"Ermənistan-ordusu" sözünə uyğun 2188 nəticə tapıldı!

Türkiyədən Avropa İttifaqına uzanan təhlükəsizlik çətiri - "Barış Pınarı" ilə barışacaqlarmı? (HƏRBİ EKSPERT)

2019/10/11172-1571381232.jpg
Oxunub: 2995     10:32     18 Oktyabr 2019    
"Digər tərəfdən isə Süriya Milli Ordusunun 3 korpusu ilə Türkiyənin əməliyyatlara cəlb etdiyi şəxsi heyətin toplam sayının 150 min nəfərdən az olmadığını, son 3 ildə PKK/YPG silahlılarının 6000 nəfərdən çox itki verdiyini nəzərə alsaq, o zaman sonuncuların müdafiəyə məcbur edilməsi problem yarada bilməzdi, buna görə də TSQ-nin hücum edib sonra geri çəkilməklə düşməni öz sərhədlərinə yaxın ərazilərdə pusquya salmağa ehtiyacı yox idi. Bütün bunlar “Barış Pınarı” əməliyyatında klassik “Aypara” taktikasından istifadəyə şərait yaratdı".

Əməliyyatın başlama səbəbləri

Türkiyənin son illərdə artıq öz təhlükəsizliyini sərhədlərindən kənarda təmin edilməsi konsepsiyasına üstünlük verməsi bir tərəfdən PKK/YPG terror qruplaşmasının Türkiyənin Suriya və İraq ilə sərhədlərində Aralıq dənizinə qədər uzanan hissəsində terror dövlətinin qurulması planlarını alt-üst etmək, bu məqsədlə terrorçuların yüzlərlə kilometr uzunluğunda dəhliz yaratmaq ideyalarını vaxtında neytrallaşdırmaq, onların sərhədyanı ərazilərə müdaxiləsinin və hücumlarının qarşısını almaq, digər tərəfdən isə iqtisadiyyatına ciddi yük olan 3.6 milyon nəfər Suriya vətəndaşlarının heç olmasa 2 milyonunu öz ölkəsinə qaytarmaq niyyəti ilə bağlıdır.



Türkiyənin Suriya ərazilərində müşahidə məntəqələri mövcud olsa da, bunlar sərhədlərin tam təhlükəsizliyini təmin etmək üçün yetərli ola bilməzdi. Son illərdə TSQ iki dəfə Suriya ərazisində əməliyyat keçirib. 2016-cı ilin avqustun 24-də başlayan və 7 ay davam edən “Fərat qalxanı” əməliyyatnda 3500 nəfər terrorçu məhv edildi, 71 nəfər TSQ hərbi qulluqçusu şəhid oldu. Türkiyə sərhədindən 30 kilometr aralıda yerləşən, 2015 kv.km əraziyə malik Əl-Bab şəhəri və 243 yaşayış məntəqəsi fevralın 23-də İŞİD və PKK/PYD/YPG-dən tam azad edildi. “Fərat Qalxanı” əməliyyatı 2017-ci ilin martın 29-da uğurla başa çatdı. Bu əməliyyat İŞİD-i ərazidən çıxarmaqla bərabər PKK/PYD/YPG qruplaşmalarına Kobani ilə Afrini birləşdirməklə Türkiyə sərhədində bir “terror dəhlizi”nin yaradılması təhlükəsinin aradan qaldırılmasına səbəb oldu. Əməliyyatdan sonra burada yaşayan yerli əhalinin sayı 2 milyona çatdı.


2018-ci ilin yanvarın 20-də Türkiyə Silahlı Qüvvətləri və Suriya Milli Ordusu (o zaman Azad Suriya Ordusu-red.) Hələb vilayətinin Afrin şəhərini, Azez və Tel Rıfat rayonlarının terrorçulardan təmizlənməsi məqsədilə “Zeytun Budağı” əməliyyatına başladı. Afrin şəhəri ilə bərabər 6 rayon və qəsəbə, 282 kənd, 23 strateji yüksəklik, 1 su anbarı, 1 hava limanı və 1 hərbi baza, ümumilikdə 2000 kv.km ərazi nəzarət altına alındı. 2018-ci ilin martın 24-də başa çatan əməliyyat müddətində 4608 nəfər YPG/PYD üzvü məhv edildi. 320 nəfər Azad Suriya Ordusunun, 54 nəfər isə Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti əməliyyatda şəhid oldu. Bu əməliyyat nəticəsində Afrin və onun ətrafında təhlükəsiz yaşayış təmin olundu. Hazırda bölgədə 350 min nəfər yaşayır.

