"Desant-qüvvələri" sözünə uyğun 137 nəticə tapıldı!

Prezident Beyləqanda hansı hərbi texnikaları nəzərdən keçirdi? - EKSPERT (FOTOLAR)

2019/02/herbi-17051635634.jpg
Oxunub: 6146     16:38     14 Fevral 2019    
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Beyləqan rayonu ərazisində yeni inşa edilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

Prezident, Ali Baş Komandan İlham Əliyev burada silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olub. Onların taktiki texniki xüsusiyyətləri ilə tanış olaq.

“Smerç” YARS

Yaylım atəşli reaktiv sistem “Smerç” kompleksi reaktiv mərmilər atmaqla nüvə hücum vasitələrinin, cəmləşmə rayonlarında, marşda və döyüş düzülüşündə tank, motoatıcı, artilleriya və raket bölmələrinə, enmə meydançalarında helikopter bölmələrinə, mövqelərdə raket və hava hücumundan müdafiə bölmələrinə, idarəetmə məntəqələrinə tələfat vermək üçün təyin olunub.

“Smerç” YARS 1970-ci illərin sonunda SSRİ dövlət tabeçiliyində olan “Splav” (Tula) zavodunda yaradılıb. “Smerç” sistemi dördoxlu MAZ-543M (kütləsi 43.7 ton, maksimal sürəti 69 km/saat) yük avtomobilinin üzərində yerləşdirilən 300 mm çaplı 12 lüləli paketdən ibarətdir. Bu sistem bütün raketlərin buraxılmasını 38 saniyəyə yerinə yetirir. Tərkibində dörd “Smerç” sistemi olan baterya 48 ədəd raketlə təxminən sahəsi 800x800 m olan ərazini məhv edə bilir.


Çoxfunksiyalılığı, manevrliyi, yüksək etibarlığı, dəqiqliyi və atəş gücü üstün cəhətləridir. Altı ədəd “Smerç”in açdığı yaylım atəşi ilə bir diviziyanın hərəkətini dayandırmaq və ya kiçik bir şəhəri tam məhv etmək mümkündür.

Təkmilləşdirilən 9A52M “Smerç-M” kompleksi 1990-cı illərin əvvəlində yaradılıb. Yeni kompleksə avtomatik atəşaçma texnologiyası və rabitə vasitələri əlavə edilib.

9A52M Smerç-M-də aşağıdakı raketlərdən istifadə edilir:

- 235 kq-lıq 9M528 mərmiləri,
- 75 ədəd 9N210 parçalanan bombalara malik 9M525 mərmiləri;
- 5 ədəd MOTV-3F hədəf axtaran elementə malik 9M526 mərmiləri;
- 25 ədəd tank əleyhinə maqnitli yandırıcı elementə malik 9M527 mərmiləri;
- 646 ədəd parcalanan qəlpəyə malik 9M531 mərmiləri;
- Çəkisi 100 kq olan termobarik 9M529 mərmiləri.
- Bunkerlərdə mübarizə aparmaq üçün 9M530 mərmiləri;
- R-90 modelli kəşfiyyat uçuş aparatından ibarət 9M534 mərmiləri.


Bütün mərmilərin atəş məsafəsi 90 km-dir.

Xüsusiyyətləri

Maksimum gediş məsafəsi: 850 km
Yer dəyişmə: 3 dəqiqə
Lülə çapı: 300 mm
Yerdəyişmə vaxtı: 3 dəqiqə
Məhvetmə sahəsi: 672.000 m²
Hədəfi vurma dəqiqliyi 0.3% m
Minimal atəş məsafəsi: 20 km
Şassi: MAZ-543M
Uzunluğu: 12.1 m
Eni: 3.05 m
Hündürlüyü: 3.05 m
Təkər formulası: 8x8
Mühərrik: D12A-525A V12 dizel
Maksimal sürət: 60 km/s
Heyət üzvü: 4 nəfər


122 mm-lik “Qrad” YARS

122 millimetrlik yaylım atəşli reaktiv sistem BM-21 cəmləşmə rayonlarında düşmənin canlı qüvvəsini və döyüş texnikasını, atəş mövqeyində artilleriya və minaatan batareyalarını məhv etmək və susdurmaq, düşmənin istehkam, dayaq məntəqəsi və müqavimət mərkəzlərini dağıtmaq üçün təyin edilib.


Standard paket, uzunluğu 2.87 metr və çəkisi 66 kq olan 20 raketdən ibarətdir. Raket maksimum 21 (40) km atəş məsafəsinə və 20 kq ağırlığında döyüş başlığına malikdir. Bu sistem həmçinin yeni hazırlanan 122 mm-lik raketlərlə də uyğun gəlir.

Bu sistemlər geniş istsifadə diapazonuna malikdir, dağlarda, həmçinin suüstü hədəflərə qarşı tətbiq edilməsi mümkündür.

“Qrad” YARS-ı döyüş vəziyyətinə gətirmək və atəşi idarə etmək üçün:

- 1B126 “Kapustnik-B” atəşi avtomatik idarəetmə sistemindən (KSAUO);
- 1T12-2M topoqafik çəkiliş maşınından;
- 1B44 və ya RPMK-1 metereoloji radiopelenqasiya kompleksindən istifadə edilir.


Taktiki texniki xüsusiyyətləri

Çapı - 122 mm
Atəş məsafəsi: Maksimum - 40 km
Mərminin çəkisi - 66.6-70 kq
İstiqamət lülələrinin sayı - 40 ədəd
Tam yaylım atəşi - 20 san
Şassinin tipi - Ural-375D (Ural-4320).


“Qrad” RYAS müxtəlif tipli reaktiv sursatlardan:

- 9M22U qəlpəli fuqas başlığa sahib mərmilərdən;
- 9M521 daha güclü qəlpəli fuqas başlığa sahib mərmilərdən; 9M522 ik ayrılan qəlpəli fuqas döyüş başlığına sahib mərmilərdən;
- 9M218 kumulyativ qəlpəli döyüş elementlərinə sahib mərmilərdən istifadə edir.

220 millimetrlik TOS-1A

220 millimetrlik TOS-1A ağır odatan sistemi T-90 tankının şassisi üzərində quraşdırılan reaktiv qurğudur. O, idarə olunmayan reaktiv mərmilərin daşınması, saxlanması, hədəfə tuşlanması və düşmənin taqım dayaq məntəqəsi tipli ərazi hədəflərini, həmlə edən bölük, artilleriya və minaatan batareyalarının atəş mövqelərini, marşda olan avtomobil kalonlarının məhv edilməsi üçün təyin olunub.


Azərbaycan Ordusunun silahlanmasında 24 belə maşın var. Onun çəkisi 46 tondur, 220 millimetrlik istilik raketləri ilə təchiz edilən 24 idarəolunan kasetə malikdir. Bir yaylımı 400 kvadrat metr ərazini örtməyə qadirdir, istilik döyüş sursatı isə 3000 dərəcə selsiyədək temperatur yaradır. Atış məsafəsi 6 kilometrdir, maksimal yayınma isə 10 metr təşkil edir.

Yaylım atəşinin maksimal tempi 6 saniyədən 12 saniyəyədək təşkil edir, bu isə onun effektivliyini artilleriya batareyasının davamlı atəş həmləsi ilə müqayisə etməyə imkan verir. Hərəkət edən maşın yaylımdan dərhal sonra yeni mövqeyə keçə bilər, bu isə ona düşmənin cavab zərbəsindən yayınmaq imkanı qazandırır. TOS-1A-nın maksimal sürəti saatda 65 kilometr təşkil edir.

TOS-1A kompleksinin istilik döyüş sursatlarının artırılmış gücü dağlarda partlayış dalğalarının qayalar tərəfindən əks olunması nəticəsində partlayışlarının effektini artırmağa imkan verir. Yandırılan oksigen, bunun ardınca isə təzyiq dalğası atəş radiusunda canlı olan hər şeyi məhv edir.

152 millimetrlik 2A36 “Giasint B”

152 millimetrlik 2A36 “Giasint B” yedəklənən topu düşmənin taktiki raket vasitələrini, uzaqvuran artilleriya bölmələrini məhv etmək və susdurmaq, düşmənin canlı qüvvəsini, atəş vasitələrini, marş zamanı döyüş texnikalarını, cəmləşmə rayonlarını, müdafiə məntəqələrini məhv etmək və susdurmaq, düşmənin arxa cəbhəsini və idarəetmə məntəqələrini tələfata uğratmaq üçün təyin edilib.


1968-ci ildən hazırlanmasına başlanılıb, 1976-cı ildə Sovet ordusunun sılahlanmasına qəbul edilib. Maksimal atəş məsafəsi 40 000m-dir. Top müxtəlif hava və klimatik şərtlərdə istfadə oluna bilər (−50 °C-dən +50 °C-yə qədər). Hazırda bir çox ölkələrin, əsasən də keçmiş Sovet ölkələrinin ordularında mövcuddur. Topun uzunluğu səfər vəziyyətində 12920 mm, döyüş vəziyyətində 12300 mm-dir, lülə boyu hündürlüyü səfər vəziyyətində 2760 mm, yoldan hündürlüyü 475 mm, eni 2340 mm, təkərlərin diametri 1080 mm-dir.

Top mərmi ilə gilizin ayrılıqda lülə kamerasına aparılması üçün yarımavtomatik çaxmaq və təpmə enerjisinin hidropnevmatik yığıcı sistemləri ilə təhciz olunur. Hərəkət hissəsi yaylı birləşmiş və iki oxlu yedəklənəndir.

Döyuş sursatları

Topda istifadə edilən mərmilər məqsədinə və dağıdıcı qabiliyyətinə görə müxtəlif tiplərə bölünür:

- 46 kq çəkidə qəlpəli-fuqas ОF-29 mərmisi;
- 33.5 km atəş məsafəli ОF-59 reaktiv mərmisi;
- Nüvə sursatlı 3ВБ6 mərmisi (qadağan edilib);
- Kassetli bölünən mərmilər;
- Kumulyativ tank əleyhinə və tüstülü mərmilər.


Topu yedəyə alınıb aparılması üçün Kraz-255B, Kraz-260(6x6) yük avtomaşınlarından və AT-T, ATS, ATS-59, MT-T tırtıllı artilleriya yedəkləyicilərindən istifadə olunur.

130 mm M46 yedəklənən top

130 millimetrlik M46 yedəklənən topu düşmənin artilleriyasını, minaatanlarını, cəmləşmə rayonlarında yerləşən texnikasını və canlı qüvvəsini, arxa xidmət məntəqələrini və ordunun idarəetmə bölmələrini məhv etmək, uzunmüddətli müdafiə qurğularını dağıtmaq üçün təyin olunub. Maksimal atəş məsafəsi 37000 m-dir.


Topun atəş qurğusu lülədən, mərmi kamerasından və lülə ucundakı əyləcdən (tormoz) ibarətdir. M46 topu horizontal əl ilə işləyən pazlı çaxmaq sistemi ilə təhciz olunur.

Top biroxlu lafetin üzərində quraşdırılır, döyüş zamanı lafetin ön təkərli hissəsi sökülür, topun qundaqları yana açılaraq hazır vəziyyətə gətirilir.

Topun yedəyə alınıb aparılması üçün “Ural”, “Kraz” və digər iri yük avtomaşınlarından və AT-C tırtıllı artilleriya yedəkləyicilərindən istifadə olunur.

Topda istifadə edilən döyuş sursatları məqsədinə və dağıdıcı qabiliyyətinə görə müxtəlif tiplərə bölünür:

- 53-OF-482M, ОF3 qəlpəli fuqas mərmiləri;
- 53PVR-482, 53VR-482(V) zirehdəlici, iz buraxan mərmiləri;
- 3ХS5, 3ХS6, 3ХS9 kimyəvi mərmiləri;
- 3DÇ1 hədəf göstərən mərmisi;
- AZ-SP-46, 3S2 işıqlandırma mərmiləri;
- İdarəedilən mərmilər.


Hazırda M-46 topu keçmiş Sovet məkanı ölkələrinin, həmçinin keçmiş Varşava Müqaviləsi Təşkilatı dövlətlərin silahlanmasında mövcuddur.

Ekipaj: 8 nəfər
Ağırlığı: 7.7 ton
Uzunluğu: 11.73 m
Lülənin uzunluğu: 7.15 m
Eni: 2.45 m
Hündürlüyü: 2.55 m
Klirens: 0.45 m
Yedək maşını: Ural, Kraz, AT-S
Yol sürəti: 50 km/saat
Kalibr: 130 mm
Lülənin qalxma bucağı: -2.5º... +45º
Üfüqi tuşlama bucağı: -25º... +25º
Mərmi ağırlığı: 29.1 – 33.4 kq
Mərminin çıxış sürəti: 930 metr/saniyə
Atış tezliyi: 8 atış/dəqiqədə
Atəş məsafəsi: 27.5 km
Maksimal atəş məsafəsi: 38 km


“Xrizantema-S” tankəleyhinə idarəolunan raket kompleksi

Tankəleyhinə idarəolunan raket kompleksi “Xrizantema-S” sutkanın istənilən vaxtında, hava şəraitindən asılı olmayaraq hərəkət edən və etməyən yerüstü və hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub.


“Xrizantema-S” NATO kod adı AT-15 “Springer”dir, 9M123 raketlərindən istifadə olunur.

“Xrizantema-S” döyüş kompleksində lazer və radiosiqnalla idarə olunan 4 fərqli raket tipi, habelə axtarış radarı və optik nişangah yer alır. BMP-3 döyüş maşınlarının şassisi üzərində yerləşməsi onun manevr imkanlarını daha da artırır.

“Xrizantema-S” istənilən müdafiə səviyyəsinə malik olan tankları məhv edə bilir. Sistem tankları izləyib yerini müəyyən etmək üçün iki radara malikdir. “Xrizantema-S”in 6 min metrdən endirdiyi raket zərbəsi zirehli texnikalar üçün çox təhlükəlidir. Kompleks düşmənin desant gəmisini, saatda 340 kilometr sürətlə uçan təyyarə və helikopterinidə məhv etmək imkanındadır.

Aşağıdakı raketlərdən istifadə edir:

- 9M123 – tandem kumulyativ lazer idarəetməli
- 9M123-2 – termobarik radiosiqnal idarəetməli
- 9M123F – termobarik lazer idarəetməli
- 9M123F-2 – termobarik radiosiqnal idarəetməli
Texniki xüsusiyyətləri
Ağırlıq: 18.7 ton
Heyət: 2 nəfər
Xəndək keçmə: 2.2 m
Maneə keçmə: 0.8 m
Mühərrik: UTD-29 dizel
Güc: 500 at gücü
Sürət: 70 km/saat (şossedə), 10 km/saat (suda)
Döyüş radiusu: 600 km
Kalibri: 150 mm
Raketin uzunluğu: 2.04 m
Qanad genişliyi: 0.31 m
Raketin ümumi kütləsi: 46 kq
Atıcı qurğunun kütləsi: 54 kq
Döyüş başlığının kütləsi: 8 kq (9M123); 6kq (9M123F)
Döyüş hissəsi: tandem – kumulyativ və termobarik
İdarəetmə sistemi: lazer və radiosiqnal
Zirehdəlmə qabiliyyəti: 1000 – 1250 mm
Trayektoriyada orta sürət: 400 metr/saniyə
Atış məsafəsi: 400 – 6000 m
Hədəfi vurma dəqiqliyi: 5 m
Raket sayı: 15 ədəd


“Spike-LR” və “Spike-ER” tankəleyhinə raket kompleksləri

“Spike” kompleksləri 1500 metrdən 30000 metrə qədər məhvetmə məsafəsinə sahib olmaqla 4 müxtəlif versiyasada mövcuddur. Beyləqanda nümayiş etdirilən “Spayk-LR” uzaq mənzilli, “Spike-ER” isə ekstra uzaq mənzilli versiyalardır.


Tank əleyhinə raket kompleksi “Spike-LR” düşmənin 200 metrdən 4 min metrədək məsafədə hərəkət edən və hərəkətsiz tank və zirehli texnikalarını, canlı qüvvələrini məhv etmək üçün təyin olunub. Kompleks yüngül ərazi müdafiə qurğularına, binalara, alçaqdan uçan helikopterlərə dəqiq atəş açmaq imkanı yaradır. Həmçinin kompleksdən kəşfiyyat xarakterli əməliyyatlarda da istifadə etmək mümkündür.

“Spike-LR” raketinin çəkisi 14 kq, ümumi kompleksin çəkisi isə 23 kq-dan azdır. Maksimum atış məsafəsi 4 km olan bu raket əsasən piyada qoşunları tərəfindən istifadə olunur və ya yüngül döyüş maşınlarının üzərinə quraşdırılır. Zirehi dəlmə qabiliyyəti 700 mm-dən çoxdur. Hazırda "Rafael" şirkəti bu variantın atış məsafəsinin 5.5 km-ə qaldırıldığını və yüngül helikopterlərə quraşdırmağının mümkün olduğunu bildirir. Zirehli avtomobil üzərinə quraşdırıla bilər.

“Spike-ER” kompleksi isə “Sand Cat” döyüş maşını üzərində quraşdırılan, müxtəlif relyef şəraitinə uyğunlaşan, 400 metrdən 8 min metrədək, gündüz, gecə və məhdud görmə şəraitlərində düşmən tanklarını, PDM, zirehli texnikalarını, aşağı yüksəklikdə uçan hava hədəflərini məhv etmək üçün nəzərdə tutulur.

“Spike-ER” raketinin çəkisi 34 kq, ümumi kompleksin çəkisi isə 55 kq-dır. Maksimum atış məsafəsi 8 km olan bu raket əsasən artilleriya və piyada qoşunları tərəfindən istifadə olunur, bu təlimlərdə olduğu kimi zirehli döyüş maşınlarının üzərinə quraşdırıla da bilər. Zirehi dəlmə qabiliyyəti 1000 mm-dən çoxdur.


Kompleksin üzərinə quraşdıldığı “Sand Cat” 325 at gücünə malik 6.4 litrlik V8 mühərriki ilə təchiz olunur, maksimum sürət 160 km/saatdır, lakin təhlükəsizlik baxımından sürəti 120 km/saat ilə məhdudlaşdırılıb. Dizaynın fərqli bir xüsusiyyəti cəlbedici görünüşə malik olmasıdır.

Yan pəncərələrin trapez şəkilli olması zirehli şüşənin çəkisini görünüş sahəsinə mənfi təsir göstərmədən azaltmağa imkan verir. Tam zirehli korpusda müxtəlif səviyyələrdə təhdidlərin qarşısını almaq üçün zireh poladı, keramika və kompozit materialların qarışığından ibarət materialdan istifadə edilir. STANAG 4569 təhlükəsizlik standartının 3-cü səviyyəsinə uyğundur. “Sand Cat” zirehli nəqliyyat vasitələri üçün əla idarəetməyə və sürətlənməyə malikdir. Daxili rahat və genişdir, açıq xərək belə yerləşdirilə bilir.

“Sand Cat” bazasında yerləşdirilən “Mini Samson” döyüş modulundakı “Spike-ER” tank əleyhinə idarəolunan raketlərindən hədəfləri maksimal məsafədə zərgər dəqiqliyi ilə məhv etmək mümkündür.

Kompleksə məxsus raketin mərkəzi hissəsi 4 ədəd qatlanan qanadlar ilə təchiz olunub. Bundan sonra partlayıcı və əsas kumulyativ hissə yer alır. Qatlanan sükan pərləri, start mühərriki və fiber-optik lifli kabel sarğısı isə quyruq hissədə yerləşir.

Bu vasitələrin ön xəttə yerləşdirilməsi düşmənin bütün ağır texnikalarını və zenit raket vasitələrini ön xəttdən daha təhlükəsiz məsafələrə çəkilməyə məcbur edir. Düşmən ZRK-larının isə ön xəttdən uzaqlaşdıqca, birinci eşalonun hava məkanını zəmanətli şəkildə qoruması da çətinləşir.

Təbii ki, “Sand Cat” zirehli vasitəsi ilə tank döyüşünə girmək olmaz, lakin onun müxtəlif atəş məsafəsinə malik raketlərindən açılan sərrast atəşlə düşmən müdafiəsinin dərinliyində olan müxtəlif zirehli hədəfləri yüksək dəqiqliklə məhv etmək olar.

“Orbiter-2B” pilotsuz uçuş aparatı

“Orbiter-2B” pilotsuz uçuş aparatı döyüş əməliyyatlarında tətbiq etmək, hava kəşfiyyatını aparmaq, eləcə də istənilən şəraitdə hədəf göstərmə və artilleriya atəşinə xidmət etmək üçün təyin olunub. Universal radiolokasiya kompleksi düşmənin atəş açan taktiki raketlərinin, reaktiv qurğularının, haubitsaları və minaatanlarının kəşfiyyatını aparmağa və öz artilleriya bölmələrimizin atışına xidmət etmək üçün təyin edilib.


“Orbiter-2B” PUA-sı tammiqyaslı aşağı intensivlikli müharibə, şəhər şəraitində qarşıdurmalar zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsini və dəstəklənməsini həyata keçirə bilər.

“Orbiter-2B” PUA-ları həmçinin dəniz və quru sərhədlərinin qorunması vəzifələrinin də yerinə yetirilməsində istifadə oluna bilər. Bu sistemlər lisenziya sahibi olan şirkət tərəfindən hazırlanan çoxsaylı hava aparatlarının proqram təminatına uyğun istismar edilir və buna uyğun nəzarət olunur.

PUA-nın proqram təminatı müxtəlif platformalı vasitələrə xidmət etmək üçün nəzərdə tutulub və NATO-nun STANAG 4609 standart interfeysinə uyğun gəlir.

“Orbiter-2B” PUA-larının çəkisi 9.5 kq, uzunluğu 1 metr, qanad açılımı isə 3 metrdir. Bəzən PUA-nın adında rast gəldiyimiz M və K hərfləri modernizə və ya kombinəedilən variantlar mənasını daşıyır. Bu hərflərin korpusun və mühərriklərə aidiyyatı olmur, adətən real vəzifələrə uyğun daşınan faydalı yükün tərkibində dəyişiklik edilir.

Rəqəmsal əlaqəli sistemin çalışma müddəti 4 saata qədər uzadılıb; yükgötürmə qabiliyyəti 1.5 kq-a qədər, fəaliyyət radiusu isə 100 km qədər artırılıb. Fəaliyyət yüksəkliyi 5500 metr, sürəti 130 km/saatdır.

“Orbiter-2B” PUA-larının əsas xüsusiyyətləri aşağıdakılardır:

- Rahat sökülür və daşına bilir;
- Maşınlara quraşdırıla bilir;
- Gündüz/gecə rejimi üçün ikili faydalı yük daşıya bilir;
- Kamera ilə uça bilir;
- Tez bir zamanda, cəmi 7 dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirilə bilir;
- Sadə konstruksiya, kiçik dönmə radius;
- Səssiz elektrik mühərriki;
- Kiçik siluet və gizlin əməliyyat aparmaq qabiliyyəti;
- Avtomatik havaya buraxıla bilir;
- Təkrar istifadə edilə bilir ;
- Buludlu və digər məhdud görmə şəraitində yüksək görüntü əldə edir;
- Uzunmüddətli və dözümlüdür;
- Geniş işçi diapazonu müvcuddur;
- Pnevmatik katapult, təhlükəsizlik yastığı və bərpa olunan paraşütə malikdir;
- Dəniz əməliyyatlarında belə çoxsaylı istifadəsi edilən komplektə sahibdir;
- Avtonom vəzifələri yerinə yetirərkən GPS ilə və ya onsuz dəqiq naviqasiya;
- Hərəkət edən nəqliyyat vasitələrinə və digər hədəflərə kilidlənmə və nəzarət;
- Şifrəli rəqəmsal məlumat ötürülməsi kanalı, tezliklərin sıçrayışlarla dəyişdirilməsi;
- Görüntü və məlumatların ətraflı emailı;
- Uçuş zonasından yayınmanı hiss edir;
- A2AD mühitində işləyə bilir;
- Uçuş göyərtəsinə ehtiyac yoxdur;
- Dəniz əməliyyatları üçün rahat istifadə;
- Gəmilərin göyərtə sistemlərinə inteqrasiya imkanı.

“Orbiter-2B” pilotsuz uçan aparatları üçün tövsiyə olunan daşınan faydalı yükün tərkibi aşağıdakılardan ibarətdir:


D-STAMP: gündüz (CCD) rejimli elektro-optik kamera;
UZ-STAMP: gecə (soyudulmayan FLIR) sabit kamera;
M-STAMP: ikiqat gündüz (CCD) və gecə (soyudulmayan FLIR) sabit elektro-optik kamera;
HD-Lite: fotoqrametrik xəritəçəkmə və 3D modelləşdirmə modulu.


1.2 kq çəkiyə malik çoxsensorlu M-STAMP termal kameraları PUA-ya geniş müşahidə imkanları ilə bərabər avtomatik olaraq hədəfə kilidlənmək, konkret koordinatı və ya nöqtəni izləmək, daramaq və ya mozaika rejimində rəngli video əldə etmək imkanı verir. Məhz PUA-nın bu xüsusiyyəti artilleriya bölmələrinə atəşin nizamlanmasına və düşmənə vurulan zərərin həcminin müəyyənləşdirilməsinə imkan verir.

GPS və datalink olmadan vəzifərini yerinə yetirməsi, hərəkət edən nəqliyyat vasitələrinə nəzarət və izlənilməsi, uçuş zonasından yayınmanı tanıması, A2AD mühitində çalışa bilməsi, bu PUA-ların daşıya biləcəyi faydalı yüklərin və daxili sistemlərin üstun cəhətlərindəndir.

120 millimetrlik “Nizə”

120 millimetrlik “Nizə” minaatanı düşmənin yüksəkliklərdə, yamaclarda, təpələrin arxasında yerləşən canlı qüvvəsini, döyüş texnikasını məhv etmək və motoatıcı bölmələrin atəş dəstəyini təmin etmək üçün nəzərdə tutulub. Bu kompleks lazertuşlayıcı və avtomatik idarəetmə sistemi ilə yüksək dəqiqliklə qısa zamanda hədəfləri məhv etməyə qadirdir. “Nizə” döyüş maşını yolsuzluq şəraitində yüksək manevr imkanlarına malik olub, heyətin qorunmasını və təhlükəsizliyini təmin edir.


“Sand Cat” zirehli avtomobil şassisi üzərində quraşdırılan “Elbit Systems” şirkətinin istehsalı olan 120 mm-lik “Nizə” avtomatik minaatanı tam avtomatlaşdırılıb və özünü avtomatik doldurma, koordinatları hesablama və yönləndirmə funksiyasına malikdir. “Nizə” idarə olunan minalarla 7000 metrədək məsafədə hədəflərə dəqiq atəş açmağa imkan verir.

Digər texniki xüsusiyyətləri:

Üfuqi tuşlama bucağı 360 °
Maksimun qalxma bucağı 88 °
Maksimun enmə bucağı 43°
Atəş tempi, dəqiqədə 12-14
1 mərminin məhvetmə radius 50 m
Döyüş vəziyyətinə gətirilmə 90 san
Səfər vəziyyətinə gətirilmə 90 san


İsrailli hərbi mütəxəssislərin sözlərinə görə, Azərbaycan “Spear Mk 2” minaatanının ilk xarici istifadəçisidir.

“R-010SC” komanda-qərargah maşını

“R-010SC” komanda-qərargah maşını (KQM) əməliyyat idarəetmə səviyyələrində tətbiq olunmaqla, hərəkətdə və dayanacaqda qərargah zabitlərinin idarəetməsini təmin etmək üçün nəzərdə tutulub. “R-010SC” radioidarəetmə məntəqəsi isə analoq və rəqəmsal açıq, məxfi, sinxron tezlik dəyişən, həmçinin bütün növ məlumatların kompüter vasitəsilə ötürülməsi və qəbulu üçün nəzərdə tutulub.

“R-010SC” komanda-qərargah maşınıdəstinə daxil olan avadanlıqlar:

VRC-8200 rəqəmsal qısa dalğalı radiostansiya (1 dəst)
VRC-950 rəqəmsal ultraqısa dalğalı radiostansiya (2 dəst)
Panasinik məlumatötürmə komputeri (1 dəst)


Taktiki texniki göstəriciləri:

Məntəqə, eyni zamanda bir qısa dalğa diapazonunda və iki ultraqısa dalğa diapazonunda radiorabitəni, “Panasinik” məlumatötürmə kompüteri vasitəsilə verilənlərin ötürülməsini təmin edir.

Rabitə məsafəsi:

Qısa dalğada hərəkətdə 50 km; dayanacaqda 1000 km;
Ultraqısa dalğada hərəkətdə və dayanacaqda 15-30 km.


Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   Beyləqan   Artilleriya