" Nüvə-müqaviləsi " sözünə uyğun nəticə tapıldı!

"Nüvə-müqaviləsi" - (1755 )

Qarabağda ənənəvi müharibəyə son qoyacaq müharibə metodu - ÖHK tipli partizan dəstələri (EKSPERT)

2019/12/435-1577082440.jpg
Oxunub: 7975     10:53     28 Yanvar 2020    
Azərbaycanın Ermənistan tərəfindən cəlb olunduğu müharibədə müxtəlif zamanlarda nizami ordunun tərkibinə daxil olmayan fərqli silahlı qruplaşmaların, o cümlədən partizan dəstələrinin fəaliyyəti ilə bağlı kifayət qədər faktların mövcudluğunu nəzərə alaraq, bu yazıda oxuculara partzan müharibələrinin tarixi, nəzəriyyəsi, formaları və s. barədə məlumat veriləcək. Xatırladaq ki, Qarabağ münaqişəsi zonasında baş verən müharibənin ilk mərhələsində Ermənistandan olan partizan dəstələrindən könüllülər adı altında geniş istifadə edilib.

Partizan müharibəsinin tarixi


Müharibədə qələbənin həmişə hərbi cəhətdən güclünün tərəfində olmamasının səbəblərindən biri, daha güclü tərəfin asimmetrik təhdidlərə qarşı tədbirlərə lazımi qədər diqqət yetirməməsi ilə əlaqələndirilir. Bu təhdidlərdən bizə ən yaxşı tanış olanı partizan müharibələridir. Onların ilk nümunələrinə eramızdan əvvəl 6-cı əsrdə, İran hökmdarı I Dara ilə iskitlər arasında baş verən döyüşlərdə rast gəlinir. XVIII əsrdən bəri baş verən bütün münaqişələrdə, o cümlədən I və II Dünya müharibəsində, Əlcəzair, Vyetnam, Koreya, Laos, Yaxın Şərq müharibələrində partizan hərəkatının fəaliyyətlərinə aid nümunələr kifayət qədər çoxdur.

Partizan hərəkatı konsepsiya olaraq XVIII əsrdə “ordunun əsas qüvvələrindən ayrılıqda, əsasən düşmənin arxasına və cinahlarına göndərilən yüngül dəstələrin müstəqil fəaliyyətləri” kimi yaranıb. Bu dəstələr, əsasən düşmənin rabitə əlaqəsini kəsmək üçün göndərilən süvarilərdən ibarət olurdu. Fransızca “partie” bölmə, dəstə demək idi. Napoleon dövründə isə nizami olmayan qusar dəstələrini və onlara qoşulan mülki şəxsləri “partizan”lar adlandırılmağa başladılar. Bu dövrdə ən güclü partizan hərəkatları Fransa qoşunlarının işğalı altında olan İspaniya və Rusiya ərazilərində fəaliyyət göstərib. Sonrakı müharibələrdə isə partizan hərəkatı həm döyüş say tərkibinə, həm yerinə yetirdiyi funksiyaların miqyasına, həm də təchizatına görə əvvəlkilərdən fərqlənərək daha geniş tətbiq edilməyə başlayıb.

Partizan müharibəsinin nəzəriyyəsi


İstənilən müharibə döyüş əməliyyatlarının aparılması üçün böyük miqdarda silah, sursat və digər avadanlıqların döyüş əməliyyatları teatrına daşınmasını tələb edir. Bunun üçün isə müvafiq kommunikasiya xətləri, qovşaqlar və körpülər zəruridir. Düşmənə bu sahədə ciddi ziyan vurmaq üçün partizan qrupları daha üstün imkanlara malik olurdular.

Mao Tszedun partizan müharibəsini istənilən rəqibə qarşı ən təsirli vasitə adlandırırdı və partizan müharibəsinin əsas ideyasını belə ifadə edirdi: “Düşmən irəliləyir - geri çəkilirik, düşmən dayanır - onu narahat edirik, düşmən geri çəkilir - onu təqib edirik”. Partizan müharibəsi miqyasına görə partizan bazasının və partizan zonasının yaradılmasını da nəzərdə tuta bilər.