Həm “Fərat Qalxanı”, həm də “Zeytun Budağı” əməliyyatları başa çatandan sonra TSQ Suriya ərazilərini tərk edib idarəetməni yerli əhalinin ixtiyarına verdi. Lakin bu iki əməliyyat Türkiyə sərhdlərinin təhlükəsizliyinə, orada terror dövləti yaradılmamasına, qaçqınların ölkələrinə kütləvi şəkildə dönməsinə tam şərait yaratmırdı. Dolayısı ilə PKK/YPG qruplaşması Suriyanın Türkiyə ilə sərhədinin digər hissəsini, təxminən 500 km qədər uzunluğa malik zolaqda yerləşən əraziləri illərdir ki, nəzarətində saxlayırdı. Buna görədə Türkiyə rəhbərliyi daim Münbic və digər sərhədyanı ərazilərin terrorçulardan təmizlənməsi barədə bəyanatlar səsləndirərək növbəti əməliyyatların anonsunu verirdi.

PKK/YPG çətir axtarışında

2015-ci ildən PKK/YPG terorçularına Marksist Leninçi Kommunist Partiyasının (MLKP) silahlı üzvləri də qoşulmuşdu. Rusiya aviasiyasının bilməyərəkdən bir neçə yanlış zərbələrini nəzərə almasaq, Suriyanın 27 faiz ərazisinə nəzarət edən terror qruplaşmları bir dəfə də olsun Suriya və Rusiya qüvvələri ilə aralarında problem yaşamadı. Əksinə, 2012-ci ildə Əsəd qüvvələrinin bu əraziləri hələ yeni-yeni təkşilatlanmaqda olan YPG-yə atəşsiz “təslim etdiyi”ni xatırlayırıq. Əsədin burada əsas məqsədi ona müxalif olan qüvvələri parçalamaq, onları Türkiyənin dəstəyindən məhrum etmək, TSQ və ASO-nun resurslarının terrorçularla mübarizəyə sərf edilməsinə nail olmaqdan ibarət idi.


Daha sonra YPG Əsəddən də qüvvətli ABŞ hakimiyyətinin çətiri altına keçdi. ABŞ-a isə Suriya bataqlığında öz əskərlərini itirməkdənsə, YPG mənsublarından istifadə etmək daha əlverişli idi. Başqa sözlə PKK/YPG Suriyada əvvəlcə Əsəd hakimiyyətinin, sonra isə ABŞ-ın istifadə etdiyi çirkin bir vasitəyə çevrildi. Nəticədə terrorçular son günlərdə baş verən TSQ-nin “Barış Pınarı” əməliyyatının ağır nəticələrinə tab gətirməyərək, bölgədən çəkilən ABŞ-la münasibətlərini pozaraq yenidən Suriya/Rusiya rəhbərliyinə onlara himayədarlıq etmələri üçün müraciət etməli oldu. Maraqlıdır ki, Əsəd bir zaman “vətən xainləri” adlandırdığı PKK/YPG ilə əməkdaşlığa müsbət yanaşdı.


Lakin Türkiyə Suriyanın bölünməsinə və sərhədlərində terrorçu bir dövlətin yaranmasına qarşı olduğunu illərdir ki, ən yüksək səviyyədə bəyan edir. Buna görə son illərdə keçirilən əməliyyatlar, o cümlədən sonuncu “Barış Pınarı” da əslində Türkiyə siyasi rəhbərliyinin əvvəl səsləndirdiyi bəyanatlarının məntiqi davamı kimi qəbul edilməlidir.

