Ermənistan Baş Qərargah rəisi dolayı yolla anklavların veriləcəyini təsdiqləyib

2026/06/1781027121.jpg
Oxunub: 278     21:42     09 İyun 2026    
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan jurnalistlərlə keçirdiyi brifinqdə bir daha bildirib ki, Nikol Paşinyanın Qarabağdan (könüllü-red.) köç etmiş şəxslərlə bağlı açıqlamalarına dair suallar ona ünvanlanmamalıdır, çünki o, hərbi vəzifə daşıyır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Edvard Asryan Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağdan könüllü köç etmiş şəxsləri hədəfə aldığı barədə iddiaları şərh edərkən bildirib ki, Paşinyan belə bir fikir səsləndirməyib.

“Ermənistanın Baş naziri belə bir şey deməyib. Mən Qarabağdan köç etmiş şəxs deyiləm, mən erməniyəm və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kimi məsul vəzifə daşıyıram. Qarşıma qoyulan tapşırıqları yerinə yetirirəm”, - deyə Asryan bildirib.

Ermənistan Baş Qərargah rəisi sərhədlərin delimitasiya və demarkasiyası prosesinə də toxunub. O qeyd edib ki, bu işlər müvafiq xəritə əsasında aparılır.

Asryanın sözlərinə görə, Baş Qərargah həmin xəritəyə malikdir və bütün fəaliyyətini onun tələblərinə uyğun şəkildə həyata keçirir.

“Komissiyanın tərkibində Silahlı Qüvvələrin nümayəndəsi də var. O, hərbi xəritəçəkməni çox yaxşı bilir və həmin xəritənin bütün tələblərinə bələddir”, - deyə o vurğulayıb.

Asryan qeyd edib ki, Ermənistanın ərazisi 29 min 743 kvadrat kilometr təşkil edir.

Ermənistan Baş Qərargah rəisi anklavlar məsələsinə də münasibət bildirib.

“Heç bir qarış torpaq verilməyəcək. Əgər həmin anklavlar Ermənistanın 29 min 743 kvadrat kilometrlik ərazisinə daxildirsə, bir millimetr belə torpaq verilməyəcək”, - deyə o qeyd edib.

Ermənistan KİV-lərinin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi daha əvvəl bildirmişdi ki, Silahlı Qüvvələrin Baş Qərargahı hüquqi qüvvəyə malik olan 1975-ci il SSRİ-nin 1:100000 miqyaslı topoqrafik xəritəsini rəhbər tutur.

Bildirilir ki, Asryan yalnız anklavların Ermənistan ərazisinə daxil olduğu halda verilməyəcəyini vurğulamaqla dolayı yolla Paşinyanın daha əvvəl Tavusdakı üç kənd və Kərkinin qaytarılması ilə bağlı səsləndirdiyi mövqeyi təkrarlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Asryan   Anklav  


Bizi "telegram"da izləyin