120 km yüksəklikdə 20 dəqiqəlik suborbital uçuş üçün "Kavoşqar-5" raketində canlı meymun göndərdi, lakin meymun qəza nəticəsində öldü.

İran mətbuatı təbii ki, bu müvəffəqiyyətsiz buraxılış, həmçinin 2012-ci ilin sentyabrın 8-də buraxılan uğursuz raketlər barədə məlumatlar vermədi.

Orbitdə oruc


Beynəlxalq ictimaiyyət, nüvə başlığı daşıya biləcək biləcək peyklərin və kosmik raketlərin hərbi məqsədlər üçün istifadə ediləcəyindən daim ehtiyatlanır. 2011-ci ilin sentyabr ayının sonunda meymunun kosmosa uçması, ilk kosmonavtın göndərilməsinin mümkün və yaxın olduğunu göstərirdi. Lakin bu yaxın orbitə çıxan ilk iranlı olmayacaq. İran əsilli azərbaycanlı Anuş Ənsari 2006-cı ilin sentyabrın 18-də Baykonur kosmodromundan kosmosa yollanıb. Lakin o, ABŞ vətəndaşı idi (80-ci illərdə İrandan valideynləri ilə birlikdə ABŞ-a köçüb) və kosmosa turist kimi uçub. Təbii ki, belə bir vəziyyət İran hakim dairələrini ehtiraslandıra bilməz. Malayziyalı Şeyx Muzəffər Şükür 2007-ci ilin oktyabrın 10-da Beynəlxalq Kosmos Stansiyasına "ziyarət" edən ikinci və hələlik sonuncu müsəlmandır.

Uçuşdan əvvəl Şeyx uzun bir hazırlıq dövrü keçdi, missiyadan məsul olan Malayziya Kosmik Agentliyi dini aspektlərə xüsusi diqqət göstərdi. Yaxın orbitdə müsəlmanın olması ilə əlaqədar praktik elementlər mövzusunda konfrans təşkil edildi. Müsəlman alimlərinin Malayziya Şurası bu məsələlərlə ciddi məşğul oldu. Əslində dini baxımdan çox ciddi problemlər mövcud idi. Burada namaza hazırlıq, namaz vəziyyəti, ibadət sayı, Məkkəyə istiqamət, qidaların halallığı və s. məsələlər həll edilməli idi.

Digər tərəfdən uçuş Ramazan ayında baş verərsə, orucun necə tutulacağı da sual doğururdu. Oxşar fətvalar İrandan da gözlənilirdi.

Bir neçə maraqlı fakta nəzər salaq. Beynəlxalq Kosmik Stansiyada (BKS) Günəş gündə 16 dəfə - stansiyanın Yer ətrafında dövrələrinin sayı qədər çıxır və batır. Yerdəki qaydalara görə, gündə 5 dəfə namaz qılındığı üçün müsəlmanlar kosmosda bunu 80 dəfə etməlidirlər. Daha bir çətinlik Məkkənin istiqamətinin müəyyənləşdirilməsinin çətinliyi ilə bağlıdır. Saatda 27 min kilometrdən çox məsafə qət edən BKS müqəddəs Məkkə şəhəri istiqamətində yerini durmadan dəyişir. Süni qidaların isə halal olmadığı da məlumdur. Bir sözlə, kosmosa uçuşun dindar müsəlmanlar üçün bir sıra çətinliklər yaratdığı faktdır.

İran kosmik proqramı


İran kosmik proqramının kökü 50-ci illərə gedib çıxır. 1958-ci ildə Yer kürəsinin ilk süni peyki ortaya çıxdığı zaman, İran beynəlxalq arenada artıq aktiv fəaliyyət göstərirdi. Nəticədə 1959-cu ilin dekabrın 12-də Tehranda "Kosmik məkanın sülh məqsədləri üçün istifadəsi üzrə Komitə"nin iclası çağırıldı. Lakin bu aktiv fəaliyyət İranın kosmik texnologiyasının inkişafına ciddi təsir etmədi. Zaman keçdikcə texnologiyaların istifadə edildiyi iki sahə daha vacib və prioritet hesab edildi: telekommunikasiya və meteorologiya.

