Ordu.az xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) məlumat yayıb.
Qurumun məlumatına görə, saxlanılanlar "Kətibə ət-Tövhid vəl-Cihad" və "İslam Dövləti" beynəlxalq terror təşkilatlarının ehtimal olunan üzvləridir. İddiaya görə, onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına və din xadimlərinə qarşı terror aktları planlaşdırıblar.
Xüsusi əməliyyat nəticəsində Oş vilayətində 11 nəfər və Batken vilayətində 20 nəfər saxlanılıb.
Oşda, Qara-Su rayonunda, Qızıl-Qiya şəhərində və Üç-Qurqan kəndində tədbirlərin keçirilməsi zamanı antiterror əməliyyatı rejimi tətbiq olunub. Operativ qərargahların işində DİN, Sərhəd Xidməti, Müdafiə Nazirliyi, FHN, Səhiyyə Nazirliyi və yerli hakimiyyət orqanlarının nümayəndələri iştirak ediblər.
Komitədən bildirilib ki, axtarışlar zamanı dini-ekstremist ədəbiyyat, materialları olan elektron daşıyıcılar, dörd ədəd qeydiyyatsız odlu silah, terror təşkilatlarının rəmzləri, həmçinin bu fəaliyyətin maliyyələşdirilməsi üçün nəzərdə tutulduğu ehtimal edilən pul vəsaitləri götürülüb.
Əməliyyata Qırğızıstan DMTK-nın rəhbəri Cumqalbek Şabdanbekov rəhbərlik edib. Hazırda istintaq orqanları işin bütün hallarını, saxlanılanların mümkün şəriklərini və maliyyələşdirmə kanallarını müəyyənləşdirməyə davam edir.
Ordu.az