"Ekspert" sözünə uyğun 1753 nəticə tapıldı!

Silahlanmamızda olan "Qroza" PUA ilə mübarizə sistemləri – HƏRBİ EKSPERT (ANALİZ)

2019/03/53383-3104928802.jpg
Oxunub: 2514     12:11     13 Mart 2019    
Bu günə qədər, müxtəlif siniflər və tiplərdən olan PUA-lar ordular üçün faydalı və zəruri olduğlarını nümayiş etdirib. Belə texnologiyanın perspektivlərini görən bir çox ölkələrnin Silahlı Qüvvələri öz vasitələrini inkişaf etdirir və ya bu avadanlıqları idxal edir.

PUA-lar kəşfiyyat aparmaq və hədəfə zərbə endirmək məqsədilə istifadə edilir. Pilotsuz vasitələrinin geniş yayılması ilə əlaqədar hərbçilər bu məhsullarla mübarizə aparmaq üçün nəzərdə tutulan vasitələrə ciddi maraq göstərir. Bu prisiplər uzun müddətdir ki, Ermənistan və onun havadarlarının işğalından əziyyət çəkən Azərbaycan Ordusuna da aiddir. Keçən ilin ilk yarısında Azərbaycanın Belarus Respublikasının "Radar" KB sənaye şirkətinin istehsal etdiyi "Qroza-S" (Şimşək-S) PUA ilə mübarizə kompleksinin istifadəçisi olduğu məlum oldu. Bu yazımızda Sizi bu kompleksin məhsulları ilə tanış etməyi düşünürük.


Şirkət hələlik "Qroza" ailəsinin iki kompleksini hazırlayıb və ictimaiyyətə təqdim edib.

Bir çox müasir PUA-ların müəyyən nəticələr əldə etməsinə baxmayaraq, onlar kiçik ölçü və az kütləyə malik olurlar. Belə hədəflərin aşkarlanması və müşayiət edilməsi asan məsələ hesab edilmir. Bununla yanaşı, ənənəvi vasitələrdən istifadə etməklə obyektlərin məhv edilməsində də nəzərəçarpan çətinliklər mövcuddur. Bu halda, PUA-ların normal fəaliyyətinə əks-təsir göstərə bilən radioelektron vasitələrinin tətbiqi təsirli və effektiv mübarizə metodu hesab edilə bilər.

Bu iki yeni Belarus layihəsində yuxarıda göstərilən prinsipial üsullardan istifadə edilməsi təklif olunub. "Radar" konstruktor bürosunun köməyi ilə bir sıra xarakterik xüsusiyyətlərə görə bir-birindən fərqlənən iki xüsusi təyinatlı sistem inkişaf etdirilib. Beləliklə, "Qroza-S" kompleksi ümumi xüsusiyyətlərə müsbət təsiri olan kompozisiyaların müxtəlif komponentlərinin tətbiqinə imkan verən avtomobil şassisinin bazasında qurulub. "Qroza-P" sistemi isə kompakt daşınan stansiya şəklində hazırlanıb, lakin onun da göstəriciləri kifayət qədər qaneedicidir.

"Qroza-S" PUA-lardan obyektləri qorumaq üçün hazırlanan özüyeriyən radioelektron mübarizə kompleksi 2016-cı ilin sonunda təqdim edilib. 2017-ci ilin oktyabrın 28-də Belarus Silahlı Qüvvələrinin komandirlərinin əməliyyat toplantısı çərçivəsində hərbi sənaye komplekslərinin ən son silah və avadanlıq modelləri iştirakçılara təqdim edilib. Təqdim edilən yeni vasitələr arasında "Qroza-S" REM vasitəsi də yer alıb. Tədbirdə bu avadanlıqların bəzi xüsusiyyətləri, habelə əsas imkanları açıqlanıb.


