"Dövlət-sirri" sözünə uyğun 30 nəticə tapıldı!

Hərbi kontraktorlarının qaranlıq dünyası: Müstəqil muzdlular, yoxsa Kreml üçün iş? – ARAŞDIRMA

2018/02/3_4559477394.jpg
Oxunub: 8665     22:01     28 Fevral 2018    
Bir qrup professional döyüşçü hansısa münaqişə zonasında bahalı məntəqələri qorumaq məqsədilə xüsusi hərbi kompaniya tərəfindən işə götürülür. Missiyalarının öz hökumətlərinə bildirildiyini düşünən muzdlulara bütün kimlik sənədlərini və hərbi sursatlarını aradan qaldırmaları və təyyarələrə minmələri tapşırılır. Müharibə zonasına enirlər, lakin heç nə göründüyü kimi deyil. Onları işəgötürənlər muzdluların düşündüyü insanlar deyilmiş. Onlar missiyalarının nədən ibarət olmasından əmin olmasalar da, bir şeyi dəqiq bilirlər: missiyaları onlara deyildiyindən daha çox təhlükəlidir. Onların silahları və sursatları aşağı səviyyəlidir, çünki ən yaxşı sursatlar yerli ordu tərəfindən ələ keçirilib. Tezliklə, əsgərlər pusquya salınır, əmr-komanda zənciri çaş-baş qalır və qrup terrorçulardan sarsıdıcı zərbələr alan kimi muzdlular aradan çıxır. Onlar xaotik şəkildə geri çəkilərkən şəxsiyyətlərini dəqiqləşdirən sənədlər (müharibə zonasına gətirilməməsi tapşırılsa da, gətirilib) düşmənin əlinə keçir. Canlarını güclə qurtaran muzdlular nəhayət ki evdədirlər. Lakin geri dönüşdən sonra onların qəzəblənmiş "rəisləri" maaşları verməkdən imtina edir və qrup rəhbərlərini həbs edir.

Bu kinonun qısa xülasəsi deyil. Bu hadisə həqiqətən də sentyabr və oktyabr aylarında baş verib. O zaman "Slavyan Korpusu"ndan 267 rus muzdlu Xüms və Deyr əz-Zor arasında suriyalı üsyançılara qarşı vuruşmaq üçün bölgəyə göndərildi. "Rəislər" missiyanın Rusiya Federal Təhlükəsizlik Xidmətinə bildirildiyini (FTX) və Suriya prezidenti Bəşər Əsədin onları neft aktivlərinin qorunması üçün kirayələdiyini dedi. Suriyaya çatandan sonra muzdlulara onları işəgötürənin özəl şəxslər olduğu, Suriya hökuməti ilə heç bir əlaqələrinin olmadığı məlum oldu. Həmçinin T-72 tankları və müasir silahlarla təchiz ediləcəkləri deyilsə də, onlara köhnə, nasaz tanklar və pulemyotlar quraşdırılan adi zirehli maşınlar verildi. Üstəlik qısa zamandan sonra onlar əsas hədəflərinin neft mədənlərini qorumaq deyil, bu mədənləri terrorçulardan geri almalı olduqlarını öyrəndilər. Missiya elə ilk döyüşdəcə dağıldı və ruslar döyüş zonasını tərk etdilər. Onlar Rusiyaya qayıdandan sonra FTX onlarla hər hansı bir əlaqəsinin olmadığını bildirdi və bu əməliyyatdan məsul olan iki biznesmeni həbs etdi.


"2013-cü ilin sonlarında Moran Təhlükəsizlik Qrupu"nun himayəsində qurulan və Federal Təhlükəsizlik Xidmətinin ehtiyatda olan polkovnik-leytenantı Vyaçeslav Kalaşnikovun qurduğu 267 nəfərlik dəstə olan "Slavyan Korpus"u qeyri-rəsmi razılaşma ardından Suriyaya göndərildi. Latakiya şəhərində təlim keçdikdən sonra, onlar Deyr əz-Zordakı strateji baxımdan vacib olan neft yataqlarının mühafizəsi üçün əraziyə yerləşdirildi. Suriyaya çatdıqdan sonra Korpus güman ki, yerli idarəçilərdən (görünür, Bəşər Əsəd hökumətinin birbaşa göstərişi əsasında) biri ilə müqavilə bağlayaraq, mühafizə edəcəklərini düşündükləri neft mənbələrini ələ keçirmək üçün hücum qüvvəsi kimi istifadə edildi.

Bu hekayəni böyük hadisə kimi qəbul etmək asandır (həqiqətən də elədir), lakin qarmaqarışıq vətəndaş müharibəsində bu sadəcə çox əhəmiyyətsiz bir fəsildir. Halbuki hekayədə bir sıra detallar var ki, narahatlıq üçün əsas səbəb ola bilər. Məsələn "Slavyan Korpusu"nun rəhbəri FTX-nın ehtiyatda olan komandiridir. Nyu York universitetinin professoru Mark Qaleotti Rusiya təhlükəsizlik müxanizminin necə işlədiyini araşdırıb. Mövzu ilə bağlı verdiyi bir müsahibədə o xüsusi hərbi kompaniyaların belə əməliyyatları FTX ilə mütləq razılaşdırılmalı olduğunu deyib. Bu o deməkdir ki, FTX Suriyanı özünün xarici əməliyyatların qəbul edildiyi dövlətlər siyahısına yerləşdirib. Qaleotti daha da qabağa gedir.