Türkiyə Suriya sərhəddində vəziyyət

“Barış Pınarı” əməliyyatının əsas hərbi məqsədlərindən biri Suriya ilə Türkiyə sərhəddindəki PKK/YPG terror qruplaşmasının Afrin-Münbic səddində 32 km dərinliyə qədər bir zolaqda geri çəkilməsinə nail olmaq, onların döyüş təminatına imkan verən İdlib-Hələb-Əl Bab-Ayn Nisa-Münbici birləşdirərək İraqın Mosul şəhərinə qədər uzanan M 4 avtomagistral yolunu terrorçulardan təmizləyərək həmin magistrala tam nəzarəti ələ keçirməkdən ibarətdir.


Əməliyyatın ilk 8 gününün analizi bu hədəflərin yerinə yetirilməsi istiqamətində ciddi addımların atıldığını göstərir. Resulyan və Tel Abyad şəhərləri ələ keçirilib, 650-dən çox terrorçu zərərsizləşdirilib. Onların 596 nəfəri yaralıdır, 26-dan çoxu məhv edilib, 29-u isə təslim olub. Təəssüflər olsun ki, Türkiyənin də itkiləri mövcuddur. 20 mülki vətəndaş və 4 hərbçi həlak olub, 159 mülki vətəndaş və 47 hərbçi isə yaralıdır. Suriya Milli Ordusundan isə 64 nəfər həlak olub, 187 nəfər isə yaralanıb.

PKK/YPG-nin mümkün addımları

TSQ ilə açıq savaşdan yayınan PKK/YPG həmişəki kimi yenə də Türkiyənin Suriya ilə sərhəddində yerlən Akçakale, Çeylanpinar və Kamışlı rayonlarında mülki əhaliyə atəş açmaqda davam edir. Terrorçulardan ələ keçirilən silah və sursatlar isə terroru dəstəkləyən qüvvələrin ünvanını asanlıqla təyin etməyə imkan verir.


40.000 nəfərə qədər Türkiyə vətəndaşını qətl edən PKK/YPG-nin qanlı əli artıq ABŞ-dan “üzüldüyü”nə görə Əsədin diktə edəcəyi daha ağır şərtlər altında Türkiyə Silahlı Qüvvələrinə qarşı birgə fəaliyyət göstərmək mövzusunda anlaşdığı məlumdur, halbuki Suriyanın ərazi bütövlüyü məsələsində Ankara Vaşinqtondan fərqli olaraq, münaqişənin əvvəlindən rəsmi Dəməşqin maraqlarına tam uyğun addımlar atır. Tək dəyişən isə budur ki, əgər əvvəllər Əsəd PKK/YPG-nin Türkiyəyə qarşı mübarizə aparması məqsədini güdürdüsə, indi isə tərsinə- terrorçular Ankara və Dəməşqi üz-üzə gətirmək istəyir.

Münbicə yaxınlaşan Suriyanın 5-ci mexanikləşdirilmiş diviziyasının hissələri ilə YPG arasında müəyyən koordinasiya olsa da, Əsəd qüvvələrinin TSQ-yə qarşı savaşması real səslənmir, çünki 8 illik daxili münaqişədə kifayət qədər zəifləyən Suriya Ordusu üçün bu ciddi itkilərə səbəb ola bilər. 15 oktyabrda Ayn İsa rayonunda Türkiyənin dəstəklədiyi Suriya Milli Odusu (SMO) ilə Suriya Ordusunun qarşıdurması nəticəsində sonuncunun 1 ədəd tankı və 2 heyət üzvünün məhv edilməsinə, 16 oktyabrda isə Əsəd qoşunların zirehli texnikalarının Münbic şəhəri ətrafında tamamilə sıradan çıxarılmasına adekvat reaksiyanın olmaması Suriya ordusunun kifayət qədər zəiflədiyini bir daha sübut edir.


PKK/YPG terrorçuları ABŞ və Türkiyə arasındakı münasibətləri gərginləşdirmək məqsədilə nəzarətlərində olan ərazilərdə yerləşən düşərgə və həbsxanalardan minlərlə İŞİD üzvlərinin azad edilməsinə başlayıblar. Bu kontekstdən baxdıqda iki terror təşkilatının gələcəkdə birgə fəaliyyəti də mümkündür.

