"Fərman" sözünə uyğun 314 nəticə tapıldı!

Müqəddəs peşə - Dövlət Sərhəd Xidməti necə yarandı? (II YAZI)

2019/08/345-1565419202.jpg
Oxunub: 1269     10:35     10 Avqust 2019    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Azərbaycanın dövlət sərhəd mühafizə sistemi sovet hakimiyyəti illərində (aprel 1920 - dekabr 1991-ci il).

Azərbaycan SSR-in ərazisi ilk vaxtlarda 97,3 min km2 olub. Sonrakı proseslər nəticəsində Azərbaycan öz ərazisinin bir hissəsini, xüsusən Göyçə, Şərur-Dərələyəz, Zəngəzur istiqamətində xeyli ərazi itirərək və 86,6 min km2 əraziyə malik olub. Bu dövrdə Azərbaycan SSR şimalda RSFSR (Dağıstan MSSR), şimal-qərbdən Gürcüstan SSR, qərbdə Ermənistan SSR və Türkiyə, cənubda İranla, şərqdə Xəzər dənizi ilə həmsərhəd idi. Onun tərkibinə Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) daxildi. 1976-cı ilin məlumatına görə, respublikada 61 inzibati rayon, 60 şəhər, 125 şəhər tipli qəsəbə və fəhlə qəsəbəsi mövcud olub.


1921-ci ilin fevral-mart aylarında Naxçıvan ərazisi yenidən müzakirə obyektinə çevrildi. 1921-ci ilin yayında ermənilər Naxçıvana hücum etdilər və türk qoşunları tərəfindən bölgədən çıxarıldılar. 1921-ci ilin mart ayının 16-da isə Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Moskva müqaviləsi imzalandı və qərara alındı ki, tərəflər müqavilənin 3-cü maddəsində göstərilən sərhədlər çərçivəsində Azərbaycanın himayəsi altında Naxçıvanın muxtar ərazi olmasına razılıq verirlər və Azərbaycan onu üçüncü dövlətə güzəştə getməməlidir. Bununla da Naxçıvan məsələsi özünün ədalətli həllini tapdı və Azərbaycan ərazisinin bütövlüyü qismən olsa da, qorunmuş oldu. Moskva müqaviləsinin şərtləri 1921-ci ilin oktyabr ayının 13-də bağlanmış Qars müqaviləsi ilə daha da möhkəmləndirildi, Naxçıvanın sərhədləri və gələcək statusu qəti olaraq müəyyənləşdirildi. Müqavilə müddətsiz imzalandı və bu, Naxçıvanın gələcək taleyi üçün mühüm əhəmiyyət kəsb etdi.

Naxçıvan Muxtar SSR ərazisi şimalda və şərqdə Ermənistan SSR ilə (224 km sərhəd xətti ilə), qərbdə və cənubda Türkiyə (11 km) və İranla (163 km) həmsərhəd olub. Sahəsi 5,5 min km2 idi. Azərbaycan ərazisinin 6,4%-ni təşkil edirdi. Naxçıvan MSSR-in Türkiyə ilə çox da uzun olmayan sərhədi bölgənin gələcək təhlükələrdən qorunması və eləcə də, iqtisadi və mədəni həyatında mühüm rol oynadı.


20-ci illərin əvvəllərində Azərbaycan Xalq Сümhuriyyəti dövründə respublikanın təxminən 114 min km2 ümumi ərazisi vardı. Onun 97,3 min km2 mübahisəsiz, 16,6 min km2 isə mübahisəli ərazilər hesab olunurdu. Ərazi məsələlərinin birtərəfli, daşnak-bolşevik sayağı “həlli” nəticəsində mübahisəli ərazilər bədnam qonşularımızın ixtiyarına keçdi. Beləliklə, həmin illərdə Azərbaycanın 29,8 min km2 ərazisi itirildi.

1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra onun İran və Türkiyə ilə sərhədində sovet hərbi hissələri və hərbi texnikası yerləşdirildi. Heç şübhəsiz, Сənubi Qafqaz və ilk növbədə Şimali Azərbaycan istər çar Rusiyası və Sovet dövlətinin həyati maraq dairəsində olduğu üçün 1813-1918, 1920-1992-ci illər ərzində bu ərazidə, o cümlədən sərhəddə lazım olduğundan da artıq hərbi qüvvə saxlanılırdı. Azərbaycan SSR ərazisində yerləşən hərbi hissələrin şəxsi heyəti əsasən rus, ukraynalı, belarus, yəhudi, erməni və o zaman SSRİ-də yaşayan qeyri-müsəlman və qeyri-azərbaycanlılardan təşkil olunurdu.

