CMA CGM: Hörmüz boğazının müharibədən sonra tezliklə açılacağı ilə bağlı illüziyalar qurmaq olmaz

2026/05/1779768577.jpg
Oxunub: 183     00:16     10 İyun 2026    
Fransanın nəhəng logistika şirkəti CMA CGM beynəlxalq biznes dairələrini İranla müharibə başa çatdıqdan sonra Hörmüz boğazında əvvəlki logistika marşrutlarının sürətlə bərpa olunacağına dair gözləntilərdən çəkinməyə çağırıb.

Ordu.az xəbər verir ki, konteyner daşımaları üzrə dünyanın üçüncü ən böyük şirkəti hesab edilən CMA CGM münaqişənin ilk günlərindən etibarən gəmiləri Fars körfəzində bloklanan iri daşıyıcılardan biri olub.

Məlumata görə, hərbi əməliyyatlar nəticəsində qlobal xam neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə birinin keçdiyi strateji su yolu faktiki olaraq iflic vəziyyətinə düşüb.

Fransa parlamentində keçirilən dinləmələr zamanı çıxış edən CMA CGM Direktorlar Şurasının sədri və baş icraçı direktoru Rodolf Saade vəziyyətlə bağlı narahatlığını ifadə edib.

“Yaxın həftələrdə sülh razılaşması əldə olunsa belə, sonradan regionda yeni böhranın yaranmayacağına dair heç bir zəmanət yoxdur. Biz artıq Hörmüz boğazındakı vəziyyətin girovuna çevrilə bilmərik”, - deyə o bildirib.

Saade əlavə edib ki, şirkətlər və investorlar vəziyyətə həddindən artıq optimist yanaşmamalıdırlar.

“Mən Hörmüz boğazının bir gün açılacağı və hər şeyin əvvəlki vəziyyətinə qayıdacağı düşüncəsinə köklənməyi düzgün hesab etmirəm. Təəssüf ki, belə yanaşma son dərəcə ehtiyatsız davranış olardı”, - deyə CMA CGM rəhbəri vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   CMA-CGM  


Bizi "telegram"da izləyin