"AMEA" sözünə uyğun 36 nəticə tapıldı!

MSN-dən “ADEX-2018”də mükəmməl çıxış: ETR-M, QFAB-250 LG, QFAB-50 İSAB, yoxsa… (FOTOLAR)

2018/09/bf6f8-3076454216.jpg
Oxunub: 5249     16:56     29 Sentyabr 2018    
Sentyabrın 27-də Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda keçirilən “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi öz işini başa çatdırdı.

Üç gün davam edən sərgidə Türkiyə, Fransa, İsrail, Rusiya, Ukrayna, Belarus, Pakistan, Çin və s. dövlətlər daxil olmaqla dünyanın 29 ölkəsindən 224 şirkət iştirak edirdi. İştirak edən dövlətlərdən 11 ölkə - Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Belarus, Çin, Pakistan, İsrail, İran, Ukrayna və Serbiya milli pavilyonları ilə təmsil olunurdular.

Sərgidə Azərbaycanı AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP), “Vitta” Elmi-texniki şirkəti və Hərbi Hava Qüvvələrinin Silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi ilk dəfə təmsil edirdi.

Azərbaycan hərbi sənaye müəssisələri ADEX 2018 sərgisində zirehli personal daşıyıcılarını, yeni taktiki raketləri, aviasiya bombaları, artilleriya vasitələrini, müxtəlif təyinatlı PUA sistemlərini, snayper tüfənglərinin, pulemyotların və atıcı silahların çoxsaylı modellərini, onların istifadə etdiyi həm NATO, həm də Sovet nümunəli döyüş sursatlarını və təlim məqsədli texniki təqlid vasitələrini təqdim etdilər.


“ADEX-2018” sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlardan - 7,62 millimetrlik AZ-50 tipli avtomat, 7,62x54 millimetrlik HP-7,62 tipli hücum pulemyotu, 8,6x70 millimetrlik "Vaşaq" snayper tüfəngi, 12,7x108 millimetrlik "Mübariz" snayper tüfəngi, 12,7x108 millimetrlik ST-12,7 tipli iriçaplı snayper tüfəngi, 23x115 millimetrlik İST-23 tipli iriçaplı snayper tüfəngi, 14,5x114 millimetrlik NST-14,5 tipli iriçaplı snayper tüfəngi, 12,7 millimetrlik iriçaplı NSVT-12,7 tipli pulemyotlu məsafədən idarə olunan döyüş modulu ilk dəfə nümayiş etdirilirdi. Nümayiş etdirilən məmulatlardan AZ-50 tipli avtomat, HP-7,62 tipli hücum pulemyotu, ST-12,7 tipli iriçaplı snayper tüfəngi, İST-23 tipli iriçaplı snayper tüfəngi və digər məmulatlar iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı.


Azərbaycan sənayesi artıq eskperimental taktiki raket istehsalına start verib. “ETR-M” adlanan raketin çapı 203 mm, ümumi kütləsi 250 kq, döyüş başlığının kütləsi isə 50 kq-dir. Müdafiə Sənayesi Nazirliyi mütəxəssislərinin hazırladığı raketin uzunluğu 2400 mm, uçuş məsafəsi isə 10 km-dən 60 km-ə qədər-dir. Start mühərrikinin işləmə müddəti 1.1 saniyə, mars mühərrikinin işləmə müddəti isə 200 saniyədən az deyil. Raketin tuşlanmasında İNS və GPS sistemlərindən istifadə edilir. Raket bir neçə moduldan ibarətdir. Modulların hər birini ayrılıqda sökmək, dəyişmək mümkündür. Raketin atıcı qurğusu da Azərbaycanda istehsal edilir.


Digər yeni istehsal olunan aviabomba Türkiyənin ASELSAN şirkəti ilə müştərək hazırlanan 250 mm çaplı "QFAB-250 LG" adlanan lazer başlıqlı qəlpəli fuqas bombasıdır. Aviasiya bombasının çəkisi 250 kiloqram, hədəfdən yayınması isə 10 metrdir.

Qəlpəli-fuqas aviabombasının uçuş məsafəsi 12 min metrdir. Bombanın uzunluğu 3300 mm, diametri 240 mm, kütləsi isə 270 kq-dır.


Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin zavodlarından birində sabit hədəfləri məhv etmək üçün digər bir özütuşlanan aviasiya bombası istehsal edilib. 203 mm çaplı “QFAB-50 İSAB” bombasının uçuş məsafəsi təyyarənin sürətindən asılı olaraq 10 km-dən 60 km-ə qədər dəyişir. Uzunluğu 1600 mm, diametri 230 mm olan bombanın kütləsi isə 65 kq-dır.

