"Belarus/" sözünə uyğun 1 nəticə tapıldı!

Azərbaycan-Belarus hərbi əməkdaşlığı və birgə təlimlər - HƏRBİ EKSPERT

2019/11/210_4-3146068076.jpg
Oxunub: 1942     14:22     06 Noyabr 2019    
Azərbaycan-Belarus hərbi əməkdaşlığının perspektivləri mövzusunda geniş mülahizələr aparmaq mümkündür. İki dövlət arasında diplomatik əlaqələr müstəqilliyimizin ilk dövründə qurulub, lakin hərbi və hərbi-texniki sahədə əməkdaşlıq üzrə müqavilələr və sazişlər 2004-cü ildən sonra intensiv icra edilməyə başlayıb. Proses hələ də aktiv fazadadır və uğurla davam etdirilir. Hazırda ölkələr arasında siyasi, hərbi və hərbi-texniki sahədə əməkdaşlıq yüksək səviyyədə qiymətləndirilir.

2000-ci illərin əvvəllərindən etibarən Belarusun müdafiə sənayesi şirkətləri Azərbaycanda həyata keçirilən bir çox layihələrdə yer almağa başlayıblar. Həmin zamandan etibarən, Azərbaycan mütəmadi olaraq Belarusdan çox sayda artilleriya sistemləri, zirehli maşınlar, RLS-lər, REM, aviasiya və hava hücumundan müdafiə vasitələri əldə edib. Bir çox silah sistemlərinin modernləşdirilməsi birgə yaradılan müəssisələr tərəfindən yerinə yetirilib. 2011-ci ildə Belarusun “Tetraedr” şirkəti yerli “Azairtechservice” şirkəti ilə birlikdə Azərbaycan HHM qoşunlarının silahlanmasında yer alan zenit-raket komplekslərinin və radiolokasiya stansiyalarının müasirləşdirilməsi proqramlarına cəlb olunub. Adıçəkilən şirkətlərin birgə təsis etdiyi “Tetraedr Techservice” adlı müəssisə sonralar da bu istiqamətdə fəaliyyətlərini davam etdirib.


“Tetraedr Techservice” Belarus-Azərbaycan şirkəti Azərbaycan silahlanmasında mövcud olan silah sitemlərini modernləşdirməklə yanaşı, bu sahədə yerli mütəxəssis potensialının yetişdirilməsində də mühüm rol oynadı.

Belarusun OKB TSP Elmi-İstehsalat Məhdud Məsuliyyətli Cəmiyyəti də 2017-ci ildən Azərbaycana tədarük etdiyi avadanlıq və sistemlərin təmiri və modernləşdirilməsini həyata keçirir. Şirkətin Bakıda Hava Hücumundan Müdafiə Silahları və Hərbi Texnikaların Servis Xidməti Mərkəzi fəaliyyət göstərir. Mərkəz planlı texniki xidməti və təmiri həm hərbi hissələrdə, həm də zavod şəraitində operativ şəkildə həyata keçirir.


Bu siyahını davam etdirmək olar, lakin Azərbaycan Belarus münasibətləriminin istənilən spektri haqqında geniş danışmağa ehtiyac yoxdur. Bu münasibətlər qarşılıqlı anlaşmaya, dostluğa, dəstəyə, ən əsası isə səmimiyyətə əsaslanır. Azərbaycanla Belarus fəaliyyət göstərdikləri beynəlxalq təşkilatlarda bir-birini daim qarşılıqlı dəstəkləyən azsaylı ölkələrdəndir.

Hər iki ölkənin dövlət başçılarının, müdafiə nazirlərinin və digər rəsmi şəxslərin müntəzəm görüşləri, hərbi-texniki, təhlükəsizlik və digər sahələrdə perspektivli əməkdaşlıq əlaqələri, o cümlədən həyata keçirilən birgə layihələr bunu deməyə əsas verir. Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi, hərbi təhsil və hərbi-texniki sahədə əməkdaşlığın gələcək inkişafı üçün geniş potensial mövcuddur.

2020-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı


Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov 2019-cu ilin oktyabrın 29-da Bakıda keçirilən MDB-yə üzv ölkələrinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Belarus Müdafiə naziri general-leytenant Andrey Ravkov ilə Azərbaycan və Belarus Müdafiə Nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı imzalayıb.