13 oktyabrdan etibarən Hələbdən 85 kilometr şərqdə yerləşən Münbic şəhərində Əsəd qüvvələri ilə Rusiya əsgərləri yerləşdi. TSQ əməliyyatlara başlayandan sonra ABŞ hərbçiləri Dadat və Umm-Mial yaşayış məntəqələri yaxınlığındakı hərbi bazalarını tərk edərək İraq-Suriya sərhəddinə tərəf çəkildi. Dadat və Umm-Mial yaşayış məntəqələri hazırda Suriya ordusunun nəzarəti altındadır. 15 oktyabrdan isə YPG Əsəd qüvvələrinin son 5 ildə ilk dəfə Rakkaya daxil olmasına imkan yaratdı.

Aypara taktikası

“Barış Pınarı” əməliyyatında TSQ-nin hansı döyüş taktikasına üstünlük verməsi Azərbaycan audiotoriyası üçün də kifayət qədər maraqlı mövzudur. Əsrlər boyu türk tayfaları, sonradan isə türk döyüş birlikləri tərəfindən döyüşlərdə “Aypara Taktikası” adlanan metoddan geniş istifadə ediblər. Bəzən bu taktika türklərin yaşadığı coğrafiyanın adı ilə “Turan Taktikası” da adlandırılıb. Bu taktiki döyüş metodu müasir hərbi anlamda təyin edilən ərazidə düşmən birliklərinin digər bölmələr ilə əlaqəsinin kəsilərək təcrid edilməsini, onun müdafiə olunmağa vadar edilməsini, müdafiə olunan düşmən birliklərinin yerləşdiyi ərazinin havadan və qurudan mühasirəyə alınmasını (“Aypara” adı buradan yaranır), artilleriya və aviasiya zərbələri ilə getdikcə mühasirə radiusunun daraldılaraq düşmənin geri çəkilməyə məcbur edilməsini və ərazidən çəkilməyən qüvvələrinin zərərsizləşdirilməsini nəzərdə tutur.


Düşmən qüvvələrin sayı onun müdafiəyə keçməsinə imkan vemədikdə, əvvəlcə hücum edib, sonra isə geri çəkilməklə rəqib qoşunlarını əvvəlcədən yaradılan pusqu zonasına (bəzən “ölüm qazanı” və ya “atəş kisəsi” də adlanır) cəld edərək ona sarsıdıcı zərbə vurduqdan sonra “Aypara Taktikası” ilə əks hücuma keçmək də mümkündür.

Lakin TSQ-nin Suriya Milli Ordusu ilə keçirdiyi “Barış Pınarı” hərbi əməliyyatının keçirildiyi ərazi düzənlikdir, bu isə Türkiyənin zirehli texnikalarına yüksək manevr imkanları yaradır. Digər tərəfdən isə Süriya Milli Ordusunun 3 korpusu ilə Türkiyənin əməliyyatlara cəlb etdiyi şəxsi heyətin toplam sayının 150 min nəfərdən az olmadığını, son 3 ildə PKK/YPG silahlılarının 6000 nəfərdən çox itki verdiyini nəzərə alsaq, o zaman sonuncuların müdafiəyə məcbur edilməsi problem yarada bilməzdi, buna görə də TSQ-nin hücum edib sonra geri çəkilməklə düşməni öz sərhədlərinə yaxın ərazilərdə pusquya salmağa ehtiyacı yox idi. Bütün bunlar “Barış Pınarı” əməliyyatında klassik “Aypara” taktikasından istifadəyə şərait yaratdı. Məhz bu taktikadan istifadə edildiyinə əmin olmaq üçün əməliyyatın keçirilməsi ardıcıllığını ərazinin xəritəsi üzərində izləmək kifayətdir.

