"Dedovşina" sözünə uyğun 58 nəticə tapıldı!

Ermənistan ordusunda itki, yaralanma, korrupsiya və qəza hadisələri – AYLIQ HESABAT

2018/05/34534535_1525071799_1527709254.jpg
Oxunub: 4237     14:32     31 May 2018    
Ordu.az 2018-ci ilin mayın 1-dən 31-nə kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, qəza, fərarilik və korrupsiya faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

May ayının nəticələrinə görə, Ermənistan ordusunda 7 ölüm hadisəsi qeydə alınıb ki, onlardan 2-si döyülmə, 1-i təxribata cəhd, 1-i intihar, 2-i qəza, 1-i isə naməlum səbəblərdən baş verib.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, əsasən təxribata cəhd, qəza və döyülmə nəticəsində 10 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, 2 korrupsiya faktı da aşklarlanıb.

2 may

Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə yerləşdirilən bölmələrindən birində Haterk adlandırılan təlim mərkəzində keçirilən məşğələ zamanı qanlı insident baş verib.

Nəticədə 1997-ci il təvəllüdlü, 2017-ci ilin sentyabrında hərbi xidmətə çağırılan Armen İsraelyan ağır yaralanıb. Hadisə ictimaiyyətdən gizlədilir.

*****

İşğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində xidmət edən və dözülməz şərait səbəbindən hərbi hissəni bir neçə dəfə tərk edən Armen Şirinyan adlı hərbi qulluqçu silahdan atəş açaraq özünü yaralayıb.

Məlumatda deyilir ki, A. Şirinyan ayaqyoluna getmək adı ilə döyüş mövqeyindən uzaqlaşıb. Atəş səsinə gələn xidmət yoldaşları bir az aralıda onu qan içində tapıblar. Ağdərədəki hərbi tibb müəssisəsinə yerləşdirilən əsgərin vəziyyəti ağırlaşdığından Xankəndi hospitalına göndərilib. Hadisə ictimaiyyətdən gizlədilib.

3 may

Saat 20:00 radələrində Loru vilayətinin Metsavan kənd ərazisində Ermənistanın milli təhlükəsizlik xidmətinin sərhəd qoşunlarının N nömrəli zastava rəisi Roland Qriqoryan idarə etdiyi "UAZ" markalı avtomobillə qəza törədərək 2 məktəblini vurub.

Məlumata görə, yaralanan məktəblilər 12 və 14 yaşlarındadır. Hər iki məktəbli Taşir xəstəxanasına çatdırılıb.

4 may

Saat 01:10 radələrində, Ermənistanın şimali-şərq istiqamətrində yerləşən hərbi hissələrin birinin saxlanma məntəqəsində erməni hərbi qulluqçu Artur Ardyom Qasparyanın (1998-ci il, 2017/1 çağırışlı, Nairi hərbi komissarlığı) meyiti tapılıb.

Onun baş nahiyyəsindən odlu silah yarası aldığı məlum olub.

5 may

Növbəti gün saat 15:00 radələrində Ermənistanın Loru vilayətində "Opel" markalı 35 MG 945 nömrəli avtomobilin sürücüsü Vanadzor-Dilican avtomagistralının 1.5 km-lik sektorunda yoldan çıxaraq ağaca çırpılıb və nəticədə aşıb.

Məlumata görə, qəza nəticəsində sürücü və onun 3 sərnişini müxtəlif bədən xəsarətləri ilə Vanadzor tibb mərkəzinə köçürülüb. Sürücünün Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birində zabit kimi qulluq etdiyi aşkarlanıb. Hadisə ilə bağlı istintaq tədbirləri Ermənistan müdafiə nazirliyinin hərbi polisi tərəfindən aparılır.

*****

İşğal altında olan Qarabağdakı qanunsuz Ermənistan hərbi birləşmələrindən birinin əməliyyat şöbəsinin idarəetmə məntəqələri bölməsinin əməliyyat növbətçisi, mayor rütbəli hərbi qulluqçu, müxtəlif aldatma yolu ilə hərbi xdməti vəzifə borclarını müvəqqəti dayandırılmasına yardım etmə və rüşvət alma şübhəsi ilə həbs edilib.

Ermənistan müdafiə nazirliyinin hərbi polisi tərəfindən həyata keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində məlum olub ki, işğal altında olan Qarabağ ərazisindəki qanunsuz erməni hərbi birləşmələrindən birinin müddətli xidmət hərbi qulluqçuları 2017-ci ilin oktyabr ayından etibarən 2018-ci ilin aprel ayınadək olan müddət ərzində həm vasitəçilər, həm də birbaşa qanunsuz birləşmə qərargahında xidmət edən hərbi qulluqçuya rüşvət veriblər.

Aldığı rüşvət müqabilində həmin şəxs hərbi qulluqçuların xidmət etdiyi hərbi hissələrin ünvanına telefonoqramlar göndərməklə, onların məzuniyyətə buraxılmasına əsas verən şərait yaradıb.

6 may

Ermənistanın Vanadzor vilayətində İrəvan-Mehri magistral yolunun 167-ci kilometrində qəza baş verib. Sükan arxasında 28 yaşlı Qrant Gevorkyanın olduğu “Volvo” markalı avtomobil “Mitsubishi Grandis” markalı avtomobillə toqquşub.

“Mitsubishi Grandis”də olan 20 yaşlı Pargev İspiryan qəzadan sonra Sisian xəstəxanasında, 50 yaşlı Samvel Kazaryan isə “Vayka” tibb mərkəzinə çatdırılıb.

Qeyd edək ki, qəzada xəsarət alan Pargev İspiryan hərbi qulluqçudur.

*****

Həmin gün saat 07:30 radələrində Ermənistanın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin müdafiə zolağındakı döyüş mövqeyində baş nahiyyəsində aldığı güllə yarasından ölən 1999-cu il təvəllüdlü, 2017/2 Armavir hərbi komissarlığından çağırılmış, müddətli xidmət hərbi qulluqçusu Levon Arseni Torosyanın meyiti aşkarlanıb.

Erməni hərbi qulluqçunun əmisi Armen Torosyan bildirib ki, intihar etdiyi bildirilən Torosyanı qəddarcasına döyərək öldürüblər.

13 may

Saat 22:35 radələrində işğal altında olan Qarabağın şimal istiqamətində yerləşən qanunsuz hərbi hissələrin birinin saxlanma məntəqəsində, mövqelərimizə qarşı təxribata cəhd edən 1998-ci il təvəllüdlü erməni əsgər Şamxal Seyran Petrosyan yaralanıb.

Ermənistanın istintaq komitəsindən yayılan məlumata görə, Petrosyan qarın nahiyyəsini dəlib keçən ağır odlu silah yarası alıb. O, hərbi hospitala təxliyyə edilib, əməliyyatdan sonra vəziyyəti ağır qiymətləndirilib.

17 may

Ermənistan ordusu tərəfindən işğal olunmuş Ağdərə rayonu ərazisində yerləşdirilən düşmən bölmələrində birində nizamnamədən kənar münasibət zəminində növbəti insident baş verib. Erməni əsgər zabit tərəfindən döyülüb.

Hadisə ilə bağlı öz problemlərini və etirazlarını döyülən əsgərin yaxınları sosial şəbəkədə paylaşıblar. Onların yazdığına görə yaxın qohumları, 15-ci bölükdə xidmət edən əsgər Qaqo Tevonyan komandirləri tərəfindən tez-tez fiziki təzyiqlərə və təhqirlərə məruz qalıb.

Son dəfə isə komandirin vurduğu zərbələr nəticəsində əsgərin çənəsi sınıb və bir neçə dişi tökülüb. Əsgər Ağdərədə yerləşən hərbi tibb müəssisəsinə yerləşdirilib.

*****

Azərbaycanın işğal olunmuş Cəbrayıl rayonu ərizəsində yerləşdirilən Ermənistan ordusunun bölmələrində birində tükürpərdici hadisə baş verib.

Ön xətdə xidmət edən hərbi qulluqçu Aleks Androsyanın mütəmadi olaraq xidmət yoldaşları tərəfindən cinsi istismara məruz qaldığı bəlli olub.

Hərbi qulluqçu həkim ekspertizasından keçirilmək məqsədilə Cəbrayılda yerləşən hərbi hospitala göndərilib. Hadisə baş verən bölmənin komandiri İrəvanda yüksək vəzifəli şəxsin qohumu olması səbəbindən məsələ ictimaiyyətdən gizlədilir.

19 may

Ağdərə yaşayış məntəqəsi ərazisində yerləşdirilən düşmən ordusunun 5-ci dağ atıcı alayının döyüş mövqeyində əsgər atəş açaraq parolu yaddan çıxaran post başçısı Armen Stepanyanı yaralayıb.

Hərbi hissədə ilkin olaraq hadisəni “ya özünü vurub”, yaxud “döyüşdə yaralanma” kimi qələmə verməyə çalışıblar. Lakin sonradan A.Stepanyan postda başqa əsgər tərəfindən güllələndiyini etiraf edib.

20 may

Saat 11:00 radələrində işğal altında olan Qarabağın şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş postunda 1999-cu il təvəllüdlü erməni hərbi qulluqçu Hamlet Norayr Qriqoryanın meyiti aşkar edilib.

Məlum olub ki, o, çənəsinin alt hissəsindən giriş, başın yuxarı hissəsindən çıxış olmaqla dəlib keçən odlu silah yarası nəticəsində ölüb.

21 may

Növbəti gün saat 20:30 radələrində Lori vilayətində hərbi qulluqçu avtomobil qəzası törədib.

Vanadzor sakini 31 yaşlı A. Aram idarə etdiyi "Opel" markalı avtomobillə Vanadzor- Spitak yolunda idarəetməni itirib və dərəyə yuvarlanıb.

Avtomobilin sərnişini 57 yaşlı "A.Q" bədən xəsarətləri ilə Vanadzor tibb mərkəzinə yerləşdirilib. Məlumata görə, A.Aram Ermənistan ordusunda xidmət edir.

22 may

Saat 13:30 radələrində Ermənistanın cənub-qərb istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda 1998-cu il təvəllüdlü erməni hərbi qulluqçu, sıravi Martin Qriqor Xaçatryanın meyiti aşkar edilib.

Onun qarın nahiyəsindən yaralanaraq öldüyü bildirilir. Rəsmi məlumatlara görə, Martin Xaçatryan 2017-ci ildə Gümrü hərbi komissarlığından hərbi xidmətə çağırılıb.

25 may

Kotayk vilayətinin Nor Qeği-Aştarak yolunun Yeğvard inzibati ərazisində "Mercedes" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, dəmir beton maneəyə dəyib dərəyə yuvarlanaraq qaz borusuna çırpılıb.

Məlumata görə, maşında olan 22 yaşlı Narek Qalayan bədən xəsarətləri ilə Yeğvard şəhər “Nairi” tibb mərkəzinə aparılıb və ilk tibbi yardımdan sonra “Armenia” tibb mərkəzinə təxliyyə edilib.

Yaralılara ilk olaraq yoldan keçən Ermənistan müdafiə nazirliyinin hərbi qulluqçuları yardım edib. Qəza törədilən avtomobildə Ermənistan müdafiə nazirliyinin əməkdaşına aid hərbi vəsiqə və digər sənədlər olduğuna görə hadisənin araşdırılmasına hərbi polis cəlb edilib.

26 may

Ermənistan müdafiə nazirliyinin İrəvanda yerləşən hərbi hissələrindən birində intihar hadisəsi baş verib.

İlkin məlumatlara görə, saat 13:00 radələrində hərbi hissənin rabitə bölüyünün yataq otağında kapitan Hmayak Hakop Hakopyan döş qəfəsindən aldığı güllə yarası ilə ölü tapılıb.

29 may

İşğal altında olan Madagiz ərazisində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində daha bir rüşvət qalmaqalı baş verib.

4-cü taborun komandiri vəzifəsində xidmət edən Rudo adlı erməni hərbçi əsgər Vazgen Abrahamyanın məzuniyyətə getməsi üçün onun valideynindən rüşvət alıb. Bu səbəbdən Rudo hərbi prokurorluğa çağırılıb.

Məlumatda deyilir ki, indiyədək tabor komandiri tərəfindən bü cür hallar dəfələrlə təkrar olunsa da, dəlil-sübut olmadığından onun barəsində tədbir görmək mümkün olmayıb. Valideynlərin çoxu övladlarının komandirlər tərəfindən incidiləcəyindən, işgəncələrə məruz qalacağından qorxduğundan rüşvət faktı ilə bağlı məlumat verməkdən çəkinirlər.

Lakin bu dəfə tabor komandirinin əsgəri 10 sutka müddətinə məzuniyyətə göndərmək üçün 200 ABŞ dolları məbləğində pul tələb etməsi barədə prokurorluğa yazılı şikayət daxil olduğu bildirilir. Fakt təsdiqini taparsa Ermənistan ordusunun tabor komandiri uzun illər “xidmətini” həbsxanada davam etdirəcək.

*****

Saat 00:30 radələrində Geğarkunik vilayətinin Çəmbərək-Vahan yolu istiqamətində hərbi qulluqçunun iştirakı ilə avtomobil qəzası baş verib.

28 yaşlı Narek Cağaryan idarə etdiyi "Opel" markalı avtomobillə N nömrəli hərbi hissənin yaxınlığında yolun hərəkət hissəsindən çıxaraq, torpaq təpəsinə çırpılaraq, bir neçə dövrə vurduqdan sonra yolun ortasında qalıb. Yol qəzası ilə əlaqədar araşdırmalara başlanılıb.

Məlumata görə, yol qəzası törədən Narek Cağaryan N nömrəli hərbi hissənin müqaviləli hərbi qulluqçusudur. Hərbi qulluqçu Narek Cağaryan yeni ailə qurub və avtomobili 1-2 gün öncə alıb. Qəza zamanı ərazinin yaxınlığındakı hərbi hissənin zabit heyəti yardım etsə də, hərbçi hadisə yerində ölüb.

30 may

İşğal altında olan Ağdərə yaşayış məntəqəsində yerləşdirilən Ermənistan ordusunun bölmələrində xidmət edən iki hərbçi avtomobil qəzasına düşüb.

Həkim Q. Oqanyanın verdiyi məlumata əsasən maşının altında qalaraq ölən şəxs maşının sürücüsü, 1992-ci il təvəllüdlü, müqaviləli xidmət keçən hərbi qulluqüçu Suren Ayvazyandır. Həkimin dediyinə görə ölən S. Ayvazyan və ağır yarlanan, ikinci şəxs də Haterk yaşayış məntəqsində yerləşdirilən taborda xidmət edən hərbi qulluqüçular olduğundan hadisə ilə bağlı hərbi hissəyə və hərbi polisə məlumat verilib.

Maşının altında qalaraq həlak olan hərbçinin cəsədi morqa göndərilib, ağır yaralanan 1986-cı il təvəllüdlü ikinci hərbi qulluqçu isə ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə erməni silahlı bölmələrində qeydə alınan itkilərin açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, erməni hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Dedovşina   Ölüm   Yaralanma   Təxribat