Latın Amerikası partizanları isə bu nəzəriyyəyə “nəqliyyat təxribatı nəticəsində bölgənin təcridi ilə düşməni məhv etmək, onun kənardan yardım almaq imkanından məhrum etmək” taktikasını da əlavə etdilər.

Nobel sülh mükafatı laureatı, ABŞ-ın Dövlət katibi, ABŞ prezidentinin Baş müşaviri, professor Henri Kissincer partizanlar barədə deyirdi: “Əgər ənənəvi ordu qələbə qazanmırsa, deməli məğlub olur. Əgər partizan məğlub olmursa, deməli qələbə qazanır”.


Bəzən partizan müharibəsini kiçik müharibə də adlandırırlar. XVIII əsrdən bu günə qədər davam edən münaqişələrdə partizan müharibələri böyük müharibələrdə yardımçı rol oynayır. Onu həyata keçirən qüvvələrin isə kənardan dəstəklənməsi vacibdir.

Partizan hərəkətinin taktikasında aşağıdakı aspektlər üstünlük təşkil edir:

- istənilən düşmən infrastrukturunun dağıdılması (dəmir yolu, rabitə xətləri, yüksək gərginlikli xətlər, su təchizatı, anbarların məhv edilməsi və s.);
- informasiya müharibəsi (həqiqi və yalan məlumatların şəbəkədə, mətbuatda, şifahi və ya yazılı şəkildə yayılması);
- düşmənin canlı qüvvəsinin birbaşa qarşıdurmaya girmədən (pusqu, basqın və s.) məhv edilməsi;
- düşməni hər hansı bir şəkildə qorxutmağa yönələn fəaliyyətlərin həyata keçirilməsi ilə digər əməliyyatlar.


Partizan müharibəsi asimmetrik müharibə formasıdır

Deməli partizan müharibəsi - düşmənlə açıq və geniş miqyaslı qarşıdurmadan çəkinən, bəzən isə yerli əhali arasında gizlənən və ya ərazi xüsusiyyətlərindən istifadə edən maskalan silahlı qruplar tərəfindən aparılan asimmetrik müharibə formalarından biridir.


Asimmetrik müharibə isə iki və daha çox rəqibin hərbi qüvvələri arasında kifayət qədər disbalans (asimmetriya) mövcud olduqda və ya tərəflərin tamamilə fərqli (ənənəvi olmayan) strategiya və taktikadan istifadə etməklə apardığı hərbi əməliyyatlardır.

Asimmetrik müharibəni tərəflərdən birinin qarşı tərəfin eyni hücumları yerinə yetirə bilmədiyi zaman düşmənə qarşı həyata keçirdiyi fəaliyyətlər kimi də təsnifatlandırmaq mümkündür. Nüvə silahlarından istifadə etməyə imkanı olan bir ölkə ilə, nüvə silahına malik olmayan digər bir ölkə arasındakı müharibə də asimmetrik müharibə hesab edilir. Asimmetrik müharibəni “Yeni texnologiyadan istifadə etməklə “aşağı” qüvvənin “üstün” qüvvəni məğlub etməsi” kimi də adlandırmaq mümkündür. Asimmetrik müharibə geniş perspektivdə rəqibin güclü olduğu tərəfləri ilə qarşıdurmadan yayınmaqla, gözlənilməz və innovativ vasitələrlə rəqibin zəif cəhətlərinə hücum edən müharibə kimi təsnifatlandırıla bilər. Gördüyümüz kimi, asimmetrik müharibə konsepsiyası çoxşaxəlidir və o, ənənəvi müharibə metodlarını istisna etməklə, nəticə verə biləcək digər bütün üsullardan istifadəni mümkün hesab edən anlayış kimi formalaşmaqdadır.

Yuxarıda sadalananları nəzərə alaraq deyə bilərik ki, bizə qədim müharibə tarixindən məlum olan yüngül silahlı partizanlar və ənənəvi ordular arasında baş verən partizan müharibələri də asimmetrik müharibə metodlarından biridir. Müasir dövrdə isə bizim partizan hərəkatı kimi tanıdığımız qrupların vəzifələri daha geniş imkanlara malik özəl hərbi kompaniyalar tərəfindən yerinə yetirilməkdədir.