Böyük ehtimalla “Aypara”nın bir cinahından TSQ, digər cinahında isə SMO hərəkət edir. Hərbi Əməliyyatın Teatrının relyefinə, coğrafi ərazinin miqyasına, cəlb edilən qüvvələrin tərkibinə və əməliyyatın məqsədlərinə görə hücum iki və daha çox istiqamətdən paralel olaraq da həyata keçirilə bilər. Bu tip əməliyyatın diqqət yetirilməsi vacib olan elementi, döyüş bölgəsinin təcrid edilməsini xüsusi nəzarətdə saxlanılmasından, düşmənin ehtiyat qüvvələrinin mühasirədə saxlanılan əraziyə müdaxiləsinə imkan verilməməsindən, mümkündürsə ehtiyatları cəmləşmə rayonlarında zərərsizləşdirməkdən ibarətdir. M 4 magistralının nəzarətə götürülməsinin əsas məqsədi də “atəş kisəsi”ndə qalan terrorçulara kənardan ehtiyat qüvvələrin qoşulmasını istisna etmək məqsədi daşıyırdı.


TSQ-nin döyüş imkanları 8 günə yerinə yetirilən vəzifələri 1 və ya maksimum 2 günə qədər müddətdə, həm də daha az itki ilə həyata keçirə bilərdi. Bunun üçün daha az resurs tələb edən “ildırımsürətli” döyüş taktikasının seçilməsi kifayət idi. lakin “Fərat Qalxanı” və “Zeytun Budağı” əməliyyatında olduğu kimi, bu dəfə də yalnız terrorçular və onların sığınacaqları, mağaraları, mövqeləri, silahları, avadanlıqları və texnikalarının hədəf alınması ilə bərabər mülki əhaliyə, infrastruktura, yaşayış fonduna, tarixi, dini və mədəni abidələrə zərər verməmək üçün hər cür diqqət və həssaslıq göstərilməsi, əməliyyatın müddətinin bir qədər uzanmasına səbəb oldu. Bənzər mənzərə ilə biz Afrinin azad edilməsi zamanı qarşılaşdıq. Sıx məskunlaşan yaşayış məntəqəsində mülki əhaliyə və infrastruktura ziyan vermədən Türkiyənin hərbi əməliyyat keçirmək təcrübəsi rəqibləri tərəfindən də yüksək qiymətləndirilir.

PKK/YPG silahlanması


PKK/YPG terror qruplaşması olsa da, silahlanmasında bir çox ciddi silah sistemləri mövcuddur. Onların bir hissəsi Suriyada davam edən vətəndaş müharibəsi illərində əldə olunub, digər bir hissəsi isə onları İŞİD-lə mübarizədə müttəfiq kimi qəbul edən Qərb ölkələri tərəfindən, həm də yüzlərlə tır vasitəsilə çatdırılıb.


Onların arasında zirehli maşınlar, MILAN, TOW və “Javelin” kimi tank əleyhinə idarəolunan raket kompleksləri, 9K38 “İqla” (SA-18) daşınan zenit raket kompleksi, artilleriya vasitələri, mobil minaatanlar, PUA-lar, müasir snayper tüfəngləri, iriçaplı pulemyotlar, atıcı silahlar və s. mövcuddur. Lakin Türkiyə əvvəlki əməliyyatlarda əldə etdiyi təcrübə, nöqtə zərbələrində PUA-larla uzaqmənzilli artilleriya və aviasiyanın fəaliyyətinin uzlaşdırılması kimi ustün faktorlara malikdir. Məsələn, Türkiyənin alçaq yüksəkliklərdə helikopterlərdən istifadəni minimuma endirməsi, 9K38 “İqla” DZRK-nın mövcudluğunun faydalı olmasını sual altına alır.


Lakin teror qruplaşmasının əlində olan bu silah sistemləri istənilən əməliyyatın sürətini aşağı salmaq imkanına malikdir, əks halda itkilərin sayında artım müşahidə edilə bilər. Təbii ki, bu silahlar bəzi itki risklərini özündə daşıyır, onlar Türkiyənin sərhədyanı yaşayış məntəqələrinə daha sıx tətbiq ediləcək, lakin heç bir halda bu təhdidlər Türkiyənin keçirdiyi əməliyyatı dayandıra bilməyəcək. Türkiyənin Silahlı Qüvvələrinin Suriya ilə sərhəddə cəmləşdirdiyi və hələ də döyüşə cəlb etmədiyi quru qoşunlarının tərkibini nəzərə alsaq, əməliyyatların son nəticəsi indidən məlumdur. Hərbi potensial baxımından, hətta Əsədin dəstəyi ilə belə münaqişə tərəflərini müqayisə etmək çətindir. Türkiyənin tək problemi 70 ilə yaxın NATO-da müttəfiq olduğu dövlətlərdən nəinki dəstək almaması, əksinə onların bir çoxunun PKK/YPG cərgəsində yer almasındadır. Sanki Şimali Alyansın üzvü Türkiyə deyil, teror qruplaşmasıdır.