Ondan "necə düşünürsüz, Suriyada Əsəd rejimi üçün daha çox rus muzdlu vuruşur yoxsa, yox?" deyə soruşduqda, bunun ağlabatan olduğunu və Əsədə kömək edənlərin sadəcə muzdlular olmadığını bildirdi: "Düşünürəm ki, muzdluluq sadəcə Rusiya əsgərləri və ya cəsusları üçün sadəcə kamuflyajdır. Zənnimcə, Suriya havadan müdafiə sistemləri üzərində çalışan rus mühəndislər də ordudandır".

FTX-nın missiyadan xəbərdar olmasına inanmaq üçün kifayyət qədər səbəb var. Lakin "Foreign Policy"də yayımlanan məqalədəki kimi, Rusiya hökumətinin muzdluların qanadlarını budamaq üçün də yaxşı səbəbləri var: "FSB-nin Suriyaya adam göndərmək üçün sakit dəstək təmin edəcək bir kompaniya yaratdığını fərz etmək elə də çətin deyil.
Muzdlular döyüş meydanında zəif oldular və qanunsuz fəaliyyətlərinin sübutları internetdə yayıldı. Buna görə də Qusev və Sidorovu həbsə atmamaq skandala səbəb ola bilərdi. Bu elə bir skandal olacaqdı ki, hətta Kreml belə bundan qaçmaq istəyirdi. ABŞ-ın Suriyadakı səfiri Robert Fordun sözlərinə görə, Moskva öz şirkətlərinin Əsədə çox daha böyük həcmdə silah ixracatından danışmazkən, ABŞ və Ərəb ölkələri silah transferlərinin suriyalı üsyançılara ötürülməsi ilə bağlı ittihamlarında xeyli ehtiraslı olub. Kreml həm də dekabrda baş tutacaq Cenevrə II sülh konfransını təhlükəyə atmağa çalışır. Çünki hazırda rejim qüvvələri döyüş meydanında ard-arda qələbələr qazanaraq danışıqlarda mövqeyini gücləndirir".

"Vaqner" necə yarandı və Priqojinin maraqları

Ümumiyyətlə, qeyd edək ki, "Slavyan Korpusu" İŞİD-lə qarşıdurmada böyük itkilər verdikdən sonra Suriyadakı əməliyyatlarını azaltdı. Korpusun fəlakətlə üzləşməsinə baxmayaraq, 2015-ci ildə Rusiya Baş Kəşfiyyat İdarəsinin 2-ci Spestnaz Briqadasının sabiq polkovnik-leytenantı Dmitri Utkin tərəfindən "Vaqner" XHK-sı yaradıldı və qısa bir müddət ərzində artıq effektiv özəl orduya çevrildi. Təbii ki, XNK-nın böyüməsi onun "Slavyan Korpusu" hərbi kompaniyası ilə birləşməsindən sonra mümkün olub. Məlumata görə, XHK-lar Rusiyada qanunsuz olduğu üçün kompaniya Argentinada qeydiyyatdan keçib.


1970-ci il təvəllüdlü "Vagner" - Dmitri Valeryeviç Utkin eyni adlı xüsusi hərbi kompaniyanın rəhbəri hesab olunur. Bu fəaliyyətlə Utkin Pskov vilayətinin Peçora şəhərində dislokasiya olunan RF-nın Baş Kəşfiyyat İdarəsinin 2-ci əlahiddə xüsusi təyinatlı briqadasının 700-cü əlahiddə xüsusi təyinatlı dəstəsinin komandiri vəzifəsindən istefa etdikdən sonra məşğul olmağa başlayıb. Ehtiyata tərxis olunduqdan sonra Utkin əvvəlcə "Moran Security Group"da xidmət edir, 2013-cu ildə isə "Slavyan Korpusu"nun tərkibində Suriya ekspedisiyasında iştirak edir. Onun ordudan təxris olunması ilə bağlı bəzi şübhələr hələ də mövcuddur. 2016-cı ildə Kremldə xüsusi qəhrəmanlıq göstərən hərbçilərin qəbulunda Utkin də iştirak edib. "Cəsarət" ordeni ilə təltif olunan Utkin prezident Putin və digər hərbçilərlə şəkil çəkdirməyi də unutmayıb. 2017-ci ilin iyunundan Utkin ABŞ sanksiyalarına məruz qalan şəxslər siyahısına daxil edilib. ABŞ Maliyyə Nazirliyinin siyahısında Utkin haqqında belə yazılıb: "Vaqner" xüsusi hərbi kompaniyası ilə bağlıdır".

"Vaqner"ə qoşulmazdan öncə kontraktorların bəziləri 2014-cü ildə Krımın ilhaqında iştirak edib və davam edən Donbas münaqişəsində vuruşublar. İlk sübut Donbasda 2014-cü ilin may ayında Ukraynanın kəşfiyyat orqanları tərəfindən qeydə alınıb. 2017-ci ilin oktyabrında Ukrayna Təhlükəsizlik xidmətinin rəhbəri Vasili Qrişak 2014-cü ildə Ukraynanın şərqində İl-76 hərbi nəqliyyat təyyarəsinin məhv edilməsində, Donetsk hava limanına hücumda və Debalsevo ətrafındakı əməliyyatlarda muzdlularının iştirakını rəsmən təsdiqləyib.