Bir çox ordular asimmetrik müharibədən istifadəni inkar etməslər də, partizan dəstələrinin tətbiqinə qismən soyuq münasibət bəsləyirlər. Əslində partizan dəstələrinin funksiyaları ilə həm kəşfiyyat qruplarının, həm də özəl hərbi kompaniyaların yerinə yetirdiyi vəzifələr arasında bir çox ortaq kəsişmə nöqtəsi mövcuddur. Partizan qrupları da kəşfiyyat qrupları və ya özəl hərbi kompaniyalar kimi pusqu təşkil etmək, basqın həyata keçirmək, açıq döyüşdən qaçmaq, kommunikasiya xətlərini kəsmək, körpü və yol qovşaqlarını sıradan çıxarmaq və ümumiyyətlə, düşmənə ziyan vurmaq funksiyalarını yerinə yetirir. Partizan müharibəsi tarix boyunca tətbiq edilib və hələ də tətbiq edilməkdədir. Bir anlığa düşünək ki, işğal altında olan Qarabağa hazırlıqlı partizanlar daxil olur. Və onların düşmən ordusunun arxa cəbhəsində digər partizan qrupları ilə birlikdə daha professional fəaliyyətlərinin nəticəsində yarada biləcəkləri ajiotajı təsəvvür etmək çətin deyil. Dşünməyə davam edək... Onlar heç nə etməsələr belə, sadəcə ayaq qoyduqları hər bir yaşayış məntəqəsinin diqqətçəkən yerlərində Azərbaycan istehsalı bir qutunun üzərində bir vərəq kağızda “Bu bomba ola bilərdi” yazaraq, orda qoyub uzaqlaşmaqları hansı effekti verə bilərdi?

Partizan döyüşçülərinin əsas məqsədi müharibəni davam etdirən düşmən qüvvələrinin iradəsini qırmaqdan və onlar arasında daim qorxu yaratmaqdan ibarət olduğunu nəzərə alsaq, bu tip metodlardan istifadəni daim nəzərdə saxlamaq məcburiyyətindəyik.

Məqalənin əvvəlində Ermənistan tərəfindən nizami ordunun tərkibinə daxil olmayan fərqli silahlı qruplaşmaların, o cümlədən partizan dəstələrinin Qarabağ münaqişəsi zonasında könüllülər adı altında istifadəsini qeyd etmişdik. Açıq mənbələrdə qonşu Gürcüstanın da ÖHK tipli partizan dəstələrinin xidmətlərindən yaralanmasına dair bəzi faktlar mövcuddur. Gürcü partizan dəstələrinin bəziləri ilə Sizi bir az daha yaxından tanış edək.

Gürcüstanda ÖHK tipli partizan dəstələri

“Mxedrioni”


Məqalədə Gürcüstanın misal gətirilməsi heç də təsadüfi deyil, əslində bu hər iki ölkənin həm eyni regionda yerləşməsini, həm də onların eyni problemlərdən -sepatizm və ekstremizmdən əziyyət çəkməsini vurğulamaq məqsədi də daşıyır. Gürcüstanda bizdən fərqli olaraq seperatçı rejimlərlə mübarizə aparmaq üçün bir neçə partizan təşkilatı yaradılıb. Onlardan biri də 1992-1993-cü illərdə Vətəndaş Müharibəsində və Abxaziyadakı əməliyyatlarda iştirak edən “Mxedrioni” təşkilatıdır. 1989-cu ildə Jaba İoseliani tərəfindən qurulan “Mxedrioni”, özünü İran və Osmanlı qüvvələrinə qarşı mübarizə aparan tarixi Gürcüstan partizan birliklərinin varisi kimi təqdim edirdi. Təşkilatın adı gürcü dilindən hərfi tərcümədə “atlılar” deməkdir, lakin gürcülər onu daha çox “cəngavərlər” mənasında işlədir.

“Mxedrioni” hərbi partizan qruplaşması idi, lakin ciddi siyasi ambisiyaları olmasa da, özünü siyasi təşkilat kimi göstərməyə çalışırdı. Təşkilatın hər bir üzvü Gürcüstan xalqını, Gürcüstan Pravoslav və Apostol Kilsəsini, Gürcüstan torpaqlarını qorumaq üçün and içdikdən sonra partizan kimi quruma üzv qəbul edilirdi. Onlar boyunlarında bir tərəfində Əjdahanı öldürən Georginin, digər tərəfində isə daşıyıcının adı və qan qrupu əks olunan medalyon daşıyırdılar.

