"İspaniya-Azərbaycan" sözünə uyğun 16 nəticə tapıldı!

Kataloniya, Qarabağ və erməni populizmi

2017/10/19_1508758565_1509086828.jpg
Oxunub: 4520     14:47     27 Oktyabr 2017    
Müasir separatizm öz daxili strukturuna, ideoloji dəstəyinə və strategiyasına görə çox mürəkkəb anlayışdır. Müxtəlif regionların separatist prosesləri arasında bərabərlik işarəsi çəkən populist politoloqlar müasir regionların xüsusiyyətlərini, prosesə təsir edən xarici və daxili nüansları nəzərə almırlar.

İspaniyada Kataloniyanın krallıqdan ayrılmasına cəhd etməsi ilə bağlı baş verən son hadisələrlə əlaqədar olaraq, populistlər və xarakter baxımdan onlara yaxın olan politoloqlar Dağlıq Qarabağ münaqişəsi ilə katalonların “azadlıq mücadiləsi” arasında analogiya tətbiq edirlər. Bənzər müqayisə proseslərin öz simasını itirməsinə, uzun illər davam edən danışıqlar nəticəsində əldə olunan azsaylı nailiyyətlərin dondurulmasına səbəb olur.

2017-ci ilin oktyabrında Kataloniyada keçirilmiş seçkilərin nəticələrinə istinad etməzdən öncə, regionun xüsusiyyətlərini nəzərə almaq önəmlidir. Kataloniya, Piriney yarımadasının şimal-şərqində yerləşməklə İspaniyanın daha çox inkişaf etmiş bölgəsidir. Kataloniyanın gəlirləri İspaniyanın Ümumi Daxili Məhsulunun 20 faizini təşkil edir. Müqayisə üçün qeyd edə bilərik ki, Dağlıq Qarabağ həmişə dotasiyalaşdırılmış bölgə olaraq qalıb. Dağlıq Qarabağın gəlirləri dövlət büdcəsindən onlara ayrılan vəsaitlərdən daha az idi. Katalon milliyyətçiləri getdikcə daha çox öz tarixi keçmişlərinə istinad etməyə və bundan əhali arasında təbliğat vasitəsi kimi (bu məsələdə onların metodları Qarabağ separatçılarının fəaliyyəti ilə üst-üstə düşür) istifadə etməyə çalışırlar.

“Kataloniya qədim mədəniyyətə malik bölgədir. Lakin qeyd etmək lazımdır ki, katalon milliyətçiləri belə iddialar üzərindən psevdo-elmi üstünlük əldə edə bilməyəcəklərini anladıqlarına görə, bölgənin qədim tarixi ilə bağlı məsələdə o qədər də dərinə enmirlər”, - deyə tarixçi A.A.Orlov özünün “Müasir İspaniyada milliyyətçilik və separatizm problemlərinin dərin tarixi kökləri” adlı məqaləsində qeyd edir.

Katalon xalqının formalaşması yalnız IX əsrdə, 801-ci ildə Barselona qraflığının yaranması ərəfəsinə təsadüf edir. XII əsrdə Barselona qrafı ilə Araqon şahı arasında bağlanan sülalə nigahı əsasında Araqon şahlığı yaradılıb. Yeni dövlətdə Kataloniya öz daxili institutlarını və ənənəvi hüquqlarını qoruyub saxladı. 1359-cu ildə Kataloniya parlamenti dövlət orqanı kimi tanındı. Jeneralitet parlamenti – müasir katalon parlamenti özünü onun varisi hesab edir.



Mərkəzləşdirilmiş İspaniya formalaşdırmaq iddiası təklif edildikdə, katalonlar hər zaman mərkəzi hökumətlə münaqişəyə girirdi. İlk dəfə İspaniyadan ayrılmaq cəhdi 13 illik müharibə (1618-1648) dövrünə təsadüf edir.

Müharibə ərəfəsində böyük iqtisadi böhran, Kataloniyadakı ispan qarnizonları, Portuqaliyanın müstəqillik əldə etməsi fonunda, katalon aristokratiyası kardinal Rişeyle ilə Fransa tacının təbəəsi olmaq barədə gizli danışıqlar aparmağa başladı. Lakin, 1652-ci ilin sonunda ispan qoşunları Barselonanı ələ keçirdilər və IV Filipp katalonların bəzi məhdudiyyətlərlə əvvəlki hüquqlara malik olduqlarını bildirdi. 1659-cu ildə əldə olunmuş Piriney razılaşmasına əsasən, katalonların məskunlaşdıqları bəzi ərazilər bu gün də tərkib hissəsi olduqları Fransaya (Russilyon, Koflan və Valyespir) keçdi.

“Müstəqillik əldə etmək uğrunda ikinci cəhd isə, ispan mirası uğrunda müharibə (1701-1714) dövrünə təsadüf edir. İspan tacına namizəd olan hersoq Karlın mövqeyini dəstəkləyən Kataloniya burbonlar tərəfindən məğlubiyyətə uğradıldı və 11 sentyabr 1714-cü ildə Barselona məcburən təslim oldu. Repressiyalar yalnız anti-burbon müqavimət hərəkatının rəhbərlərinə deyil, həm də Kataloniyanın ənənəvi institutlarına nisbətdə tətbiq edildi. Burbonlar parlamenti, yerli əhalinin ənənəvi hüquqlarını – fuerosunu ləğv etdilər, ictimai həyatda katalon dilinin sıxışdırılmağa başlanıldı. Hələ, 1711-ci ildə V Filipp Kataloniyada kastilya dilinin yayılmasına dair əmr vermişdi. 1760-cı ildə V Filippin oğlu şah III Karla barselonalılar tərəfindən edilən müraciətdə bir çox hallarda istifadəsinə görə, cəzalandırılan katalon dilinin qanuniləşdirilməsi tələb olunurdu. XIX əsrin ortalarında III Karlın nəticəsi II İzabella xüsusi şəhzadə əmri ilə katalon dilini məhz “kastiliya dilinin dialekti” adlandırmağı tələb edir”, - deyə ispan-rus tədqiqatçısı Yelena Visens qeyd edir.

İspaniyada işçi hərəkatının və I İnternasionalın ideyalarının yayılmağa başlaması ilə Kataloniyada və krallığın başqa vilayətlərində regionlaşdırma, muxtariyyətləşmə və federallaşma prosesləri də başlandı. 1932-ci ildə İkinci Respublikanın elan edilməsi ilə Kataloniya yeni status əldə etdi və muxtar hakimiyyət orqanları yaradıldı. Lakin, respublikaçıların 1936-1939-cu illərdəki vətəndaş müharibəsində məğlub olmasından sonra, Franko rejimi muxtariyyəti ləğv edərək katalonlara qarşı yeni kütləvi repressiyalara başladı. Ölkənin basklar yaşayan bölgəsində, Qalisiya, Kataloniya, Valensiyada nəinki doğma dildən ictimai formada və rəsmi işlərdə istifadə etməyi, həm də ondan danışmağı qadağan etdilər.

1975-ci ildə Frankonun ölümündən sonra, İspaniyada demokratik institutların bərpasına başlanıldı. Daha öncə şahlıq edən Xuan Karlosun atası Don Xuan de Burbin, Barselona qrafı titulunu qəbul edərək katalon dilini mükəmməl səviyyədə öyrənib katalon dilinin intibahını başladan ilk şəxs oldu.

1978-ci ildə Konstitusiyanın qəbul edilməsi qanunvericilik səviyyəsində Kataloniyanın və İspaniyanın digər əyalətlərinin muxtariyyətini təmin etdi. 25 oktyabr 1979-cu ildə katalonlar öz milliyətlərini katalon, öz dillərini isə katalon dili müəyyənləşdirə biləcək muxtar nizamnamənin lehinə səs verdilər.

1990-cı illərin ortalarında, Kataloniya və Basklar vilayətinin muxtariyyət statusu ilə bağlı keçirilən islahatlardan sonra, onlar daha çox hüquqlar əldə etdilər. Yerli idarəetmə məsələləri, sahibkarlıq, nəqliyyat, ölkədaxili əlaqələr, ictimai təhlükəsizlik, polis, həmçinin təhsil, mədəniyyət, dil siyasəti, ətraf mühitin mühafizəsi və hissəvi şəkildə ədalət məhəməsi Madriddən asılı olmadan yerli orqanların nəzarətindədir.