Digər eyni adlı Plan yenə də həmin gün Azərbaycanda səfərdə olan Özbəkistanın Müdafiə naziri general-mayor Bahodir Kurbanov ilə də imzalanıb. Məqalədə Belarus ilə imzalanan sənədin detallarına diqqət yetiriləcək.


İmzalanan hər iki Plan ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkilini, birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsini, qabaqcıl təcrübə mübadiləsini və digər vacib məsələləri nəzərdə tutur. Yəni ümumi məlumatlar açıqlansa da, konkret layihələr və tədbirlər barədə məlumat verilmədi.

Plan ilə bağlı proqnozları səsləndirmədən əvvəl iki ölkənin hərbi qurumlarının rəhbərlikləri arasında keçirilən son görüşlərin xronologiyasına, verilən rəsmi açıqlamalara, həyata keçirilən birgə əməkdaşlıq layihələrinə, beynəlxalq müsabiqə və tədbirlərdə birgə iştirak məsələlərinə qısaca diqqət yetirilməlidir.


2018-ci ilin mayın əvvəlində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonev ilə görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyəti, Belarusun hərbi-sənaye kompleksi müəssisələrinin istehsal etdiyi bütün qoşun növləri üçün nəzərdə tutulan müxtəlif təyinatlı hərbi məhsulların Azərbaycan Ordusunun silahlanmasına qəbul edilməsini müsbət qiymətləndirdi. Bu görüşdə ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın geniş spektri müzakirə edilərək Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönələn yeni böyük layihələrin həyata keçirilməsi istiqamətləri barədə müzakirələr aparıldı.

2018-ci ilin mayın ortalarında Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin sədri general-mayor Oleq Dviqalyovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə tərəflər iki ölkə arasında hərbi və hərbi-texniki sahədə birgə fəaliyyətin nəticələrindən məmnun olduqlarını, bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğuladılar.


2019-cu ilin iyulun 3-də Azərbaycan Ordusunun bayraqdarlar heyəti Belarus, Rusiya və Çin parad heyətləri ilə bərabər Belarus Respublikasının Müstəqillik Günü münasibətilə Minskdə keçirilən hərbi paradda iştirak etdilər.

Hər il keçirilən “Beynəlxalq Ordu Oyunları” yarışlarında həm Azərbaycanın, həm də Belarusun hərbçilərindən ibarət komanda heyətləri müxtəlif tapşırıqları yerinə yetirmək üzrə bir çox müsabiqələrdə birgə iştirak edirlər. Komandalar arasında isti münasibətlər mövcuddur.

Planın detalları

Təbii ki, imzalanan 2020-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq Planının detalları açıqlanmır, buna görə də onun detallarını yalnız ehtimal etmək mümkündür. Azərbaycan tərəfinin Belarus müəssisələrində istehsal edilən silahlı yerüstü robot platformalarına, müxtəlif radioelektron mübarizə sistemlərinə və istifadəsində olan “Polonez” YARS-ların təkmilləşdirilmiş yeni uzaqmənzilli reaktiv sursatlarına maraq göstərməsi heç kim üçün sirr deyil. İndiyə qədər bir çox Belarus istehsalı olan silah sistemləri əldə olunub, silahlanmaya qəbul edilib və aktiv istifadədədir. Hazırda bir neçə yeni məhsulun əldə edilməsi ilə bağlı müzakirələrin davam etdiyi, onlardan bəzilərinin isə müvafiq qoşun növlərində sınaqdan keçirildiyi də ehtimal edilir.


Bu günə qədər baş tutan görüşlər, aparılan müzakirələr, həyata keçirilən layihələr, qəbul edilən qərarlar və imzalanan ikitərəfli hərbi əməkdaşlıq müqavilələri, 2020-ci ildə Azərbaycan və Belarusun müdafiə qurumlarının HHM və radiolokasiya sistemlərinin təmir və modernləşdirilməsinə, yeni uzaqmənzilli raketlərin və qoşun sınaqları keçirilən avadanlıqların əldə olunmasına, eyni zamanda əldə olunan vasitələrin texniki servis xidmətlərinin təşkilinə daha çox diqqət yönəldəcəklərini söyləməyə əsas verir. Gələn il, müdafiə sənayesi sektorunda çoxdan müzakirə edilən yeni texnologiya transferi sahəsində Azərbaycan tərəfi ilə birlikdə istehsal layihələrinin reallaşdırılması da istisna olunmur. Hərbi təhsil və döyüş hazırlığı sahəsində birgə fəaliyyətin isə mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili, hərbi hissə və bölmələrinin iştirakı ilə digər tərəfdaş ölkələrin də iştirak etdiyi birgə təlimlərin keçirilməsi kimi mövzuları əhatə edəcəyi gözlənilir.