Müdafiə Sənayesi Nazirliyinin müəsisələrində hazırlanan aviasiya raket və bombaları tam sınaq dövrünü başa vurduqdan sonra silahlanmaya qəbul ediləcək. Hələlik “Su-25” təyyarələrində sınaqların birinci mərhələsi yekunlaşıb.


ADEX sərgilərində ilk dəfə nümayiş etdirilən silahlar arasında HP-7,62 tipli hücum pulemyotu da yer aldı. Bu pulemyotdan bir neçə avtomatik rejimdə atəş açmaq mümkündür. O, 7.62×54 mm-lik yerli istehsal mərmilərindən istifafadə edir. 100 və 200 ədəd mərmilik lentalar metal qutularda saxlanılır. Pulemyotun lenta ilə qidalanması uzun müddət fasiləsiz atəş açmağa imkan verir. Silahın sursatla qidalandırılması yalnız sağ tərəfdən mərmi dolu lentanın lülə qutusundakı qəbulediciyə yerləşdirməklə həyata keçirilməlidir.

Taktiki-texniki göstəriciləri:

- Silahın çəkisi 8.2 kq;
- Nişangah məsafəsi 1000 metr;
- Güllənin maksimum üçüş məsafəsi 3000 metr;
Ümumi uzunluğu:
a) Qundaq açıq vəziyyətdə 1080 mm;
b) Qatlanan vəziyyətdə 980 mm;
- Atəş tezliyi dəqiqədə 650-750 mərmi;
- Praktik döyüş atəş tezliyi dəqiqədə 250 mərmi;
- Lülənin ömrü 25000 ədəd mərmi təşkil edir.


Ətraf mühitin -50 °С-dən +50 °С-yə qədər temperaturunda, istənilən hava şəraitində - dumanda, çiskində, qarda, yağmurda, tozda istifadə etmək mümkündür. İkiayaqlı konfiqurasiyaya malik silah davamlı və uzunmüddəli istifadə üçün nəzərədə tutulur. Silahın atəş tezliyi qaz tənzimləyicisi vasitəsilə nizamlanır. Texniki xidmət istənilən zaman istənilən ərazidə qısa zamanda yerinə yetirilə bilər. Ehtiyat lülənin dəyişdirilməsi minimal zamanda həyata keçirilir. Uzunluğu plastik qundağın qatlanması ilə nizamlanan HP-7.62 pulemyotundan atəş qısa (10 atışa qədər), uzun (30 atışadək) qatarlarla və fasiləsiz aparıla bilər. Pikatinni lövhəsi isə əlavə avadanlıqların quraşdırılmasına imkan verir.


Sərgidə ilk dəfə nümayiş olunan silahlardan biri də 7.62 mm-lik AZ- 50 avtomatı idi. Sınaq müddəti başa çatan avtomat silahın sınaq dövrü tam başa çatıb və seriyalı istehsalına başlanılıb. Yaxın zamanlarda digər modellərin də istehsalı nəzərdə tutulur.

Yeni AZ-50 tüfənginin çapı 7,62x39 mm, atış məsafəsi isə 1000 metrdir. Silahın boş çəkisi 3,6 kq-dır. Avtomat 6 vəziyyətdə sabitləşdirilə bilən teleskopik qundaqla təmin olunub. Dünyada ilk dəfə olaraq avtomat silah 50 ədəd mərmi yerləşdirə bilən xəzinə ilə təchiz edilib. Bu da daha uzun müddət effektiv döyüş aparmağa imkan verir. Tüfəngin hədəfə tuşlanması optik, lazer və ya mexaniki nişangahlarla yerinə yetirilir. Avtomat 400 metr məsafədə səmərəli olan lazer tuşlayıcı ilə də təmin olunub. Hazırda mühəndislər 60 ədəd mərmi yerləşdiriləcək xəzinəni hazırlamağa çalışırlar. Silahın digər xüsusiyyətlərinin Ak-74 silahından fərqlənmədiyi üçün detallara toxunmuram.


Sərgi iştirakçılarının marağına səbəb olan silahlardan biri də ST-12,7 yarımovtamat antimaterial snayper tüfəngi oldu. Daim yerli audiotoriyada mübahisələrə səbəb olan bu snayperin təyinatı tam fərqlidir. Bu snayper tüfəngi əsasən uzaq məsafələrdə yerləşən vasitələri məhv etmək məqsədilə dəqiq atəş açmaq üçün nəzərdə tutulur.

