"Ölüm" sözünə uyğun 1143 nəticə tapıldı!

Naxçıvanın Sovet İttifaqı Qəhrəmanları

2019/05/photo-1557382988.jpg
Oxunub: 256     11:46     09 May 2019    
Dünyanın ən dəhşətli ölüm savaşı sayılan İkinci Dünya Müharibəsində Azərbaycanın hər yerindən olduğu kimi Naxçıvandan da insanlar iştirak edib.

1941-1945-ci illər ərzində bu müharibəyə Naxçıvan Muxtar Respublikasından 30 mindən artıq oğlan və qız yola düşüb. Onların 15 min 500-ü müharibənin getdiyi bütün ərazilərdəki döyüşlərdə qəhrəmanlıqla həlak olub. Naxçıvanlı döyüşçülərdən 600 nəfəri müxtəlif orden və medallarla, bir nəfəri Şöhrət ordeninin hər üç dərəcəsi ilə, 3 nəfər isə keçmiş SSRİ-nin ən yüksək fəxri tituluna - Sovet İttifaqı Qəhrəmanı adına layıq görülüb.

Naxçıvanın Sovet İttifaqı Qəhrəmanlarını təqdim edirik:

1. Qəzənfər Qulam oğlu Əkbərov - 1917-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olub. 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirib. Müəllim işləyib. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna yazılıb və Tbilisi topçuluq məktəbində təhsil alıb. 1942-ci ildən döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Q. Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak edib.

1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərib. Onun başçılığı altında üç nəfər topçu almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girərək bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabitini məhv ediblər. Bu döyüşdə Qəzənfər Əkbərov qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olur. Bu qəhrəmanlığına görə Qəzənfər Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb..

Naxçıvan Muxtar Respublikasında Q. Əkbərovun xatirəsi əbədiləşdirilib. Ona Cəhri kəndində abidə qoyulub. Adına küçə və məktəb vardır.

2. Abbas Şahbaz oğlu Quliyev - 1916-cı il sentyabrın 15-də Naxçıvanın Babək rayonunun Şəkərabad kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı pedaqoji texnikumunda təhsil alıb. 1937-ci ildə təhsilini başa vuraraq Naxçıvana qayıdıb. Burda teatrda səhnə fəaliyyəti ilə məşğul olub.

1941-ci ildə Sovet Ordusuna çağırılıb və Sumı topçuluq məktəbini bitirib. Kapitan A.Ş.Quliyev Dneprdən Visla çayına qədər döyüş yolu keçib. 1944-cü ilin avqustunda Polşa torpağında o, öz topçuları ilə birlikdə xüsusi tapşırığı yerinə yetirərək düşmənin diqqətini yayındıraraq Visla çayının sağ sahilinə keçib. Sonra isə üç gün ərzində faşistlərlə qeyri-bərabər döyüş aparmaqla sovet qoşunlarının maneəsiz çayı keçməsi və düşməni darmadağın etməsinə şərait yaradıb.

1945-ci il fevralın 25-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. O vaxtlar "İzvestiya" qəzeti bu münasibətlə yazırdı: "Naxçıvan teatrı A. Quliyevin şəxsində müvəqqəti də olsa səhnə xadimini itirsə də, Sovet Ordusu onun simasında bacarıqlı və fədakar zabit əldə etmişdi".

Kapitan A.Quliyev müharibə qurtardıqdan sonra, 1945-ci ildə hərbi xidmətdən tərxis olunmuş və Naxçıvanda rəhbər vəzifələrdə işləyib. 1997-ci il dekabrın 25 də Naxçıvan şəhərində vəfat edib.

3. Nəcəfqulu Rəcəbəli oğlu Rəfiyev - 1915-ci il martın 22-də Ordubad şəhərində anadan olub. 1935-ci ildə Sovet Ordusuna çağırılıb. 1937-ci ildən isə Nəcəfqulu Rəfiyev ali hərbi məktəbdə təhsil alıb. Faşist Almaniyasının SSRİ-yə hücum etməsindən 4 gün keçdikdən sonra sürücü-mexanik, tank komandiri, tank vzvodunun komandiri kimi Cənub—Qərb, Şimali Qafqaz, 1-ci Belorusiya cəbhələrində alman faşist işğalçılarına qarşı döyüşlərdə iştirak edib. 1944-cü ilin yayında Minsk şəhəri yaxınlığında gedən döyüşlərdə , Baronoviçi şəhərinin azad edilməsində şücaət və qəhrəmanlıq göstərib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 9 sentyabr tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibədən sonra müxtəlif hərbi hissələrdə qulluq edib. 1955—1959-cu illərdə Lənkəran hərbi komissarlığında şöbə rəisi, Culfa rayon hərbi komissarı işləyib. 1959-cu ildə ordudan tərxis olunaraq Azərbaycan SSR avtomobil nəqliyyatı sistemində əmək fəaliyyətini davam etdirib. 1970-ci il dekabrın 24-də vəfat edib. (Nuhçıxan)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Sovet-İttifaqı-Qəhrəmanları