Beləliklə, son günlərdə Belarusla əməkdaşlıq çərçivəsində qəbul edilən 2020-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq Planının detalları aşağıdakı sahələri əhatə edə bilər:


- Hər iki ölkənin Silahlı Qüvvələrin hərbi-texniki təminatı;
- Silah sistemlərinin və hərbi texnikaların birgə modernləşdirilməsi;
- Beynəlxalq müsabiqələrlə yanaşı təhlükəsizlik, müdafiə, hərbi təhsil və tibbi sahədə sıx əməkdaşlıq;
- Qoşunların müxtəlif platformalar çərçivəsində əməliyyat və döyüş hazırlığı üzrə çoxtərəfli təlimərdə birgə iştirakı;
- Sülhü dəstəkləmə, humanitar yardım və xilasetmə əməliyyatlarının birgə keçirilməsi barədə məsələhətləşmələr;
- Təlimlərdə əldə edilən təcrübənin mütəxəssislər tərəfindən qarşılıqlı müzakirəsi.


Sadalanan bu bəndlərin əksəriyətinə bu və əvvəlki yazılarda tam və ya qismən toxunulub, lakin qoşunların müxtəlif platformalar çərçivəsində əməliyyat və döyüş hazırlığı üzrə çoxtərəfli təlimərdə birgə iştirakı məsələsi hələ ki, öz toxunulmazlığını qoruya bilib. Buna görə bu bənd bir az ətraflı araşdırılacaq.

Birgə təlimlər


Bildiyiniz kimi, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə keçirdiyi təlimlərdə digər tərəfdaş ölkələrin, məsələn Pakistan hərbçilərinin müşahidəçi qismində iştirakı, gələn ildən bu təlimlərin formatında dəyişiklik ediləcəyini əvvəlcədən vəd edirdi. Keçən ayın sonunda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus və Özbəkistan Müdafiə Nazirlikləri arasında ayrı-ayrılıqda imzalanan 2020-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq Planında ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi, qabaqcıl təcrübə mübadiləsi kimi vacib məsələlərin xüsusi vurğulanması, gələn ildən Belarus və Özbəkistan kimi tərəfdaşlarımızın da “TurAz Qartalı”, “Qafqaz Qartalı”, “Efes” və ya “Eternity” kimi birgə təlimlərə müşahidəçi və iştirakçı qismində qatılacağını ehtimal etməyə əsas verir. Belarus, Özbəkistan və Pakistanın birgə təlimlərə qatılması təlimlərin miyasını və əhəmiyyətini artırmaqla yanaşı, iştirakçı ölkələr arasında qarşılıqlı əməkdaşlığın və etibarın möhkəmləndirilməsinə də xidmət edəcək.


Digər tərəfdən isə bu ölkələr NATO-nun aviasiya, silah və texniki vasitələri, onların döyüş meydanında real imkanları, tətbiqi konsepsiyası, döyüş əməliyyatlarının planlaşdırılması, əlaqələndirilməsi və həyata keçirilməsi taktiki metodikası ilə yaxından tanış olmaq imkanı əldə edə bilər. Məsələn iştirakçı ölkələrin nümayəndələri silahlanmalarında mövcud olan bütün silah, avadanlıq və texniki vasitələrdən, o cümlədən aviasiya vasitələrindən qarşılıqlı istifadə şansı əldə edir ki, bu da hər bir peşəkar hərbçi üçün çox vacib amildir. Türkiyə Silahlı Qüvvələrinin gecə şəraitində endirdiyi aviasiya zərbələri və ya gecə desant çıxarma əməliyyatları hər bir yeni üzv ölkə üçün maraqlı yenilikdir.


Sözügedən birgə təlimlərin Minsk üçün digər üstün bir cəhəti isə məlum geostrateji səbəblərdən müdafiə konsepsiyasını dəyişməyə başlayan ölkənin, Rusiyadan asılılığı azaltmağa və öz hərbi-sənaye kompleksini gücləndirməyə başlaması fonunda yüksək ixrac potensialına malik silah sistemlərini geniş ictiamaiyyətə təqdim etmək üçün vacib bir beynəlxalq platforma əldə etməsindən ibarətdır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Belarus/   Hərbi-əməkdaşlıq