"Cənubi-Qafqaz" sözünə uyğun 325 nəticə tapıldı!

Finlandiya nəşrində Qarabağ münaqişəsi barədə məqalə dərc olunub

2019/10/45456-1571054467.jpg
Oxunub: 1732     16:25     24 Oktyabr 2019    
Finlandiyalı jurnalist Antero Eerolanın Dağlıq Qarabağ münaqişəsi barədə məqaləsi dərc olunub.

“Dağlıq Qarabağda “dondurulmuş münaqişə” sərlövhəli məqalə nüfuzlu həftəlik “Kansanuutiset” qəzetində dərc edilib. Müəllif qeyd edir ki, artıq 25 ildən çoxdur ki, Cənubi Qafqazda yerləşən və Avropanın unutduğu Azərbaycanın Dağlıq Qarabağ bölgəsi siyasi və hərbi qarşıdurma meydanı kimi çoxsaylı insan itkilərinə səbəb olub.

Münaqişə zonasına səfər etmiş jurnalist özünün çətin səfərindən, Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xəttindəki vəziyyətdən bəhs edərək qeyd edir ki, bu xəttin arxasında Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsi yerləşir. Hesablamalara görə, münaqişə nəticəsində 800 minə yaxın azərbaycanlı məcburi köçkünə çevrilib. Hərbi əməliyyatlar zamanı iki tərəfdən minlərlə əsgər və mülki şəxs həlak olub. Fin jurnalist əlavə edir ki, bu səbəbdən münaqişəni “dondurulmuş” hesab etmək olmaz. O, Azərbaycan ordusu zabitinin sözlərindən sitat gətirir: “Cəbhə xəttində hər gün atəşkəs rejimi təxminən 20 dəfə pozulur. Ermənistan silahlı qüvvələri bizim tərəfi gecə saat ikidə və ya üçdə atəşə tutdu. Əlbəttə, biz atəşə cavab verdik”. Hərbi hissəsinin rəisi, mayor Orxan Nəsirov əlavə edir ki, ermənilər mövqeləri doldurmaq üçün adam tapmaqda çətinik çəkirlər və bu səbəbdən öz qüvvələrini atəş bölgəsində cəmləşdirirlər.

Antero Eerola əlavə edir ki, münaqişə tərəflərinin mövqeləri bir-birindən 300 metr aralıda yerləşir və orada vəziyyət snayperlərin çox olması səbəbindən təhlükəlidir. Onun sözlərinə görə, bundan ən çox dinc sakinlər zərər görür. Cəbhə xəttinin yaxınlığında yerləşən yaşayış məntəqəsinin sakini, fermer Salman Quliyev 2017-ci ildə həyətinə atılan mərminin partlaması nəticəsində həyat yoldaşını və nəvəsini itirib. Lakin faciənin baş verdiyi yerdə qoyulan memorial abidənin üzərindəki şəkillər doğmalarını itirən bu insana təsəlli olmayacaq.

Məqalədə qeyd olunur ki, azərbaycanlılar yaşayan Cocuq Mərcanlı kəndinin sakinləri də müharibədən əziyyət çəkiblər. Müəllif yazır: “İyirmi ildən çox bu yaşayış məntəqəsi neytral zonada yerləşən boş xəyalət-kənd olub. 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı Cocuq Mərcanlı yenidən Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçib. Sonra Prezident İlham Əliyevin tapşırığı əsasında bərpa olunan kəndin sakinləri bu gün əcnəbi qonaqları sevinclə qarşılayırlar”. Kənd sakini Atakişi Atakişiyev jurnalistə bildirib ki, indi burada 500 sakin yaşayır. Kənddə suvenir fabriki də istifadəyə verilib.

Bununla belə, qoşunların təmas xətti Cocuq Mərcanlı kəndindən cəmi 700 metrlik məsafədə yerləşir. Yerli poliklinikanın tibb bacısı Nəsibə Hüseynova da bu yaxınlara qədər məcburi köçkün kimi Bakıda yaşayıb. O deyib: “Orada mən özümü rahat hiss etmirdim. Mənim işim və mənzilim olsa da, “məcburi köçkün” kəlməsi məndə hər zaman kədər hissi doğururdu. Buraya gəldiyim zaman bizi nə gözlədiyini bilirdim. Öncə Vətəndir, düşməndən isə qorxmuruq”.

Öz fikirlərini davam etdirən fin jurnalist vurğulayıb ki, müharibə vaxtı evlərindən didərgin düşmüş insanların əksəriyyəti hələ də Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıb. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev bildirib ki, təşkilatın əsas vəzifələrindən biri bu insanların çəkdiyi əzabların sona çatmasıdır. “Biz həyatımızın sonunadək bu vəziyyətdə yaşamaq istəmirik. Bu cür vəziyyət artıq təxminən 28 ildir ki, davam edir”, deyən Gəncəliyev ermənilərin və azərbaycanlıların birlikdə yaşadıqları vaxtları xatırlayır: “Bizim erməni icmasına əsas mesajımız ondan ibarətdir ki, biz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində yenə bu cür yaşamaq istəyirik. Bununla belə, zamanı geriyə döndərmək olmaz. Artıq qaçqın kimi üçüncü nəsil böyüyür”. O əlavə edib ki, ermənilərin öz yerlərində yaşamasını istəyir: “Lakin onlar da başa düşməlidir ki, azərbaycanlıları öz doğma yurdundan qovmaq olmaz”.

Antero Eerola məqalənin sonunda oxuculara Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verərək qeyd edir ki, hərbi əməliyyatlar zamanı Ermənistan təkcə Azərbaycanın bu bölgəsini deyil, həmçinin ona bitişik yeddi rayonu da işğal edib. O əlavə edir ki, atəşkəs haqqında sazişə də indiyədək lazımınca əməl edilməyib və münaqişənin nizamlanmasında mühüm rolu Rusiya, ABŞ və Fransanın həmsədri olduqları, habelə Finlandiyanın da üzvü olduğu ATƏT-in Minsk qrupu oynayır. Dağlıq Qarabağa gəldikdə isə, onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycanın bu bölgəsindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. “Danışıqların davam etməsinə baxmayaraq, münaqişə tərəfləri arasında nifrətin sonu görünmür”, -deyə jurnalist öz qənaətini bildirib. (AzərTac)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Qarabağ   Finlandiya