" Naxçıvanski " sözünə uyğun nəticə tapıldı!

"Naxçıvanski" - (118 )

Ulu Öndərimizin həsrətində olduğu arzusuna çatdığı ünvanda xatirəsi anılıb

2019/12/1576170535.jpg
Oxunub: 785     18:35     12 Dekabr 2019    
Xalqımızın ümummilli lideri Heydər Əliyevin müqəddəs bildiyi və sevə-sevə ziyarət etdiyi ünvanlardan biri də indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey idi. Hətta respublikamıza gələn ən mötəbər qonaqları da bu ünvana aparar, on üç, on dörd yaşlarından əsgər çəkməsi geyinərək böyük orduya gedən yollarda ilk kövrək addımlarını atan gələcəyin zabitlərini onlara göstərərək böyük fərəh hissi keçirərdi.

Ulu Öndərimiz 48 il öncə - Sovet İttifaqı mövcud olan zaman, sovet xalqları üçün vahid ordu olduğu dönəmdə, İkinci Dünya müharibəsindən sonra Suvorov, Naximov məktəbləri fəaliyyət göstərdiyi bir vaxtda - Azərbaycanda hərbiləşdirilmiş xüsusi orta məktəb yaratmaq qərarı qəbul edəndə Mərkəz bu təşəbbüsü etirazla qarşıladı. Lakin Heydər Əliyev bütün qadağalara, bir-birinin ardınca Bakıya göndərilən təftişçilərin məkrli sərt yoxlamalarına baxmayaraq, qarşısına qoyduğu məqsədə nail oldu.

Respublikamızın gələcəkdə öz müstəqilliyini bərpa edəcəyinə hesablanmış bu ideya irəli sürüləndə, bu işə başlanılanda o, nəzəriyyə deyildi, böyük gələcəyə baxış idi, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanda milli zabit kadrlarının hazırlanması üçün ilk addımlar idi.

Heydər Əliyev totalitar rejimin sərt məngəsində belə bir qeyri-adi qərar qəbul edərkən, təkcə o günləri yox, Azərbaycanın bu gününü düşünürdü. İstəyirdi ki, Azərbaycanın Milli ordusu olsun. Əgər o vaxt Milli ordu yaratmaq mümkün deyildisə, sovet ordusunun tərkibində Azərbaycanın güclü zabit korpusu, zabitləri olsun. Heydər Əliyev istəyirdi ki, Azərbaycan zabitləri sovet ordusunun tərkibində özlərinə layiqli yer tutsunlar, ali hərbi rütbələrə yüksəlsinlər. Respublikamızın mövqeyini müdafiə etsinlər və Azərbaycanın təsirini bütün dünyaya yaya bilsinlər.

Zabitlər korpusunun olması, azərbaycanlıların hərbi peşələrə yiyələnməsi, bütün qoşun növlərində təmsil olunması Azərbaycanın gələcəyi üçün zəruri idi. O vaxt bunu dərk etməyənlər, buna adicə bir hadisə, tədbir kimi baxanlar da illər ötdükdən sonra başa düşdülər ki, bu addımı atarkən nə qədər böyük uzaqgörənlik olmuşdur. Şəxsən Heydər Əliyev özü də bunu etiraf edirdi: “Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz müstəqilliyini əldə edəcək, dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan yaranacaqdır”.

Arzu edilən zaman gəldi, Azərbaycan öz müstəqilliyini əldə etdi. Respublikamızın təhlükəsizliyinin, müdafiəsinin təminatçısı olan Azərbaycan Ordusu yarandı.
Bu Ordunu isə Ulu Öndərimizin 1971-ci ildə təməlini qoyduğu indiki Hərbi Liseyin məzunları olmadan təsəvvür etmək qeyri-mümkündür. Müstəqilliyini yenicə bərpa etmiş respublikamız havadarlarına arxalanan Ermənistan tərəfindən torpaq iddiaları ilə sınağa çəkiləndə, xalqımız müharibəyə təhrik ediləndə, Qarabağ odlara qalananda, günahsız insanlar qanlarına qəltan ediləndə "Heydər Əliyev məktəbi"nin şinelindən çıxan hərbçi oğullar Vətənimizə döndülər, silaha sarıldılar, döyüşlərə yollandılar. Bütün cəbhələrdən “Naxçıvanskilər”in səsi-sorağı gəlirdi.

Onlardan neçəsi “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “general”, “admiral” ali hərbi rütbələrinə yüksəldi, neçəsi respublikamızın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Ulu Öndərimiz böyük fəxarət hissi ilə deyirdi: "Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona, bax, bu cür baxacağam... Mən Cəmşid Naxçıvanski adına məktəbi yaradarkən həsrətində olduğum arzuma çatmışam. Ona görə özümü çox xoşbəxt hesab edirəm”.

Bu gün ölkəmizin hər yerində, eləcə də dünyanın bir çox ölkələrində Ümummilli Liderimizin xatirəsi ehtiramla yad edilir. Fəxri Xiyabandakı müqəddəs məzarını ziyarətə gələnlərin ardı-arası kəsilmir.