İranın kosmik tədqiqatlar tarixi Məhəmməd Rza Pəhləvi dövründə başlayıb. 1977-ci ildə "Zöhrə" peyk rabitə sistemi yaradılıb və İran qlobal kommunikasiya sisteminə qoşulub. Təxminən eyni zamanda, İranda həm özünün tədqiqat peykini kosmosa göndərilməsi, həm də yerli Kosmik Agentliyinin yaradılması üçün təkliflər səsləndirilirdi. Lakin 1979-cu il inqilabı bu planları dayandırdı.

Bundan sonra İran, Rusiya, Çin və Hindistana tərəf döndü, Şimali Koreya ilə əlaqələr qurdu, eyni zamanda bitməyən "Mesbah" layihəsi üzrə İtaliya ilə əməkdaşlıq etməyə başladı. 1987-ci ildə Baş nazir Mir Hüseyn Musəvi kosmik proqramları koordinasiya etmək üçün komissiya qurmağı təklif etdi. Lakin bu həyata keçirilmədi, fəaliyyət istiqaməti uzaq mənzilli raketlərin inkişafına yönəldildi. 1988-ci ildə İraqla müharibənin bitməsindən sonra ilk beşillik plan qəbul edildi. Dördüncü plan 2009-cu ildə başa çatdırıldı və onun əsas elementi kosmik texnologiyaların inkişafını nəzərdə tuturdu. İran Kosmik Agentliyi qurulduğu 2004-cü ildən etibarən, kosmik layihələr ümumi əsaslara bağlandı və hərbi xüsusiyyətlərdən məhrum edildi. 2009-cu il fevralın 2-də İranda istehsal olunan "Ümid" peykinin buraxılması kosmosun fəthi yolunda növbəti mərhələ hesab edilir. Bundan əvvəl isə 2008-ci ilin fevralın 4-də "Kavoşqar-1" raketinin sınaq buraxılışı həyata keçirildi. Bundan da əvvəl, 2005-ci ilin oktyabrında ilk İran peyki "Sina-1"in (Rusiyanın "Kosmos-3M" raketindən buraxılıb) istehsalına başlaması isə İrana buna nail olan 43-cü dövlət dövlət statusunu qazandırdı.

Qorxu və ümidlər


Tehranın kosmik proqramı dünya ictimaiyyətində qlobal bir narahatlıq doğurur. Hərbi strategiyanın formalaşması isə raket texnologiyasına əsaslanır. Bu əlbəttə ki, 1979-cu ilədək əsasən ABŞ və Avropadan idxal edilən yer-hava, sonra isə İranda istehsal edilən daha böyük ballistik raketlərə aid edilirdi. Onlar istehsalda əsasən Şimali Koreya texnologiyasından istifadə edirdilər. "Ümid" peykinin orbitə göndərilməsi də Şimali Koreyadan gətirilən texniki yeniliklər sayəsində mümkün oldu və İranın "Şahab" raketi Şimali Koreyanın "Nodon" raketinin bazasında yaradıldı. Bu layihə ilə xüsusilə İran aerokosmik sənaye təşkilatı məşğul olurdu. İran texnologiyalarının inkişaf səviyyəsi və yerləşdirilməsinə dair məlumatların olmaması və ya çox az olması, adətən dünya ictimaiyyətində narahatlıqlar yaradır. İranlı siyasətçilərin inqilabın hər növbəti ildönümündə dilə gətirdikləri çoxsaylı təbliğat ifadələrinə əlavə olaraq, İran 2002-ci ildə elan edilən, nano, bio, nüvə və kosmik texnologiyalarının inkişafı ilə bağlı bir proqram həyata keçirir. Proqram 20 il üçün nəzərdə tutulur və onun 2025-ci ildə başa çatması gözlənilir.

