"Konus" sözünə uyğun 13 nəticə tapıldı!

"Convair Lobber": ABŞ-ın İkinci Dünya Müharibəsində unikal ideaları - ARAŞDIRMA (FOTOLAR)

2018/03/14_1520421584.png
Oxunub: 4544     19:20     07 Mart 2018    
Hal-hazırda, müxtəlif siniflərdən olan ballistik raketlər yalnız döyüş başlığını təyin edilən hədəfə çatdırmaq üçün nəzərdə tutulur. Onlar bir-birindən ölçülərinə, uçuş xüsusiyyətlərinə və döyüş başlıqlarının tipinə görə fərqlənə bilər, lakin bütün bu məhsulların ümumi konsepsiyası eynidır. Soyuq müharibənin qızğın vaxtında ABŞ hərbçiləri əsaslı olaraq yeni bir vəzifə daşıyacaq ballistik raket yaratmağı təklif etdilər. Reaktiv mühərikli yüngül vasitənin köməyi ilə kiçik yüklərin nəqli planlaşdırıldı. Nəqliyyat raketinin layihəsi "Convair Lobber" adı ilə tarixə yazıldı.

Cəbhə xəttində qoşunların lazımi təchizatla təmin edilməsi adətən bir sıra xarakterik problemlərlə bağlı olur. Müəyyən hallarda mövcud təminat kəsilə də bilər. Sursat, yanacaq və ya təchizatın çatışmazlığı birliklərin döyüş imkanlarının ciddi şəkildə azalmasına, bunun nəticəsində isə düşmən təzyiqinə davam gətirə bilməməsinə səbəb ola bilər. Nəticədə, ordunun ənənəvi və əsaslı yeni bir nəqliyyat vasitəsinə ehtiyacı ortaya çıxdı.


Convair Lobber nəqliyyat ballistik raket (ABŞ)

İkinci Dünya müharibəsi dövründə, Arden döyüşü əsnasında, Amerikan qoşunları orijinal 155 mm-lik artilleriya "yük" mərmilərini sınaqdan keçirdi. Ənənəvi tipli mərminin daxilində kiçik bir yük üçün boşluq mövcud idi. Nəqliyyat raketləri nəzəriyyədə düşmən əhatəsində olan və birbaşa əlaqənin kəsildiyi bölmələrin təminatını həyata keçirməyə imkan verirdi. Eyni zamanda, bir sıra ciddi çatışmazlıqlar movcud idi. Buna ordu rəhbərliyi də ideya baxımından xüsusi bir maraq göstərmədi.

Koreya müharibəsi dövründə, Amerika əsgərləri dəfələrlə əsas qüvvələrdən təcid olunaraq ancaq öz resurslarına arxalanaraq hərəkət etməyə məcbur olublar. Lojistik baxımından aviasiya yaxşı bir variant hesab oluna bilərdi, amma bəzən onlar da təyin olunan vəzifələri tam olaraq yerinə yetirə bilmirdi. Yük paraşütü vasitələrinin yüksək enmə dəqiqliyi yox idi, helikopterin sursatla endirilməsi həddindən artıq təhlükəli idi.


Balistik raket təpələri və dağların üzərindən uçacaq

50-ci illərin ortalarında Pentaqon, quruluşuna görə döyüş raketlərini təkrarlayaran nəqliyyat raketlərini xatırladılar. Əlbəttə heç kim, İkinci Dünya Müharibəsinin raketlərinin nüsxələrini çıxarmaq fikrində deyildi. Bu dəfə müasir raket texnologiyasından istifadə etməklə orijinal ideyaların həyata keçirilməsi planlaşdırılırdı.

Kiçik ölçülərinə görə artilleriya mərmisi çox sayda döyüş sursatının və ya digər yükün çatdırılmasını təmin edə bilməzdi. Raket sistemləri isə belə məhdudiyyətlər tətbiq etmir. Nəticədə, yeni bir sursat çatdırma vasitəsi kimi kifayət qədər yük bölməsinin ölçülərinə malik bir ballistik raket seçildi. Raketin uçuşda sabitləşməsi nəzərdə tutulsa da idarə olunmayan tipdə istehsalı təklif edilirdi. Ölçülərin və əsas xüsusiyyətlərin düzgün uzlaşması sayəsində, qoşunların kütləvi istismarı üçün raketin məqbul olan nisbətən aşağı qiymətini əldə etmək olardı.


İlk versiyanın atıcı qurğusu

1957-58-ci illərdə ABŞ Ordusu yeni nəqliyyat raketinin hazırlanmasına başladı. Layihənin yaradılmasına görə sifariş, döyüş raketləri sahəsində təcrübəyə malik olan "Convair" aviasiya inşaat şirkəti tərəfindən qəbul edildi. Layihə işləri Bill Çeyne başçılıq etdiyi bir qrup mühəndislərə verildi. Logistika sisteminin perspektivli bir nümunəsi "Lobber" adını aldı.

Ordu qeyri-adi vəzifələri yerinə yetirə bilən xüsusi raket kompleksinin yaradılmasını tələb edirdi. Müştərinin tələblərini yerinə yetirmək üçün bəzi orijinal həllər tələb olunurdu. Eyni zamanda artıq məlum olan əməliyyat sistemlərindən maksimum istifadə etmək mümkün idi. Ən qısa müddətdə "Convair" şirkəti yeni sistemin optimal imicini yaratdı və gələcək sınaqlar üçün prototipləri hazırlamağa başladı.

Təchizatların bölmələrə çatdırılması üçün kompleksdə yüngül bir atıcı qurğudan və xüsusi ballistik raketdən istifadə edilməsi nəzərdə tutulurdu. Kompleksin hər iki elementi onların sadəliyi və ucuzluğu ilə fərqlənirdi. Onlar yük maşınları da daxil olmaqla hər hansı mövcud platformadan da istifadə oluna bilərdi. Beləliklə, gözlənildiyi kimi, "Lobber" kompleksi yüksək hərəkətliliyinə görə ən qısa müddətdə təcrid olunan bölmələrin təchizatını həyata keçirə bilərdi.


İstiqamətləndiricinin daxili kanalı

Nəqliyyat raketinin atıcı qurğusu sadəliyi ilə fərqlənirdi. Daşıyıcı vasitənin yük yerində və ya yükləmə platformasında iki əyilən paralel qolun yerləşdiyi metal profilli düzbucaqlı çərçivə yerləşirdi. Metal səthlə birləşdirilən ön sütunlar və arxa çoxkünclü kəsik, dəstək hərəkətli istiqamətləndirici üçün dayaqları yaradırdı. Qeyd etmək lazımdır ki, belə bir atıcı qurğu üfüqi nişangah vasitəsinə malik deyildi. Atış istiqaməti daşıyıcının və ya atıcı qurğunun düzgün yerləşdirilməsi ilə müəyyən edilirdi.

Ön sütunların üst hissələrində atıcı qurğunun istiqamətləndiricisi üçün qapılar quraşdırılıb. İstiqamətləndirici özü 255 mm olan daxili diametri olan və təxminən 2 m uzunluğunda olan metal borudan ibarətdir. İstiqamətləndirici kanalı, raketin başlanğıcda ilkin fırlanma sürətini təmin etmək üçün yivli kanallara malikdir. İstiqamətləndirici, başlanğıc bucağını dəyişdirərək atıcı qurğuya münasibətdə hərəkət edə bilir. Belə şaquli tuşlamanın köməyi ilə müəyyən hədlərdə idarəolunmayan raketlərin uçuş məsafəsini dəyişmək mümkün idi.


Raketlər və fırlanan istiqamətləndirici ilə yenilənən atıcı qurğu

Müştərinin tələb etdiyi "Lobber" kompleksinin raketi, dizaynın maksimum sadəliyi ilə xarakterizə edilirdi. Nəticədə o, bütün daxili həcmi faydalı yük və güc qurğusu üçün nəzərdə tutulan dəyişən diametrli siqarşəkilli metal korpusa sahib oldu. Layihə, kifayət qədər uzun konuslu başlığa malik bir korpusun istifadəsini nəzərdə tuturdu. Korpusun mərkəzi hissəsi silindrik bir formada idi, quyruq hissəsi isə kəsik konus və silindrin məcmu formasında hazırlandı.

Korpus ayrılan bir dizayna malik idi. Kifayət qədər böyük olan baş tərəfdə yük bölməsi, quyruq hissədə isə mühərrik və paraşüt yerləşirdi. Raket yerə düşdükdən sonra, raketin sökülməsi və faydalı yükün götürülməsi təklif olunurdu.