"Qroza-S" kompleksi özüyeriyən avtomobil şassisində qurulur. Azərbaycanın əldə etdiyi kompleks 6x6 şassisinə malik platformada qurulub, lakin şirkət bu kompleksi daha kiçik ölçülü 4x4 "Volat" zirehli vasitəsinə və ya 4x2 mikroavtobus platformasına inteqrasiya edə bilir. Azərbaycanın bu varianta üstünlük verməsi onun tətbiq ediləcəyi ərazilərin relyefi ilə bağlıdır. Kabin daxilində idarəetmə və siqnal emal vasitələri yerləşir. Vasitə korpusundan kənarda isə iki ədəd teleskopik maçta daxil olmaqla, bir neçə dəstək qurğusu da yerləşdirilib. Bunların köməyi ilə antenlərin işçi hündürlüyünə yüksəldilməsi təklif olunur.

Avtomobil daşıyıcısının teleskopik maçtasının dirsəklərində iki əsas anten bloku yerləşdirilir. Damın mərkəzi hissəsində yarım kürə şəklində axımlı örtük altında anten yerləşir. Mövcud məlumatlara görə, bu anten radiotexniki elektron kəşfiyyat modulu ilə əlaqəlidir və onun radio siqnalların aşkarlanmasını həyata keçirdiyi ehtimal edilir. Tərkibində qutu şəklində qəfəs və dalğalı kanal tipli anteni ehtiva edən ikinci qurğu müdaxilə ötürücüsü ilə bərabər tandemdə çalışır. Bu qurğu azimut üzrə tuşlana bilir. Kompleksin mövcud fotoşəkillərində, üzərində optik-elektron müşahidə vasitələri yerləşdirilən kiçik bir hündürlüyə malik üçüncü sütun da görünür.


Daşıyıcının daxilində operatorlar üçün iki avtomatlaşdırılan iş yeri, radiotexniki kəşfiyyat və REM modulları, bir sıra anten dəstləri və s. yerləşdirilir. Bütün avadanlıqların fəaliyyəti avtonom elektrik enerjisi mənbəyi vasitəsilə təmin olunur. Layihə həyat fəaliyyətini dəstəkləyən digər sistemlərin istifadəsini də təmin edir. Döyüş mövqeyinə çatdıqdan sonra stansiyanın yerləşdirilməsinə 10 dəqiqədən az zaman tələb olunur.

"Qroza-S" kompleksi həm PUA-ların, həm də onları uçuşunu təmin edən yerüstü stansiyaların idarəetmə kanallarının aşkarlanmasını təmin edən bir sıra imkanlara malikdir. Hədəfi aşkar etdikdən sonra, kompleksin operatoru növbəti tədbirlərin alqoritmini seçir və onu şəraitə ən uyğun şəkildə "emal" edə bilir.

REM kompleksi:

- pilotsuz vasitələri marşrutundan yayındıra bilir;
- onu yerə enməyə məcbur edə bilir;
- onun vəzifələrinin icrasına müdaxilə edə bilir.

"Qroza-S" stansiyasının eyni imkanlarının aviasiya vasitələrinə qarşı da tətbiq edildiyi ehtimal edilir.

Düşmən PUA-sının aşkar edilməsi, radio siqnalların qəbul edilərək analizi vasitəsi ilə həyata keçirilir. Bu halda yerüstü PUA operatoru konsolundan və ya PUA kanalından yayılan idarəetmə siqnallarının ələ keçirilməsi mümkündür. İlk halda, aşkarlama məsafəsi 10 km, ikinci halda isə 50 km-ə çatır. Kəşfiyyat 100-dən 6000 MHz-ə qədər tezliklərdə həyata keçirilir.

PUA-nı aşkarladıqdan sonra "Qroza-S" operatoru bu və ya digər metoddan istifadə edə bilər. Müdaxilə ilə kanalın sadəcə basdırılması və daha təsirli digər metod seçilə bilər. Məlumatların yerüstü PUA idarəetmə məntəqəsinə ötürüldüyü radiokanal 10 km-ə qədər məsafədə basdırıla bilər. PUA qəbuledicisinin boğulması isə 30 km-ə qədər məsafədə təmin edilir. Basdırma kanallarının enerji potensialı 300 vattdan az olmamalıdır. Müdaxilə tətbiq edilərkən PUA idarəetmə paneli komandaları ötürmə qabiliyyətini itirir, aparat özü də telemetrik, video və s. siqnalları qəbul edə bilmir.