Beləliklə, "Vaqner" Donbas münaqişəsindən qalmış və kifayət qədər döyüş təcrübəsinə malik muzdlulardan geniş miqyasda istifadə edərək, Suriyanın əsas infrastruktu və enerji nöqtələrinin təhlükəsizliyini təmin etmək üçün müxtəlif əməliyyatlarda iştirak edən 2500-3000-ə qədər üzvə malik oldu.

Muzdlular XHK-ya necə qəbul edilir və onlara nə qədər ödənilir?

Bəzi məlumatlara görə, "Vaqner" 2016-cı ilin avqustuna qədər Rusiyaya 170 milyon dollara başa gəlib. Qəbul olmaq istəyənlər məxfi məlumatların yayılmaması barədə müqavilə imzalayır. Bütün namizədlər anket doldurur və şəkil təqdim edir. Məlumatlar yoxlanılır, qəbul ediləcəyi təqdirdə 1000-5000 dollar miqdarında namizədin bacarığından, əməliyyat rayonunun yerindən və məqsədlərindən asılı olaraq aylıq məvacib təyin edilir. Onlara Rusiya ərazisində təlim zamanı 1000, ölkədən kənarda 2000, ölkədən kənarda hərbi əməliyyatlarda 3500- 4000, xüsusi və irimiqyaslı əməliyyatlar zamanı isə 5000 dollara qədər məvacib ödənildiyi barədə qeyri-rəsmi məlumatlar müvcuddur.

2017-ci ilin oktyabrında Rusiya qəzeti “Moskovsky Komsomolets” keçmiş , "Vaqner" muzdlusundan müsahibə götürdü. O, yuxarı rütbəli muzdlulara aylıq 4000, adi muzdlulara isə 2600 dollar maaş ödəndiyi bildirib.

Muzdlular harada təlim keçir və müalicə olunurlar?

"Vaqner"kompaniyasının üzvləri çoxsaylı məlumatlara görə, Krasnodar vilayətinin Molkino kəndi yaxınlığında Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin 10- cu əlahiddə xüsusi təyinatlı briqadasının (51532 saylı hərbi hissə) bazasında təlim keçir.


Muzdlular arasında itkilərin hesablanması bir sıra səbəblərə görə mürəkkəbləşir: bu qeyri-leqal XHK-dır və onun döyüşçülərinin rəsmi statusu yoxdur. Onlar dövlət orqanlarına hesabat vermirlər. Nəticədə, ölənlərin yaxınları yalnız bir neçə həftə sonra baş verən hadisələri öyrənə bilirlər. Rusiya Federasiyasının Müdafiə Nazirliyi muzdlular arasında itkiləri qeydə almaqdan imtina edir.

Suriyadakı yaralanan rus muzdluların Rusiya Müdafiə Nazirliyinin hospitallarında müalicə aldıqları iddia olunur. "Müdafiə Nazirliyi hospitallarında Suriyanın Deyr-ez-Zor ətrafinda Amerika hərbi hava hücumunun onlarla qurbanı müalicə edilir", - deyə "Bloomberq" nəşri bildirib. Ölənlərin sayı 100-dən 217-ə qədər dəyişir.

Neft mədənlərinə doğru: "Vaqner" və "İŞİD Ovçuları"nın birgə hərbi əməliyyatları

Bu hissədə xatırlanacaq əsas məsələ Palmiranın 2016-cı ildə uğurlu şəkildə yenidən ələ keçirilmə əməliyyatıdır. İddialara görə, bu əməliyyat zamanı "Vaqner" sıravi əsgərlərə ciddi dəstək verib. Bəziləri Yaxın Şərqdə "Vaqner"in aktiv iştirakının Rusiya Silahlı Qüvvələrinin Suriyaya kütləvi olaraq gəldiyi, 2015-ci illə üst-üstə düşməsinin adi bir təsadüf olmasını iddia etsə də, daha çox söylənilən fikir "Vaqner"in Silahlı Qüvvələrin xüsusi əməliyyat bölmələri üçün incə örtük təşkil etməsidir.


Əgər "Vaqner" Rusiya Silahlı Qüvvələrinin ayrılmaz bir hissəsi deyilsə belə, sözsüz ki, bu iki qurum bir konsertdə səhnə alır. Həmin konsertdə isə "Vaqner" QRU və FTX-nın elementləri tərəfindən yönləndirilir.

Yuxarıda qeyd olunduğu kimi, ilk rus XHK-ları Suriyanın xaricində başlasa və qərbli kontraktorlara bənzəsə də, Rusiyanın Suriyadakı səyləri Yaxın Şərqdə döyüşmək üçün formalaşdırılan dəstələr ortaya çıxardı. "İŞİD Ovçuları" kimi adlandırılan bu qruplar, həm daxili cəbhədə, həm də müəyyən edilmiş xarici auditoriyaya qarşı psixoloji və propaqanda müharibəsində çox dəyərli rol oynadılar.

"Ovçular" ("Vaqner"ə yaxın çevrələrin birləşməsi) Rusiyanın evdə və qərbdəki propaqanda cəhdlərində istifadə edildilər. Suriya hökumət qüvvələrini gücləndirən xüsusi dəstə haqqında məlumatların və İŞİD-ə qarşı əməliyyatlara diqqətin ortaya çıxması ilə dəstə 2017-ci ilin martında Rusiya mediasında ad çıxardı. Bu xəbərlər Rusiya propaqandası ilə yaxın əlaqələri olan media qurumları vasitəsilə sürətli şəkildə yayıldı.

"Ovçular" özlərini yerli fenomen kimi göstərməyə çalışsalar da, Rusiya yaradılışının şəfəqlərindən heç vaxt qurtula bilmədilər. Elə yəqin ki, buna görə də, onların populyarlığı Rusiya mediası və Rusiyanın qayğılarına simpatiya duyan qərb KİV-lərindən o tərəfə keçmədi. Lakin "İŞİD Ovçuları"nın İŞİD-in cəzalandırılmasından əlavə funksiyası da vardı.

Adı çəkilən qrupların Suriyadakı mövcudluğu haqqında ilk xəbərlər 2015-ci ilin oktyabrında Rusiyanın hərbi əməliyyatlarından bir ay sonra yayıldı. Həmin vaxt Latakiya vilayətində terrorçuların hücumu nəticəsində 3-9 arası "Vaqner" döyüşçüsü həlak olub.


"Vaqner" 2016 və 2017-ci ildə Palmiraya qarşı edilən iki hücumda, Suriya ordusunun 2017-ci ilin yayında Suriyanın mərkəzindəki kampaniyasında və 2017-ci ilin sonlarında Deyr əz-Zor döyüşlərində iştirak edib. Onlar ön cəbhədə məsləhətçi və yaxın hava dəstəyi təmin edən hava dispetçerlərinin koordinatoru rolunda çıxış ediblər. Sözügedən hava dəstəyi Suriyaya çatanda qrup T-72 tanklar, BM-21 Qrad MLR-lər və 122 millimetrlik D-30 haubitsaları aldılar.

Kontraktorlardan birinin dediyinə görə, Palmiraya edilən ilk hücum zamanı qrupun döyüşçüləri yem kimi istifadə edildilər və işin çoxunu Suriya ordusu ilə birlikdə onlar həyata keçirdi. Lakin o, ordunun əsgərlərini "toyuq" adlandıraraq, sadəcə işi yekunlaşdırdıqlarını söyləyir. Praqa Beynəlxalq Əlaqələr İnstitutunun Rusiya təhlükəsizliyi üzrə eksperti Mark Qaleotti onların Suriya ordusunun yanında "şok qoşunları" kimi qulluq etdiyini bildirir. İddialara görə, "Vaqner"dən 32 nəfərin öldüyü və 80 nəfərin yaralandığı hücumun "uğurlu" nəticəsindən sonra XHK 2016-cı ilin aprel-may ayları arasında geri çəkildi və özlərinin bütün ağır silahlarını, hərbi sursatlarını təhvil verdilər. 2017-ci ilin əvvəlində Palmiranın ikinci hücumunda geri dönərəkl İŞİD-dən neft yataqlarını geri alanda "Vaqner"in silah-sursat qıtlığı ilə üzləşdiyi, sadəcə köhnə hücum tüfəngləri, pulemyotlar, T-62 tanklar və M-30 haubitsalarla təchiz olunduqları bildirilir. Bir neçə həftədən sonra snayper tüfəngləri və qumbaraatanlar gəlsə də, problem həll olunmadı. "Fontanka" xəbər saytında bildirir ki, bu problem Palmiraya ikinci hücum zamanı qrupun çox sayda itki verməsinə səbəb oldu. Təqribən 40-60 arası ölü, 80-180 arası yaralının olduğu ehtimal edilir. Əsas itki İŞİD-in kamikadze hücumlarını artırmasında meydana gəldi. Lakin yenə də hücum hökumət meyilli qüvvələrin qələbəsi ilə başa çatdı.

Bəzi məlumatlara görə, "Vaqner" 2016-cı ilin avqustuna qədər Rusiyaya 170 milyon dollara başa gəlib. Nüfuzlu RBK kanalı muzdluların Suriyadakı məqsədlərinin rəsmi Moskvanın məqsədləri ilə tam üst-üstə düşmədiyinə görə "Vaqner" XHK-nın silahlanmasını ciddi şəkildə zəiflədilərək onların yalnız köhnə və ikinci kateqoriyadan olan silahlarla təchiz edildiyini bildirir. İddialara görə, "Vaqner" maliyyə dəstəyinin birbaşa Suriya tərəfindən həyata keçirilməsinə tərəfdar çıxır. Bu vəsaiti Suriya hakimiyyəti indiki vəziyyətində haradan alacaq?

KİV-lərdə XHK-nın maliyyə mənbələrindən biri Rusiya MN-nin xərclərinin məxfi maddələri göstərilir. RBK jurnalı 2015-ci ildə "Vaqner" XHK-nın saxlanılmasına 100 milyon ilə 200 milyon dollar arasında vəsait xərcləndiyini iddia edir. Bura aylıq məvacib, bazanın təminatı, ərzaq və mənzil təminatı, avadanlıq məsrəfləri və ölənlərin ailəsinə ödənilən birdəfəlik kompensasiyalar daxildir. Aylıq məvaciblər rəsmən sənədləşdirilmir, silah və avadanlıqların alınması məxfi saxlanılır. Digər bir mənbənin isə "Putinin aşpazı" adını qazanan Yevgeni Priqojinin şəxsi vəsaitləri olduğu iddia edilir. Prezidentə xüsusi yaxınlığı ilə seçilən biznesmen Yevgeni Pripojin "Vaqner" qrupunun bazasının təchizat və təminatı ilə bağlı bir neçə tenderdə qalib gəlib. ABŞ-ın sanksiyaları altında olan Priqojin "Vaqner" ilə əlaqəsini inkar edir. Amma dolayısı ilə onlar arasında əlaqənin sübut edən dəlillər var.

Qeyd edək ki, 2017-ci ilin iyulunda Kreml kampaniyaların neft və qaz yataqlarını, kömür mədənlərini İŞİD-dən ələ keçirdiyi Suriyada yeni siyasi xətt izləməyə başladı. Bu siyasətə görə, bu yataqları ələ keçirib mühafizə edən kompaniyalar özləri də həmin mənbələrdən pay götürəcəkdilər. Onların əsas tapşırıqlarından biri Suriya ordusunun neft və qaz yataqları kimi strateji mövqelərinin təhlükəsizliyinin təminatı idi. Bu vəzifədə onlar "Euro Polis" kompaniyası ilə birlikdə fəaliyyət göstərirdilər.

Belə ki, 2016-2017-ci illərdə Suriyadakı qaz və neft yataqlarının işlənməsi ilə Rusiyanın "Euro Polis" şirkəti məşğul olur. Bu şirkət isə Priqojinın rəhbərlik etdiyi (maraqlıdır, 2017-ci ilin noyabr ayında Utkin irəliləyiş əldə edərək, Yevgeni Priqojinin restoran biznesinin idarəetmə orqanı olan "Concord Management and Consulting" şirkətinin baş direktoru təyin edilib) şirkətin törəməsidir. "Euro Polis" Suriya ilə olan razılıqları kommersiya sirri kimi saxlasa da, "İŞİD Ovçuları"nın kampaniyanın fəaliyyətinin önəmli hissəsini təşkil etməsi dəqiqdir.

Çünki "Euro Polis" həm də "Vaqner"ə (maraqlıdır, 2017-ci ilin noyabr ayında Utkin irəliləyiş əldə edərək, Yevgeni Priqojinin restoran biznesinin idarəetmə orqanı olan "Concord Management and Consulting" şirkətinin baş direktoru təyin edilib) yaxın biznes dünyası ilə əlaqəlidir. 2017-ci ilin yayında Priqojinə bağlı olan "Euro Polis" şirkəti Suriya dövlət Neft Şirkəti ilə İŞİD-dən azad olunan neft emalı obyektlərinin qorunması və enerji resurslarının istismarı ilə məşğul olacağı və çıxarılan neftin 25%- ni öz sərəncamında saxlayacağı barədə müqavilə imzaladı. Mühafizə fünksiyasını isə "Vaqner" XHK öz üzərinə götürdü.

Beləliklə, "Vaqner" XHK Suriyadan tələb etdiyi maliyyəni dolayısı ilə ələ keçirdiyi yataqdan Suriya hökumətinə satacağı neft və qazdan əldə edəcəkdi. Suriya hakimiyyəti üçün isə ABŞ koalisiyasının mövqelərini qorumaqda nə qədər israrlı olacağı maraqlı idi. Onsuz da neft-qaz yatağı ABŞ koalisiyasının nəzarətində idi. Bu qaynaqlardan ABŞ əvəzinə rusiyalı muzdluların yararlanması Dəməşq üçün daha əlverişli idi: həm enerji ehtiyatlarına ən qısa yolla çıxış əldə edir, həm ABŞ və koalisiyanın "nəbzini" yoxlayır, əsası da "Vaqner" ilə Moskva arasında anlaşılmazlığı "xeyirxah dayı" qismində ən ideal şəkildə həll edir.


"Vaqner"in İŞİD silahlıları ilə vuruşduğu dövrdə, "İŞİD Ovçuları" Suriya ordusunun əsgərlərini yetişdirir və daha öncə qeyd olunduğu kimi bir sıra əməliyyatlarda iştirak edirdi. Onlar 2017-ci ilin aprelində əl-Şaer qaz yatağının İŞİD-dən geri alınmasında əsas rol oynayan qruplardan biri olub. Həmin vaxt ortaya çıxan bir videoda ələ keçirilmiş İŞİD terrorçusu XHK-nın döyüşçüləri tərəfindən şiddətli şəkildə döyülərək, başı kəsilir. Sentyabrın ortalarında isə qaz yatağı yenidən istehsalata başlayır.

2017-ci il sentyabrın sonlarında Həmanın şimalına Təhrir əl-Şamın rəhbərliyi altında edilən hücumun dəf edilməsində XHK Rusiya əsgərləri ilə birlikdə Suriya hökumət qüvvələrinə dəstək verdi. Həmin ayın sonunda İŞİD Deyr əz-Zora əks-hücum edərkən "Vaqner"in iki döyüşçüsü əsir düşdü. Kreml bu məsələdə yaxasını geri çəkməyə çalışarkən, əsir düşənlərdən birinin qardaşı Rusiya hökumətinə qarşı ittihamlar qaldırdı. Daha sonra "İŞİD Ovçuları" əsirlərinin hər birinin azad edilməsi üçün bir milyon dollar ödəyəcəyini vəd etdi. Həmçinin "Ovçular" əgər İŞİD onları öldürsə, öldürülən hər bir döyüşçüyə görə əsirlikdə olan 100 terrorçunu edam edəcəyini vurğuladı. Eyni zamanda, Rusiya parlament rəsmilərindən bir nəfər əsir düşən iki nəfərin artıq öldürüldüyünü bəyan etdi. Onun sözlərinə görə, onların öldürülmə səbəbləri çox böyük ehtimalla, xristiyan dinini və Rusiyanı rədd edərək terrorçulara qoşulmaqdan imtina etmələri olub. Münaqişə Kəşfiyyat Komandası (Conflict Intelligence Team) isə terrorçu mənbələrdən bununla bağlı heç bir məlumatın olmadığını irəli sürərək, iddianı yalanladı.

2017-ci ilin oktyabrında "Youtube"da XHK-nın Suriyadakı fəaliyyətinə tərif yağdıran video ortaya çıxdı. Oktyabrın sonu ilə noyabrın əvvəli arasında "Vaqner" Deyr əz-Zor döyüşlərində iştirak etdi. Həmin döyüşlər zamanı regionda qalan bütün İŞİD qalıqları təmizləndi. Suriya hökumət qüvvələri isə noyabrın 3-də şəhərə tam nəzarəti ələ keçirdi. Bəzi kənar məhəlllərdə qalan İŞİD terrorçuları mühasirə altında düşdülər və tezliklə hücuma məruz qaldılar. Hökumət qüvvələri irəlilədikcə, müxalif yönümlü SOHR (Suriya İnsan Hüquqları üzrə Müşahidə Qrupu) Rusiyanın pusquda olan terrorçularla əsirlikdə olan döyüşçülərin azad edilməsi üzrə danışıqlar apardığını bildirdi.

Noyabrın 17-də mühasirədəki İŞİD döyüşçüləri təslim oldular. Lakin hələ də rusların iki nəfəri əsirlikdə qalmaqda davam edirdi. Noyabrın sonunda Rusiya ordusunun əsirlər üçün danışıqları davam etdirdiyi, əsirlərin isə Suriya ilə İraq sərhədində saxlandığı barədə xəbər yayıldı. Lakin dekabrın 4-də "İŞİD Ovçuları" "Vaqner"in iki döyüşçüsünü ələ keçirərək qətlə yetirilən İŞİD terrorçularını məhv etdiyini bildirdi. Eyni gün, "Vaqner"in nümayəndəsi iki nəfərdən birinin valideynlərinə hər iki nəfərin əsirlikdə öldürüldüyünü bildirdi.

2017-ci ilin dekabrında "Vaqner" Suriya ordusunun İdlibə hücumunda iştirak etdi. 2018-ci il fevralın əvvəlində isə Suriyanın şimalındakı eyni hücumun bir parçası kimi XHK Həmanın şimal-şərqində bir neçə kəndin İŞİD-dən geri alınmasına kömək etdi. 3-7 fevral tarixlərində hökumət meyilli qüvvələr ən azı 25 kəndi ələ keçirdi.

Fevralın 7-də nə baş verdi?

ABŞ hərbçilərinin sözlərinə görə, hökumətyönlü qüvvələr hadisədən bir həftə əvvəl cəmləşmə rayonunda qruplaşma təşkil edərək fevralın 7-də yerli vaxtla axşam saat 10:00-da tankların, topların və minaatanların dəstəyi altında ABŞ koalisiya qüvvələrinin Deyr əz Zor vilayətinin Xişam şəhərindəki "Əl-İsba" neft yatağı istiqamətində (YPG nəzarətində olan bölgə) hücuma keçirlər.


Suriyada yerləşən ABŞ qoşunlarının Komandanı general-leytenant Cefri Herriqanın sözlərinə görə, başlayan hücum barədə "qaynar xətt" vasitəsilə Rusiya tərəfinə məlumat verilib. Rusiya tərəfi isə əməliyyatın onlara heç bir aidiyyəti olmadığını bildirib. Bundan sonra ABŞ HHQ-i 3 saat ərzində MQ-9 PUA, F- 15 qırıcı, AC-130 atəş dəstəyi təyyarəsi, AH-64 "Apache" və B-52 bombardmançılarından istifadə etməklə hücuma keçən bölmələrə sarsıdıcı zərbə endirir. Dinamik döyüşdə bombardmançıların istifadəsi uyğun olmasa da, rəsmi məlumata inanmaq məcburiyyətindəyik.

Qarşıdurma zamanı ABŞ təyyarələri Suriya qoşunlarına hücum həyata keçirərək 45-100 arası hökumət qüvvələrinin döyüşçüsünü öldürdü. Pentaqon rəsmi açıqlamasında 100-ə yaxın canlı qüvvənin, çoxsayda tank və artilleriya qurğularının məhv edildiyini açıqladı. Pentaqon rəsmilərindən ikisinin məlumatına görə, ABŞ ordusu Rusiya XHK-nın də hücumda iştirak etdiyi zənn edib. ABŞ koalisiya təmsilçisi isə koalisiyanın hərbi hava qüvvələrinin hərəkətini "özünümüdafiə" və cavab zərbəsi adlandırıb. Onlardan biri isə, aviazərbələr zamanı kontraktorlardan bəzilərinin öldürüldüyünü bildirib. YPG "komandiri" və bir nəfər sabiq rus zabiti də döyüş zamanı Rusiya kontraktorlarının itki verdiyini iddia edib. Rusiya sosial mediasında paylaşılan postlarda isə 200-dən çox rus kontraktorunun həlak olduğu irəli sürülürdü. Lakin bütün bu məlumatlar sual altında idi və heç kim tərəfindən də təsdiqlənmədi. Rusiyalı bir jurnalist ölən kontraktorların 20-25 arası olduğuna inanır. Lakin Ceyms Mettis XHK-nın iştirakını təsdiqləyə bilməyəcəyini və ABŞ-ın döyüşdə hansısa rusiyalının olduğunu düşünmədiyini bildirdi.

Hadisədən bir neçə gün sonra müxtəlif rusiyalı qruplar aviazərbələrdə "Vaqner"in bir neçə döyüşçüsünün öldüyünü təsdiqləməyə başladı. İlk olaraq Münaqişə Kəşfiyyat Komandası 10 nəfərin öldüyünü təsdiqlədi. MKK-nin hesablarına görə, ümumilikdə 20-30 arası ölüm olub. Fevralın 15-də Rusiya aviazərbələr zamanı rus vətəndaşların öldüyünü təsdiqlədi. Hökumət beş nəfərin ölümünü təsdiqləsə də, lakin onların da Rusiya Silahlı Qüvvələrinin üzvü olmadığını bildirib. Öldüyü müəyyənləşdirilən 8 nəfərin ailəsi ilə edilən söhbətdə hamısının "Vaqner"lə imzalanan kontrakt əsasında Suriyada olduqları aydınlaşıb. Tezliklə "Vaqner" liderlərindən biri Andrey Troşev döyüşdə 14 könüllünün həlak olduğunu bildirdi. Suriya İnsan Hüquqları Müşahidə Qrupu isə aviazərbələrdən 1-2 gün sonra həmin ərazidə 23 nəfər hökumət meyilli döyüşçünün öldüyünü bildirib. Onların 15-i Rusiyanın XHK-nın əsgərləri olub.

Rusiya mediası isə öldürülənlərin ən azı səkkizinin Rusiyanın muzdlu əsgəri olduğunu xəbər verib. Lakin bəzi məlumatlar ölüm sayısının 200 yaxın olduğunu deyir. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə bunu qərb mətbuatının dezinformasiyası adlandırdı: "Heç bir 400, 200, 1000 və ya 10-dan söhbət gedə bilməz".

"Vaqner" XHK tərəfindən əməliyyatı kim hazırlayıb?

Fevralın 19-da Ukrayna mərkəzli "İnform Napalm" beynəlxalq kəşfiyyat məkəzi "Vaqner" XHK-nın uğursuz Xaşam əməliyyatının hazırlanması və Rusiya komandanlığı ilə razılaşdırılmasını, qrupun əməliyyat bölmə rəisi və sabiq Rusiya donanma zabiti Sergey Kimin başçılığı ilə Rusiya Ordu komandanlığı tərəfindən planlaşdırıldığını iddia etdi.


"23.07.1978-ci il təvəllüdlü, Sankt-Peterburqda qeydiyyatda olan Rusiya Federasiyasının vətəndaşı "Vaqner" XHK-nın qərargah rəisinin müavini - əməliyyat bölməsinin rəisi Sergey Borisoviç Kim (şəxsi nömrəsi M-0971) Xişam uğursuz hücum əməliyyatının planlaşdırılmasına və amerikalıların xəbərdarlığını qulaqardına vurduğuna görə tam məsuliyyət daşıyır" - deyə "İnformNapalm" bildirir.

Bəzi Rusiya mənbələrinin toplam itkilərin sayının 215-644 arası dəyişdiyi söylənilən 7 fevral hadisəsindən öyrəniləcək çox detal var. Düşmənlə birbaşa təmasa girmədən, tək bir texnika və əsgər itirmədən bütün şəxsi heyəti, malik olduğu artilleriya, tank və avtomobil texnikaları ilə birlikdə hamısını gözünü qırpmadan məhv etmək həqiqətən də hərbi nöqteyi nəzərdən alqışa layiqdir. İllər keçəcək, müharibələr bitəcək, amma "Xişam" əməliyyatı hərb sənətinin mükəmməl bir əsəri kimi tarixdə öz layiqli yerini uzun illər qoruyacaq.

Bəs axı onları kim göndərib? Heç bir cavab yoxdur

Stanislav Matveyev xüsusi hərbi kompaniyaya qoşulmaq üçün sentyabr ayında Ural dağlarındakı evini tərk etdi. Beş ay sonra fevralın 7-də Matveyev Suriyanın şərqində ABŞ aviazərbələri nəticəsində həlak oldu.


Matveyevin dul qalmış yoldaşı Yelena Matveyev yoldaşının niyə öldüyünə dair Kremldən cavab tələb edir. Bəzi hesablara görə, xeyli sayda Rusiya kontraktoru həlak olub.

"Mən istəyirəm hər kəs ərim haqqında bilsin “Və təkcə mənim yoldaşım yox, orada səfehcəsinə öldürülən bütün oğlanlar haqqında xəbərdar olsunlar. Onlar hara və niyə göndərilmişdilər? Onların hətta adi mühafizəsi yox idi. Sanki kəsimə göndərilən donuzdurlar", - deyə Rusiya xəbər saytı “Znak”a müsahibə verən qadın bildirib.