Bu gün Ulu Öndərimizin xatirəsi həsrətində olduğu arzusuna çatdığı ünvanda - Cəmşid Naxçıvanski adına Hərbi Liseydə də silsilə tədbirlərlə yad edilib.

Müdafiə Nazirliyinin rəsmiləri, hərbi liseyin rəhbərliyi və kursantlar əvvəlcə Heydər Əliyev muzeyində Ulu Öndərin abidəsi önünə güllər düzüb, ekspozisiya ilə tanış olublar. Böyük ömrün xalqa və dövlətimizin tərəqqisinə həsr olunmuş tarixi anlarını əks etdirən fotolar və sənədlər tamaşaçılarda böyük maraq oyadıb. Muzeyin bələdçisi Vüsalə Orucova hər bir eksponat, şəkil və sənədlər barədə ətraflı məlumat verib.

Sonra Ümummilli Liderimizin xatirəsini həmişə uca tutduğu diviziya komandiri Cəmşid Naxçıvanskinin abidəsi də ziyarət olunub. Ulu Öndərimizin təşəbbüsü və rəhbərliyi ilə C.Naxçıvanskinin yubileyinin respublika səviyyəsində qeyd olunması, Bakı şəhərindəki küçələrdən birinə onun adının verilməsi, yaşadığı binaya xatirə lövhəsinin vurulması, Naxçıvan şəhərində ev muzeyinin yaradılması istiqamətində həyata keçirdiyi tədbirlər böyük minnətdarlıqla yada salınıb. Sovet dövründə “qırmızı terror”un qurbanının, “xalq düşməni”nin adının əbədiləşdirilməsi böyük cəsarət tələb edirdi. Nəinki bu kimi işləri görmək, hətta bu barədə təşəbbüslər belə irəli sürmək çox təhlükəli idi.

"Ürəklərdə, xatirələrdə yaşayır Öndər" adlı ədəbi-bədii tədbir başlamazdan öncə xalqımızın dahi oğlunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.

Hərbi liseyin rəisi, general-mayor Bəkir Orucov Heydər Əliyevi müasir Azərbaycanın və mütəşəkkil Azərbaycan Ordusunun qurucusu kimi səciyyələndirib. "Heydər Əliyevin mənalı ömür yolu, xalqa, Vətənə xidmətləri, işıqlı ideyaları heç vaxt tariximizdən silinməyəcək. Bu ideyalar yaşayacaq, xalqımızı, Vətənimizi, Ulu Öndərimizin qurduğu müstəqil dövlətimizi daha xoşbəxt gələcəyə inamla aparacaq” deyən general Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və bu liseydə təhsil alan kursantların da dahi rəhbərimizin arzuları olduğunu vurğulayıb.

General-mayor B.Orucov Ulu Öndərlə bağlı xatirələrini danışıb və Naxçıvan Muxtar Respublikasının ərazisindəki hərbi hissələrdə xidmət edərkən Naxçıvan Beynəlxalq Hava Limanında fəxri qarovulun rəisi kimi Heydər Əliyevi qarşıladığı anları ömrünün ən gözəl, unudulmaz çağları kimi yada salıb.

"Dağ vüqarlı Ulu Öndər" mahnısının sədaları altında videoçarx vasitəsilə tamaşaçılar Heydər Əliyevin ömür yoluna nəzər salıblar.

Heydər Əliyev haqqında və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin tarixi barədə bir neçə kitabın müəllifi olan Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. 19 aprel 2003-cü ildə bu ünvanda Ulu Öndərlə görüşdüyünü xatırlayıb və o vaxt araşdırdığı, topladığı arxiv materiallarını, o cümlədən “Mənim Hərbi Liseyim” kitabını dahi rəhbərimizə təqdim etdiyini bildirib. Heydər Əliyevin bu işi yüksək qiymətləndirdiyi minnətdarlıqla xatırlanıb.

Abdulla Qurbaninin Ulu Öndərin xatirəsinə ithaf etdiyi “Əbədi məşəl” rekviyem- poeması əsasında hazırlanmış ədəbi kompozisiya maraqla qarşılanıb.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi mayor İlkin Qayıbov bu məktəblə və Ulu Öndərimizlə bağlı xatirələrini danışıb, hərbi liseyin məzunu olması ilə fəxr etdiyini qeyd edib.

Kursant Rəşadət Həsənov “Babamız” şeirini böyük çoşqu ilə bədii qiraət edib.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova atası Ağamir Rəsulovun Ulu Öndərlə bağlı xatirələrini söyləyərək kövrəlib (onun atası vaxtilə unudulmaz Heydər Əliyevin şəxsi aşpazı olub), ailələrinin dahi rəhbərdən daim diqqət və qayğı gördüyünü deyib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti Ulu Öndərin xatirəsinə həsr olunan mahnılardan ibarət ədəbi-musiqili kompozisiya ilə çıxış edib.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin müəllim və kursant heyəti Ulu Öndərin ideyalarına bundan sonra da sadiq qalacaqlarına, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəklərinə, müasir hərbi biliklərə dərindən yiyələcəklərinə, layiqli zabit kadrlarının yetişdirilməsində səylərini əsirgəməyəcəklərinə bir daha and içiblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: