"Hərbi-peyk" sözünə uyğun 317 nəticə tapıldı!

Rusiyanın döyüş xəbərdarlığı və informasiya dominantlığı – Təkmilləşdirilmiş qabiliyyətlər

2019/08/russi-6267630872.jpg
Oxunub: 768     15:20     28 Avqust 2019    
Rusiya ordusunun döyüş xəbərdarlığı yarışını qazanmaq üçün hərbi doktrina və bacarıqlarını inkişaf etdirməsi ABŞ üçün gələcəkdə bir konflikt yarandığı təqdirdə, böyük çətinlik yaradacaq. Rusiya liderliyində ordunun informasiya dominantlığı sahəsinə bu qədər əhəmiyyət verməsinin kökü informasiya qarşıdurmasının dövlətlərin yarışdığı fundamental döyüş yolu olaraq görülməsi dayanır. Rus ordusu döyüş məkanında əməliyyat gücündən istifadə etməklə qalmır, opponenti döyüşə başlamadan tanımağa çalışır.

ABŞ-ın texnoloji üstünlüyü və döyüş əməliyyatlarından faydalanan Rusiya hərbi strateqləri müasir müharibənin əsasını təşkil etdiyini düşündükləri konseptlər formalaşdırıblar. Bunlardan ən əhəmiyyətlisi isə informasiya domeynini inkişaf etdirmək və döyüş məkanında informasiya dominantlığını əldə etməkdir. Rusiya ordusu müasir döyüş məkanında görmə, düşünmə, inteqrasiya etdirmə və sürətli qərarvermə bacarıqlarında böyük yol qət edib. Rusiya ilə baş verə biləcək istənilən münaqişədə ABŞ və NATO qüvvələri situasional məlumatlandırılması yüksək olan bir qüvvəyə qarşı mübarizə aparmalı olacaqlar.

İnformasiya Dominantlığı


Rusiyanın informasiya dominantlığındakı siyasi və hərbi liderliyinin əhəmiyyətini vurğulamadan keçmək olmaz. Bu liderlik informasiyanı Rusiya dövlətinin müdafiə instrumentləri arasına daxil edib və onu digər hərbi, iqtisadi və siyasi instrumentlərlə bərabər səviyyədə tutur. Bu, həm də onu göstərir ki, Rusiyanın dünya səviyyəsində dövlətlərlə qarşılıqlı fəaliyyəti və rəqabətində məlumat mühüm rol oynayır.

Rusiyanın strategiyasında informasiya qarşıdurması 2 kateqoriyaya bölünür: psixoloji və texniki. İnformasiya qarşıdurmasının psixoloji aspekti həm yerli, həm də hərbi cəmiyyətin təməllərini hədəf alır. Bu səviyyədə müharibə hədəf dövlətin institutlarının və inanc sisteminin məhvinə yönəlir. Buna misal olaraq hansısa bir mövzuda əhalinin fikrini dəyişdirmək üçün sosial şəbəkələrin istifadəsi və cəmiyyətdə diversifikasiyanın artırılmasını göstərmək olar. Məsələn, NATO üzvlüyünə müsbət baxışlarını aradan qaldırmaq məqsədilə İsveç əhalisini bölmək üçün saxta sosial şəbəkə hesablarının istifadəsi də buna daxildir.


İnformasiya qarşıdurmasının texnoloji tərəfinə idarəçilik bacarıqlarını toplama, qoruma, paylaşdırma və məhv etmə bacarıqlarını özündə ehtiva edən istənilən platforma və bacarıq aiddir. Rusiya qüvvələri üçün bu, informasiyanın toplanması və döyüş məkanında istifadəsi üçün daha effektiv və sürətli şəbəkələşmə vasitələri deməkdir. Rusiya informasiya məkanında yarışmaq üçün süni zəka və maşın öyrənməsindən istifadəyə maraqlıdır. Məsələn, sabiq MN katibi Borisov ötən ilin mart ayında qeyd etmişdi ki, Rusiyanın informasiya mühitində döyüşməsi və kiber müharibələri qazanması üçün süni zəkadan istifadəsi vacibdir.

Rusiya strateqlərinin informasiya qarşıdurması barədə dialoqları ABŞ-ın informasiya üstünlüyü ideyasından ortaya çıxıb. Xaricdəki ABŞ hərbi əməliyyatlarını müşahidə edən rus strateqləri, həmçinin ABŞ-ın şəbəkə mərkəzli müharibə araşdırmalarını izləyir, bu isə Rusiyanın müasir müharibə düşüncəsi və müdafiə satınalmalarına təsir edir. Rusiya elmi jurnallarında yayımlanmış bəzi məqalələr düşmən qüvvələr arasında təşkilatlanmanın dağıdılması, qərarvermə mexanizmlərinin sıradan çıxarılması və bununla da Rusiya qüvvələri üçün zaman və üstünlük yaradılması barədə fikirlər ortaya qoyub.

Rusiyanın informasiya qarşıdurmasında əsas məqsədi düşməni müharibənin onun marağına uyğun olmadığına inandırmaqdan ibarətdir. Bu cəhdlərin əsas hissəsi də müharibədən əvvəl psixoloji vasitələrin istifadəsini tələb edir.

Döyüş xəbərdarlığı


2008-ci il Gürcüstan müharibəsindən sonra rus ordusu döyüş məkanında situasional xəbərdarlıq əldə etmə və qoruma bacarıqlarını əhəmiyyətli dərəcədə inkişaf etdirib. Peyklərdən göndərilən informasiya, pilotsuz uçuş avadanlıqları və kəşfiyyat sistemləri, eləcə də komandanlıq və nəzarət sistemləri sayəsində Rusiya ordusu döyüş məkanındakı inkişafı müəyyən etmə, izləmə və ona təsir etmə bacarıqlarını təmin edib.

Soyuq Müharibədən sonra Rusiyanın kosmik mülklərinin həcmində azalma baş tutmuşdu, lakin indi Rusiya öz bacarıqlarının yenidən qazanmaq üçün çalışır. Rusiyanın Qlobal Naviqasiya Peyk Sistemi (GLONASS) artıq rus qoşunlarını qlobal əhatə ilə təmin etmək üçün 24 ədəd peykə sahibdir. Naviqasiya peyklərindən əlavə, Rusiya öz optik, elektron kəşfiyyat, məlumat və uzaqdan hissetmə peyklərini artırır. Rusiyalı pilotların tez-tez ABŞ-ın GPS alıcılarını istifadə etdikləri Gürcüstan döyüşündən fərqli olaraq, Suriyadakı rus qüvvələri Rusiyanın yerli Qlobal Naviqasiya Peyk Sistemindən faydalanaraq daha geniş döyüş xəbərdarlığına malikdir. Bu isə həm dəqiqliyin artması, həm də hərbi əməliyyatların daha effektiv olması deməkdir. Bu sistemin istifadəyə yararsız olması halında isə onu əvəz edəcək dron və individual əsgər sistemləri hazırda gözləyir. Rusiya Müdafiə Nazirliyi Baş Qərargahının verdiyi məlumata əsasən, Rusiyanın hazırda 2100-dən çox xidmətdə olan PUA-sı var. Hazırkı müdafiə planına əsasən isə 2019-cu ildən etibarən Rusiya ordusu hər il 300 ədəd qısamənzilli PUA satın alacaq.


Rusiya hərbi dronlarının bir çoxu ucuz, qısamənzilli, yüngül və silahsız dronlardır. Onlar arasında əsas yeri (təxminən yarıya qədərini) yerli istehsal edilmiş 120 km mənzilli “Orlan-10” tutur. Rusiyanın ən uzaqmənzilli PUA-sı isə 250 km mənzilə malik “Forpost”dur. Ənənəvi olaraq dronlar quru missiyalarına dəstək vermək üçün istifadə edilsə də, Rusiya müxtəlif missiyalarda istifadə etmək üçün dronlar hazırlayır. Məsələn, “Forpost” dronu “Kalibr” və “Yakhont” kimi qanadlı raketlər üçün izləmə və hədəf platforması olaraq sınaqdan keçirilib.


Başqa bir misal dənizdə monitorinq missiyaları və Rusiyanın Strateji Təyinatlı Raket Qüvvələrinin təhlükəsizliyi üçün dronların istifadəsi ola bilər. Rus ordusu həmçinin hava kəşfiyyatı təyyarələrini də yeniləməyə və inkişaf etdirməyə davam edir. Məsələn, 1980-1990-cı illərdə inkişaf etdirilmiş və işə salınmış A-50 “Mainstay” erkən xəbərdarlıq və nəzarət təyyarəsi A-50U adı ilə təkmilləşdirilib və Suriyada istifadə edilib.

Komandanlıq və İdarəetmə


Münaqişədə üstünlük qazanmaq və əldə saxlamağın əsas şərti döyüş xəbərdarlığının istifadə və inteqrasiyasıdır. Rusiya ordusu individual əsgərlərdən əldə edilmiş məlumatları milli komandanlığa çatdırmaq üçün müxtəlif rəqəmsal və avtonom xidmətlərdən istifadə edir. Bunlardan biri individual informasiyanın yüksək komandanlıq, eləcə də hava və artilleriya bölmələri ilə paylaşılmasını təmin edən “Strelets” sistemidir. Bu, “SVP-24 Gefest” sistemi ilə birlikdə Suriyadakı rus qoşunlarına rəqib üzərində sürət və dəqiqlik baxımından üstünlük qazanmağa imkan verdi. Rusiya Quru Qüvvələri sıravi taktiki səviyyəli diviziyadan avtomatlaşmış komandanlıq və nəzarət sisteminə çevrilir. İstifadə edilən sistemlərdən biri də kommunikasiya və sifarişlər, elektron müharibə, artilleriya, havadan müdafiə, mühəndislik və logistikanı koordinasiya etmək üçün 11 alt sistemdən ibarət olan “Sozvezdie”dir. Sözügedən sistem informasiyanın birdən artıq domeyn və bölmədə paylaşılmasına şərait yaradır və qərarvermə sürətinin artmasına şərait yaradır.


Rusiyanın müasir müharibə konsepsiyasında informasiyanın mərkəzi rolunu nəzərə alsaq, rus ordusunun rəqiblərinin informasiya dominantlığına sahib olmaması üçün bacarıqlarını artırması təəccüblü deyil. İnformasiya üstünlüyü əldə edilə biləcək sahələr arasında Rusiyanın ən qabaqcıl olduğu elektron müharibə sahəsidir. Son 20 il ərzində ölkənin müdafiə sənayesi onlarla elektronik müharibə sistemi inkişaf etdirib və sınaqdan keçirib. Onlar düşmənin çoxçeşidli quru, hava və kosmik kommunikasiya sistemi və elektron siqnallarına müdaxilə edə bilir. Hazırda Rusiya ordusu “Palantin” elektron müharibə sistemini Qərb Hərbi Dairəsində yerləşdirməkdədir. Bu sistem çoxfunksiyalıdır və yalnız rəqibin kommunikasiya sistemini dağıtmaqla qalmır, eyni zamanda elektron kəşfiyyat platforması olaraq da xidmət edə bilir. “Palantin” digər elektron müharibə sistemləri ilə də şəbəkə quraraq onların effektivliyi və bacarıqlarını artıra bilir.


Suriya Rusiya ordusu üçün əsas sınaq məntəqəsi olub və 200-dən çox müxtəlif hərbi sistem, texnologiya və elektron müharibə platformalarına ev sahibliyi edib. Rusiya PUA-larla mübarizə, GPS siqnallarının dayandırılması, radar sistemlərinə müdaxilə və Rusiyanın hərbi informasiya mühitini qorumaq üçün burada “Krasuxa S-4” sistemini istifadə edib.

Nəticə

Beləliklə, Rusiya ordusu inkişaf etməkdə olan döyüş məkanını daha yaxşı başa düşmək və ona təsir etmək üçün lazımlı texnologiyaları inkişaf etdirməyə və onları Suriyada sınaqdan keçirməyə davam edir. Rusiyanın hərbi və siyasi liderliyinin informasiya dominantlığına verdiyi xüsusi əhəmiyyət və Qərbin yüksək texnologiya dominantlığı, eləcə də döyüş xəbərdarlığı bacarıqları ilə rəqabəti bu vəziyyətin beləcə də davam edəcəyindən xəbər verir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İnformasiya