Almaniya yeni döyüş təyyarəsi layihələri ilə bağlı müxtəlif tərəflərlə danışıqlar aparır

2026/06/1781024701.jpg
Oxunub: 235     21:05     09 İyun 2026    
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Almaniya və Fransanın Yeni Nəsil Hava Döyüş Sistemi (FCAS) layihəsini dayandırmasından sonra ölkəsi yeni döyüş təyyarəsi proqramı ilə bağlı müxtəlif tərəflərlə müzakirələr aparır.

Ordu.az xəbər verir ki, bu barədə Boris Pistorius Aşağı Saksoniya əyalətinin baş naziri Olaf Lies ilə keçirdiyi mətbuat konfransında danışıb.

Nazir qeyd edib ki, FCAS layihəsinin dayandırılması gözlənilməz hadisə olmayıb. Onun sözlərinə görə, bir müddətdir bu istiqamətdə siqnallar mövcud idi.

Pistorius bildirib ki, layihənin uğursuzluğunun əsas səbəbi layihədə iştirak edən şirkətlər arasında yaranmış gərginlik olub. O vurğulayıb ki, buna görə Almaniya və Fransa arasında münasibətlərin pisləşdiyini düşünmək üçün heç bir əsas yoxdur.

“Bu gün malik olduğumuz məlumatlarla həmin layihəni əvvəlki formada yenidən başlatmazdıq”, - deyə müdafiə naziri bildirib.

Onun sözlərinə görə, hazırda əsas məsələ gələcəyə baxmaq və yeni həll yolları üzərində işləməkdir.

Pistorius qeyd edib ki, Almaniya aylardır yeni döyüş təyyarəsi layihəsi ilə bağlı müxtəlif tərəflərlə danışıqlar aparır. Bununla belə, o, hansı layihənin seçilə biləcəyi və ya kimin rəhbərliyi altında həyata keçiriləcəyi barədə açıqlama vermək istəmədiyini bildirib.

Daha sonra Çexiyanın müdafiə naziri Yaromir Zuna ilə görüşdən sonra keçirilən mətbuat konfransında Pistorius Almaniyanın qarşısında bir neçə variantın olduğunu açıqlayıb.

Nazirin sözlərinə görə, variantlardan biri əlavə F-35 “Lightning II” döyüş təyyarələrinin sifariş edilməsidir.

İkinci variant mövcud beynəlxalq layihələrdən birinə qoşulmaq, üçüncü variant isə “Airbus” və digər tərəfdaşlarla birlikdə Almaniyanın rəhbərliyi altında yeni döyüş təyyarəsi hazırlamaqdır.

Pistorius hazırda masada üç əsas variantın olduğunu bildirib və dördüncü variantın da mövcud ola biləcəyini, lakin hələlik bu barədə danışmaq istəmədiyini qeyd edib.

Xatırladaq ki, daha əvvəl Almaniya və Fransanın Avropanın ən iddialı birgə müdafiə təşəbbüslərindən biri hesab edilən, təxminən 100 milyard avro dəyərindəki FCAS layihəsini dayandırdığı açıqlanmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   FCAS   Pistorius  


Bizi "telegram"da izləyin