PKK/YPG strukturu və tətbiq etdiyi döyüş taktikası

PKK/YPG terrorçularının strukturlarında mövcud olan silahlı qrupların təkibində bir neçə müxtəlif vəzifələrə rast gəlinir. Təbii ki, burada ən əsas fiqur terrorçu qruplaşmanın rəhbəridir. İkinci və sonrakı fiqurlar isə təxminən aşağıdakı kimi formalaşdırılır:


- terror qrupunun fəal üzvü;
- əməkdaşlıq üçün qrupa üzv cəlb edən;
- fərdi intiharçı;
- terror fəaliyyəti zonasına keçidi təmin edən şəxs (tranzit kanalı);
- əlaqələndirici (kuryer);
- terror qrupunun köməkçisi (əlaltısı).


PKK/YPG terror qruplaşmasının Suriya ərazisində keçirilən “Barış Pınarı” əməliyyatında fəaliyyətini təhlil etdikdə məlum olur ki, onlar öz qüvvə və vasitələrini, xüsusilə də ağır silahlarını, texnikalarını və sursat anbarlarını açıq ərazilərdə kompakt şəkildə deyil, yaşayış məntəqələrində daha geniş əraziyə dağınıq halda yerləşdirməyə üstünlük verirlər. Bu məqsədlə əsasən məktəblərdən və xəstəxanalardan istifadə edilir.

Terrorçuların və texnikaların hərəkəti əsasən qaranlıq düşdükdən sonra həyata keçirilməyə başlayır. Gündüzlər isə magistral yollardan kənar yerləşən səhralıq ərazi və yollarda hərəkət etməyi üstün tuturlar. Qətiyyən böyük qruplarla və ya kolonlarla hərəkət etmirlər, yerdəyişmə üçün pikap və motosikllərdən istifadə edirlər.


Terrorçular bilərəkdən mülki əhalinin yaşadığı evi və ya binanı öz dayaq məntəqələri kimi təqdim etməyə çalışırlar. Həm yaşayış olmayan, həm də mülki sakinlərin kompakt yaşadığı binaların üzərinə, onlardan xəbərsiz PKK simvolu olan plakatlar və ya bayraqlar asan terrorçular TSQ-nin müşahidə və zərbə vasitələrinin diqqətini cəlb etməklə mülki sakinlər arasında itkilərin artmasına can atırlar.

Terrorçular zirehli texnikalara sahib olmalarına baxmayaraq, yalnız zəruri hallarda onlardan istifadə edirlər. Artilleriyadan isə əsasən Türkiyənin Suriya ilə sərhədində yerləşən yaşayış məntəqələrinə qarşı atəş açılır. Döyüşlərin gedişində əsasən hərəkətliliyə üstünlük verirlər və bunun sayəsində qüvvələrini mümkün qədər tez və gizli şəkildə TSQ-nin planlaşdırılan hücum istiqamətlərində cəmləşdirməyə çalışırlar.


PKK/YPG-nin hazırda istifadə etdiyi digər döyüş taktikası məhdud görmə şəraitində çoxsaylı kiçik basqınlardır. Diversiya təxribat fəaliyyətlərindən və “partizan” döyüş taktikasından yararlanırlar. Bu metodu bəzən “vur-qaç” taktikası ilə qarışdırırlar, lakin bunlar bir-birinə bənzəsə də fərqli cəhətləri də mövcuddur. “Vur-qaç” qısamüddətli bir basqını nəzərdə tuta bilər, “partizan” taktikası isə rəqibin ərazisində uzun müddət passiv fəaliyyətdə olan qrupun konkret tapşırıq üçün uzunmüddətli istifadəsini nəzərdə tutur. Bu metodların hamısından istifadə edilir. Bəzən bu fəaliyyətlərin optimal sintezinə üstünlük verilir.

