Çin İran əleyhinə müharibənin genişlənməsinə yol verilməməsinə çağırıb

2026/03/1774243799.jpg
Oxunub: 219     20:47     09 İyun 2026    
Çin bütün tərəfləri ABŞ və İsrailin İrana qarşı apardığı müharibənin daha da genişlənməsinə imkan verməməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyan açıqlama verib.

O bildirib ki, ABŞ, İsrail və İran arasında üç ay davam edən qarşıdurma Fars körfəzi ölkələrinə və bütövlükdə Yaxın Şərq regionuna ciddi zərbə vurub.

“Faktlar göstərir ki, hərbi üsullar problemlərin həllinə gətirib çıxarmır. Gücdən özbaşına istifadə isə vəziyyəti daha da mürəkkəbləşdirir”, - deyə Lin Tsyan vurğulayıb.

Çin XİN nümayəndəsi Vaşinqton və Tehran arasında davam edən diplomatik təmaslar fonunda təxribat xarakterli addımların yolverilməz olduğunu qeyd edib.

Onun sözlərinə görə, İran və ABŞ arasında danışıqların həlledici mərhələsində heç kim yeni hərbi qarşıdurmanın alovlanmasına səbəb olmamalıdır. Region ölkələrinin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyü qorunmalı və onlara hörmət edilməlidir.

Çin tərəfi münaqişəyə cəlb olunan bütün iştirakçıları təmkinli olmağa, qarşıdurmanı artıracaq addımlardan çəkinməyə və gərginliyin azaldılması üçün konkret tədbirlər görməyə çağırıb.

Bəyanatda vurğulanıb ki, mübahisələr siyasi və diplomatik yollarla həll edilməli, mümkün qədər tez hərtərəfli və dayanıqlı atəşkəsə nail olunmalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   İran  


Bizi "telegram"da izləyin