İkinci dünya müharibəsi başa çatdıqdan və 1946-cı ildə Sovet qoşunları İrandan çıxarıldıqdan sonra Azərbaycanın İran və Türkiyə ilə olan sərhədlərində yerləşdirilmiş hərbi hissələrdə xidmət edənlər içərisində azərbaycanlılar demək olar ki, yox dərəcəsində idi. Bu proses XX əsrin 70-ci illərinin əvvəlinə qədər davam etdi və yalnız ulu öndər Heydər Əliyev Azərbaycan SSR-ə rəhbər seçiləndən sonra onun atdığı konkret addımlar nəticəsində müsbət istiqamətdə dəyişikliyə nail olundu, 1969-1982-ci illərdə milli hərbi kadrların hazırlanmasında çox böyük işlər görüldü.


XX əsrin 70-ci illərinə qədər sərhəd qoşunlarında azərbaycanlıların sayı çox az idi. Bu azlığın bir çox səbəbləri vardı. Ən başlıca səbəb isə mərkəzi hökumət tərəfindən azərbaycanlılara olan əsassız inamsızlıq idi. 70-ci illərdə Türkiyənin NATO, İranın isə SENTO hərbi-siyasi bloklarının üzvü olmalarına baxmayaraq, dahi öndər Heydər Əliyevin təşəbbüsü ilə burada azərbaycanlı zabit– sərhədçilərin xidmət etməsi üçün icazə alındı. Burada xidmət edənlər içərisində azərbaycanlı zabitlər təxminən 50-60 nəfər təşkil edirdi. Onlar isə İran və Türkiyə ilə sərhəddə tərcüməçi kimi istifadə olunurdular. Ulu öndərin səyləri nəticəsində Sərhəd Qoşunlarında bir neçə yüksək rütbəli azərbaycanlı zabitlər yetişdi. Bundan əlavə, keçmiş SSRİ DTK-nın xətti ilə başqa respublikalara azərbaycanlı zabit kadrların hazırlanması üçün respublikadan gənclər göndərilir və hər il bu məqsəd üçün 10-12 yer ayrılırdı. Onlar Moskva, Almatı, Kiyev, Sankt-Peterburq və digər şəhərlərdə yerləşən xüsusi ali təhsil ocaqlarına göndərilirdi. Bütün bunların hamısı, Azərbaycan xalqının öz müstəqilliyini bərpa etməsindən sonra onun sərhədlərinin qorunması və möhkəmləndirilməsi işində xüsusi rol oynadı.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin sərhəd mühafizə sisteminin yaradılması və inkişafı (yanvar 1992–yanvar 2012-ci illər).

Tarixi haqqımız olan müstəqilliyimizi qazandıqdan, 1991-ci ilin 18 oktyabrında “Müstəqillik haqqında Konstitusiya Aktı”nı qəbul etdikdən sonra milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı. Həmin illərdə dövlət sərhədinin mühafizəsi, əsasən şəxsi heyətin fiziki imkanları və SSRİ dövründən qalmış, fiziki və mənəvi cəhətdən köhnəlmiş mühəndis-texniki qurğular və texniki vasitələr hesabına həyata keçirilir, şimal və şimal-qərb istiqamətində yaradılmaqda olan sərhəd məntəqələri vaqonlarda, çadırlarda və ən yaxşı halda, uyğunlaşdırılmış binalarda yerləşirdi.


1992-ci ilin fevral ayının 12-də DSMK-nın Mühəndis Tikinti İdarəsinin, “Bakı” Əlahiddə Nəzarət Buraxılış Məntəqəsinin, Neftçala Təlim Mərkəzinin, Gözətçi Gəmilər Briqadasının və “Yalama” Nəzarət Buraxılış Məntəqəsinin ştat strukturu təsdiq olundu.

