"Muzey" sözünə uyğun 173 nəticə tapıldı!

Zəngilanın işğalından 24 il keçir

2017/10/thumb1_zengilan_7258_1509221425rtertret_1509262592.jpg
Oxunub: 4411     15:34     29 Oktyabr 2017    
Azərbaycanın Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 24 il keçir.

Ordu.az xəbər verir ki, 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan sonuncu rayondur. Müharibədə 188 şəhid verən Zəngilan rayonunun 44 sakini itkin düşmüş sayılır. Qubadlı və Cəbrayıl rayonlarının işğalı nəticəsində mühasirəyə düşən Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə görmüşdü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.

Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları var. Rayonun ərazisi mürəkkəb səth qurluşuna malikdir. Ərazi çay dərələri ilə parçalanaraq dərin dərələr əmələ gətirir. Rayon ərazisində əsasən Mezozoy gili sistlər, Yura təbaşir yaşlı əhəng və qumdaşları bir çox yerlərdə çökmə və vulkan mənşəli suxurlar yayılıb. Dağlıq ərazilərdə yayılmış Yura və Təbaşir dövrü süxurları 150-200 min il əvvələ aiddir. Ərazidə Bazarçay silsiləsinin Barbar və Sələfir zirvələri (2270 metr yüüksəklikdə) vardır ki, bu silsilə də Ağbənd, Vejnəli yaxınlığında Araz dərəsinə düşür. Burada zəngin qızıl yataqları (Vəjnəli) var.

Şükürataz yüksəkliyindən başlanan başqa bir sıra Sobu-Top -Dəlləkli kəndləri istiqamətində Araza doğru enir. Oxçu və Bərgüşad çayları arasında olan Süsən dağı silsiləsi, cənub-şərqə doğru enərək Ağoyuq düzünü əmələ gətirir. Bura təbaşir çöküntülü suxurlardan ibarətdir. Oxçu çayının hər iki sahilində Karst mağaraları var. Rayonun şimal-şərq hissəsində Qarabağ silsiləsi yerləşir. Bu silsilə getdikcə alçalaraq Geyən çölünü əmələ gətirir. Rayonun ərazisində dağlıq hissələrdə sıx meşələr yayılıb. 1800-2000 metr hündürlükdə olan enli yarpaqlı meşələr getdikcə enərək subalp və alp çəmənliklərinə keçir. Rayonun ərazisi müalicə əhəmiyyətli bitkilərlə və bulaqlarla zəngindir. Ərazidə zəngin tikinti daşı, gil, mərmər kimi materiallar var idi.

Qeyd edək ki, 1925-ci il sənədlərində Zəngilan, Cəbrayıl qəzası tərkibində göstərilir və xəritədə Zəngilanın Genlik, Aladin, Dəlləkli kəndləri qeyd olunur. Son iki yüz ildə vahid təbii sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunan bir ərazisi olur. 1967-ci ildə Zəngilana şəhər statusu verilir.

İşğaldan öncə rayonda 66 ümumtəhsil məktəbi, 4 yeddiillik musiqi məktəbi, tarix-diyarşünaslıq, daş abidələr və Xalqlar Dostluğu muzeyləri, mərkəzi kitabxana, uşaq kitabxanası, 65 kənd kitabxanası, mərkəzi rayon xəstəxanası, 4 kənd sahə xəstəxanası, 46 feldşer-mama məntəqəsi, 6 həkim ambulatoriyası, Mincivan dəmir yol xəstəxanası fəaliyyət göstərib. Rayonda tarixi-memarlıq abidələrindən dairəvi bürc (XİV əsr), türbə (1304-1305 illər), sərdabələr (Xİİ - XİV əsrlər) qeydə alınıb. Bu gün 40 500 nəfər (01.01.2011) zəngilanlı məcburi köçkün həyatı yaşayır.

İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağıdılıb. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmiryol xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alınıb. Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda olub. İndi düşmən baltasına tab gətirə bilməyən həmin çinarları ermənilər doğrayaraq xarici ölkələrə satırlar. Həmçinin mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də hazırda ermənilər tərəfindən talan edilir.

İndi doğma yurd-yuvalarından didərgin düşmüş zəngilanlılar ölkəmizin müxtəlif rayonlarında yaşayırlar. Digər məcburi köçkünlər kimi zəngilanlılar da dövlət qayğısı ilə əhatə olunublar, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər görülür. Lakin bu diqqət zəngilanlılara doğma ocağa qayıtmaq arzusunu unutdurmayıb, öz dədə-baba yurdlarına qayıtmaq ümidlərini daha da artırıb. Onlar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəngilana qayıdacaqları günə inanırlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: