FCAS-dan sonra Almaniya yeni döyüş təyyarəsi təşəbbüsü irəli sürüb

2026/06/1781026360.jpg
Oxunub: 223     21:29     09 İyun 2026    
Avropanın ən böyük müdafiə layihələrindən biri hesab edilən Gələcəyin Hava Döyüş Sistemi (FCAS) proqramının dayandırılmasından sonra Almaniyanın müdafiə və aviasiya sənayesi yeni altıncı nəsil döyüş təyyarəsi layihəsi üçün fəaliyyətə başlayıb.

Ordu.az xəbər verir ki, “Financial Times” nəşrinin əldə etdiyi sənədə əsasən, “Airbus”un Almaniyadakı müdafiə və kosmik bölməsi ilə birlikdə “Autoflug”, “Diehl Defence”, “Hensoldt”, “Liebherr”, MBDA, MTU Aero Engines və “Rohde & Schwarz” şirkətləri yeni sənaye ittifaqı yaradıblar.

Məlumata görə, “Team Gen 6” adlandırılan təşəbbüsün məqsədi Avropa üçün və Avropada altıncı nəsil döyüş təyyarəsinin hazırlanmasıdır. Şirkətlər təşəbbüsü Almaniya Kansleri Fridrix Mertsin ofisinə və müdafiə naziri Boris Pistoriusa təqdim ediblər.

Bildirilir ki, “Team Gen 6” layihəsinin rəsmi təqdimatı bu həftə Berlində keçiriləcək ILA Aviasiya Sərgisi çərçivəsində baş tutacaq.

Mənbələrin məlumatına görə, təşəbbüs Almaniya sənayesinin Avropanın gələcək döyüş təyyarəsini hazırlamağa hazır olduğu barədə mesaj verməyi hədəfləyir.

Yeni ittifaqın elan olunması Almaniya Kansleri Fridrix Mertsin Fransa Prezidenti Emmanuel Makrona FCAS proqramının dayandırılmasının daha məqsədəuyğun olacağını bildirməsindən bir neçə gün sonraya təsadüf edir.

Təxminən 100 milyard avro dəyərində olan proqram uzun müddətdir sənaye və rəhbərlik məsələləri ilə bağlı fikir ayrılıqları səbəbindən çıxılmaz vəziyyətə düşmüşdü.

Xüsusilə döyüş təyyarəsinin hazırlanmasına cavabdeh olan “Dassault Aviation” ilə “Airbus”un Almaniya bölməsi arasında yaranan ziddiyyətlərin aradan qaldırıla bilmədiyi qeyd olunur.

Layihə sənədinə əsasən, şirkətlər qarşıdakı onilliklərdə Avropanın hava gücünü və əməliyyat hazırlığını dəstəkləmək üçün imkanlarını vahid komanda altında birləşdirməyə hazır olduqlarını açıqlayacaqlar.

Səkkiz şirkətin rəhbərlərinin Berlində keçiriləcək sərgidə bir araya gələrək əməkdaşlıq sənədini imzalaması gözlənilir.

Mümkün ssenarilər arasında FCAS proqramının digər tərəfdaşı olan İspaniya ilə əməkdaşlığın davam etdirilməsi də yer alır. Bundan başqa, İsveçin “Saab” şirkəti və Böyük Britaniya, İtaliya və Yaponiyanın daxil olduğu GCAP konsorsiumu ilə gələcək əməkdaşlıq imkanları da nəzərdən keçirilir.

Almaniyanın FCAS proqramından çıxması ilə ölkənin Hərbi Hava Qüvvələrinin 2040-cı illərdən sonra əsas platformasına çevrilməsi planlaşdırılan döyüş təyyarəsinin əvəzinə yeni həll yollarının axtarışına başlanılıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius da Berlinin yeni tərəfdaşlarla bağlı müxtəlif variantlar üzərində işlədiyini və bir neçə aydır müxtəlif iştirakçılarla danışıqlar aparıldığını təsdiqləyib.

Ekspertlər hesab edirlər ki, yeni təşəbbüs Almaniyanın 2030-cu ilə qədər 750 milyard avrodan artıq hərbi gücləndirmə proqramı çərçivəsində müdafiə sənayesində artan ambisiyalarının göstəricisidir.

Bununla yanaşı, FCAS layihəsinin pilotsuz uçuş aparatları, sensorlar və mühərrik sistemləri kimi digər komponentlərinin döyüş təyyarəsi hissəsi olmadan davam etdirilib-etdirilməyəcəyi hələlik məlum deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FCAS   Almaniya  


Bizi "telegram"da izləyin