Düşmən PUA-ları ilə mübarizənin daha çətin, lakin az maraqlı və perspektivsiz olmayan bir metodu da peyk naviqasiyasının spufinqi adlanır. Bu metodun mahiyyəti GPS, GLONASS, "Galileo" və ya "Beidou" sistemlərinə aid naviqasiya peyklərinin siqnallarını basdırmaqdan ibarətdir. Bu halda, basdırılma müdaxilə ilə deyil, peykin PUA-ya ötürdüyü siqnalın ələ keçirilərək təqlid edilməsi ilə həyata keçirilir. Müvafiq siqnalların istifadəsi, PUA-nın idarəetmə qurğusunun yanılmasına səbəb olur. Belə bir təsir sayəsində PUA öz koordinatlarını düzgün müəyyən etmək qabiliyyətini itirir, buna görə REM stansiyasının "saxta" siqnallarını icra etməyə yönəlir. Kompleksin belə bir funksiyası pilotsuz vasitəni mühafizə olunan zonadan uzaqlaşdırmağa, hətta onu yerə endirməyə imkan verir. "Qroza-S" kompleksinin spufinq metodu ilə istifadəsi 20 km-lik məsafə ilə məhdudlaşır. Bu rejimdə enerji potensialı 100 vata qədərdir.

"Groza-S" stansiyasının Qarabağ hərbi teatrında ciddi perspektivləri mövcuddur, hətta rəqib ölkələr belə bu stansiyanın imkanlarını yüksək dəyərləndirir. Bu texnika qısa müddət ərzində müəyyən edilən istənilən koordinatlara hərəkət edərək orada yerləşə və funksiyalarının avtonom yerinə yetirilməsinə başlaya bilər. Münaqişə zonasında müxtəlif sinif və tiplərə aid PUA-ların aktiv istifadəsinin daim aktual bir mövzu olduğunu nəzərə alaraq deyə bilərik ki, "Qroza-S" REM stansiyası uğurlu seçimdir. Bu seçimin işğalçı ölkədə çıxış edən eksperlərin də narahatlığına səbəb olduğu məlumdur.


Kompleksin ərazidə yerləşdirilməsindən sonra operatorlar fasiləsiz olaraq efirə nəzarət edərək PUA-ların radio kanallarını müəyyənləşdirməyə başlayır. Vəzifələrdən asılı olaraq həm işçi tezlikləri "söndürmək", həm də peyk naviqasiyasının spufinqini həyata keçirmək mümkündür. Birinci halda düşmən PUA-sı düzgün fəaliyyət imkanını itirir. İkinci halda isə PUA öz koordinatlarını düzgün müəyyən etmək qabiliyyətini itirir, lakin sonuncu metod daha çox həssaslıq və çeviklik tələb edir.

10-12 ədəd stansiyanın cəbhənin müxtəlif istiqamətlərində, xüsusilə birliklərin əsas qüvvələrinin çəmləşmə istiqamətində yeləşdirilməsini tam məqsədəuyğun hesab edirəm. Birlik komandanlarına tabe olacaq stansiyaların döyüş növbətçiliyinə cəlb edilməsi, düşmənin istifadəsində olan ARMİ-55, "Krunk" və s. kimi ciddi texnoloji imkanlara malik olmayan PUA-ların yerə endirilməsinə şərait yarada bilər. Bu fəaliyyətlər şəxsi heyətin mənəvi-psixoloji üstünluyə malik olmasında və döyüş ruhunun yüksəldilməsində çox vacib və əhəmiyyətli rol oynayır.