Həmin plana əsasən, İran Yaxın Şərq regionunda texnologiyanın inkişafında lider olmalıdır. Bu məqsədə nail olmaq üçün Tehran kosmik texnologiya ilə məşğul olan bir universitet və fakultələrinin sayını, şəbəkəsini inkişaf etdirir. Qeyd edək ki, təxminən 30 dövlət və özəl ali məktəblərdə bu sahədə biliklər, layihələr və tədris proqramları təklif edən fakültələr və bölmələr mövcuddur. Hakimiyyətlərin texnologiyaya ciddi maraq göstərməsi, cəmiyyətin mövqeyinin formalaşmasına da birbaşa təsir göstərir: ictimai tədbirlər təşkil olunur, texniki təhsili reklam edən uşaq və gənclər üçün dövri və informativ nəşrlər yayımlanır. Hakimiyyətin ali dini lideri Xameneyi və ölkə prezidentindən başlayaraq qubernatorlara qədər bütün səviyyələrdə bu sahədə fəaliyyəti nəzərən alsaq, İranın "homo islamicus"u gələcəkdə "homo cosmicus" kimi xüsusi bir növ yaradacaq. Və bu İranın şübhəsiz ki, ciddi bir uğuru hesab olunacaq.

Peyklər


İranın ilk kəşfiyyat peyki Rusiya tərəfindən 2005-ci ildə "Kosmos 3M" daşıyıcısı vasitəsilə orbitə çıxarılıb.

2008-ci ildə İran ilk "Səfir" daşıyıcı raketində özünün istehsal etdiyi 20 kq-lıq ilk "Ümid" peykinin 650 km-də orbitə yerləşdirilməsini nəzərdə tuturdu. Buraxılışdan sonra IKA rəhbəri Rza Tağızadə peykin müvəffəqiyyətlə buraxılması ilə bağlı bəyanat yaydı. Lakin beynəlxalq ekspertlər bu məlumatları təsdiqləmirdilər, ABŞ isə raketin 2-ci pilləsinin 152 km-lik yüksəklikdə dağıldığını bildirdi.

2009-cu ilin fevralın 9-da İran "Səfir-2" raketindən istifadə edərək, ilk "Ümid" peykini elliptik orbitə çıxardı. Buraxılış 1979-cu il İslam inqilabının 30 illiyinə həsr edildi və ölkəyə 9-cu "daşıyıcı raketə malik kosmik güc" statusunu qazandırdı. İran mediasına görə, "Ümid" telekommunikasiya sahəsində araşdırma vasitəsi kimi xidmət edir.

2011-ci ildə İran "Rasad-1" (Müşahidəçi) süni peykini uğurla orbitə buraxdı. Peyk hər gün 260 km yüksəklikdə Yer orbitinin ətrafına 15 dəfə dolanır və günəş panelləri ilə işləyir. Kosmik vasitə 150 km² ərazidə obyektlərin monitorinqi və araşdırılmasını həyata keçirir və yerüstü stansiyalara məlumat verir.

2012-ci ildə "Navid" süni yer peykini buraxıldı. Peyk 250 ilə 370 km arasındakı orbitdə yerləşib. Qurğu hava şəraitinin monitorinqi və təbii fəlakətlərin qarşısının alınması, eləcə də kommunikasiya peykləri kimi müxtəlif məqsədlər üçün, o cümlədən elmi məqsədlərə xidmət edir.

2012-ci ildə "Fəcr" raketlərinin bir neçə buraxılışı haqqında məlumat verilməməsi, onların uğursuz nəticələndiyini ehtimal etməyə əsas verir.

İran Aerokosmik Assosiasiyasının direktor müavini Məhrun Mirşəmsin sözlərinə görə, İran mütəxəssisləri hazırda "Zöhrə", "Mesbah", ZS-4, SM-2C və "Səfəhr" daxil olmaqla 5 peyk layihəsi üzərində çalışırlar.


Daşıyıcı vasitələrinin gələcək modifikasiyası kimi, 250-300 kq-lıq yükü yaxın orbitə daşıyacaq "Şahab-5", 550 kq-lıq yükü daşımaq üçün isə "Şahab-6" raketi inkişaf etdirilir.

