Vens İranla müharibənin uzunmüddətli qarşıdurmaya çevriləcəyini istisna edib

2026/06/1780974754.jpg
Oxunub: 226     20:59     09 İyun 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Prezident Donald Tramp İranla müharibənin uzun illər davam edən və ABŞ-ni çıxılmaz vəziyyətə salan münaqişəyə çevrilməsinə imkan verməyəcək.

Ordu.az xəbər verir ki, Vens bu barədə “USA Today” nəşrinə müsahibəsində danışıb.

O qeyd edib ki, bir il sonra, hətta daha uzun müddət keçsə belə, ABŞ-nin İranın daxili işlərinə cəlb olunmasından söhbət getməyəcəyinə əmindir.

İraq müharibəsinin veteranı olan və xarici hərbi müdaxilələrin fəal tənqidçilərindən sayılan Vens vurğulayıb ki, İrana qarşı aparılan hərbi kampaniya İraq və Əfqanıstandakı uzunmüddətli müharibələrin ssenarisini təkrarlamayacaq.

“Prezidentin buna imkan verəcəyini düşünmürəm”, - deyə o bildirib.

Vens qeyd edib ki, Donald Tramp dəfələrlə razılaşmanın əldə olunmasına yaxın olduqlarını bəyan etsə də, danışıqlar müxtəlif səbəblərdən dalana dirənib və tərəflər yenidən qarşılıqlı zərbələrə keçiblər.

Bununla belə, ABŞ vitse-prezidenti danışıqlar uğursuz olacağı təqdirdə hərbi əməliyyatların intensivləşə biləcəyini də istisna etməyib.

Onun sözlərinə görə, əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır və bu məqsəd çərçivəsində hərəkət olunduğu müddətdə münaqişə uzunmüddətli bataqlığa çevrilməyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   ABŞ   İran  


Bizi "telegram"da izləyin