“2004-cü ildə hakmiyyətə sosialistlərin gəlməsi ilə, muxtariyyətin səlahiyyətlərinin artırılması mövzusunda müzakirələr daha da geniş vüsət aldı. 18 iyun 2006-cı ildə yeni muxtariyyət statusu ilə bağlı məsələ referenduma çıxarıldı. Nəticədə, katalonlar böyük səs üstünlüyü ilə onun qəbul edilməsinin lehinə səs verdilər.

Yeni muxtariyyət statusu yerli hakimiyyətin vergi və məhkəmə sferasında, yerli dəniz və hava limanları, qeyri-qanuni immiqrasiya və qanuni immiqrasiyanın tənzimlənməsi və s. sahələrdə səlahiyyətlərinin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tuturdu. Bəzi səlahiyyətlər bilavasitə ölkənin əsas qanunverici aktı olan konstitusiyanın müddəalarını pozur və onlara zidd gedirdi. Mübahisəli məqamların böyük əksəriyyəti referendumun yekun mətnindən çıxarıldı”, - deyə Yelena Visens bildirib.

Ən geniş müzakirələr katalonların hüquqi statusunun müəyyənləşdirilməsi mövzusunda baş tutub. Yeni nizamnamənin mətninin tərtibatçıları Kataloniyanı ispan millətindən fərqli millət kimi təyin etməyə çalışırdılar. İspaniyanın konstitusiyası İspaniya ərazisində cəmi bir millətin – ispanların mövcudluğunu nəzərdə tutur. Digər millət qrupları, həmçinin katalon və basklar da İspan millətinə aid edilir. Qanunun tanınması katalonların millət kimi təsdiqi ilə nəticələnəcək. Bu isə, İspaniya ərazisində yaşayan baskların, valensiyalıların, qalisiyalıların hüququnun pozulması demək olardı. Katalon layihəsinin tənqidi bir ölkənin daxilində bir neçə millətin mövcudluğu məsələsi ilə bağlıdır. Belə ki, bu, hal-hazırda İspaniyada baş verən separatizm dalğasına səbəb olacaqdı.

Hərəkatın müasir mərhələsində katalonlar 2014-cü ilin 18 sentyabrında Şotlandiyada keçirilən referenduma istinad edirlər. Lakin bu məsələdə çox mühüm detalları nəzərdən qaçırırlar. Şotlandiyada Böyük Britaniyadan ayrılmaq uğrunda mübarizə 1948-ci ildən başlanıb. Londonun bu istiqamətdəki təbliğat tədbirləri uğurla nəticələnirdi – şotlandlar Birləşmiş Krallığın daxilində qalmaqlarına dair öz şərtlərini bildirdilər, London isə daxili uğur və müvəffəqiyyətsizliklərə görə məsuliyyəti Şotlandiya hökumətinin üzərinə daşıdı.

Kataloniya üçün İspaniyadan ayrılmanın müsbət heç nə verməyəcəyi aydındır. Madrid bütün katalon mallarına boykot elan edəcək. Nəzərə alsaq ki, Kataloniyanın ixracı bilavasitə İspaniyada istehlak olunmağa yönəlib, xarici əlaqələri isə o qədər də genişüfüqlü deyil, o halda kataloniyalıların həyat səviyyəsi ciddi şəkildə aşağı düşəcək. Kataloniya hökuməti indiyədək Madrid tərəfindən təmin olunan milyonlarla təqaüdçünün, büdcə işçilərinin və həyat şəraiti yaxşı olmayan əhalinin maddi təminatını öz üzərinə götürməli olacaq. Bu ödənişlərin edilə bilməməsi sosial gərginliyə səbəb olacaq. Həmçinin zəmanət vermək olmaz ki, katalonlar ərazi iddiası ilə Fransaya etiraz etməyəcəklər, bu isə Avropada yeni gərginlik mərkəzinin yaranmasına səbəb olacaq.

