İran xarici qüvvələri Hörmüz boğazı bölgəsini tərk etməyə çağırıb

2026/03/1773660373.jpg
Oxunub: 164     23:36     09 İyun 2026    
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Hörmüz boğazında baş vermiş insident fonunda ABŞ və onun müttəfiqlərinə xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, İran XİN rəhbəri yaydığı bəyanatda bölgədə hər hansı yanlış hesablamanın və ya təxribat xarakterli addımın ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.

Əraqçi qeyd edib ki, Hörmüz boğazı beynəlxalq sular hesab edilmir və İranla Oman arasında yerləşən ortaq su hövzəsidir.

Onun sözlərinə görə, həmin ərazi ABŞ sahillərindən minlərlə kilometr uzaqda yerləşir və burada dəniz sərhədləri dəqiq müəyyənləşdirilib.

İranlı nazir vurğulayıb ki, ölkənin Silahlı Qüvvələri hava, quru və dəniz sərhədlərinin pozulmasının qarşısını almaq üçün sutka boyu yüksək döyüş hazırlığı vəziyyətindədir.

Əraqçi bildirib ki, İran sərhədləri yaxınlığında yerləşən xarici hərbi qüvvələr ciddi təhlükə altındadır.

Onun sözlərinə görə, həmin risklər həm texniki nasazlıqlar və insan səhvləri, həm də mümkün hərbi qarşıdurmalar zamanı atəş xəttində qalmaq ehtimalı ilə bağlıdır.

“Bu riskləri minimuma endirməyin ən yaxşı yolu xarici hərbi qüvvələrin bölgədən dərhal çıxarılmasıdır. Bu region heç vaxt düşmən qüvvələrin mövcudluğu ilə barışmayacaq”, - deyə İranın xarici işlər naziri bildirib.

Əraqçi əlavə edib ki, İran diplomatiya yoluna üstünlük verir.

Bununla belə, o vurğulayıb ki, İran Silahlı Qüvvələri lazım gəldikdə digər vasitələrdən də istifadə etməyə qadirdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hörmüz  


Bizi "telegram"da izləyin