“Mxedrioni”nin yaradılması Sovet İttifaqının suqutunun yaxınlaşdığı və Gürcüstanın müstəqillik yoluna qədəm qoymağa hazırlaşdığı illərdə baş verdi. Gürcülər ilə ölkənin milli azlıqları, xüsusən Abxaziya və Cənubi Osetiya arasındakı münasibətlər Sovet dövründə də mürəkkəb idi və bu millətçi dissident Zviad Qamsaxurdiyanın hakimiyyətə gəlməsi ilə daha da gərginləşmişdi. Gürcüstanın müstəqilliyinin ilk günlərində bu qruplaşma böyük nüfuza malik idi və Quram Mqeladze vasitəsilə keçmiş kommunist partiyasının qurumları ilə əlaqəli idi. Rus KİV-ləri millətçi “Mxedrioni” qrupunu yerli əhaliyə qarşı terror, soyğun, zorakılıq, narkotik ticarəti, qəsb və s. kimi cinayətlərdə günahlandırmağa çalışsa da, yerli əhalinin böyük əksəriyyəti onları xilaskar kimi qəbul edirdi.

Təşkilat Gürcüstan-Abxaziya münaqişəsində isə sona qədər ən fəal şəkildə iştirak etdi. Gürcüstan Nazirlər Sovetinin 3 sentyabr 1993-cü il tarixli qərarı ilə “Mxedrioni” Xilasetmə Korpusu kimi qeydiyyata alındı. Rəsmi olaraq vəzifələri yaşayış məntəqələrində nizam-intizamın qorunmasından, fövqəladə və təbii fəlakətlər zamanı vətəndaşlara yardım göstərməkdən ibarət olan Korpusun ştat cədvəlində 2 mindən çox şəxsi heyət mövcud idi. 1994-cü ilin yanvarında Cenevrədə başlayan Abxaziya münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı danışıqlarda Gürcüstan nümayəndə heyətinə “Mxedrioni” Xilasetmə Korpusunun rəhbəri Jaba İoselianinin rəhbərlik etməsi təşkilatın ölkədəki nüfuzunun göstəricisi hesab edilə bilər. Eduard Şevardnadzenin hakimiyyətə gəlməsində də Korpus həlledici rol oynadı

Abxaziyada gedən hərbi əməliyyatlarda aktiv fəaliyyəti ilə yadda qalan millətçi “Mxedrioni” Korpusu 1995-ci ildə (müxtəlif mənbələrə görə, 1998-ci il əməliyyatlarında iştirak edib) Şevardnadze Prezident seçiləndən sonra fəaliyyətini dayandıraraq “Vətənpərvərlər Birliyi” siyasi partiyasına çevrildi.

“Meşə Qardaşları”


Gürcüstan-Abxaziya münaqişə zonasında “Mxedrioni” təşkilatından başqa çox sayda kiçik və orta həcmli partizan qrupları fəaliyyət göstərib. Onların arasında ən böyüyü və ən məşhuru “Ağ Legion” və “Meşə Qardaşları” olub. Bu qurumlar Gürcüstan hakimiyyətinin birbaşa iştirakı və ya dəstəyi ilə yaradılırdı. Maliyyələşmə müxtəlif qurumlardan, o cümlədən ölkə büdcəsindən daxil olurdu, lakin bütün bu vəsaitlər “məxfi” qrifi ilə qorunurdu.

1990-cı illərdə yaranan “Meşə Qardaşları” Gürcüstan qoşunlarının Abxaziyadan çıxarılmasından sonra da seperatçılara müqavimət göstərməkdə davam etdi. Silahlı qrup əsasən partizan dəstəsi kimi fəaliyyət göstərib. Onların qondarma qurumun hüquq-mühafizə orqanlarının işçilərini, həmçinin Rusiya sülhməramlı qüvvələrinin və seperatizmi dəstəkləyən mülki şəxslərin cəzalandırılmasında iştirak etdiyi bildirilir.