"Lobber" raketində heç bir nəzarət sistemi yox idi və uçuşda yalnız fırlanma hesabına sabitləşməli idi. İlkin fırlanma istiqamətləndiricinin yivləri tərəfindən təmin olunurdu, bundan sonra isə fırlanma stabilizatorlar tərəfindən dəstəklənirdi. Raketin daralan quyruq hissəsində dörd qatlanan pər quraşdırıldı. Raket daşınanda, atıcı qurğudan çıxana qədər bu pərlər korpusun divarı üstündə "yatır" və raket buraxıldıqdan sonra pərlər açılaraq lazım olan aerodinamik qüvvəni yaradaraq stabilləşməni təmin edir.


Raketin buraxılması

Korpusun quyruq hissəsində kifayət qədər güc göstəriciləri olan sərt yanacaqlı raket mühərriki yerləşdirilib. Mühərrik elektrikli bir sığorta ilə buraxılır. Kiçik ölçüsünə və yükün ağırlığına baxmayaraq, istifadə edilən mühərrik uçuş sürətinin və uçuş məsafəsinin əlamətdar göstəricilərini əldə etməyə imkan verdi.

Balistik raket, məhdud uçuş məsafəsinə baxmayaraq, traektoriyanın enən hissəsində kifayət qədər sürətlənməli idi. Bu isə daşınan faydalı yükləri risklərə məruz qoyurdu. Bu baxımdan, "Convair Lobber" layihəsi enmə zamanı əyləc vasitələrindən istifadə etməyi qərara alır. Belə ki, korpusun arxa bölməsində, mühərrikin yanında, qatlanan bir paraşüt yerləşdirildi. Bərk yanacağın istifadəsi başa çatan kimi paraşütün sərbəst buraxılması avtomatik olaraq həyata keçirilirdi. Paraşüt açıldıqdan sonra günbəz enmə sürətini azaldaraq müəyyən dərəcədə yükü qoruyurdu.

Layihədə həddindən artıq yüklənmələrdən qorunmaq üçün qeyri-adi bir vasitədən istifadə edildi. Raket yerə enərkən korpusun konus başlığına quraşdırılan əlavə örtük yerə ilk toxunaraq deformasiyaya uğrayaraq zərbənin enerji gücünü udurdu.


Yenilənən atıcı qurğudan start

Perspektiv "Lobber" nəqliyyat raketi olduqca böyük alındı. Onun ümumi uzunluğu 2,7 m idi. Ən böyük en kəsik diametri 254 mm təşkil edirdi. Mühərriklə təchiz edilən raketin çəkisi təxminən 61 kiloqramdır. Raketin ümumi kütləsinin təxminən 40% -i, yəni 25 kq-dan az bir hissəsi faydalı yükdən ibarət idi.

Raketin yük bölməsi təxminən 250 mm diametrdə və bir metr uzunluqda olan silindirdən ibarət idi. Cəbhə xəttində qoşunlara lazım olan hər sursatı burada yerləşdirmək olardı.

Raket kiçik və böyük kalibrli silahlar üçün mərmilər, əl qumbaraları və s. daşıya bilirdi. Buraya standart qutularda qida da qoymaq mümkün idi. Qutular və ya yeşiklər, lazımlı konfiqurasiyada olan çarxların köməyi ilə yük bölməsində bərkidilirdi, bu isə yükün yerdəyişməsinə və raketin uçuşuna təsir etməsinə imkan vermirdi.


"Lobber" raketi paraşütlə endirilir

Daşıma təyinatına baxmayaraq "Lobber" ballistik raket olaraq qalırdı. Bu baxımdan, konstruktorlar alternativ döyüş təyinatlı başlıqlarının bir neçə variantını təklif etdilər. Raket, yüksək partlayıcı fuqasların, yandırıcı kimyəvi bombaların və ya nüvə başlıqlarının daşıyıcısı ola bilərdi. Döyüş başlığının xüsusiyyətləri yalnız raketin ölçüsü və daşıma qabiliyyəti ilə məhdudlaşırdı. 25 kiloqram ağırlığa qədər yükgötürmə qabiliyyətinə malik 254 mm diametrli raket müxtəlif vəzifələrin həllinə şərait yaradırdı.