PKK/YPG öz sıralarının daim genişləndirilməsi məqsədilə digər millətlərin nümayəndələrini könüllü olaraq, kürd əsilli əhalinin gənc övladlarını, bəzən isə azyaşlı uşaqları cinsiyyətlərindən asılı olmayaraq məcburi şəkildə öz sıralarına cəlb edir. Keçən il ərzində məcburi cəlb edilən türkiyəli uşaqların sayı 700 nəfərdən çox olub. Onlara təlim zamanı silahlardan istifadə, partlayıcı qurğuların hazırlanması, rabitə hazırlığı və s. kimi fəaliyyətlər öyrədilir.

Əməliyyatın sonlandırılması, yoxsa növbəti mərhələ?

PKK/YPG-nin aldığı bütün bu tədbirlər TSQ-nin geniş miqyası əməliyyatının qarşısına almağa yetərli deyil. Bunu PKK/YPG qədər ABŞ və Rusiyada anlayır. Suriyadakı terrorçu qruplaşmanın rəhbəri kimi tanınan Məzlum Abdi 13 oktyabrda bildirdi ki, əgər Birləşmiş Ştatlar Türkiyənin hücumlarının dayandırılmasına kömək etməsə, onlar Bəşər Əsəd rejimi və Rusiya ilə sazişə gedəcəklər. Abdi eyni zamanda Amerika Birləşmiş Ştatlarını (ABŞ) xəyanətdə və mənəviyyatsız davranışda günahlandırıb. 2 gün sonra isə PKK/YPG-nin artıq Əsəd ordusu ilə birgə fəaliyyəti məlum oldu. Çıxılmaz vəziyyətdə qalan terrror qruplaşmasının rəhbəri əvvəllər heç vaxt qəbul etmədikləri şərtlər altında belə, Türkiyə ilə danışıqlara hazır olduqlarını ABŞ vasitəsilə Türkiyəyə çatdırsalar da, prezident Rəcəb Tayyib Ərdoğan “Türkiyə tarixində terror qruplaşması ilə bir masa araxasında oturmaq yoxdur və olmayacaq. Türkiyənin müttəfqiliyini göz ardına alıb, terror qruplaşmasının könlünü xoş etmək istəyirsizsə, bizim şərtimiz bu gecə bütün terrorçuların elan etdiyimiz 32 km-lik təhlükəsizlik bölgədən çıxmasından ibarətdir. Onda bizim “Barış Pınarı” aniterror əməliyyatı başa çatacaq” deyə Türkiyənin mövqeyini ən yüksək səviyyədə ifadə etdi. Bununlada Türkiyə bu əməliyyatın başa çatması üçün əsas hədəfindən geri çəkilməyəcəyini bir daha müttəfiqlərinin və rəqiblərinin nəzərinə çatdırdı.

Artıq fəaliyyət məkanlarının daraldığını hiss edən PKK/YPG terrorçularının digər nəzarətsiz ərazilərə keçə biləcəyi ehtimal olunur. Bu baxımdan, onların İraq, Ermənistan və işğal altında olan Qarabağa keçməsi daha realdır. PKK/YPG qruplaşması tərkibində bir bölükdən ibarət erməni terrorçularının da döyüşdüyünü nəzərə alsaq, o zaman bu fəaliyyətləri təsdiqləyən görüntüləri əldə edərək Ankaranın İrəvandan izahat və terrorçuların qaytarılmasını tələb etmək üçün hüquqi bazası yaranır. Bu kontekstdən baxdıqda, əməliyyatların məntiqi davamının işğal altında olan ərazilərə doğru uzadılması və ya Azərbaycan Silahlı Qüvvələri ilə birgə antiterror əməliyyatlarının keçirilməsi məqsədəuyğun hesab edilə bilər.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   YPG   Terror   Barış-Pınarı