Kataloniyanın tarixinin qısa məcmuəsi və katalon milliyyətçilərinin tələbləri, tərəfimdən oxucunun Kataloniya məsələsini erməni tərəfinin sübut və arqumentləri ilə müqayisə edə bilməsi məqsədilə təqdim olunub. Qarabağ münaqişəsinə gəlincə, erməni tərəfi qəsdən alban kiləsisinin də ermənilərlə eyni dini təlimə aid olmaması faktını qəbul etmək istəmir. Arxeoloji və tarixi abidələrin böyük nisbətdə oxşarlığı isə, yalnız ermənilərin ciddi “əziyyətindən” sonra mümkündür. Həmçinin Dağlıq Qarabağ ərazisindəki tədqiqatlar yalnız ermənilər və ya onlara ideya yaxınlığı olan tədqiqatçılar tərəfindən aparılır ki, bu da əldə olunan sübut və məlumatların dəyərliliyini böyük miqyasda aşağı salır. Kütləvi informasiya vasitələrini Dağlıq Qarabağda ermənilərin yerli xalq olması iddiası ilə aldadan erməni populistləri Azərbaycan tərəfindən qoyulan suallara uğursuz şəkildə münasibət bildirir və təxribat xarakterli xurafat uydururlar. “Yalan nə qədər daha çox dəhşətlidirsə, insanlar ona daha çox inanırlar”, - nasizmin ideoloqu Yozef Gebbels səhv etmirəmsə, fikrini məhz belə ifadə edib.



“Mahiyyət etibarilə katalon milliyyətçiləri ilə Qarabağ separatçılarını yalnız “millət” anlayışı mənasının müəyyənləşdirilməsi məsələsi fərqləndirir. Katalonlar özlərini “millət” adlandırarkən BMT-nin “millət” və “dövlət” anlayışları arasında bərabərlik işarəsi qoyan sənədlərinə istinad edirlər. Millətin müəyyən edilməsinin iki klassik əlaməti var: - ərazi ilə bağlılıq və məxsusi identikliyə sahib olma (dil, din, mədəniyyət və s.). Ermənilərin artıq Ermənistan Respublikası ərazisində yayılmış və yaşayan öz milləti var.

Ermənistan xaricində yaşayan ermənilər İrəvanda yaşayan həmvətənlilərinin statusuna sahib ola bilərlər. Ermənistan ərzisinə köçürülən və köçən insanlar belə sonra erməni millətinin tərkib hissəsinə çevrilirlər. Lakin, Ermənistandan kənarda yaşadıqda, onlar yaşadıqları ölkənin millətinə aid edilirlər. Həmçinin ermənilər “xalqaların öz müqəddəratını təyin etmək hüququ” ifadəsinin Avrasiya materikinə yox, Afrikada və digər regionlardakı Avropa kaloniyalarına nisbətdə istifadə edilməsi faktını da gözardı edirlər. Ələlxüsus da, Qarabağ münaqişəsinin tənzimlənməsi strategiyasının əsas müddəalarından biri də, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra Qarabağ əhalisi arasında referendum keçirilməsindən ibarətdir”, - deyə politoloq Elxan Ələsgərov CBC-yə müsahibəsində bildirib.

Qarabağın Azərbaycan Respublikasından ayrılmasının və müstəqilliyinin birtərəfli qaydada elan edilməsi, həm xalqların öz müqəddəratını təyin etməsi, həm də ərazi bütövlüyü prinsiplərinə ziddir. Həmçinin, Azərbaycandan ayrılmaq mövzusunda “Qarabağ referendumu” ilə müqayisə aparan populistlər çox mühüm nüansları nəzərə almağı unudurlar. İlk növbədə, bu psevdo-referendum Qarabağın bütün sakinlərinin iradəsini əks etdirmirdi. İkincisi, nə Böyük Britaniya, nə də İspaniyanın hazırda ərazi problemləri yoxdur və ərazinin hansısa hissələrinin işğal edilməsi faktı beynəlxalq miqyasda qəbul edilmir. Azərbaycan məsələsində isə, biz qonşu dövlət tərəfindən ərazi işğalı məsələsindən bəhs edirik.

Buna görə də, katalonların müstəqillik əldə etmək cəhdi ilə Dağlıq Qarabağın separatist işğalı arasında müqayisə aparmaq növbəti dəfə siyasətçilərin diqqətini Qarabağ münaqişəsinin real vəziyyətindən yayındırmağa yönəlmiş populist fənddən başqa bir şey deyil. Həmçinin, Azərbaycanın Qarabağ məsələsində olduğu kimi, Madridə də katalon separatizminə qarşı hərbi güc tətbiqini qadağan edən heç bir BMT qanun və ya qətnaməsi yoxdur. Bəli, bu məsələyə münasibətdə iki təmamilə fərqli proses arasında həqiqətən bürokratik bənzərlik var.

Zaur Mehdiyev
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kaatloniya   Qarabağ   Separatizm