Jandarma Aviasiya Komandanlığının T70 helikopteri TEI-yə xüsusi uçuş həyata keçirib

2026/06/1781026299.jpg
Oxunub: 285     21:25     09 İyun 2026    
Jandarma Aviasiya Komandanlığının inventarında xidmət göstərən T70 ümumi təyinatlı helikopteri ona güc verən T700-TEI-701D turboşaft mühərrikinin istehsal olunduğu TEI-nin Eskişehir kompleksinə xüsusi uçuş həyata keçirib.

Ordu.az xəbər verir ki, “Qara Şahin Gücün Mənbəyində” adı altında təşkil olunan tədbir çərçivəsində TEI əməkdaşları istehsalında iştirak etdikləri mühərriklərin güc verdiyi helikopteri səmada izləmək imkanı əldə ediblər.

Tədbir zamanı yerli istehsal olan T70 “Qara Şahin” helikopteri TEI-nin Eskişehir kompleksinin üzərində nümayiş uçuşu yerinə yetirərək müəssisə əməkdaşlarını salamlayıb.

Məlumata görə, T70 ümumi təyinatlı helikopterinə güc verən T700-TEI-701D Türkiyədə yerli olaraq istehsal edilən ilk helikopter mühərrikidir. 2018-ci ildən etibarən TEI-nin Eskişehir müəssisələrində istehsal olunan 2000 at gücünə malik turboşaft mühərrik Türkiyə Ümumi Təyinatlı Helikopter Proqramı çərçivəsində TUSAŞ tərəfindən istehsal edilən T70 helikopterlərində istifadə olunur.

Proqram Jandarma Baş Komandanlığı da daxil olmaqla altı müxtəlif istifadəçinin tələblərini vahid konfiqurasiya əsasında qarşılayır.

TEI 2018-ci ildə ilk T700-TEI-701D mühərrikini istehsal etdikdən sonra proqram çərçivəsində 100-cü mühərrikin istehsalını 2025-ci ildə tamamlayıb.

Şirkət həmçinin Türkiyə inventarında olan T700-TEI-701D mühərriklərinin texniki xidmət və təmir işlərini həyata keçirir. TEI orijinal istehsalçı tərəfindən təsdiqlənmiş səlahiyyətli servis imkanları sayəsində bu sahədəki təcrübəsini beynəlxalq bazarlara da çıxarır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Jandarma   T70   TEI  


Bizi "telegram"da izləyin