2017-ci ilin iyulun 27-də İmam Xomeyni adına yeni kosmodromda 250 kq ağırlığında yükləri orbitə çıxarmağa qadir olan "Simurq" daşıyıcı raketinin müvəffəqiyyətli sınaqları keçirildi.

Pilotlu uçuşlar

2005-ci ildə ilk dəfə İran rəsmiləri 2 tonluq kosmik vasitəsi və kiçik bir laboratoriyanı əhatə edən kosmonavtika proqramı haqqında mətbuata məlumat verdi. 2008-ci il avqustun 20-də isə IKA 10 il ərzində öz şəxsi pilotlu uçuşunu keçirəcəyini elan etdi.

2013-cü ildə İran ərazisində 3 kosmonavtın yerə yaxın orbitdə uçuşuna imkan verən pilotlu kosmik vasitənin layihəsinin inkişafı barədə xəbərlər yayıldı.

Təkrarlanan digər rəsmi məlumatlara görə, İran 2018-ci ildə öz fəza nəvərdlərini (kosmonavtlarını) təxminən 200 km yüksəklikdə, 2021-2022-ci illərdə isə suborbital fəzada uçuşlarını planlaşdırır. 2013-cü il fevralın 4-də isə dönəmin İran prezidenti Əhmədinejad istefadan sonra ölkənin ilk kosmonavtı olmağa hazır olduğunu bildirdi.


İran bu iddialı planlarını belə sıx bir müddətdə həyata keçirə bilsə, pilotlu kosmonavtika sahəsində 5-ci kosmik super güc ola bilər. Hələlik müəyyən ləngimələr nəzərə çarpır. IKA-nın son məlumatına görə, İran 2021-ci ildə regionun aparıcı kosmik gücü olmağı planlaşdırır ki, bunun da bölgəyə təsirləri qaçılmaz olacaq. Bizə isə yalnız gözləmək qalır.

Azərbaycan-İran-Türkiyə-Rusiya arasında əməkdaşlıq

Azərbaycanın həm İran, həm Türkiyə, həm də Rusiya arasında müxtəlif sahələrdə, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələri uzun müddətdir ki, mövcuddur. Hazırda bu əməkdaşlığın 4 tərəfli müstəviyə keçirilməsi üçün ciddi addımlar atılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də XXIV "Bakutel" Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirak etmək üçün Bakıya gələn İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu əməkdaşlıq sahələri bir daha müzakirə edilib. Sərginin ənənəvi olaraq keçirildiyini deyən Prezident İlham Əliyev burada İran şirkətlərin daim iştirak etdiyini vurğuladı. Azərbaycanla İranın müxtəlif sahələrdə, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsində yaxşı əməkdaşlıq həyata keçirdiyini qeyd edən dövlətimizin başçısı müntəzəm qarşılıqlı səfərlərin, eləcə də nazirlər səviyyəsində təmasların yaxşı səviyyədə olduğunu qeyd etdi. Dövlətimizin başçısı İKT sahəsində həm ikitərəfli səviyyədə, həm də regional çərçivədə əməkdaşlıq üçün yaxşı imkanlar açıldığını dedi.


Məhəmməd Cavad Azəri Cəhromi keçən il Azərbaycan Prezidenti ilə görüşdən ötən dövr ərzində əməkdaşlığın genişləndirilməsi və layihələrin icrası ilə bağlı çoxlu işlərin görüldüyünü məmnunluqla qeyd edib. Onun sözlərinə görə, gündəmdə olan əsas məsələ Azərbaycan və İran akademik mərkəzləri arasında təcrübə və bilik mübadiləsi və birgə peyk istehsalı olub, hətta Azərbaycan və İran Yerin tədqiqatı üçün birgə peyk istehsalı barədə razılıq əldə edib.

