"Açıq-qapı" sözünə uyğun 142 nəticə tapıldı!

“Azərbaycan Bayrağı” ordenli hərbi tibb bacısı Məleykə Əhmədova

2019/06/DSC06-1559558557.jpg
Oxunub: 2236     15:28     03 İyun 2019    
“Məzarının baş daşındakı şəklindən boylanan kədərli baxışları qəlbimdə bu cəsur qadınla bağlı xatirələrimin qapılarını geniş açır”.

İkinci Şəhidlər xiyabanındayam. Səma açıq olduğundan baxışlarım sonsuzluğacan uzanıb gedir. Bənzərsiz çöhrəsini üzümüzə yenicə açmış səhərin gözəlliyinə baxa-baxa məzarları ziyarət edirəm. “Azərbaycan Bayrağı” ordenli hərbi tibb bacısı Məleykə Əhmədovanın məzarı yanında ayaq saxlayıram. Bir vaxtlar Məleykə özü də xiyabana ziyarətə gələrdi.

Məzarının baş daşındakı şəklindən boylanan kədərli baxışları qəlbimdə bu cəsur qadınla bağlı xatirələrimin qapılarını geniş açır. Xatirələrin sirli-sehrli pıçıltısında ömür kitabımı vərəqlədikcə yadıma düşdü ki, Məleykəylə ilk dəfə soyuq qış günündə - 3 yanvar 1993-cü ildə bir tədbirdə rastlaşmışdıq. Söhbət zamanı hospitalda hərbi tibb bacısı işlədiyini dedi. Sinəsindən qara haşiyəyə alınmış əsgər şəklinin asıldığını görəndə kim olduğunu soruşdum. Kədərli səslə: “Qardaşım Kamandarın şəklidir. Fərrux dağı uğrunda gedən döyüşdə şəhid oldu, hələ qırxı çıxmayıb”, - dedi. Dil-ağız edib başsağlığı verdim.

Tibb bacısı ermənilərin ailələrinin başına gətirdikləri dəhşətli hadisələrdən yana-yana söz açdı. Onun qəmli hekayətini ürək ağrısı ilə dinlədim. Qədim torpaqlarımız olan Ermənistanda dünyaya göz açmış Məleykə uzun illər doğma kəndləri olan Böyük Ayrımdan bir az uzaqdakı Axtala qəsəbəsindəki xəstəxanada tibb bacısı işləyib. Hələ Sovet hökumətinin vaxtlarında ermənilər Məleykənin iki qardaşını - Yaqubu və Səyyadı vəhşicəsinə öldürmüşdülər. Qarabağ hadisələri yenicə alovlanmağa başlayanda işlədiyi xəstəxananın rəhbərliyi Məleykəni ixtisasını artırmaq üçün İrəvana göndərir. Baş həkim düşünür ki, tibb bacısı hadisələrdən qorxub ölkənin paytaxtına getməyəcək. O da bunu bəhanə edib Məleykəni işdən qovacaq. Həmin günlər ermənilər İrəvanda mitinq keçirərək Moskvadan Qarabağın Ermənistana birləşdirilməsini tələb edirdilər. Belə gərgin və təlatümlü bir vaxtda Məleykə İrəvana kursa yollanır. Bir müddətdən sonra isə ermənilər onları doğma ocaqlarından qovurlar.

1992-ci ilin fevralında hərbi-səhra hospitalı yaradıldığını eşidən tibb bacısı burada xidmətə başlayır. Vaqonlarda yerləşən hospital fevralın 25-də səhər-səhər Ağdam şəhərinə çatır. Həmin axşam ermənilər yüzlərlə insanı amansızcasına qətlə yetirərək dünyanı sarsıdan Xocalı faciəsini törədirlər. Məleykəgil o gərgin günlərdə yüzlərlə Xocalı sakinini ölümün pəncəsindən xilas edirlər. Bir müddət sonra hospital vaqonlardan bu kənddəki məktəbə köçür. Çox keçmir ki, Kamandar da ürəyində intiqam hissi Qarabağa döyüşə gəlir. Həm cəsarətinə, həm də erməni dilini bildiyinə görə komandanlıq onu tez-tez kəşfiyyata göndərirmiş. Bir dəfə əməliyyata gedərkən təsadüfən qonşuları erməni Samvellə qarşılaşır. Samvel onu tanısa da, Kamandar erməniyə yanıldığını sübut edir. Çətin anlar yaşasa da, əməliyyatdan sağ-salamat dönür. 1992-ci ilin dekabrında şəhid olur...