Ukrayna münaqişəsi "Vaqner"in formalaşması üçün əvəzsiz qaynaq oldu. Rusiya KİV-lərinə görə, Ukraynanın şərqində separatçılarla birgə qulluq edən kompaniyanın döyüşçülərinin çoxu fevralın 7-dəki aviazərbələrdə həlak oldu.

Yelena Matveyev əri Stanislavın Ukraynanın şərqindəki Donbasda döyüşəndən sonra bir neçə il evində yaşadığını və bir müddət öncə naməlum missiya üçün evi tərk etdiyini bildirib. O, Ukraynanın şərqində döyüşərkən "Vaqner"in nümayəndələri ilə əlaqəyə girə bildiyini söyləyib.


Ümumiyyətlə XHK-lar Rusiya üçün unikal deyil. Belə kompaniyalar İraq və Əfqanıstanda ABŞ üçün də xidmət göstəriblər.

Vaşinqtonda yerləşən beyin mərkəzi "Wilson Center"də Rusiya hərbi və təhlükəsizlik üzrə analitik Maykl Kofman amerikalıların yeni ərazilər ələ keçirdikdən sonra muzdluları orada təhlükəsizlik və stabillik üçün, rusların isə onlardan müharibədə özlərilə döyüşmək üçün istifadə etdiyini bildirib.

Rusiyalı siyasi şərhçi Vladimir Frolov Suriyadakı rus muzdluların Rusiya hərbi komandanlığı ilə yaxından koordinasiya edilmədiyini düşünməməyi ağlabatan hesab etmir: "Axı kimsə onları silah, döyüş texnikası və atəş dəstəyi ilə təchiz etməlidir ya yox?".


Üstəlik, “Fontanka” araşdırması və digər rus tədqiqatçılar muzdlu qrupların Rusiyanın cənubundakı Krasnodar regionunda ehtiyat düşərgəsinin olduğuna dair sübutlar tapıb. Bu düşərgənin yerləşdiyi poliqon isə Müdafiə Nazirliyi tərəfindən idarə olunur.

"Biz konkret olaraq onlara kimin ödəniş etdiyini deyə bilmərik, lakin onlar Rusiya ordusu tərəfindən yerləşdirilir, hərəkətə keçirilir və dəstək alırdılar. Beləliklə biz burdan da bəzi nəticələrə gələ bilərik. Ölkə daxilində bunların bilinməsi seçkilərdən cəmi bir ay öncə heç də məqsədəuyğun deyil", - deyə Kofman qeyd edib.

Sınanmış ixracat modeli

Suriya hibrid hərbi-XHK yerləşdirmə modelinin mükəmməl bir proqram olduğunu sübut edib. Artıq onlar başqa yerlərə ixracat üçün hazırdır. Rusiyanın XHK-larla yanaşı öz qüvvələrini xaricdə yerləşdirməsi də artır. Bu, hibrid əməliyyat konsepsiyasının təcrübi fazadan o tərəfə keçdiyini və daha geniş mərhələyə qədəm qoyduğunu göstərir. Bu mərhələdə həmin qüvvələrin yerləşdirilməsi nəzərdə tutulan ölkələr yəqin ki, Liviya, Misir və güman ki, Sudan (BBC kanalının yaydığı məlumata görə, 2017-ci ilin sonundan etibarən, "Vaqner" XHK-nın izləri Sudanda görünməyə başlayıb) olacaq. Hər üç ölkədə Rusiyanın geosiyasi və təhlükəsizlik maraqları var və bunun kökü keçmiş Sovetin Yaxın Şərq və Afrikadakı təhlükəsizlik mövcudluğuna dayanır.


Rusiya XHK-larının Suriyadakı izləri çox əhəmiyyətlidir və Kremlin rəsmi əsgərlərin yerləşdirilməsi olmadan da xaricdə təzyiq gücünə malik olduğunu ortaya qoyur. XHK-lar Kremlə daxili təzyiqdən yayınmaqla xaricdə qüvvə yerləşdirmə imkanı yaradır. Kiril Şadrinin (yarımhərbi kontraktora çevrilən əsgər) işi yüzlərlə Rusiya və Mərkəzi Asiya ölkələri vətəndaşlarının Suriya əməliyyatlarında iştirak etməsi ehtimalı haqda təsəvvür formalaşdırır.

Geniş şəkildə ictimailəşdirilmiş Roman Vasileviç Zabolotni və Qriqori Mixayloviç Surxanovun İŞİD tərəfindən tutulması Rusiya Silahlı Qüvvələri ilə Rusiya XHK-ların xaricdəki qarşlıqlı əlaqəsinə əlavə işıq salır. Belə yerdə İctimai və Özəl arasındakı hüdud bulanıqlaşır. Çünki rəsmi silahlı qüvvələrin uğurlu əməliyyat keçirdiyi göstərilərkən, ölüm sayısı XHK-ların hesabına rahatlıqla azaldılır.

Rusiyanın üçüncü dəfə Suriyadan çəkiləcəyi təntənəli formada elan olunarkən Rusiyanın bölgəni tərk etmək kimi niyyətinin olmadığı açıq şəkildə görünür. Sıravi Rusiya qüvvələrinin ünsürləri ərazidən çəkilərkən, Suriyada, Yaxın Şərq və Afrikanın digər hissələrindəki rus XHK-lar uzunmüddətli missiya yerinə yetirir.

Hərbi ekspert Ədalət Verdiyev
Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: XHK   Vaqner   Suriya-böhranı