"Azərbaycan-Türkiyə" sözünə uyğun 864 nəticə tapıldı!

Türkiyədən gəlmiş qazilər yallı halayına qoşulublar - VİDEO

2019/09/3e577-1568633760.jpg
Oxunub: 516     15:40     16 Sentyabr 2019    
Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 101-ci ildönümü münasibəti ilə sentyabrın 15-də təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Bakı Qarnizonundakı hərbi hissələri, qoşunları təmsil edən əsgər və zabitlər, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları Türkiyə səfirliyində Mustafa Kamal Atatürkün və Nuru Paşanın abidələrini ziyarət edib, Nuru Paşa salonu ilə tanış olublar.


Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqları ilə bəzədilmiş amfiteatrda əsl bayram əhval-ruhiyyəsi yaşanıb. Hərbi orkestr Türkiyədən gəlmiş qaziləri, istefada olan türk paşalarını, Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Ordusu rəsmilərini, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrini 101 il öncənin əsgər mahnı və marşları ilə qarşılayıb.

Layihənin müəllifi, Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani 1918-ci ilin 15 sentyabr gününü Bakının qurtuluş günü kimi səciyyələndirərək, bu günün ölkəmizin XX əsr tarixində şərəfli bir gün olduğunu böyük fəxarət hissi ilə qeyd edib.


“101 il öncə Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan və Türkiyə əsgərlərinin, zabitlərinin qəhrəmanlığı, rəşadəti nəticəsində Bakı tamamilə azad olundu. Tarixi düşmənlərimizin arzuları gözlərində qaldı, onlar mənfur niyyətlərini həyata keçirə bilmədilər. Müstəqilliyini yenicə elan etmiş Azərbaycan Xalq Cümhuriyyətini beşikdə boğmaq istəyən nankor qüvvələr qəhrəman “mehmetciyin” və Azərbaycan Ordusunun ilk döyüşçülərinin qarşısında duruş gətirə bilmədilər. Neçə-neçə şəhidlər verilsə də, Qafqaz İslam Ordusunun əsgər və zabitləri ruhdan düşmədi, bir addım da olsun geri çəkilmədi, döyüş meydanlarında Anadolu türklərinin qanı azərbaycanlıların qanına qarışdı.

15 sentyabr Bakının işğaldan azad edilməsi günü sevinci və kədəri bir olan, bir millət, iki dövlətin, Azərbaycan və Türkiyə xalqlarının müştərək zəfər bayramı günüdür. Bakının qurtuluşundan əsrdən artıq bir vaxt ötsə də, xalqımız “Qan ilə qazandıq zəfəri, verməyiz əldən!” şüarı ilə vuruşmuş türk və azərbaycanlı əsgərlərin xatirəsini həmişə əziz tutur, onları minnətdarlıqla yad edir. Biz 101 il öncə olduğu kimi 15 sentyabr gününü bu gün də birlikdə qeyd edir, gələcəkdə də əziz bayram kimi qeyd edəcəyik. Bu, heç kimdə şübhə doğurmamalıdır”, - polkovnik A.Qurbani deyib.


Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, ulu öndər Heydər Əliyevin, Nuru Paşanın, həmçinin hər iki ölkənin şəhidlərinin xatirəsi sayğı duruşu ilə yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himnləri ifa olunub.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral təntənəli mərasimə toplaşanları salamlayıb, əlamətdar gün münasibətilə təbrik edib, tədbirin təşkilində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və təşkilatçılara minnətdarlığını bildirib.

Səfir qeyd edib ki, Bakının işğaldan azad edilməsi bütün türk dünyası və onun gələcəyi üçün tarixi bir hadisə idi. Bu, Azərbaycan-Türkiyə münasibətləri baxımından deyil, həm də dünya tarixi üçün önəmli bir hadisə idi. Bu, Azərbaycan və Anadolu türklərinin qardaşlığının, birliyinin, həmrəyliyinin bariz nümunəsi idi. Birinci Dünya müharibəsinin bitməsindən sonra Osmanlı İmperiyası son günlərini yaşamasına, parçalanmaq təhlükəsi ilə üzləşməsinə baxmayaraq, ən yaxşı əsgərlərini Azərbaycana köməyə göndərdi. Onlar qardaş köməyinə gəldilər, döyüşdülər, yaralandılar, şəhid oldular. Ancaq qarşılarına qoyduqları məqsədə çatdılar. Bakı və ətraf rayonlar işğaldan azad edildi.


Daha sonra E.Özoral Türkiyədə Qurtuluş savaşına böyük dəstək vermiş və nəticədə Türkiyənin dünya xəritəsindən silinməsinə qarşı mübarizədə onlara böyük dəstək olmuş Nəriman Nərimanova Mustafa Kamal Atatürkün bu köməyin əvəzini verməyini təklif etdiyində N.Nərimanovun ona “Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşın əlindən tutar” cavabını verdiyini xatırlayıb və bunun bir ənənə, örnək olduğunu bildirib.

Fövqəladə və səlahiyyətli səfir ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamlarının hər iki ölkənin vətəndaşları üçün şüar olduğunu, bu qardaşlığın Azərbaycan və Türkiyə Respublikalarının prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən bu gün də uğurla davam etdirildiyini söyləyib.

İstefada olan general-leytenant Yaşar Aydəmirov, general-mayor Rasim Əliyev isə çıxışlarında Nuru Paşanı və onun qəhrəman “metmetciklərini” ehtiramla yad edib, Türkiyə təmsilçilərinə minnətdarlıqlarını bildirib və tədbir iştirakçılarına Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikini çatdırıblar.


Türk qaziləri adından söz alan Anadolu Aydınlar Ocağının rəhbəri, professor-doktor, istefada olan polkovnik İbrahim Öztek Azərbaycan-Türkiyə qardaşlığına həsr etdiyi yeni şeirini oxuyub.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının, “Səma” rəqs qrupunun və incəsənət ustalarının iştirakı ilə “Bir ürəkdə iki can - Türkiyə-Azərbaycan” adlı ədəbi-musiqili bədii proqram təqdim olunub. Türkiyə və Azərbaycan xalqlarının mahnıları, milli rəqslər və şeirlər mərasimi coşdurub.

Bakının qurtuluşu gününə həsr olunmuş təntənəli mərasimdə Türkiyədən gəlmiş, yaşları 80-90-ı haqlamış türk qaziləri yallı halayına qoşulub, “Nuru Paşa”, “Çırpınırdın Qara dəniz”, “Qardaşlıq türküsü” mahnılarını ifa edənlərin səslərinə səs veriblər.

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümünə həsr olunmuş təntənəli mərasim Azərbaycan-Türkiyə qardaşlığının nümayişinə çevrilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Bakı