Söhbətlərinə qulaq asdıqca Məleykə gözümdə daha da ucalırdı. Tibb bacısı zərif qadın ürəyində qardaşlarının intiqamını və doğma ocaqlarının nisgilini daşıyırdı. Daşnaklar onun ürəyinə çalın-çarpaz dağlar çəkərək, həm qardaşlarını öldürmüş, həm də doğma ocaqlarından qovmuşdular. Yaqubun, Səyyadın məzarlarının düşmən tapdağı altında qalması bu cəsur qızın ürəyini yandırıb-yaxırdı. Həmin anlarda düşünürdüm ki, Məleykə kişi qeyrətlidir, çiyinlərinə düşən ağrılar qəddini əyməz. Bəlkə də yanılırmışam. Görünür ki, dərd tibb bacısını içindən əridirmiş.

Məleykənin sözlərindən hiss edirdim ki, onun qanı vətənpərvərlikdən yoğrulub. Yurdu qoruyan oğullara qardaşları kimi baxırdı. Yaralılara qayğı ilə yanaşır, onların ağrılarını yüngülləşdirməyə çalışırdı.

Xidmətdə göstərdiyi cəsarətə, hünərə görə ölkə başçısının 9 oktyabr 1994-cü il tarixli fərmanı ilə Məleykə Əhmədovaya “Azərbaycan Bayrağı” ordeni verildi. Qardaşı Kamandar isə Qarabağ döyüşlərindəki şücaətinə görə (ölümündən sonra) “İgidliyə görə” medalına layiq görüldü. Kamandarın məzarı birinci, Məleykənin məzarı isə ikinci Şəhidlər xiyabanında olsa da, ruhları bir yerdədir.

Ağır xəstə idi, hospitalda yatırdı, vəziyyəti yaxşı deyildi. Sağalmaz xəstəliyə tutulduğunu özü də bilirdi. Günlər onu ömrünün sonuna aparırdı. İşlədiyi vaxtlarda neçə-neçə yaralıya, xəstəyə həyat vermiş Məleykənin özünün sağlamlığı çətin durumda idi.

Şair təbiətli Məleykənin qələmindən incə ruhlu şeirlər çıxmışdı, kitabları çap olunmuşdu. Tibb bacısı ömrünün son günlərində də yazıb-yaratmağından qalmırdı. “Xocalı şərqisi” onun son əsəri oldu. Məleykə xəstə yatdığı günlərdə başının üstündən üçrəngli bayrağımızı asmışdı. Yaxınlarına belə bir vəsiyyət edib: "Bayrağı saxlayarsınız. Torpaqlarımız azad olunandan sonra onu Qarabağın ən uca zirvəsindən asarsınız”.

Gün gələcək ki, bayraqlarımız Qarabağda da dalğalanacaq. Onda Məleykənin də ruhu rahatlıq tapacaq...

Məzarının üstündə dayanıb sanki onunla danışıram: “Məleykə, məndən əvvəl də kimlərsə ziyarətində olub, məzarının üstünə qərənfillər qoyub. Güllər hələ təravətini itirməyib. Mən də çiçəkləri şəklinə baxa-baxa məzarının üstünə düzürəm. Nə qədər həyatda varıqsa, səni qəlbimizdə yaşadacağıq. Çünki sən şərəfli bir ömür yaşamısan. Elə bir ömür ki, həmişə fəxr ediləsi və qürur duyulasıdır. Kədər içində olum və ölüm tarixlərinə baxıram. 1 iyun 1957-ci ildə doğulmuşdun. 49 il ömür sürdün. Yaşasaydın, 62 yaşını qeyd edəcəkdin. Amma sənin ömür karvanın yaş təqviminin 49-cu pilləsində dayandı. Ömrün əzablardan keçdi, qanlı-qadalı hadisələrin şahidi oldun. Dərdin çox olsa da, gül çöhrəndən təbəssüm əskilmirdi. Demə, dərd adamı güldürərmiş də! 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü doğulmuşdun. Bəlkə də elə buna görə sən o cür saf və təmiz idin. Sən səni tanıyanların yaddaşında həmişə bu cür saf, təmiz və səmimi qalacaqsan..."

Vahid Məhərrəmov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Məleykə-Əhmədova