"Cümhuriyyət-ordusu" sözünə uyğun 89 nəticə tapıldı!

Ali Baş Komandan: Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

2019/06/39558-1561623775.jpg
Oxunub: 1315     14:54     27 İyun 2019    
Ordu quruculuğu tarixi bir prosesdir. Bu proses xalqın mənəvi, hərbi, ictimai keyfiyyətləri ilə dolğunlaşır. Ordu dövlətin suverenliyini və onun ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvədir. Ona görə də ordu quruculuğu dövlət quruculuğunun tərkib hissələrindən biridir. Bu gün Azərbaycanın müdafiə qabiliyyəti ölkənin milli maraqlarının təmin edilməsində əsas rol oynayır.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin prioritet vəzifələrindən biri ölkənin təhlükəsizliyinin təminatçısı olan ordunu yaratmaq və formalaşdırmaqdan ibarət idi. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti ilk mütəşəkkil hərbi hissəsinin - əlahiddə korpusun yaranması haqqında qərar verdi. Bu qərarla da Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunun yaratmasına hüquqi baza yarandı. Sonra ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında fərman imzalandı. Qısa müddətdə Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal olunduqdan sonra milli ordu hissələri XI Qızıl Ordunun tərkibinə daxil edildi.

1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndə ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün milli ordusunu yaratdı.

Hələ XX əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycanda milli ordu quruculuğu prosesi, onun formalaşması və inkişafı dünya şöhrətli siyasətçi, müasir dövlətimizin banisi ulu öndər Heydər Əliyevin adı və zəngin fəaliyyəti ilə bağlıdır. Xalqımızın Ümummilli Lideri Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ordu quruculuğu, milli zabit kadrların hazırlığı məsələlərini daim önə çəkib.

Azərbaycanda vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Başlanğıcını 1993-cü il noyabrın 2-dən - Ulu Öndərin xalqa müraciətindən götürən və hərb tariximizə Heydər Əliyevin müasir ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və vahid komandanlığa tabe olan hərbi birləşmələr nəinki Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldı, hətta Horadiz əməliyyatı ilə çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdi.

Ümummilli Liderimizin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan edildi. Hər il xalqımız bu günü böyük təntənə ilə qeyd edir. Ümummilli Liderimiz bu fərmanı imzalamaqla tarixi həqiqətin və milli ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı. 1998-ci il iyunun 25-də Azərbaycan Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Ulu Öndər bu barədə deyirdi: "Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin müstəqilliyini elan edən Xalq Cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycanın Silahlı Qüvvələri, ordusu günü elan etmişik".

Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan Ordusunun daha da qüdrətlənməsi istiqamətində apardığı böyük işlər dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Hazırda ordumuzun arsenalında olan ən müasir texnikalar, artilleriya qurğuları, döyüş təyyarələri və digər silahlar düşmənin istənilən hədəfini məhv etməyə qadirdir.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən genişmiqyaslı təlimlər şəxsi heyətin döyüş hazırlığını daha da artırır.

Bölgədə ən qüdrətli orduya malik Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması, "Sülh Naminə Tərəfdaşlıq" proqramına qoşularaq hərbi təlimlərdə iştirak etməsi nizami ordumuzun NATO standartları səviyyəsində hazırlıqlı olduğunun göstəricisidir. Azərbaycan zabitlərinin beynəlxalq standartlara cavab verən xidmətlərinin beynəlxalq hərbi ekspertlər tərəfindən yüksək qiymətləndirilməsi hər bir azərbaycanlıda qürur hissi doğurur. Bu baxımdan, inamla demək olar ki, NATO ilə Azərbaycan arasında əməkdaşlığın getdikcə daha da güclənməsi ölkəmizdə orduya göstərilən diqqət və qayğının nəticəsidir.

Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək, onların məişət şəraitini yaxşılaşdırmaq məqsədilə də mühüm layihələr icra olunur. Azərbaycan Ordusunun şəxsi heyətinin sosial şəraitinin yaxşılaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə çox mühüm və ardıcıl tədbirlər həyata keçirilir.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində ordumuzun şəxsi heyətinin xidmət şəraiti getdikcə daha da yaxşılaşır. Əlverişsiz, köhnə hərbi hissələr daha müasir dünya standartlarına cavab verən yeni hərbi şəhərciklərlə əvəz olunur. Bəzi hərbi hissələrdə təmir-bərpa işləri aparılır. Bu da şəxsi heyətin döyüş, mənəvi-psixoloji və digər hazırlıqlarının artırılmasına güclü təkan verir.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgələrinə səfərləri zabit və əsgərlərimizin döyüş əzmini artırmaqla xalq-ordu birliyini daha da möhkəmləndirir.

Ordumuzun 2016-cı ilin aprelin əvvəllərində Dağlıq Qarabağda və ötən ilin mayında Naxçıvanda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarında düşmən işğalında olan ərazilərimizin bir hissəsi, bəzi strateji əhəmiyyətli yüksəkliklər azad edildi.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir ordumuz və ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində görülən işlər bu gün öz böyük səmərəsini verir və bundan sonra da verəcəkdir. Təsadüfi deyildir ki, ötən il Azərbaycan Ordusunun və Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar Azadlıq meydanında keçirilən hər iki parad da ölkəmizin müdafiə qabiliyyətinin göstəricisi və dövlətimizin hərbi gücünün təsdiqi kimi tarixə düşdü.

Azərbaycanda ordu dövlət üçün prioritetdir, ordu quruculuğuna fasiləsiz, dönməz diqqət vardır. Hərbi qulluqçuların vəzifə maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı bu diqqətin təzahürüdür.

Son illərdə həyata keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı təlimlər, ən yüksək texnikalarla və qurğularla təchizat, ümumən hərtərəfli diqqət və qayğı şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsini nəzərəçarpacaq dərəcədə yüksəldib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır." Bu gün Azərbaycan Ordusu nəinki Cənubi Qafqazda, dünyada ən güclü ordular sırasındadır. Bu ordu torpaqları işğaldan tam azad etməyə qadirdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ali-Baş-Komandan   SQ