Həmin ərəfədə Bakı bərəsində və hava limanında xidməti keçmiş SSRİ sərhədçiləri aparırdılar və bu, respublikadan silah-sursatın daşınmasına, xarici kəşfiyyat orqanları əməkdaşlarının ölkəmizə maneəsiz gəliş-gedişinə imkan verirdi. Bu cür halların qarşısını almaq məqsədi ilə may ayının 8-dən 9-na keçən gecə “Bakı” ƏNBM-in DSMK-nın tabeçiliyinə verilməsi təmin edildi.

Təhvil alınmış hərbi hissələri şəxsi heyətlə komplektləşdirmək, eləcə də təhvil alınan sərhəd dəstələrini hazırlıqlı əsgərlərlə təmin etmək üçün Neftçala Təlim Bazasının Sərhəd Qoşunlarının tabeçiliyinə keçməsinin böyük əhəmiyyəti var idi. 1992-ci ilin iyul ayının 8-də təlim bazası çətinliklə də olsa təhvil alındı və burada milli sərhədçilərimizin hazırlanmasına başlanıldı.

Cənub sərhədlərində xidmət edən keçmiş SSRİ sərhədçiləri artıq könülsüz xidmət aparır, qaçaqmalçılıq və sərhədpozma halları baş alıb gedirdi. Təxribatçı qüvvələr bu əlverişli vəziyyətdən öz məqsədləri üçün yararlanırdılar. Belə bir şəraitdə Azərbaycan sərhədçiləri cənub sərhədlərini təcili surətdə öz nəzarətlərinə götürməli idilər. Məhz buna görə də DSMK birtərəfli qaydada 1992-ci ilin avqust ayının 1-də Lənkəran Sərhəd Dəstəsinin, avqust ayının 9-da isə Göytəpə Sərhəd Dəstəsinin yaradıldığını elan etdi. 1992-ci ilin oktyabr ayından başlayaraq Hadrutda yerləşən Horadiz Sərhəd Dəstəsinin qəbulu məsələsi ön planda dururdu. Bir sıra çətinliklərə baxmayaraq 1992-ci ilin noyabr ayının 1-də Horadiz sərhəd dəstəsi də sərhədçilərimiz tərəfindən təhvil alındı.


Xəzər dənizi hövzəsində dövlət sərhədinin mühafizəsini təmin etmək məqsədilə 1992-ci ilin oktyabr ayının 6-da Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bağlanan müqavilənin şərtlərinə uyğun olaraq, 27 noyabr 1992-ci il tarixində Əlahiddə Sərhəd Gözətçi Gəmilər Briqadası Sərhəd Qoşunlarının ixtiyarına verildi. Keçmiş sovet sərhədçilərinin Azərbaycan ərazisindən çıxarılması prosesi 1993-cü ilin aprel ayına qədər davam etdi.

Dağıdılmış zastavaları, bərbad hala salınmış kazarmaları, sıradan çıxarılmış mühəndis-texniki və rabitə qurğularını gərgin və ağır şəraitdə bərpa etmək böyük iradə tələb edirdi. Sərhədçilərimiz bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəldilər.

1992-ci ilin oktyabr ayının 9-dan etibarən DSMK Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsi kimi fəaliyyət göstərməyə başladı.


Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının çox ağır, çətin və mürəkkəb dövründə ictimai, siyasi, iqtisadi, mədəni həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də böyük işlər görməyə nail oldu.

Milli Sərhəd Qoşunlarının formalaşdığı 1993-2002-ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində böyük irəliləyişlərə nail olundu. Azərbaycan-Rusiya sərhədində Şəki Əlahiddə Sərhəd Komendantlığı (11 iyul 1995-ci il), Azərbaycan-Gürcüstan sərhədində isə Zaqatala (3 mart 1993-cü il), Şəmkir (15 avqust 1994-cü il) Sərhəd Dəstələri yaradıldı. 2002-ci ilin iyul ayının 31-də Ulu Öndər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərman imzaladı. Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusu verildi.


2002-ci ilin oktyabr ayının 24-də sərhəd aviasiyası yaradıldı, DSX-nin balansına verilmiş təyyarə və helikopterlər əsaslı təmir edilərək xidmətə cəlb olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladığı ilk vaxtlardan Ulu Öndər Heydər Əliyevin milli sərhəd siyasətini uğurla davam etdirərək sərhədçiləri və Sərhəd Qoşunlarını daim dövlət qayğısı ilə əhatə etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizin sərhədçiləri ilə çoxsaylı görüşləri Dövlət Sərhəd Xidmətinin inkişafına, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğının əyani təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə 2004-cü ilin yanvar ayının 14-də Naxçıvan sərhəd dəstəsinin bazasında sərhəd diviziyası yaradıldı.

