Ordu.az xəbər verir ki, bu barədə Donald Tusk mətbuat konfransında çıxış edərkən danışıb.
Baş nazirin sözlərinə görə, Polşa Ukraynada müharibənin başa çatdırılmasına yönəlmiş bütün müzakirələrdə iştirak etməlidir.
Tuskun açıqlaması Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makronun Londonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərək atəşkəs danışıqlarına dəstək vermələrindən sonra səsləndirilib.
Donald Tusk bildirib ki, Qərbi Avropada Ukrayna məsələsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə mümkün qədər tez dialoqa başlamağa yönəlmiş təşəbbüslərə ehtiyatla yanaşır.
O, həmçinin Böyük Britaniya, Fransa və Almaniyanın daxil olduğu, lakin Ukraynanın digər Avropa müttəfiqlərinin kənarda qaldığı E3 formatından narazılığını ifadə edib.
Tusk qeyd edib ki, İtaliyanın Baş naziri Corcia Meloni ilə də bu məsələni müzakirə edib və Meloni də həmin formatın mövcudluğundan məmnun deyil.
Baş nazir vurğulayıb ki, Polşanın iştirak etmədiyi heç bir razılaşma ölkəsi üçün məcburi xarakter daşımayacaq.
Bununla yanaşı, o bildirib ki, yaxın günlərdə Ukrayna ilə bağlı yeni görüş keçiriləcək və həmin görüşdə Böyük Britaniya, Almaniya və Fransa ilə yanaşı Polşa və İtaliya da iştirak edəcək.
Sevinc Əliyeva
Ordu.az