İstifadə edilən qatı yanacaq mühərriki kifayət qədər yüksək uçuş effektini əldə etməyə imkan verirdi. Uçuşun fəal hissəsində mərminin maksimal sürəti təxminən saatda təxminən 2400 km/saat səviyyəsinə çatdı. Son hissədə paraşütdən sərbəst buraxılmaqla ballistik bir traektoriya boyunca hərəkət edən "Lobber" raketi 13 kilometrə qədər uça bilərdi. Uçuş zamanı raket təxminən 3 km yüksəkliyə qalxırdı.


Raket yerə endi

Layihənin daha da inkişaf etdirilməsi zamanı atıcı qurğu atəş mövqeyinə sürətli keçid üçün işçi ştat şassisini ala bilərdi. Raket kompleksinə texniki xidmət göstərmək üçün üç və ya dörd nəfərin ibarət ekipaj nəzərdə tutlurdu.

Layihənin inkişafı çox da üzun vaxt tələb etmədi. 1958-ci ilin dekabrında "Kemp İrvin" poliqonunda sınaqlar başladı. Bəzi mənbələrə görə, ilk atışlar zamanı layihənin müəllifləri bir sıra problemlərlə qarşılaşdılar. İstiqamətləndiricinin yivlərinə görə fırlanma ilə stabilləşdirilən və birbaşa idarə edilməyən raketin atəş dəqiqliyi qeyri-kafi oldu. Bu baxımdan, atıcı qurğuda ən ciddi dəyişikliklər edildi. Yenilənən formada "Lobber" raket sistemi daha yüksək dəqiqlik xüsusiyyətlərini göstərdi.


Raketi yerdən çıxararaq, konus qapağın zədələnməsini qiymətləndirmək mümkündür

Raketin ön təqdimatı gözlənilən nəticələr verdi. Maksimum məsafəyə sınaq atışları zamanı təxminən 91 m dairəvi ehtimal olunan yayınma əldə olundu. Bəzi şərtlərlə, bu, yeni sistemin nəzərdə tutulan məqsədlər üçün istifadə edilməsinə imkanı verirdi. Lakin bəzi hallarda bu dəqiqlik kifayət etməyə bilərdi.

1958-ci ildə, "Convair" şirkəti müxtəlif konfiqurasiyalarda bir neçə atıcı qurğu istehsal etdi. Testlərdə sistemin real xüsusiyyətləri müəyyən edildi, mövcud texniki və texnoloji çatışmazlıqlar aşkar edilərək aradan qaldırıldı. Zavod sınaqlarının nəticələrinə görə "Lobber" kompleksi hərbi hissələrin nümayəndələri üçün nümayiş etdirilməyə hazır idi. Onlar B.Çeyninin komandasının əsəri ilə tanış olmalı və qərar qəbul etməli idi.


Sınaq keçirəcək mütəxəssislər yükün vəziyyətini yoxlayırlar. Bu dəfə "Lobber" ləvazimat daşıyacaq

Məlum məlumatlara görə, zavod sınaqları və hərbi nümayiş əsnasında 27 ədəd atəş reallaşdırıldı. "Lobber" sisteminin təchizatların qeyri-adi bir şəkildə çatdırılması fəaliyyətini görən hərbi rəhbərlik, həqiqətən də kompleksin müəyyən edilən vəzifələri həll etməyə qadir olduğunu etiraf etdi. Orginal konsepsiya praktik olaraq özünü təsdiqlədi. Ancaq bununlada tərifləmələr bitdi. Yeni layihənin həyata keçirilməsi və tətbiqi çox arzu olunurdu. Lakin mövcud formada, nəqliyyat raketi ordu üçün heç bir maraq kəsb etmirdi.

Raketin 25 kq-lıq faydalı yük əmsalı olduqca qəbuledilməz idi. Bəzi hallarda, bölmələrə daha çox sursat lazım olduğunda bir neçə raket buraxılmalı idi. 13 km-dən çox olmayan atəş məsafəsi raketin praktiki potensialını ciddi şəkildə məhdudlaşdırırdı. Təchizat ehtiyacı olan təcrid olunan bölmələrin əsas qüvvələrdən daha çox məsafədə yerləşməsi də raketin məhdud imkanlarını təsdiqləyirdi.


Raket və yük bölmələrinin müxtəlif versiyaları

Tənqid olunmanın bir səbəbi də aşağı dəqiqlik idi. İlkin stabilizator pərlərinin mövcudluğuna baxmayaraq, raket hədəfdən orta hesabla 91 metr yayınırdı. Beləliklə, o, asanlıqla təchiz edilən bölmənin mövqeyindən kənara da enə bilərdi. Digər tərəfdən də qeyd etmək lazımdır ki, yüksək dəqiqliklə düşən bir nəqliyyat raketi yardım gözləyən əsgərlərə də müəyyən bir təhlükə də yarada bilər.