2005-ci ilin dekabr ayının 27-də “Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı” təsdiq edildi.


2007-ci ilin iyun ayının 12-də cənab Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynadı.

2009-cu il Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 90 illik yubiley ili kimi əlamətdar olub. Sərhədçilər yubileyi xidmətdə qazanılmış uğurlarla, yüksək inkişaf dinamikası ilə qarşılayıb və yubiley ili ölkəmizin sərhəd mühafizəsi tarixində xüsusi izlər qoyub. “Sərhədçi” idman olimpiya mərkəzi və Şüvəlan qəsəbəsindəki xüsusi hərbi hissə yubiley ilinin yadigarlarıdır. 164 binanın, o cümlədən xidməti heyvanların təlimatçılarının hazırlanması mərkəzində üstüörtülü manejin və yeni açıq yarış meydanının, Göytəpə Sərhəd Dəstəsi qarnizonunun, 22 ədəd sərhəd komendantlığı və sərhəd zastavasının, 2500 nəfərlik təlim mərkəzi kompleksinin, Akademiya kompleksinin, Sahil Mühafizə bazasının və dəniz limanının, Səngəçal qəsəbəsində mərkəzi anbarlar kompleksinin inşası və əsaslı təmiri uğurla davam etdirilib. DSX Sahil Mühafizəsinə yüksək keçid qabiliyyətli gəmilər verilib, çevik hərəkət qurumları üçün yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı, xüsusi müdafiə vasitələri alınıb ki, bu da xidmətin səviyyəsinin yüksəlməsinə müsbət təsir edib.


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2011-ci ilin fevral ayının 9-da Azərbaycan-Gürcüstan dövlət sərhədində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin, aprel ayının 15-də Azərbaycan-İran dövlət sərhədində “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinin, may ayının 19-da Bakı şəhərinin Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Oğlanlar üçün Açıq tipli xüsusi məktəbin Heydər Əliyev Fondu tərəfindən tam təmir edilərək zəruri tədris bazası ilə komplektləşdirildikdən sonra ona Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbi statusunun verilməsi, DSX Akademiyasının tərkibində dəniz və aviasiya kafedralarının fəaliyyətə başlaması, ilk dəfə olaraq həmin ixtisaslar üzrə qəbulun keçirilməsi, DSX Sahil Mühafizəsinin cənub, mərkəz və şimal şöbələrinin fəaliyyətə başlaması, Xəzər dənizinin sahil xətti boyu sahil nəzarəti məntəqələrinin DSX Sahil Mühafizəsinin tabeliyinə verilməsi və tam peşəkar heyətlə komplektləşdirilməsi, DSX Sahil Mühafizəsinə yüksək keçid qabiliyyətli üzmə vasitələrinin verilməsi, Xəzər dənizində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsi və sərhəd sularında Azərbaycan mənafelərinin qorunması, müşahidə və aşkaretmə imkanlarımızın əhəmiyyətli dərəcədə artırılması, Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsinin yaradılması, yeni istismara verilmiş Lənkəran və Qəbələ beynəlxalq hava limanlarında sərhəd nəzarətinin təşkil edilməsi 2011-ci ildə sərhəd mühafizəsi tarixinin parlaq səhifələrindəndir.
Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi xeyli təkmilləşdirilmiş, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilib, Dövlət Sərhəd Xidmətinin aparatı ilə sərhəd dəstələri arasında peyk rabitəsi sistemi yaradılıb.

Beynəlxalq əməkdaşlıq, dünya dövlətlərinin sərhəd qurumları ilə qarşılıqlı faydalılıq əsasında münasibətlərin qurulması məsələləri diqqət mərkəzində saxlanılır. NATO, Avropa İttifaqı, ATƏT, BMTQAK, BMqT, Şiofok Konfransı, GUAM kimi beynəlxalq təşkilatlarla və bir çox ölkələrin sərhəd xidmətləri ilə əməkdaşlıq inkişaf etdirilib. Bir neçə ildir ki, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın (Şiofok konfransının) iclasları Bakı şəhərində keçirilir.


Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə və dövlətçiliyin qorunmasında sərhədçilərimiz də mərdliklə vuruşublar. Bir çox hallarda ən qaynar nöqtələrdə məhz sərhədçilər dayanıblar. Ağdərə bölgəsində sərhədçilərdən ibarət xüsusi təyinatlı sərhədçi taboru düşməni ağır itkilərə uğradıb. Bu döyüşlərdə qəhrəmancasına həlak olmuş baş leytenant Eldar Məmmədov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk sərhədçidir.

Yüksək hərbi nizam-intizamı ilə fərqlənən Sərhəd Qoşunları Füzuli ətrafında da erməni işğalçılarına qarşı cəsarətlə döyüşüb. Cəbrayıl, Horadiz, Zəngilan düşmən tərəfindən işğal olunan zaman sərhədçilər fədakarlıqlar göstərib, dinc əhalinin təhlükəsizliyini təmin ediblər. Xüsusilə, Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin məntəqəsi və Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən sərhəd məntəqəsi uğrunda gedən döyüşlərdə sərhədçilərimiz son anadək erməni işğalçılarına qarşı döyüşüb və həmin məntəqələri sonuncu olaraq tərk ediblər. Bu döyüşlərdə göstərdiyi şücaətə görə leytenant Tahir Bədəlov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Müstəqillik yolunda uğurlu addımlar atan Azərbaycan dövlətçiliyinə qarşı daxili və xarici qüvvələr tərəfindən yönəldilmiş bir neçə dövlət çevrilişi cəhdləri zamanı da sərhədçilər fədakarlıq və sədaqət nümunəsi göstəriblər. Dövlətçiliyimizin qorunması uğrunda gedən çarpışmalarda qəhrəmanlıq göstərən və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş baş leytenant Əmiraslan Əliyev, gizir Faiq Cəfərov və sərhədçi kursant Bəhruz Mansurovun igidliyi Sərhəd Qoşunlarının salnaməsinə qızıl hərflərlə yazılıb.


Sərhəd Qoşunlarının şəxsi heyəti dövlət sərhədlərimizi mühafizə edərkən sülh dövründə silahlı sərhəd pozucularına qarşı mübarizədə canlarını qurban vermiş gizir Qulam Ələkbərov, çavuş Natiq Xəlilov, əsgər Elçin Qasımov və əsgər Eltun İsgəndərov kimi sərhədçilərin xatirəsini unutmur.

1995-ci ilin oktyabr ayının 28-də Bakı metropolitenində baş vermiş yanğın zamanı əsgər Elxan Talışxanov hərbi və vətəndaşlıq borcuna sadiq qalaraq qatardakı bir neçə sərnişini xilas edərkən qəhrəmancasına həlak olub. Göstərdiyi şücaətə görə, Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli Fərmanı ilə E. Talışxanov ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Ölkəmizin sərhədçiləri çoxsaylı cinayətkar dəstələrin zərərsizləşdirilməsinə nail olublar. Bu proseslər zamanı sərhədçilər dəfələrlə silahlı müqavimətlərlə rastlaşıb, həmin müqavimətləri fədakarlıqla dəf ediblər. Azərbaycan Respublikasının dövlət sərhədinin toxunulmazlığının təmin edilməsindəki xidmətlərinə, şəxsi igidlik və şücaət göstərdiklərinə görə Dövlət Sərhəd Xidmətinin iki əsgəri - Anar İsmayılov (ölümündən sonra) və Təbriz Quliyev “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər.


2008-ci ilin yanvar ayında silahlı sərhəd pozucuları ilə döyüşə girən və qəhrəmancasına həlak olan leytenant Qorxmaz Həşimov “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Ümumilikdə 3 sərhədçi zabit, 1 gizir, 1 kursant və 1 əsgər “Azərbaycanın Milli Qəhrəmanı” adına, onlarla əsgər və zabit isə müxtəlif dövlət təltiflərinə layiq görülüblər. Qəhrəmanlıq göstərmiş sərhədçilərin xatirəsini əbədiləşdirmək üçün 7 sərhəd zastavasına onların adları verilib.

Bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Tarix