“Meşə qardaşları”nın komandiri David Şengeliya 2004-cü ilin yanvarında Mixail Saakaşvili Gürcüstan prezidenti seçildikdən sonra partizan dəstəsini buraxdı. Fevralın 11-də “Meşə Qardaşları” ləğv edilərkən partizanlar silahları polisə təhvil verməyə başladılar. Bu silahların arasında yüzə yaxın hücum tüfəngi, onlarla qumbaraatan, bir neçə daşınan zenit raket kompleksi və çox sayda mərmi mövcud idi.

2004-cü ildə Zuqdididə bir çox “Meşə Qardaşları” üzvü polis tərəfindən həbs etdildi. Onların həbs edilməsi partizan dəstəsindəki fəaliyyətləri ilə əlaqəli deyildi. “Meşə Qardaşları” silahlı dəstəsinin keçmiş komandiri David Şengeliya aldığı 24 il həbs cəzasının 7 ilini cəzaçəkmə müəssisəsində keçirdikdən sonra 2010-cu ildə azad edildi.

2013-cü ildə David Şengeliyanın Gürcüstanın Respublikasının Müdafiə Nazirliyində rəhbər vəzifəyə təyin edilməsi, bu qruplaşmanın gürcü xalqının maraqlarına zidd hərəkətlərə yol vermədiyini, onun hakimiyyətin maraqlarında fəaliyyət göstərdiyinin birbaşa sübutudur.

“Ağ Legion”


1990-cı illərdə yaranan “Ağ legion”un rəhbəri Zurab Samuşiya isə vaxtilə Müdafiə Nazirliyinin strukturlarında xidmət edib, lakin o, MN rəhbərliyinə etiraz əlaməti olaraq Silahlı Qüvvələrdən istefa verib. Bundan sonra isə yaratdığı “Ağ Legion” partizan dəstəsi gürcü-abxaz müharibəsində əhəmiyyətli döyüş əməliyyatlarına imza atıb.

Xatırladaq ki, “Meşə qardaşları”və “Ağ Legion” 1998-ci ilin may hadisələri ilə birbaşa əlaqəli idilər, onlar çox sayda abxaz seperatçıların ələ keçirilməsində yaxından və bəzən də birgə iştirak edirdilər. Təşkilat rəqib seperatçı qoşunların dislokasiya zonasında mina və minalanan nəqliyyat vasitələrindən ustalıqla istifadə etməklə təxribat-diversiya xarakterli hücumlar da həyata keçirirdi. Nəticədə çox sayda seperatçılar sərhədyanı Qali rayonunu kütləvi şəkildə tərk etməli olurdular.

Zurab Samuşiya müsahibələrinin birində bunları söylədi: “Ağ Legion” mütəşəkkil, çoxsaylı və çox mobil bir təşkilatdır. Hərəkət heç bir dövlət quruluşunu təmsil etmir, beynəlxalq hüquqa zidd olacaq heç bir iş də görmür”. O, Abxaziyada yaşayanların hamısının “de jure və de-fakto” Gürcüstan vətəndaşı olduqdan sonra istənilən məhkəmədə “Ağ Legion”un mövcud olduğu müddətdə etdiyi hər bir hərəkətə görə mühakimə olunmağa və cavabdehlik daşımağa hazır olduğunu vurğuladı. “Ağ Legion” təşkilatı Mixail Saakaşvili dövründə buraxıldı.

Nəticə

Maraqlıdır ki, Gürcüstan ərazisində yaradılan müxtəlif qruplar tərkibinə və məqsədlərinə görə bir-birindən fərqlənsə də, ərazi bötüvlüyü, Abxaziya və Cənubi Osetiya üzərində Gürcüstan yurisdiksiyasını bərpa edilməsi məsələlərini əsas vəzifələri hesab edirdilər. Bu partizan qruplarının sonradan heç bir siyasi tələblər irəli sürməməsi, hər bir təşkilatın yalnız ərazi bütövlüyü məsələsi həll olunana qədər fəaliyyət göstərəcəklərini bəyan etməsi də diqqətəlayiq faktordur.