"Qroza-P"


"Qroza-P" anti-dronu baza kimi, Çinin "Cyma" CM.011 pnevmatik tüfənginə bənzəyən moduldan istifadə edir. "Jammer" və batareya çantada daşınmalıdır, çünki onlar kabel vasitəsilə silahla birləşdirilir. Tüfəngdə üç anten mövcuddur, onların fəaliyyət sektoru 30 dərəcədir. Onlar 2 kilometr məsafədə radio siqnalları, 5 km məsafədə isə GPS, GLONASS, "Galileo" və "BeiDou" siqnallarını basdıra bilərlər. Hədəfi nişan almaq üçün "Sturman 1x38 RD" optik nişangahdan istifadə olunur. Batareya bir saat davamlı fəaliyyət üçün yetərlidir. Tüfəngin özünün iki kiloqram, arxa çantasındakı yükləmə cihazı və "jammer" basdırma qurğusu ilə birlikdə 8-10 kiloqram ağırlığında olduğu ehtimal edilir.

"Qroza" modellərinin qiymətləri bəlli deyil.


N+1 nəşrinə əsasən, 2016-cı ilin noyabrında Avstraliyanın "DroneShield" şirkəti tərəfindən oxşar məhsul təqdim edilib. Bu üç antenli radioelektron tüfəngi bir az daha ağırdır, lakin Belarus istehsalı kimi "DroneShield" anti-dronu da çantada saxlanılan batareyaya ehtiyac duyur.


Gələcəkdədə PUA əleyhinə stansiyalara tələbatın artacağı, potensial alıcıların bu tip texnologiyalara maraq göstərəcəyi qaçınılmazdır. Zərbə PUA-larına qarşı effektiv mübarizə aparmağa imkan verən vasitələrə tələbat getdikcə daha da artacaq. Azərbaycan sənayesinin Belarus, Türkiyə, İsrail və Pakistan mühəndislərinin nailiyyətlərindən yararlanaraq yeni anti-dron sistemlərinin yerli və üstün keyfiyyətdə istehsalını təşkil etməsi də nəzərdən qaçırılmamalıdır. Hər iki stansiya həm avtonom, həm birlikdə istifadə edilə bilər. "Radioelektron silahlar"ın həm özüyeriyən, həm də daşınan versiyaları qoşunların və obyektlərin zərbə PUA-larından müdafiəsi istiqamətində mövcud olan boşluqları doldurmaq imkanına malikdir, bu isə konsepsiyanın gələcək perspektivlərindən xəbər verir.

1-ci eşalon hərbi hissələrinin isə bir nəfər operator tərəfindən istifadə edilən "Qroza-P" ilə silahlanması PUA əleyhinə eşalonlu müdafiənin təşkilinin tamamlanmasına imkan verə bilər. Bunun üçün hər bir 1-ci eşalon hərbi hissələrinin 10-15 ədəd "radioelekton silah" adlandırıla biləcək "Qroza-P" anti-dron tüfəngi ilə təchiz edilməsi kifayətdir. İlk dəfə anti-dron "Qroza-P" BƏƏ-də keçirilən "İDEX-2017" sərgisində təqdim edilib.


Rəsmi mənbələrdə Azərbaycanın məhz "Qroza-P" silahlarını alması təsdiq edilməyib, lakin ciddi maliyyə dəyəri olan "Qroza-S" REM stansiyasının alınmasında tərəddüd etməyən Azərbaycan tərəfinin PUA əleyhinə tüfəng alınmasında xəsislik edəcəyini düşünmürəm. Lakin ən azından bu silahların analoqlarının ordumuzun silahlanmasında mövcudluğuna əminəm. Digər tərəfdən isə "Qroza-P" anti-dron silahlarının Azərbaycanın silahlanmasında olması belə digər analoji vasitələrin mövcudluğunu sual altında qoymur. Xatırlayırsınızsa, 2016-ci ilin mayın 13-də Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" tipli PUA-nın biri bölmələrimiz tərəfindən xüsusi üsulla endirildi, digəri isə ermənilərin özü tərəfindən yanlışlıqla məhv edildi. Deməli, hələ 3 il əvvəl Azərbaycan Silahlı Qüvvələri PUA-ların endirilməsi üçün peyk naviqasiyasının spufinqi metodundan istifadə edib.

Ermənistanda gecikən narahatlıq

Son günlərdə erməni hərbi ekspert Van Hambartsumyan KİV-lərdə Azərbaycanın Belarusdan "Radar" KB sənaye şirkətinin istehsal etdiyi "Qroza-S" (Şimşək-S) PUA ilə mübarizə kompleksini əldə etdiyi barədə məlumat yaydı.