Beynəlxalq rabitənin inkişaf etdirilməsi istiqamətində Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi də böyük əhəmiyyət kəsb edir. Bu layihədə Rusiya və Türkiyənin də aktiv rol alacağı gözlənilir. Xatırladırıq ki, Trans-Avrasiya Super İnformasiya Magistralı Çindən başlayır və Avropada bitir. İranlı nazir bu layihə vasitəsilə İranın şimalı ilə Çin və Avropanın rabitə yolunun birləşəcəyini bildirib. Hazırda Trans-Asiya-Avropa beynəlxalq kabel magistralı mövcud olsa da, ikinci magistralın daha etibarlı yola çevriləcəyi ehtimalı böyükdür. Təbii ki, TASİM layihəsinin bir hissəsi Xəzər dənizindən keçməlidir.

Qeyd edək ki, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin məqsədi Şərqlə Qərbi birləşdirəcək ən qısa transmilli fiber-optik xəttin inşasını nəzərdə tutur. Bolqarıstan və Əfqanıstan da bu layihəyə qoşulmaq niyyətindədir. Bu layihə ölkələr arasındakı "rəqəmsal fərqliliyi" aradan qaldıracaq və dənizə çıxışı olmayan Avrasiya ölkələri üçün yeni iqtisadi imkanlar açacaq.

İran və Azərbaycan əməkdaşlığın təkcə ikitərəfli səviyyədə deyil, eləcə də İran, Azərbaycan, Türkiyə, Rusiya səviyyəsində genişləndirilməsi üçün səmərəli müzakirələr aparırlar. Çoxtərəfli əməkdaşlığın regional səviyyədə müsbət nəticələrə səbəb olacağı gözlənilir. Bakıda 4 ölkənin naziləri səviyyəsində keçirilən görüşdə peyk xidmətləri, kibertəhlükəsizlik, startap və ekoloji sistemlər barəsində də müzakirələr aparılıb. Çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə, ortaq konsorsiumların yaradılmasına və gələn ilin fevralında yeni birgə müzakirələrin keçirilməsinə qərar verilib. Böyük ehtimalla İran və Azərbaycan hazırda "Zöhrə" və "Səfəhr" peyk layihələri üzərində birgə çalışmalar həyata keçirirlər.

Azərbaycan-İran-Fransa əməkdaşlığı


Azərbaycan Respublikasının ilk peyki – "Azərspace-1'' Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan – Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan "Ariane-5'' daşıyıcı raketi ilə orbitə buraxılıb. Bu, iki ölkə arasında yüksək kosmik texnologiyalar sahəsində qurulan sıx tərəfdaşlıq nəticəsində mümkün olub.

Azərbaycan Respublikasının "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair 2018-ci il iyulun 20-də Paris şəhərində Çərçivə Sazişi imzalanıb.


"Azerspace-2" Azərbaycan Respublikasının sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peykidir. "Azerspace-2" ABŞ-ın "Space Systems Loral" (SSL) şirkəti tərəfindən inşa olunub. "Azerspace-2" 2018-ci ilin sentyabrın 25-də əvvəlki kimi, Kuru kosmodromundan Fransanın "Ariane-5" raketi ilə orbitə buraxılıb.

"Azerspace-2" peykinin əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və tropik Afrika ölkələri daxildir. Azerspace-2 həm də birinci telekommunikasiya peyki olan "Azerspace-1"in orbitdəki ehtiyatı rolunu da öz üzərinə götürəcək. "Azerspace-2" peyki hal-hazırda transfer orbitindədir və peyk elektrik mühərriklərindən istifadə edərək hər ötən gün sınaq orbitinə (43.8⁰ Şərq uzunluğuna) daha da yaxınlaşır. Bütün testlər yekunlaşdıqdan sonra 2019-cu ilin yanvar-fevral aylarında "Azerspace-2" peyki öz yekun orbitinə, yəni 45⁰ şərq uzunluğuna yerləşdiriləcək.

Bu faktları sadalamaqda məqsəd Azərbaycanın kosmik sahədə həm Qərblə, həm də Şərqlə eyni zamanda paralel və uğurlu əməkdaşlıq etdiyini göstərməkdən ibarətdir. İran və Fransa ilə davam edən çoxsahəli və çoxşaxəli əməkdaşlıq yaxın zamanlarda ortaq layihələrin həyata keçirilməsi üçün münbit şərait yaradır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Kosmik-sahə   Azərbaycan