Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, “Artemis III” missiyasının heyətinə üç amerikalı və bir italiyalı astronavt daxil edilib.
Onlar 2027-ci ilin sonunda həyata keçirilməsi planlaşdırılan missiya çərçivəsində Yerə yaxın orbitdə kosmik gəmilərin tarixi birləşmə nümayişini həyata keçirməlidirlər.
Missiya zamanı ilk dəfə olaraq açıq kosmos şəraitində “SpaceX” və “Blue Origin” şirkətlərinin hazırladığı eniş modullarının sınaqları keçiriləcək. Bununla da İlon Maska məxsus “SpaceX” və Ceff Bezosun təsis etdiyi “Blue Origin” şirkətlərinin texnologiyaları praktik şəraitdə yoxlanılacaq.
Hyuston şəhərində keçirilən təntənəli mərasim zamanı NASA-nın administratoru Cared Ayzekman bildirib ki, missiyanın heyətinə amerikalı astronavtlar Andre Duqlas, Frenk Rubio və Rendi Breznik, həmçinin italiyalı astronavt Luka Parmitano daxil ediliblər.
NASA rəhbərliyi qeyd edib ki, “Artemis III” missiyası bu ilin əvvəlində uğurla başa çatmış Ay ətrafında pilotlu uçuş və ekipajın Yerə qayıdışından sonra proqramın növbəti mühüm mərhələsi olacaq.
Bildirilir ki, missiya 1972-ci ildən sonra insanın Ay səthinə ilk enişindən əvvəl həyata keçiriləcək ən vacib sınaqlardan biri hesab olunur.
NASA-nın planına əsasən, insanların Ay səthinə birbaşa qayıdışı Artemis IV missiyası çərçivəsində baş tutacaq. Həmin missiyanın 2028-ci ildə həyata keçirilməsi nəzərdə tutulur.
Sevinc Əliyeva
Ordu.az