Snayper tüfəngi aşağıda göstərilən döyüş tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub:

- Yüngül zirehli hədəflərlə, pilotlu və pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq;
- 2000 m-ə qədər məsafələrdə yüngül sığınacaqlar arxasında qorunan, qısa müddətdə görünən, hərəkət edən və etməyən, açıq və maskalanmış hədəfləri məhv etmək;
- Mühəndis sursatlarını təhlükəsiz məsafədən məhv etmək;
- Döyüş, nəqliyat, rabitə, kəşfiyat, idarəetmə, kəşfiyyat vasitələrini, radiolokator və peyk rabitə sistemlərinin antenalarını, raket və artilleriya qurğularını, tankların xarici avadanlığını sıradan çıxarmaq;
- Sərhədlərə nəzarət etmək və su hövzəsi sahillərini kiçik gəmilərdən qorumaq.


12.7x108 mm-lik patronlardan atəş açan ST-12.7 tüfəngi müxtəlif istismar şəraitində - havanın 93-97% nisbi rütübətliliyində, -50 dərəcədən +50 dərəcə temepratura qədər effektiv istifadə oluna bilir. Yağış, toz və qar şəraitində etibarlı işləyir. O, vacib düşmən hədəflərinə tək-tək və dəqiq atəşin açılması üçün nəzərdə tutulub. Tüfəngin hədəfə tuşlanması optik və mexaniki nişangahlarla yerinə yetirilir. Snayper tüfəngi yerli müəssisədə hazırlanan daha müasir optik nişangahla və ya “Aselsan Pyton” termal görüntüləmə nişangahı ilə təchiz olunur.

Taktiki-Texniki göstəriciləri:

- Sursat 12.7x108 mm;
- Çapı 12.7 mm;
- Atəş tezliyi 15 atəş/dəq;
- Başlanğıc surət B-32 845 m/san;
- Silahın uzunluğu 1800 mm;
- Lülənin uzunluğu 1000 mm;
- Hədəf məsafəsi 2000 m;
- Xəzinə tutum 7 ədəd;
- Çəkisi 16 kq;
- İş prinsipi yarımavtomat.


Silahdan 12,7x108 mm-lik çaplı snayper, zirehdələn-yandırıcı (B-32 və BS), zirehdələn-yandırıcı-izburaxan (BZT-44) və adi təsirli yandırıcı gülləli (MDZ) mərmilərlə atəş açılır.

12.7x108 mm-lik snayper tüfəngi cəbhədə Azərbaycan Silahlı Qüvvələri tərəfindən uğurla istifadə olunur.


MSN tərəfindən təqdim edilən ağır snayperlər ailəsindən digər bir silah, 2000 metr atəş məsafəsinə malik 23 mm çaplı İST-23 snayper tüfəngi oldu. Bu snayper tüfəngi də əvvəlki ST-12.7 kimi maddi vəsaitlərin sıradan çıxarılması funksiyalarını tam yerinə yetirməklə yanaşı PDM, BTR kimi zirehli vasitələrin və dayanacaqda olan aviasiya vasitələrinə qarşı səmərəli mübarizə apara bilir.

Taktiki-Texniki göstəriciləri:

- Sursat 23x115 mm;
- Çapı 23 mm;
- Atəş tezliyi 6 atəş/dəq;
- Silahın uzunluğu 1770 mm;
- Lülənin uzunluğu 1000 mm;
- Hədəf məsafəsi 2000 m;
- Çəkisi 34 kq;
- İş prinsipi mexaniki.


Beynəlxalq nümayəndə heyətlərinin və xarici şirkətlərin “ADEX-2018” sərgisinə böyük maraq göstərməsi Azərbaycanın həm mühüm strateji tərəfdaş, həm də regionda etibarlı əlaqələrin rəmzi kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq etdi.

Sərgi çərçivəsində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin ASELSAN şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı. Eyni zamanda, Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında Silahlı Qüvvələrin rabitə vasitələrinin təchizatına dair anlaşma memorandumu imzalandı.

Sərgini ziyarət edənlər arasında yerli və beynəlxalq mütəxəssislər, hərbi ekspertlər, hərbiçilər, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri, Azərbaycan Texniki Universitetinin Xüsusi texnika və texnologiya fakultəsinin tələbələri və eyni zamanda sıravi vətəndaşlar da var idi.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ADEX-2018   MSN