"Convair Lobber" layihəsinin son qüsuru hazır raket kompleksinin qiyməti ilə bağlı idi.

Tərtibatçıların hesablamalarına əsasən bir seriya istehsalı yeni tipli nəqliyyat raketi 1000 dollara (cari qiymətlərlə təxminən 8,600 dollara) başa gəlirdi. Raket yalnız bir dəfə istifadə edilə bilər. Müqayisə üçün deyək ki, 50-ci illərin sonlarında aviasiya ilə eyni yükün çatdırılması orduya 700 dollardan çox olmayan məbləğə başa gəlirdi.


Dəniz piyadaları korpusu da "Convair Lobber" kompleksinə maraq göstərdi

Sınaqlar göstərdi ki, kifayət qədər yüksək uçuş, texniki və iqtisadi xüsusiyyətlər göstərə bilməməsinə baxmayaraq, kompleks üzərinə düşən nəqliyyat vəzifələrini yerinə yetirə bilir. Mövcud formada "Lobber" kompleksi ordu üçün heç bir maraq daşımırdı. Quru Qoşun Komandanlığı layihə üçün dəstəkdən imtina etdi. Rəhbərlik məlum risklərlə əlaqəli olsa da qoşunları konvensional üsullarla təchiz etməyə qərar verdi.

Müəyyən bir müddətdən sonra "Lobber" layihəsi ilə Dəniz piyadaları korpusu və Hərbi Dəniz Qüvvələri maraqlanmağa başladı. Dəniz piyadaları korpusu ordu kimi, uzaqdakı təcrid olunan birləşmələr təchiz edəcək vasitələrə ehtiyacı vardı. Donanma, öz növbəsində, yeni raketin xüsusi bir sualtı qayıq əleyhinə modifikasiyasını sifariş verməyi planlaşdırırdı. Həmçinin, bəzi mənbələrə görə, raketin söndürmə tozu ilə yüklənməsi də mümkün olub. Bu konfiqurasiyada raket yanğınsöndürənlər tərəfindən də istifadə edilə bilər. Buna baxmayaraq, ordunun raketdən imtina etməsindən sonra, layihənin yekunlaşdırılmasına dair bütün variantlar gələcək inkişaf və istehsal sahəsindən kənar qaldı.


"Lobber" layihəsi üzərində iş 1959-cu ilin ilk aylarında başa çatdırılıb. ABŞ ordusunun təmsil etdiyi ilkin müştəri raket kompleksinin real imkanlarını gördü və ondan imtina etməyə qərar verdi. Yeni sifarişlər də olmadı. Real perspektivlərin olmaması səbəbindən layihə bağlandı və bütün sənədlər arxivə göndərildı.

"Convair Lobber" layihəsi Amerika sənayesi tərəfindən yüngül yük daşınması üçün xüsusi nəqliyyat ballistik raketi yaratmaq üçün həyata keçirilən ilk və son cəhddir. 50-ci illərin ikinci yarısında ABŞ-da oxşar raket sistemlərinin digər layihələri də işlənirdi. Lakin bu hallarda insanların və avadanlıqların nəql edilməsi nəzərdə tutulurdu. "Lobber" layihəsi öz növbəsində birbaşa inkişaf konsepsiyası əldə edə bilmədi. Onun haqqında heç xatırlayan da yoxdur.

"Convair" tərəfindən yaradılan yüngül balistik raketin köməyi ilə yüklərin çatdırılması ilə nəqliyyat sisteminin ən maraqlı layihəsi uçuş sınaq mərhələsindən kənara çıxmadı, lakin real nəticələr verdi. O, bu cür sistemlərin bütün xüsusiyyətlərini gözlər önünə sərdi və lazımi nəticələr çıxarmaq üçün imkan yaratdı. Digər cəsarətli və qeyri-adi layihələr kimi, "Lobber" raketi də vaxtında müvəffəqiyyətli və faydalı bir istiqamətin inkişafından imtina etməyə imkan verdi.

Araşdırma Ryabov Kirilin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Convair-Lobber   Nəqliyyat-raketi   ABŞ