Erməni KİV-lərinə müsahibələrində davamlı olaraq sensasiyalara imza atmağı xoşlayan Hambartsumyan, xatırlayırsınızsa 2019-cu ilin yanvarın 2-də bildirirdi ki, bu ilin ilin yazında və ya yayında Azərbaycan Qarabağda geniş miqyaslı bir müharibəyə başlayacaq. Onun sözlərinə görə, keçən ilin aprel ayından etibarən Azərbaycan Silahlı Qüvvələri quru qüvvələrini, o cümlədən əsas döyüş tanklarını, özüyeriyən artilleriyasını, çəkilən toplarını, YARS-larını, BMP və BTR-lərini cəbhə xəttinə yaxınlaşdırıb və bu günə qədər qoşunlar öz mövqelərindən geri çəkilməyib, yəni onlar hələ də daimi yaşayış məntəqəsinə qayıtmayıb. Sərhəd Qoşunlarının Qazax rayonun ərazisində yerləşdirilməsini və oradan çıxarılan hərbi hissənin isə Qarabağ ərazisinə göndərilməsi və Azərbaycanın hücum əməliyyatlarına hazırlaşması kimi saxta məlumatlar sadəcə daxili audiotoriyada anti-Azərbaycan təbliğatını aparmaqla ciddi vətənpərvər, ayıq-sayıq hərbi ekspert imici formalaşdırmağa xidmət edir.


Ömründə 3 ədəd güllə atması və orduda əsgər kimi xidmət etməsi belə şübhə altında olan Hambartsumyanın son dəfə Azərbaycanın yeni "Qroza-S" REM vasitəsini əldə etməsi barədə həqiqətə uyğun gəlməyən müsahibəsi, yenə də onu gülüş hədəfinə çevirdi. Erməni hərbi ekspertin nəzərinə çatdırmaq lazımdır ki, bu komplekslər Azərbaycan Ordusunun arsenalına onun qeyd etdiyi kimi, yeni qəbul edilməyib. Onların Azərbaycanda tətbiqinə aid ilk rəsmi məlumat 2018-ci ilin birinci yarısına aiddir. Hambartsumyanın bir il əvvəl Azərbaycanın silahlanmasında olan mobil REM stansiyasını erməni ictimaiyyətinə sanki Azərbaycanın bu gün əldə etdiyi vasitə kimi qələmə verməsi, özünü olduğundan dəyərli persona kimi gündəmdə saxlamaq məqsədilə atılan addımdır. Azərbaycanın işğala məruz qalan tərəf kimi silahlanmağa davam etməsi, yeni silahları təlimlərdə və ya döyüş əməliyyatlarında tətbiq etməsi təbiidir və heç bir halda anormal vəziyyət hesab edilə bilməz. Azərbaycanın işğal faktı ilə barışması mümkün deyil, buna görə də yeni silahların alınması, istehsalı, sınaqları və silahlanmaya qəbulu qarşısıalınmaz prosesdir və yaxın gələcəkdə onun tempinin aşağı düşəcəyi gözlənilmir.

Mənbələr:

https://topwar.ru/110000-sistemy-borby-s-bpla-groza-s-i-groza-r-belarus.html?fbclid=IwAR05VEvJAcA3iZKgkA2k2NFMBA5UNcXVe76hg8czy5pDOWNBT70YzX1fqow
https://aze.az/azerbajdzhan-kupil-u-belarusi-novejshij-kompleks-groza-s.html
https://www.youtube.com/watch?v=hIWFhRHfEMg
https://www.youtube.com/watch?v=E89BFikgipY
https://news.am/rus/news/500112.html?fbclid=IwAR1Tw-lRMis9ssvClxlVHyaY2hpvJTF81w3Yi1THHidMCXbPTWzL0H0AGwc
http://www.yerkramas.org/article/151191/azerbajdzhan-segodnya-priobrel-belorusskij-kompleks-radioelektronnoj-borby-%C2%ABgroza-s%C2%BB


Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qroza-S   Qroza-P   Azərbaycan-Belarus