Bir çox kütləvi informasiya vasitələri, xüsusilə də rus mənbələri Gürcüstan tərəfində Abxaziyaya qarşı müharibədə istifadə ediyi partizan təşkilatlarını qeyri-qanuni hərbi birləşmələr kimi qələmə verməyə çalışır, bu da əslində Kremlin bu regiona yeritdiyi qoşunların legitimliyini əsaslandırmaq siyasəti baxımından başadüşüləndir. Gürcüstan hakimiyyəti və əksər əhalisi isə bu qruplaşmaları ekstremist və seperatçılarla mübarizə aparan xilaskarlar kimi təqdim edir.

2008-ci il müharibəsində Gürcüstanın məğlubiyyətini sırf bu partizan dəstələrinin ləğv edilməsi ilə bağlamaq istəməzdim, lakin bunun təsiri olmadığını iddia etmək fikrindən də kifayət qədər uzağam. Maraqlıdır ki, bu gün də həmin partizan təşkilatlarının keçmiş üzvləri yenə də dövlətə öz xidmətlərini təklif edirlər.

Bütün qeyd olunanları, mövcud hərbi-siyasi və coğrafi vəziyyəti nəzərə alaraq, Azərbaycanın işğal altında olan ərazilərini ənənəvi üsulla azad etməsi getdikcə daha da mürəkkəb maneələrlə qarşılaşır. Beynəlxalq təşkilatların və ictimai birliklərin əksəriyyəti yalnız sonu görünməyən və nəticəsiz danışıqların aparılmasını tövsiyə edir. 25 il atəşkəş dövründə cəmi 4 gün ənənəvi müharibə apara bildik, lakin bəzi ermənilər utanmadan əldə etdiyimiz əraziləri geri tələb etməyə cəhd göstərdilər. Deməli, biz Azərbaycan olaraq düşmənə tarixi torpaqlarımızı heç bir halda güzəştə getməyəcəyimizi tam anlada bilməmişik və ya həmin rəhbərlər normal insan dilində anlamaqda çətinlik çəkirlər. Belə bir vəziyyətdə biz düşmənə Qarabağla bağlı düşüncələrimizi, mövqeyimizi çatdırmaq üçün danışıqlar prosesindən çıxa bilmərik, bu düşmənin maraqlarına cavab verə bilərdi, lakin danışıqları davam etdirməklə asimmetrik metodlardan istifadə edərək mübarizəmizi davam etdirə bilərik. Düşünürəm ki, Azərbaycan tərəfi artıq nəticə verə biləcək istənilən metodun tətbiqinə hazır olmalıdır. Erməni tərəfi bizim Qarabağdan imtina etməyəcəyimizi qəti şəkildə anladığı zaman danışıqlarda ciddi dəyişiklik hiss olunacaq. Bunun üçün isə azsaylı çıxış yollarından biri də asimmetrik müharibə metodlarıdır. Burada özəl hərbi kompaniyaların və partizan dəstələrinin xidmətlərindən istifadəni də nəzərdə saxlamaq vacibdir.

Mənbələr:

https://histrf.ru/biblioteka/b/status-niepravitiel-stviennykh-vooruzhiennykh-formirovanii-i-probliema-pravovogho-rieghulirovaniia-partizanskoi-voiny
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B0%D1%80%D1%82%D0%B8%D0%B7%D0%B0%D0%BD%D1%81%D0%BA%D0%B0%D1%8F_%D0%B2%D0%BE%D0%B9%D0%BD%D0%B0
https://www.kavkaz-uzel.eu/articles/86782/
http://old.memo.ru/hr/hotpoints/caucas1/msg/2004/08/m30973.htm
https://www.kavkaz-uzel.eu/articles/231815/
https://en.wikipedia.org/wiki/Mkhedrioni?fbclid=IwAR0AqJszNcRdsQejcExS7dZN2LpgrTpNmiUDUqbAgxsEvqlomLitoBzZdlQ
https://en.wikipedia.org/wiki/Forest_Brothers_(Georgia)?fbclid=IwAR1BUPmadWRlwrowf2QwkuOO26gUjLb1a3gbmdhHLgbSSytPhAtm7qHoBmI
https://en.wikipedia.org/wiki/White_Legion?fbclid=IwAR0EedG5c9gdOUemH1mbCwTpLM4uwk4lIt1l73MMGghUv4h9jmhTUToUIQI


Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Partizan   Asimmetrik-müharibə   ÖHK